Məhkəmə qərarları › İş №e-2-2(113)-2585/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2585/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2585/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutu Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 495/15 saylı müqaviləyə əsasən yaranmış 11965,41 manat (on bir min doqquz yüz altımış beş manat qırx bir qəpik) və ödənilmiş 162,43 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12127,84 manat (on iki min yüz iyirmi yeddi manat səksən dörd qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (keçmiş "xxxx" MMC) ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutu arasında Abşeron rayonu, 1 prospekti, 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasının 16 mərtəbəli 4-cü və 5-ci blokların inşasında istifadə edilən inşaat materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması üzrə İnstitutla ƏDV daxil olmaqla müqavilə qiyməti 26324,15 manat məbləğində 495/15 nömrəli xx.xx.2015-ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilə və ona əlavə üzrə yaranmış qalıq borc məbləği 11965,41 manat bu günə kimi İnstitutun hesabına ödənilməmişdir. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.X6- Tədqiqat və Layihə-X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyi və işgüzar nüfuzuna mənfi təsir göstərir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və cavabdeh gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın tam edilməsini xahiş etmiş, eləcə də iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində S.Ə.X6-Tədqiqat və Layihə- X2 İnstitutu arasında xx.xx.2015-ci il tarixli, 495/15 nömrəli yoxlama-sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə 1 prospekti, 1 ünvanında tikilən çoxmərtəbəli yaşayış binasının 16 mərtəbəli 4-cü və 5-ci bloklarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təmin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq yoxlama-sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən iki (2) blok üzrə ümumi sınaq işlərinin sahəsi - 22308,60 m2-dir. Yoxlama-sınaq işlərinin hər m2 üçün - 1.00 manat dəyərində razılaşdırılır və müqavilənin ümumi qiyməti (ƏDV-siz) - 22308,60 manat, ƏDV- 18% - 4016,15 manat olmaqla, cəmi 26324,15 manat təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə, istisna hallarda nağd yolla həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən sifarişçi görüləcək yoxlama-sınaq işlərinə (xidmətlərə) görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sınaq nəticələri və təhvil-qəbul aktı ilə qəbul edilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsi (70%), görülmüş işlərin (xidmətlərin) həcmindən asılı olaraq sınaq nəticələri ilə birlikdı təqdim edilmiş təhvil-təslim aktlarına və hesab-fakturaya uyğun aparılır. - S.Ə. adına ETLKİM İnstitutu ilə "xxxx" MMC arasında bağlanmış 495/15 saylı, xx.xx.2015-ci il tarixli müqavilənin müddətinin üzadılması, bu müqaviləyə aid öhdəliklərin xx.xx.2018-ci il tarixindən sonra Cavabdeh MMC-nin (əvvəlki "xxxx" MMC) öz üzərinə alınması və müqavilənin həcminə və dəyərinə dəyişiklik edilməsi barədə 01 nömrəli, xx.xx.2018-ci il tarixli X1 görünür ki, tərəflər aşağıdakılar barədə razılğa gəlmişlər: bu müqavilənin 4.2-ci bəndi yeni oxunuşda aşağıdakı kimi qəbul olunur: 4.2. tərəflərdən biri müqavilə müddətinin başa çatmasına 1 (bir) ay qalmış digər tərəfə yazılı surətdə müraciət etmədikdə, bu müqavilənin müddəti daha 1 (bir) il uzadılmış hesab olunur. Bu təqdirdə müqavilə üzrə görüləcək işlərin həcminə və qiymətinə yenidən baxıla bilər. “A” bloku üzrə 495/15 saylı, xx.xx.2015-ci il tarixli müqavilədən əvvəl müayinə olunmuş 2 (iki) səviyyəli zirzəmi və 1-ci mərtəbəsi üzrə ümumi sahəsi - 2122,60m2-dir və bu müqavilə üzrə dəqiqləşdirilmiş sınaq sahəsi – 20186 m2, yeni müqavilə dəyəri ƏDV-18% ilə birlikdə - 23819,40 manat razılaşdırılır. Cavabdeh MMC tərəfindən 495/15 saylı müqavilənin dəyərinin qalıq hissəsi üzrə ödəniləsi məbləğ (ƏDV-18% ilə birlikdə) – 14640,91 manat təşkil edir. - xx.xx.2018-ci il tarixli, 495/15 nömrəli xidmətlərin üzləşdirilməsi aktından görünür ki, Cavabdeh MMC-nin (əvvəlki adı: "xxxx" MMC və "xxxx" MMC) S.Ə.X6-Tədqiqat və Layihə- X2 İnstitutuna görülmüş işlərə görə ödənilməmiş (ƏDV-18% ilə birlikdə) qalıq borcu 14640,91 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC tərəfindən S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutuna ünvanlanmış xx.xx.2018-ci il tarixli, 013 nömrəli məktubda qeyd edilmişdir ki, Abşeron RİH başçısının xx.xx.2016-cı il tarixli, 147 saylı sərəncamına əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanındakı 2 girişli, 16 mərtəbəli yaşayış binası "xxxx" MMC şirkətinə verilmişdir. Sonradan "xxxx" MMC ilə bağlanmış müqavilə "xxxx" MMC ilə əvəz edilmişdir. Bildilir ki, "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. Odur ki, xahiş edilir ki, müqaviləni dəyişərək Cavabdeh MMC ilə əvəz olunsun. Şirkətin direktoru X4 təyin olunmuşdur. - S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli, 387665 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən 495/15 nömrəli müqaviləyə əsasən 1500 (min beş yüz) manat məbləğində vəsait ödənilmişdir. - İddiaçı tərəfindən iş materiallarına sınaq nəticələri adlı və sınaq nəticələri cədvəli adlı sənədlər əlavə edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Üzləşmə aktında göstərilən məbləğin bir qismi ödənilsə də, qalan 11965,41 manat məbləğində borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11965,41 manat (on bir min doqquz yüz altmış beş manat qırx bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162,43 manat cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 125,90 manat (yüz iyirmi beş manat doxsan qəpik) (ödənilməli olan dövlət rüsumu olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 11965,41 manat (on bir min doqquz yüz altmış beş manat qırx bir qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,90 manat (yüz iyirmi beş manat doxsan qəpik) olmaqla, cəmi 12091,31 manat (on iki min doxsan bir manat otuz bir qəpik) məbləğində pul tutularaq iddiaçı S.Ə.X6-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar