Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2589/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 23435 manat məbləğində əsas borc məbləğinin, 5% illik rəsmi inflyasiya nəzərə alınmaqla 1171 manat məbləğində pulun, 5000 manat mənəvi ziyan olmaqla, cəmi 29606 manat, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 23435 manat məbləğində əsas borc məbləğinin, 5% illik rəsmi inflyasiya nəzərə alınmaqla 1171 manat məbləğində pulun, 5000 manat mənəvi ziyan olmaqla, cəmi 29606 manat, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 28.10.2019cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müxtəlif tikinti-quraşdırma işlərinin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən müqavilə əsasında cavabdeh ilə razılaşdırılmış işlər ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən görülərək cavabdehə akt əsasında təhvil verilmiş və cavabdeh tərəfindən ödənilməli olan pul məbləğləri ödənilmişdir. Bundan sonra, 28.10.2019-cu il tarixli QZSP 238/1119 saylı Podrat müqaviləsinə 5 saylı Əlavə əsasında müəyyən edilmiş işlər podratçı tərəfindən icra edilmişdir. Həmin işlərin icra edilməsi və görülən işlərin dəyəri 30435 manat məbləğdə olması barədə 30 aprel 2020-ci il tarixli, ST300420 saylı Təhvil-təslim aktı tərtib edilərək tərəflər arasında müvafiq qaydada imzalanmışdır. Odur ki, cavabdeh 7000 manat məbləğdə pulu iddiaçıya ödəmiş, geri qalan məbləği isə qısa zaman ərzində ödəyəcəyini öz üzərinə götürmüşdür . Lakin artıq uzun müddətdir ki, cavabdeh tərəfindən geri qalan borc pul məbləğinin ödənilməsi üzrə hər hansı tədbir görülməmişdir. Dəfələrlə sözügedən müqavilənin dəyərinin tam şəkildə ödənilməsi, yəni geri qalan borc pul məbləğinin qaytarılması cavabdehdən tələb olunsa da, cavabdeh nə bu tələblərə əhəmiyyət verməmiş, nə də ki, borc pul məbləğini geri qaytarmamışdır. Buna görə də iddiaçı yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin sifarişçi tərəfindən Akt əsasında qəbul edilməsinə baxmayaraq, muzdun ödənilməsindən əsassız olaraq imtina edilməsi iddiaçıya maddi və mənəvi zərər vurulmasına səbəb olmuşdur. Cavabdeh 23435 (iyirmi üç min dörd yüz otuz beş) manat məbləğində pulu qanunsuz olaraq saxlamaqla iddiaçının əmlak hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də, hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, ödənilməli olan qalıq məbləğin bir ildən artıq müddətdə ödənilməməsi iddiaçıya maddi ziya vurulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, rəsmi inflyasiyanın illik 5%-lik dərəcəsi nəzərə alınmaqla 1171 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi kimi tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı cavabdehin sifarişinə uyğun Podrat Mqaviləsində nəzərdə tutulan işi icra etməyi, cavabdeh isə iddiaçıya razılaşdırılmış muzdu ödəməyi öhdələrinə götürmüşlər. 30 aprel 2020-ci il tarixli ST300420 saylı Təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 30435 manat dəyərində tam həcmdə yerinə yetirilmiş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə uyğun Podrat Mqaviləsində nəzərdə tutulan işi icra etməyi, cavabdeh isə iddiaçıya razılaşdırılmış muzdu ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 30435 manat dəyərində iş tam həcmdə yerinə yetirilmiş və həmin iş 30 aprel 2020-ci il tarixli ST300420 saylı Təhvil-təslim aktı ilə cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən görülən işin dəyərindən 7000 manat iddiaçıya ödənilmiş, qalan 23435 manat məbləğ ödənilməmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, görülmüş işləri cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsinə və 30 aprel 2020-ci il tarixli ST300420 saylı Təhvil-təslim aktına əsasən 23435 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 28.1-ci bəndinə əsasən podratçı (iddiaçı) podrat müqaviləsini ancaq o halda ləğv edə bilər ki, sifarişçi (cavabdeh) müqavilə öhdəliklərini kobud qaydada pozsun və pozuntuların aradan qaldırılması ilə bağlı heç bir tədbir görməmiş olsun. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh, iddiaçı tərəfindən görülmüş işlər təhvil verildiyi tarixdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq muzdu ödəməməklə və bununla bağlı heç bir tədbir görməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, qeyd olunan xüsusat 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin 5% illik rəsmi inflyasiya nəzərə alınmaqla pulun ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, bu hal nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığından iddia həmin hissədə təmin edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi ləğv edilməli, cavabdehdən 23435 manat məbləğində əsas borc məbləği tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 79,15 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,74 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 6,26 manat məbləği isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.10.2019-cu il tarixdə QZSP 238/1119 saylı Podrat müqaviləsi ləğv edilsin. Cavabdehndən 23435 manat məbləğində əsas borc məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,74 manat məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin, qalan 6,26 manat məbləği isə İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2589/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2589/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver