Məhkəmə qərarları › İş №e-2-2(113)-2577/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2577/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2577/2024 24.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X1 Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayında istixanama yazılmış 10307 manat 40 qəpik, noyabr ayında yazılmış 1665 manat 40 qəpik, 2022-ci ilin sentyabr ayında yazılmış 145 manat 86 qəpik, ümumilikdə 12118 manat 66 qəpik borcun silinməsi, 126,76 manat dövlət rüsumunun, hüquqi yardıma görə ödənilmiş 300 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan və Sabirabad rayonu ərazisində fəaliyyət göstərən istixanada layihəyə uyğun cihazlar və qaz sayğacı quraşdırılıb, hər il müqavilə əsasında sayğacla qaz işlətmişdir və pulunuda ödəmişdir. 2023-cü ildə cavabdeh tərəfindən ona pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda qazdan istifadəyə görə 14388 manat 86 qəpik borcunun olması göstərilmişdir. Onun cavabdehə bu qədər borcu olmadığını bildiyi üçün həmin borc onda şübhə yaratmış və borcu araşdırmışdır. Araşdırma ilə müəyyən etmişdir ki, 2017-ci ilin oktyabr ayında istixanaya 10307 manat 40 qəpik, noyabr ayında 1665 manat 40 qəpik borc yazılmışdır. Ümumiyyətlə iddiaçı oktyabr ayında heç vaxt qaz işlətmir. Nəzərə alınsa ki, Sabirabad rayonu Aran zonasında yerləşir, demək olar ki, mart ayından dekabr ayınadək havalar isti keçir. Onda iddiaçı oktyabrda 10307 manat 40 qəpik qazı necə işlədə bilmişdir. Noyabr ayında sayğacla qaz işlətmişdir, əlavə də ona 1665 manat 40 qəpik borc yazılıb. Cavabdeh həmin borcları ona sayğac borcu kimi göstərmişdir. İddiaçı da sayğacla bağlı anlayışsız olduğu üçün cavabdehin işçilərinə inanaraq ödəniş etmişdir. 2022-ci ilin sentyabr ayındada ona 145 manat 86 qəpik borc yazılmışdır. Sentyabr ayında hansı istixanada qazdan istifadə olunur? Ümumi olaraq onun istixanasına 2017, 2022-ci illərdə ümumilikdə 12118 manat 66 qəpik əsassız borc yazılmışdır. Cavabdehin işçilərini həmin borcların akt əsasında yazılmasını bildirsələr də ona aktları verməkdən imtina etdilər, lakin abonent saldosu adlanan sənədi ona verdilər. Həmin sənəddə qeyd olunan borcların aktlar və qalıq sütununda olması göstərilmişdir.İddiaçı istixanasına qanunsuz yazılmış ümumilikdə 12118 manat 66 qəpik cərimələrin 3 gün ərzində silinməsi barədə cavabdehə pretenziya məktubu göndərmişdir. Lakin pretenziya göndərilməsindən xeyli müddət keçsədə cavabdeh heç bir münasibət bildirməyiblər. Bir istehlakçı, sahibkar kimi hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 17.1-ci maddəsi, “Qazdan istifadə Qaydaları”-nın 5.2-ci bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materillarında olan: X3 (İstehlakçı) ilə Cavabdeh İB (Paylayıcı) arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, AMX-0557/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonentin saldosundan görünür ki, X1 “Qalıq və aktlar” üzrə borcu 2017-ci ilin oktyabr ayına 10307,40 manat, 2017-ci ilin noyabr ayına 1665,40 manat, 2022-ci ilin sentyabr ayına 145,86 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh İB qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Məhkəmənin hazırlıq iclasında mübahisəli borcun nəyə əsasən hesablanması və tətbiq olunması barədə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut və etiraz təqdim ediləcəyi bildirilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və borcun nəyin əsasında hesablanması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. Bundan başqa, əgər mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə qaz təchizatının vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığı halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh yoxlamanın nəticəsi olaraq iddiaçıya 12118,66 manat məbləğində borc hesablaması əsassızdır. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 12118,66 manat borc hesablanmış, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə hüquqi yardım üçün xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 300 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126,76 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçı X2 məxsus olan **********00000 saylı abonent koduna hesablanmış 12118 (on iki min yüz on səkkiz) manat 66 (altmış altı) qəpik borc silinsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun əvəzi olaraq 126 (yüz iyirmi altı) manat 76 (yetmiş altı) qəpik və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı tutularaq X2 ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar