Məhkəmə qərarları › İş №e-2-2(113)-2623/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2623/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2623/2023 22.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Qanuni nümayəndə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qanuni nümayəndə MMC ilə Cavabdeh ASC arasında bağlanılmış müqavilə əsasında Qanuni nümayəndə MMC tərəfindən Cavabdeh ASC üçün görülmüş tikinti quraşdırma işlərin dəyəri olan 9.392.776,13 manat borcun Cavabdeh ASC-dan tutularaq Qanuni nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə MMC Cavabdeh ASC ilə razılığa gələrək, aralarında müqavilə bağlanılmış, həmin müqavilə əsasında Qanuni nümayəndə MMC tərəfindən Cavabdeh ASC üçün tikinti quraşdırma işləri görülməsinə baxmayaraq, görülmüş işlərin dəyəri olan 9.392.776,13 manat məbləğində borc bu günə qədər ödənilməmişdir. Dəfələrlə görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı cavabdeh tərəfə müraciət etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Həmçinin bununla bağlı pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər həll olunması qaydasına əməl olunmuşdur. Lakin qarşı tərəf göndərilən pretenziya məktubuna da cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsinə əsasən kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məlum olduğu kimi "xxxx" ASC ilə Qanuni nümayəndə MMC arasında xx.xx.2020-ci il tarixində 7.285.374,04 manat vəsaitlə bağlı üzləşmə aktı imzalanmışdır. Hesab edirlər ki, sözügedən üzləşmə aktı iddia müddəti ötürüldükdən sonra imzalanmış və buna görə də 7.285.374,04 manat məbləği üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, "xxxx" ASC ilə Qanuni nümayəndə MMC arasında bağlanmış müqavilələrdən sonuncunun bitmə tarixi xx.xx.2016-cı il kimi müəyyən edilmişdir. Üzləşmə aktı isə xx.xx.2020-ci ildə tərtib edilmişdir. Göründüyü kimi üzləşmə aktı müqavilələrin bitmə müddətindən 3 il 14 gün sonra imzalanmışdır. Odur ki, bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə-vəkil V.Hacızadə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ödənişlər 2017-2018-ci illərdə edilmişdir. Bütün sənədləri təqdim etmişlər. Cavabdeh ilə bağlı borcu etiraf edən başqa hər hansı sənədləri yoxdur. 2.000.000 manat məbləğində olan tələb ilə bağlı tərəflər arasında bağlanmış müqavilələr iş materiallarına əlavə edilib. Belə ki, həmin işlər ilə bağlı elektron qaimələri cavabdeh təsdiq etmir və bu səbəblə forma-2 adlı sənədlər tərtib edilə bilmir. Forma- 2 elektron qaimə əsasında hazırlanır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, borc mühasibatlıq sənədlərində öz əksini tapmır. 7.000.000 manat məbləğində işlər ilə bağlı üzləşmə aktı tərtib edilmişdir. Lakin 2.000.000 manat məbləğində olan tələb ilə bağlı hər hansı sənəd yoxdur İşlərin görülməsi ilə bağlı sübutlar yoxdur.. Eyni zamanda nəzərə çatdırır ki, tələb müqavilədən irəli gəlir və iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilələr üzrə ödənişlər edilib. Ödənişlərin tarixi 2011-2014-cü illərə aiddir. Üzləşmə aktı isə xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üçün icraçının 44.100.000 manat (ƏDV ilə birlikdə) məbləğində təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2013-cü il tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə üzrə görüləcək işlərin artması ilə əlaqədar müqavilənin dəyərinin ƏDV daxil olmaqla 23.400.000 manat artaraq ƏDV daxil olmaqla 67.500.000 manat təşkil edir. masını nəzərə alaraq, müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 2.1. Müqavilənin müddəti dəyişməz olaraq qalır. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2014-cü il tarixində 03 nömrəli əlavə razılaşma imzalanmışdır. Razılaşmadan görünür ki, tərəflər xx.xx.2013-cü il tarixində 02 nömrəli razılaşma imzalayaraq müqavilənin müddətinin xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinə qədər uzatmışlar. Hazırda müqavilə üzrə görüləcək işlərin həcmi artmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 9.500.000 manat artırılaraq ƏDV daxil olmaqla 77.000.000 manat təşkil edir. 2.1. Müqavilənin müddəti dəyişməz olaraq qalır. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2014-cü il tarixində 04 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilənin müddəti xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinə qədər uzadılır. 2.1. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 3.000.000 manat artırılaraq ümumi dəyəri ƏDV daxil olmaqla 80.000.000 manat təşkil edir. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə dair xx.xx.2016-cı il tarixində 06 nömrəli əlavə razılaşma imzalanmışdır. Razılaşmadan görünür ki, tərəflər xx.xx.2015-ci il tarixində 05 nömrəli razılaşma imzalayaraq müqavilənin müddətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinə qədər uzatmışlar. Hazırda müqavilə üzrə görüləcək işlərin həcmi artmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə tərəflər öhdəliklərini yerinə yetirdiyi müddət ərzində qüvvədə qalır. 2.1. Müqavilənin dəyəri ƏDV daxil olmaqla 500.000 manat artaraq və ümumi dəyər ƏDV daxil 80.500.000 manat təşkil edir. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 19.238,72 manat təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 283.845,41 manat təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Fevral 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə (Biləsuvar) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 303.084,13 manat təşkil etmişdir. Arayış tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı işlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması“ layihəsi çərçivəsində Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üçün icraçının ümumi dəyəri 307.000.000 manat (2014-cü il üzrə ƏDV daxil olmaqla 1.000.000 manat vəsait ayrılır) (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı müqaviləyə dair xx.xx.2014-cü il tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə üzrə 2014-cü il üçün ƏDV daxil olmaqla 6.000.000 manat vəsait artırılaraq ƏDV daxil olmaqla 7.000.000 manat təşkil edir. 2.1. Müqavilənin ümumi dəyəri dəyişilmir. 2.2. Müqavilə üzrə işlərin bitmə tarixi dəyişilmir. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı müqavilə üzrə Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 79.052,85 manat təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Fevral 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, R/İ/T-008/14 saylı müqavilə (Lənkəran) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 79.052,85 manat təşkil etmişdir. Arayış tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında xx.xx.2015-ci il tarixli KL/İ/T-111/15 saylı işlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi "Azərsu” ASC su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsi və tikintisi layihəsi çərçivəsində Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması işlərinin satın alınması üçün icraçının 1.900.000 manat (ƏDV daxıl) məbləğində təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan "Azərsu ASC-nin su təchizatı və kanalizasiya xətlərinin layihələndirilməsi və tikintisi layihəsi çərçivəsində Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 14.2-ci bəndinə əsasən müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2015-ci il tarixli KL/1/T-111/15 saylı müqaviləyə dair xx.xx.2016-cı il tarixində 01 nömrəli əlavə razılaşma imzalanmışdır. Əlavə razılaşmaya görə tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəldilər: 1.1. Müqavilə üzrə görüləcək işlərin artması ilə əlaqədar müqavilənin dəyərinin ƏDV daxil olmaqla 250.000 manat artmasını nəzərə alaraq, müqavilənin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, sifarişçi Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması işlərinin satın alması üçün icraçının 2.150.000 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir. 2.1. Müqavilənin xüsusi şərtlərinin 21-ci bəndinin birinci abzası aşağıdakı redaksiyada verilsin:

21. Müqavilə 25 dekabr 2015-ci il tarixində qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirdiyi müddət ərzində qüvvədə qalır. Əlavə razılaşma tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli KL/İ/T-111/15 saylı müqavilə üzrə Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 1.601.741,77 manat təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2018-ci ilin Fevral ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərinin qəbulu aktına (Forma 2) əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli KL/İ/T-111/15 saylı müqavilə üzrə Salyan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 123.523,34 manat təşkil edir. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. 2018-ci il tarixində yerinə yetirilmiş podrat işlərinin dəyəri haqqında arayışdan (Forma 3) görünür ki, KL/İ/T-111/15 saylı müqavilə (Salyan) üzrə yerinə yetirilmiş podrat işlərinin dəyəri (ƏDV daxil) 1.725.265,11 manat təşkil etmişdir. Arayış tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixinə tikintisi aparılmış layihələr üzrə cəmi borcu 7.285.374,04 manat (o cümlədən R/İ/L-009/11 (Biləsuvar) saylı müqavilə üzrə 1.194.852,71 manat və R/İ/T- 008/14 (Lənkəran) saylı müqavilə üzrə 3.316.334,53 manat) təşkil edir. Qarşılıqlı üzləşmə aktı tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Qanuni nümayəndə MMC tərəfindən xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə "xxxx" ASC-yə müraciət edilərək borcun xx.xx.2022-ci ilə kimi ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı Qanuni nümayəndə MMC ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixli R/İ/T-008/14 saylı; xx.xx.2015-ci il tarixli KL/1/T-111/15 saylı; xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı, eləcə də 374/2-5/KL və KL/İ/T-123/14 saylı (sonuncu iki müqavilə məhkəməyə təqdim edlməmiş, həmin müqavilələrin mövcud olması tərəflərin imzaladıqları üzləşmə aktından aydın olur) podrat müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən icraçı Qanuni nümayəndə MMC göstərilən müqavilələrdə nəzərdə tutulan işlərin (Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Salyan şəhərinin su təchizatı sisteminin yaxşılaşdırılması və s.) görülməsini və onun sifarişçiyə təhvil verilməsini, sifarişçi isə görülmüş işlərin dəyərinin ödənilməsini üzərinə götürmüşdür. Hazırda iddiaçı Qanuni nümayəndə MMC podrat müqavilələr üzrə cavabdeh "xxxx" ASC-dən 9.392.776,13 manat məbləğində pulun alınaraq Qanuni nümayəndə MMC-yə ödənilməsini tələb edir. Cavabdeh "xxxx" ASC isə tələb üzrə iddia müddətinin buraxıldığını, mübahisəli podrat müqavilələri üzrə 7.285.374,04 manat məbləğində borca dair xx.xx.2020-ci il tarixli üzləşmə aktının tələb üzrə iddia müddəti buraxıldıqdan sonra imzalandığını, qalan 2.000.000 manat məbləğində tələbin əsaslılığını təsdiq edən sənədlərin isə iddiaçı tərəfindən ümumiyyətlə təqdim edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq iddiaçı ödənilməsini tələb etdiyi borcun hansı hissəsinin hansı müqavilə üzrə yaranmasını iddia ərizəsində konkretləşdirməmiş, eləcə də tərəflər arasında imzalanmış üzləşmə aktında adı çəkilən bəzi müqavilələri ümumiyyətlə məhkəməyə təqdim etməmişdir. Bundan əlavə üzləşmə aktında əks olunmuş borcun yaranmasını təsdiq edən ilkin sənədlər (təhvil-təslim aktları və s.) məhkəməyə tam şəkildə təqdim edilməmişdir (belə ki, iddiaçı tərəfindən R/İ/T-008/14 saylı müqavilə (Lənkəran) üzrə fevral 2018-ci il tarixli ƏDV daxil 79.052,85 manat məbləğində işlərin görülməsinə dair forma 2 aktı və xx.xx.2011-ci il tarixli R/İ/L-009/11 saylı müqavilə üzrə isə fevral 2018-ci il tarixli 606.168,26 manat məbləğində işlərin görülməsinə dair forma 2 aktları məhkəməyə təqdim edilmişdir). Digər tərəfdən cavabdeh üzləşmə aktında əks olunmuş 7.285.374,04 manat məbləğində borcun mövcudluğunu mübahisələndirməmiş və həmin hissədə iddiaya qarşı etirazını yalnız iddia müddətinin buraxılması ilə əsaslandırmışdır. Odur ki, məhkəmə cavabdehin üzləşmə aktında əks olunmuş 7.285.374,04 manat məbləğində borcun mövcud olması faktını təsdiq etdiyini nəzərə alaraq iddia tələblərini həmin hissədə əsaslı hesab edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddianın 2.107.402,09 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə borcun hansı podrat müqaviləsi üzrə yarandığını dəqiqləşdirməmişdir. Digər tərəfdən iş materiallarından da göründüyü kimi xx.xx.2020-ci il tarixdə tərəflər arasında borcların qarşılıqlı üzləşdirilməsi aparılaraq həmin tarixə cavabdehin iddiaçıya borcunun cəmi 7.285.374,04 manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən üzləşmə aktının imzalandığı tarixdən sonrakı dövrdə hər hansı müqavilə üzrə iddiaçı tərəfindən işlərin yerinə yetirilməsini və belə olan halda cavabdehin iddiaçıya yeni bir borc məbləğinin yarandığını təsdiq edən sübutlar isə məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə həmin hissədə iddianı əsassız hesab edir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ödənilməsini tələb etdiyi borc məbləğinin hansı dövrə aid olmasını təsdiq edə biləcək ilkin mühasibat uçotu sənədlərini məhkəməyə təqdim etməsə də, üzləşmə aktının məzmunundan da görünür ki, üzləşmə aktında əks olunmuş borc xx.xx.2019-cu il tarixə artıq mövcud olmuş, yəni həmin borc ən geci 2018-ci ildə görülmüş işlərə görə yaranmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş “yerinə yetirilmiş işlərin qəbulu barədə aktlar” da 2018-ci ilin fevralında görülmüş işlərlə bağlı tərtib edilmişdir. Göstərilən hallar isə ona dəlalət edir ki, iddiaçının cavabdehə qarşı görülmüş işlərin dəyərini ödənilməsi tələbini irəli sürmək hüququ ən geci xx.xx.2019-cu il tarixdən əmələ gəlmiş, odur ki, Mülki Məcəllənin 377.3-cü maddəsinin tələbləri baxımından tələb üzrə iddia müddətinin axımı da ən geci həmin tarixdən başlamışdır. Bununla yanaşı xx.xx.2019-cu ildən sonra Cavabdeh ASC tərəfindən mübahisəli borc üzrə hər hansı ödəniş edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Bundan əlavə məhkəmə üzləşmə aktına münasibətdə qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 380.1-ci maddəsində borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə borclunun borcun etirafına və ödənilməsinə yönəldilmiş real hərəkətlər, məsələn, borcun bir hissəsinin ödənilməsi, borcun müəyyən müddət ərzində ödənilməsinə dair vəd verilməsi və s. başa düşülür. Borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyən, tələbkarda belə bir əminlik yaratmayan qarşılıqlı hesablaşma sənədləri olan üzləşmə aktlarının imzalanması isə borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz. Beləliklə, hazırkı iddia tələbini irəli sürmək hüququ ən geci xx.xx.2019-cu il tarixdən əmələ gəldiyini və iddia müddətin axımından ən geci həmin tarixdən başladığını, eləcə də həmin tarixdən sonra üç illik müddət ərzində borclu tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etirafedici hərəkətlərin edilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir, iddia müddətinin axımı ən geci xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən tələb üzrə iddia müddəti (30 günlük mediasiya müddətini nəzərə alsaq belə) artıq buraxılmışdır . Beləliklə, 7.285.374,04 manat borc tələbi üzrə iddia müddəti buraxıldığından həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən isə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Qanuni nümayəndə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar