Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2599/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra- cavabdeh) qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 noyabr 2019-cu il tarixli 07/2019 saylı müqavilə üzrə 24000 manat məbləğində borcun, 1950,78 manat məbləğində faizlərin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin, cəmi 26150,78 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Mühasibat Xidmətləri və X1 haqqında” 29 noyabr 2019-cu il tarixli 07/2019 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 1.2.-ci bəndinə əsasən müqavilənin predmeti İddiaçı tərəfindən Cavabdehin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu funksiyalarının həyata keçirilməsi idi. Müqavilənin 3.3.1-ci bəndinə əsasən Cavabdeh Müqavilənin ödəniş şərtlərində göstərilən qaydada İddiaçı tərəfindən göstərilən mühasibat xidmətlərinin qarşılığını İddiaçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1.-ci bəndinə əsasən, Cavabdehin İddiaçıya xidmətlərinin qarşılığında ödəməli olduğu məbləğ aylıq ƏDV xaric 3000 manat təşkil edir. Bir müddət müqavilə münasibətləri normal olsa da, sonradan cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsində problemlər yaranmışdır. Cavabdeh bu problemlərin yaranmasını COVİD-19 (Koronavirus) virusunun yayılmasının qarşısını almaq məqsədilə 2020-ci ilin mart ayından etibarən ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əsaslandırmışdır. İddiaçı cavabdehə ödənişlərin həyata keçirilməsi ilə bağlı möhlət vermiş, lakin cavabdehin maliyyə vəziyyəti yaxşılaşsa da, cavabdeh ödənişlərlə bağlı öhdəliklərini həyata keçirməmişdir. Sonradan, cavabdeh iddiaçıya əməkdaşlığı bitirmək barədə niyyət məktubunu göndərmiş, Müqavilənin xitam edilməsi barədə danışıqların aparılmasını təklif etmişdir. Lakin, bu niyyət məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh 2020-ci ilin aprel-noyabr aylarına görə ödənilməli olduğu 24000 manat məbləğində xidmət haqqını iddiaçıya ödəməmişdir. 09 fevral 2021-ci il tarixdə iddiaçı cavabdehə Müqavilə üzrə ödənilməmiş 24000 manat məbləğində borcunun ödənilməsi barədə pretenziya məktubu göndərsə də, cavabdeh həmin pretenziya məktubuna heç bir cavab verməmiş, borcunu ödəməmişdir. İş materialları Azərbaycan Respublikasının Auditorlar Palatasına göndərilmiş və məsələnin məhkəmədənkənar qaydada həll olunması xahiş edilmişdir. 07 yanvar 2022-ci il tarixli 02-02 nömrəli məktubu ilə Auditorlar Palatası məsələnin həll olunması üçün məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair müraciət etmiş, mediator tərəfindən 05 aprel 2022-ci il tarixdə ilkin medasiya sessiyası təyin edilmiş, lakin cavabdeh ilkin medasiya sessiyasında iştirak etsə də, mediasiya baş tutmamışdır. Nəhayət, 12 aprel 2022-ci il tarixdə iddiaçı cavabdehə pretenziya göndərmiş, lakin hər hansı əməli tədbir həyata keçirilməmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilərək iddiaçının xeyrinə 25513,21 manat məbləğində dəymiş zərərin, hüquq və nümayəndəlik xidmətlərinin göstərilməsi üçün çəkilmiş xərclərinin əvəzi olaraq 4500 manat olmaqla, ümumilikdə 30013,21 manat məbləğində pul vəsaitinin və 208 manat məbləğində ödənilmiş mediasiya xərcinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 iyul 2019-cu il tarixində iddiaçı ilə cavabdeh arasında bağlanmış 04/2019 saylı “Mühasibat və vergi uçotunun bərpası haqqında” müqavilə üzrə mühasibatlığın bərpası xidmətlərinin dəyəri 20.000 manat təşkil etmişdir. İddiaçinin müqavilə üzrə əsas öhdəliklərindən biri 2014-cü ildən bərpa tarixinədək dəqiqləşdirilmiş vergi bəyənnamələrini təqdim etmək olmuşdur. 29 noyabr 2019-cu il tarixdə iddiaçı “2014-2019-cu il tarixləri dövrü üçün mühasibat hesabatının bərpası barədə” hesabatını təqdim etmişdir. Hesabatda cavabdehin mühasibat uçotu barədə məlumatların bərpa edildiyi və vergi hesabatlarında düzəlişlər edildiyi göstərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, verilən məlumatlar yanlışdır və iddiaçı cavabdehin vergi hesabatlarnda heç bir düzəliş aparılmamışdır. Belə ki, təqdim olunmuş auditor rəyində 2016-cı il üçün 85106,59 manat məbləğində əvvəllər uçot məlumatlarına daxil edilməmiş əlavə xərclər göstərilmişdir. Bu əlavə xərclər şirkətin mənfəətinin göstərilən məbləğdə azalmasına səbəb olmuşdur. Buna görə də mənfəət vergisi 17021,92 manat məbləğində azala bilərdi. Bununla bağlı müəyyən edilmiş əlavə məlumatlar iddiaçı tərəfindən 2016-cı il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyənnaməsində əks olunmalı idi. Lakin iddiaçı tərəfindən məlum olmayan bir səbəbə görə vergi hesabatında müvafiq düzəlişlər edilmədiyindən, mənfəət vergisinin 17021,92 manat məbləğində azalması mümkün olmamışdır. Beləliklə də, iddiaçının təqsiri ucbatından cavabdeh 2019-cu ilin 31 dekabrında sonra 2016-cı il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi vermək imkanını itirmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin vergi uçotunun aparılması və vergi hesabatlarının tərtib edilməsi qaydasını kobud şəkildə pozmuş və bununla da cavabdehə 17021,92 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, qeyd olunan xidmətlərin göstərilməsində iddiaçı tərəfindən yol verilmiş ciddi nöqsan və səhvlərin aradan qaldırılması zərurəti ilə bağlı bu sahədə xidmət göstərən başqa bir şirkətlə, yəni "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixində 050/20 saylı müqavilə bağlanmış və həmin şirkətə iddiaçı tərəfindən yol verilmiş vergi və mühasibatlıq sahəsində olan ciddi nöqsanların aradan qaldırılması üçün ödənilmiş məbləğin dəyəri 5015 manat təşkil etmişdir. Digər tərəfdən iddiaçı ilə yaranmış sözügedən mübahisənin hüquqi yolla həlli istiqamətində hüquq xidmətlərinin göstərilməsi üçün tərəflərindən çəkilmiş xərclərin ümumi məbləği 4500 manat təşkil etmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 26 iyul 2019-cu il tarixli 04/2019 nömrəli birinci müqavilə üzrə xidmətlərin göstərilməsinin nəticəsi olaraq iddiaçı cavabdehə müvafiq hesab təqdim etmiş, həmin hesabat cavabdeh tərəfindən qəbul edilmiş və birinci müqavilə üzrə xidmətlərin təhvil-təslim edilməsinə dair 29 noyabr 2019-cu il tarixli akt imzalanmışdır. İddiaçı tərəfindən hesabatın təqdim edilməsi və hər iki tərəfin təhvil-təslim aktının imzalanması sonradan müqavilə üzrə iradların bildirilməsini və dəymiş ziyanın tələb edilməsini istisna edir. Cavabdeh tərəfindən əsaslı səhvlər və əlavə işlər kimi göstərilən nöqsanlar mövcud deyil və uydurma xarakter daşıyır. Çünki xidmət kimi qeyd olunan məsələlər hələ iddiaçı tərəfindən həyata keçirilmişdir. Lakin iddiaçı 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında cavabdehə təhvil-təslim aktının imzalanmasını təklif etsə də, cavabdeh qərəzli şəkildə aktın imzalanmasından imtina etmişdir. Cavabdeh iddiaçının xidmətlərini qüsurlu göstərmək üçün əvvəlki dövrlərdə olan qüsurları üzə çıxarmış və digər audit şirkəti tərəfindən aşkar edilmiş kimi təqdim edilmişdir. Halbuki, bütün bu qüsurlar iddiaçı tərəfindən aşkar olunaraq ayrı-ayrı dövrlərdə aradan qaldırılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərin "xxxx" MMC tərəfindən guya əlavə xidmətlərin göstərilməsi göstərilsə də, müqavilədə əlavə xidmətlərin göstərilməsi qaydası təmzimlənməmiş, bu xidmətlərin göstərilməsi üçün hər hansı əlavə razılaşma məhkəməyə təqdim edilməmişdir. Xidmətlərin dəyərinin necə müəyyən edilməsi aydınlaşdırılmamışdır. Habelə, əlavə xidmətlərin ödənilməsi üçün təqdim edilmiş e-qaimələr və ödənişi təsdiq edən sənəd də məhkəməyə təqdim edilməmişdir. 3476,29 manat məbləğində gəlir vergisinin azaldılmamasına görə dəymiş ziyan ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə aydın deyil ki, hansı uyğunsuzluq nəzərdə tutulur. 4500 manat məbləğində hüquq xidmətlərinə görə xidmət haqqı göstərilməsi məqsədilə bağlanmış müqavilə və müqaviləyə uyğun xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyindən iddia tələblərini bu hissədə də əsassız hesab edirlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk idda ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verib qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2020-ci ilin aprel və may ayları üçün göstərilən xidmətlərin dəyəri tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən aylıq 1000 manat olmaqla müəyyən edilmiş, daha sonra həmin aylar üzrə ödənilməli olan xidmət haqları cavabdeh tərəfindən ödənilmişdir. Bu səbəbdən iddia tələbini birinci hissədə müdafiə etmədiklərinin nəzərə alınmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, 2020-ci ilin oktyabr və noyabr ayları üzrə göstərilmiş xidmətlərlə bağlı ödənilməli olan borcla bağlı cavabdehə hər hansı hesabfaktura, elektron qaimə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Hacızadə ilk idda ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verib qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2020-ci ilin aprel və may ayları üçün göstərilən xidmətlərin dəyəri tərəflər arasında imzalanmış əlavə razılaşmaya əsasən aylıq 1000 manat olmaqla müəyyən edilmiş, daha sonra həmin aylar üzrə ödənilməli olan xidmət haqları cavabdeh tərəfindən gec də olsa ödənilmişdir. Bundan əlavə göstərdi ki, cavabdeh birinci müqavilənin 2 nömrəli Əlavəsinin 13-cü bəndinə istinad edərək bildirir ki, iddiaçı tərkibi və forması müvafiq qanunvericiliyə uyğun olaraq, illik hesabatların və vergi bəyannamələrinin tərtib və təqdim edilməsinə cavabdeh olmuşdur. Müqavilədə belə bir müddəa mövcud olsa da, həmin müddəa hesabatların və bəyannamələrin tərtib edilərək cavabdehə təqdim edilməsini ehtiva etmişdir. Çünki, birinci müqavilə imzalandığı tarixdə cavabdehin ASAN imzası, kodu və parolu iddiaçıya təqdim edilməmiş və hesabat və bəyannamələrin fiziki olaraq vergi orqanına göndərilməsi cavabdehin baş mühasibi Raya Həsənbəyova tərəfindən icra olunurdu. Cavabdehin ASAN imzası, kodu və parolu iddiaçıya yalnız 31 yanvar 2020-ci il tarixdə təqdim edilmiş və bu barədə müvafiq təhvil-təslim aktı imzalanmışdır. Göründüyü kimi, ASAN imza, kod və parolun iddiaçıya təhvil verilməməsi, onun tərəfindən 29 noyabr 2019-cu il – 31 yanvar 2020-ci il aralığında hər hansı hesabat və bəyannamələrin fiziki olaraq vergi orqanına göndərilməsini istisna edirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Zöhrabbəyova vəkilinin dedikləri ilə razı olduğunu, əlavəsinin olmadığını bildirdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 07/2019 nömrəli mühasibat xidmətləri və vergi məsləhətləhətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən müqavilə vergi, statistik və digər hesabatların tam uçot üçün verilməsi nəzərə alınmaqla müştərinin maliyyə-təsərrüfat fəaliyyyətinin uçotu funksiyalarının auditora təhvil verilməsidir. Müqavilənin 1.4-cü bəndinə əsasən mühasibat xidmətləri beynəlxalq audit və təsdiqləmə standarlar şurası tərəfindən təsdiq edilmiş beynəlxaq audit standarlarına uyğun olaraq həyata keçirilməlidir. Müqavilənin 1.5-ci bəndinə əsasən müştəri göstəriş verir, auditor isə sifarişçinin maraqlarına uyğun olaraq, bu müqaviləyə əsasən ona verilmiş funksiyaları vəzifə siyahısına uyğun olaraq yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 1.6-cı bəndinə əsasən bu müqaviləyə əsasən xidmətlərin göstərilməsi üçün müştəri bu müqavilə ilə müəyyən edilmiş miqdarda, qaydada və müddətdə auditora haqq ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən auditorun aylıq ödənişi 3000 manat təşkil edir (ƏDV xaric). İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 07/2019 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilənin 5.1-ci bəndi dəyişdirilmiş, “Covid-19” koronavirus infeksiyasının yayılmasına görə yaranmış vəziyyətlə əlaqədar olaraq və yaranmış vəziyyətləri nəzərə alaraq auditorun aylıq haqqı aşağı salınmış və müştərinin ofisinin açılmasına və işlərin tam bərpa olunmasına qədər olan dövrə ƏDV-siz 1000 manat təşkil edəcək. Hazırkı saziş xx.xx.2022-ci il tarixdən qüvvəyə minir, “Mühasibat və vergi xidmətlərinin göstərilməsinə dair” xx.xx.2019-cu il tarixli 07/2019 saylı müqavilənin ayrılmaz hissəsidir, müvəqqəti olaraq xx.xx.2020-ci ilə qədər sonradan dəyişiklik imkanı ilə qüvvədədir. İddiaçı və cavabdeh arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli 0110/20 nömrəli aktdan görünür ki, cavabdeh iyun, iyul, avqust və sentyabr ayında aldığı mühasibatlıq və vergi xidmətinə görə iddiaçıya 1 ayı 3000 manat olmaqla cəmi 12000 manat borcu var. Cavabdeh ilə “X3” MMC arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 050/20 saylı müqaviləyə əsasən sifarişçi (cavabdeh) bu müqaviləsinin 2-ci bəndində əks etdirilən sifarişçinin maliyyə və iqtisadi fəaliyyətlərinə dair xidmətlərin göstərilməsini icraçıya sifariş verir. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı bütün işləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və eləcə də, beynəlxalq maliyyə hesabatı standartlarına tam uyğun şəkildə aparır. Müqavilənin 4-cü bəndinə əsasən müvafiq olaraq göstərilən xidmətlərə görə sifarişçi aylıq 1700 manat məbləğində ƏVD daxil olmadan icraçıya xidmət haqqı ödəməlidir. Bu müqavilədən irəli gələn vergi xərcləri sifariçi tərəfindən ödənilməlidir. Cavabdeh ilə “X3” MMC arasında tərtib olunmuş görülən işlər haqqında aktdan görünür ki, əlavə xidmətlərin dəyəri 4200 manat (ƏDV daxil olmamaqla) təşkil edəcək. xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən cavabdeh tərəfindən “X3” MMC-yə 11000 manat və 1980 manat məbləğində köçürülmə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş yerinə yetirilmiş işlər haqqında akta 28 oktyabr 2021ci il tarixli 1 saylı əlavədən görünür ki, 2020-ci ilə görə mənfəət vergisi üzrə bəyənnamənin hazırlanması zamanı tərəflərindən uçot təhlili aparılmış və əvvəlki dövrlərə görə aşkar edilmiş səhvlərin bir hissəsi düzəldilmişdir. Əvvəlki auditor şirkəti tərəfindən illik bəyannamənin toplanması zamanı izahlı yardım alınmamışdır. "xxxx" MMC tərəfindən cavabdehə verilmiş 05 avqust 2022-ci il tarixli sənədə əsasən şirkət tərəfindən görülmüş işlərin nəticələri və aşkar edilmiş qüsurlar barədə nəticələr təqdim edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən 360 manat, xx.xx.2020-ci il tarixdə 324 manat, xx.xx.2020-ci il tarixdə 540 manat, xx.xx.2020-ci il tarixdə 540 manat pul ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli 0110/20 nömrəli aktdan görünür ki, cavabdehin iyun, iyul, avqust və sentyabr ayında aldığı mühasibatlıq və vergi xidmətinə görə iddiaçıya 1 ayı 3000 manat olmaqla cəmi 12000 manat borcu var. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli EBAG 176706 nömrəli elektron qaiməyə əsasən 3540 manat, xx.xx.2020-ci il tarixli EBAG 181362 nömrəli elektron qaiməyə əsasən 1416 manat, xx.xx.2020-ci il tarixli EBAİ 244138 nömrəli elektron qaiməyə əsasən 2124 manat, xx.xx.2020-ci il tarixli EBAİ 243845 nömrəli elektron qaiməyə əsasən 3540 manat, xx.xx.2020-ci il tarixli EBAN 023011 nömrəli elektron qaiməyə əsasən 2360 manat, xx.xx.2020-ci il tarixli EBAP 477488 nömrəli elektron qaiməyə əsasən 3540 manat, xx.xx.2020-ci il tarixli EBAP 528845 nömrəli elektron qaiməyə əsasən 7080 manat, xx.xx.2020-ci il tarixli EBAQ 639629 nömrəli elektron qaiməyə əsasən 3540 manat məbləğində xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş xx.xx.2020-ci il tarixli 59/2020 saylı hesab ilə 3540 manat, xx.xx.2020-ci il tarixli 55/2020 saylı hesabla 3540 manat, xx.xx.2020-ci il tarixli 54/2020 saylı hesabla 7080 manat, xx.xx.2020-ci il tarixli 41/2020 saylı hesabla 2360 manat, xx.xx.2020-ci il tarixli 21/2020 saylı hesabla 2124 manat, xx.xx.2020-ci il atrixli 16/2020 saylı hesabla 3540 manat, xx.xx.2020-ci il tarixli 07/2020 saylı hesabla 1416 manat, xx.xx.2020-ci il tarixli 03/2020 saylı hesabla 3540 manat məbləğində pul vəsaiti ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesablara əsasən xx.xx.2019-cu il tarixdə 3000 manat və 540 manat, xx.xx.2020-ci il tarixində 3000 manat, 540 manat, 1200 manat, 216 manat, xx.xx.2020-ci il tarixində 3000 manat, 540 manat, xx.xx.2020-ci il tarixdə 1800 manat və 324 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, 360 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə EBAE 606205 nömrəli (3540 manat), xx.xx.2020-ci il tarixdə EBAG 176706 nömrəli (3540 manat), xx.xx.2020-ci il tarixdə EBAG 181362 nömrəli (1416 manat), xx.xx.2020-ci il tarixdə EBAİ 243845 nömrəli (3540 manat), xx.xx.2020-ci il tarixdə EBAİ 244138 nömrəli (2124 manat), xx.xx.2020-ci il tarixdə EBAN 023011 nömrəli (2360 manat) elektron qaimələr göndərilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış 29 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı ilə tərəflər 04/2019 saylı müqaviləyə əsasın 2014-2019-cu illər üzrə mühasibat uçotunun bərpası xidmətlərinin icraçı tərəfindən həyata keçirildiyi və sifarişçi tərəfindən qəbul edildiyini təsdiqləmiş və hazırkı akt ilə əhatə olunmuş işlərin dəyəri 20000 manat (ƏDV xaric) təşkil edir. İddiaçı ilə cavadeh arasında imzalanmış 31 yanvar 2019-cu il tarixli təhvil-təslim aktı ilə tərəflər cavabdehə məxsus olan İnsan Resurslarına və Mühasibatlığa aid bütün elektron və Əlavə №1-də adları qeyd edilən kağız formatda sənədləri iddiaçının səlahiyyətli şəxsi Yaşar Məlik-Yeganlı şəxsində təhvil verdiklərini, təhvil verilən sənədlərə dair tərəflərin heç bir etirazlarının olmadığını və gələcəkdə yarana biləcək hər hansı xoşagəlməz hallarda təhvil verən tərəfin heç bir məsuliyyət daşımadığı barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən cavabdehə verilmiş cavabdehin 2014-2019-cu illər üzrə mühasibat uçotunun bərpa edilməsi haqqında hesabatına əsasən görülən işlərin yekununda əvvəlki dövrlərdən hər biri üzrə bütün hesablamaların düzəldiyi, düzəldilmiş məlumatların Azərbaycan qanunvericiliynə əsasən uçota daxil edildiyi bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 07/2019 nömrəli müqaviləyə əsasən yaranmış 24000 manat məbləğində borcun 2 iş günü ərzində ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 30 iyun 2022-ci il tarixli 012 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış 29 noyabr 2019-cu il tarixli 07/2019 saylı “mühasibat xidmətləri və X1 haqqında” müqaviləyə əsasən iddiaçının göstərdiyi keyfiyyətsiz və qüsurlu xidmətlərə görə cavabdehə dəymiş 25513,21 manat məbləğində zərərin və tərəflər arasında yaranmış sözügedən mübahisənin hüquqi yolla həlli istiqamətində hüquq xidmətlərinin göstərilməsi üçün tərəflərindən çəkilmiş xərclərin ümumi məbləği olan 4500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 30013,21 manat pulun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmiş məktubdan görünür ki, cavabdeh iddiaçının onlara göstərdiyi xidmətlərin keyfiyyəti barədə rəyini bildirməyi, həmçinin müstəqil ekspertin gələcək məhkəmə araşdırmaları zamanı obyektiv rəyini tərtib etməyi xahiş etmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli 02-01 nömrəli məktubdan görünür ki, cavabdeh tərəfindən edilmiş müraciətə əsasən iddiaçının göstərdiyi mühasibat xidmətlərinin keyfiyyətinin yoxlanması barədə müraciətinə baxılmış və monitorinq nəticəsində bir neçə qüsur aşkar edilmişdir. Lakin müəyyən edilmişdir ki, həmin qüsurlar xidmət göstərən iddiaçı tərəfindən sonradan aradan qaldırılmışdır. Eyni zamanda aradan qaldırıla bilməyən qüsur cavabdehin maliyyə nəticələrinə heç bir təsir etməmişdir. İddiaçının göstərdiyi xidmətlərdə olan qüsurlar əhəmiyyətli hesab edilmədiyinə görə keyfiyyətsiz anlamına gəlmir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-02 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən cavabdehə qarşı xidmətin ödənilməməsinə dair mübahisənin məhkəmədən kənar həll olunması üçün köməklik göstərilməsi xahiş edilmiş, qeyd olunan məsələ ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında olan mübahisə Azərbaycan Respublikası Auditorlar Palatasında həll oluna bilmədiyinə görə müvafiq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən verilmiş iddiaçı barəsində olan tövsiyə məktubundan görünür ki, cavabdeh iddiaçının işlədikləri ən yaxşı şirkətlərdən biri olmasını bildirmiş və məktubda onları məmnuniyyətlə tövsiyə etməsi qeyd olunmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk iddia tələbi aşağıdakı hissələrdən ibarətdir:
1. 2020-ci ilin aprel və may ayları üzrə ümumilikdə 6000 manat xidmət haqqının ödənilməsi;
2. 2020-ci ilin iyun-sentyabr ayları üzrə ümumilikdə 12000 manat xidmət haqqının ödənilməsi;
3. 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ümumilikdə 6000 manat xidmət haqqının ödənilməsi;
4. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə görə ümumilikdə 1950,78 manat faiz borcunun ödənilməsi. Məhkəmə ilk iddia ərizəsinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 07/2019 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixli əlavə sazişdən görünür ki, müqavilənin 5.1-ci bəndi dəyişdirilmiş, “Covid-19” koronavirus infeksiyasının yayılmasına görə yaranmış vəziyyətlə əlaqədar olaraq və yaranmış vəziyyətləri nəzərə alaraq auditorun aylıq haqqı aşağı salınmış və müştərinin ofisinin açılmasına və işlərin tam bərpa olunmasına qədər olan dövrə ƏDV-siz 1000 manat təşkil etməsi razılaşdırılmışdır. Hazırkı saziş xx.xx.2022-ci il tarixdən qüvvəyə minir, “Mühasibat və vergi xidmətlərinin göstərilməsinə dair” xx.xx.2019-cu il tarixli 07/2019 saylı müqavilənin ayrılmaz hissəsidir, müvəqqəti olaraq xx.xx.2020-ci ilə qədər sonradan dəyişiklik imkanı ilə qüvvədədir. Materiallarda olan ödəniş barədə sənədlərdən, habelə məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, 2020-ci ilin aprel və may ayları üzrə nəzərdə tutulmuş xidmət haqları cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilmiş, iddiaçının nümayəndələri də məhkəmə iclasında iddia tələbinin bu hissəsini müdafiə etmədiklərini bildirmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə daha sonra ilk iddia ərizəsinin ikinci hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 0110/20 saylı akta əsasən cavabdehin iyun, iyul, avqust və sentyabr ayında aldığı mühasibatlıq və vergi xidmətinə görə iddiaçıya 1 ayı 3000 manat olmaqla cəmi 12000 manat borcu var. Həmin akt tərəflərin qanuni nümayəndələrinin imzaları ilə təsdiq edilmiş, məhkəmə araşdırması gedişində də həqiqiliyi mübahisələndirilməmişdir. Məhkəmə cavabdehin həmin aylar üzrə də tərəflər arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 07/2019 nömrəli müqaviləyə xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən 1 ayı 1000 manat olmaqla borcunun olması barədə dəlilini əsassız hesab edir. Belə ki, adıçəkilən sazişdən də göründüyü kimi, aşağı salınmış xidmət haqları yalnız aprel və may ayları üçün nəzərdə tutulmuş, sazişə sonrakı aylarla bağlı hər hansı dəyişiklik edilməmiş, bundan əlavə ikitərəfli aktda da iyun, iyul, avqust və sentyabr ayında aldığı mühasibatlıq və vergi xidmətinə görə iddiaçıya 1 ayı 3000 manat olmaqla cəmi 12000 manat borcunun olması cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia ərizəsi ikinci hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilk iddia ərizəsini üçüncü hissədə əsassız hesab edir və bildirir ki, iddiaçı cavabdehdən 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ümumilikdə 6000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, həmin aylar üzrə cavabdehə hər hansı xidmət göstərilməsini təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmiş, habelə həmin aylar üzrə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan borcla bağlı hər hansı hesab-faktura, elektron qaimələrin ümumiyyətlə təqdim edilmədiyi müəyyənləşdirilmişdir (iddiaçının nümayəndəsi də göstərilən halı izahatında təsdiq etmişdir). Bu səbəbdən də məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir. İlk iddia ərizəsində həmçinin cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla ümumilikdə 1950,78 manat faiz borcunun ödənilməsi tələbi irəli sürülsə də, iddiaçı məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 1950,78 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə də ilk iddia tələbi təmin olunmamalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, cavabdeh İddiaçı MMC tərəfindən vergi hesabatında müvafiq düzəlişlər edilmədiyindən mənfəət vergisinin 17021,92 manat məbləğində azaldılması mümkün olmamış, 2019-cu il üçün gəlir vergisi 3476,29 manat azaldıla bilərdi, bununla da iddiaçı Cavabdeh MMC-yə həmin məbləğdə ziyan dəymişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, materiallardan görünür ki, iddiaçı ilə cavabdeh arasında 29 noyabr 2019-cu il tarixli təhvil-təslim aktı imzalanmış, tərəflər 04/2019 saylı müqaviləyə əsasən 2014-2019cu illər üzrə mühasibat uçotunun bərpası xidmətlərinin icraçı tərəfindən həyata keçirildiyini və sifarişçi tərəfindən qəbul edildiyini təsdiqləmiş, həmin müqavilə üzrə də bütün ödənişlər ödənilmiş, həmin müqavilə üzrə göstərilmiş xidmətlərdə hər hansı nöqsanların olması barədə İddiaçı MMC-yə hər hansı irad bildirilməmişdir. Qarşılıqlı iddiaçı həmin nöqsanların vaxtında vergi bəyannamələrinin vergi orqanına İddiaçı MMC tərəfindən təqdim edilməməsi ilə əlaqələndirmiş, İddiaçı MMC buna etiraz edərək, vergi bəyannamələrinin vergi orqanına təqdim edilməsi üçün ASAN imza, kod və parolun Cavabdeh MMC tərəfindən onlara həmin vaxt təqdim edilmədiyi ilə izah etmişlər. Belə ki, materiallara əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh MMC-yə məxsus olan ASAN imza və sertifikatın aktivləşdirilməsi barədə bildiriş həmin tarixdə İddiaçı MMC-yə təhvil verilmiş, bu səbəbdən Cavabdeh MMC-nin 2016-cı il üçün dəqiqləşdirilmiş vergi bəyannaməsinin xx.xx.2019-cu ilə qədər İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilməsinin mümkün olmaması barədə qarşılıqlı iddia üzrə cavabdehin dəlilini məhkəmə əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Auditorlar Palatasının cavabdehə ünvanlanmış müvafiq məktubunda bildirilmişdir ki, cavabdeh tərəfindən edilmiş müraciətə əsasən iddiaçının göstərdiyi mühasibat xidmətlərinin keyfiyyətinin yoxlanması barədə müraciətinə baxılmış və monitorinq nəticəsində bir neçə qüsur aşkar edilmişdir. Lakin müəyyən edilmişdir ki, həmin qüsurlar xidmət göstərən iddiaçı tərəfindən sonradan aradan qaldırılmışdır. Eyni zamanda aradan qaldırıla bilməyən qüsur cavabdehin maliyyə nəticələrinə heç bir təsir etməmişdir. İddiaçının göstərdiyi xidmətlərdə olan qüsurlar əhəmiyyətli hesab edilmədiyinə görə keyfiyyətsiz anlamına gəlmir. Göstərilənlərə əsasən, məhkəmə qarşılıqlı iddia ərizəsini “25513,21 manat ziyanın tutulması” hissəsində əsassız hesab edir. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində tərəflərindən çəkilmiş 4500 manat hüquqi yardım xərcinin ödənilməsi tələbi də göstərilmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş “Hüquq xidməti göstərilməsinin tapşırığı haqqında” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə İddiaçı MMC ilə olan hazırkı mübahisə üzrə mediasiya təşkilatında və məhkəmədə təmsil etməyi və bu sahədə ixtisaslı hüquq və nümayəndəlik xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Lakin qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında nümayəndə Vəkil2 vasitəsilə təmsil olunmuş, sonuncunun materiallarda olan vəkil orderinə əsasən o, fərdi qaydada fəaliyyət göstərən vəkildir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə hər hansı hüquqi yardımın göstərilmədiyi müəyyən edilmiş, həmin hüquqi yardım göstərilmişdirsə də, xidmətlərin nədə ifadə olunduğu müəyyən olunmamışdır. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini “4500 manat hüquqi yardım xərcinin ödənilməsi” hissəsində də əsassız hesab edir. Bu səbəbdən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 12000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12000 (on iki min) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova