Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-269/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ("xxxx" QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən xx.xx.2020ci il tarixli, xx/xx-2020 saylı müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün 475928,97 (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat ödənilmiş vəsait, 29750 (iyirmi doqquz min yeddi yüz əlli) manat dəbbə pulu, 400 manat mediasiya, 500 manat vəkil xərci və 797 manat dövlət rüsumu olaraq, cəmi 507376 (beş yüz yeddi min üç yüz yetmiş altı) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" QSC arasında 14 ədəd sərnişin liftlərinin alınması, quraşdırılması, sazlanması və işə salınmasına dair ümumi dəyəri 595000 (beş yüz doxsan beş min) manat məbləğində olan xx.xx.2020-ci il tarixli, xx/xx-2020 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı "xxxx" QSC sifariş edilmiş işləri 24 həftəyə (təxminən 6 ay) bitirib tamamlamalı idi. Lakin cavabdeh indyədək öz öhdəliyi üzrə heç bir hərəkət etməmiş, nəticədə onun bu təqsirli hərəkətləri nəticəsində onun təchiz edəcəyi liftlərin gec quraşdırılması səbəbilə ciddi maliyyə itkilərinə məruz qalmışlar. İddiaçı MMC müqavilənin şərtlərinə uyğun olaraq, müqavilə üzrə razılaşdırılmış məbləğin 333249,97 (üç yüz otuz üç min iki yüz qırx doqquz manat doxsan yeddi qəpik) manat hissəsini bank hesabına köçürməklə, 142685 (yüz qırx iki min altı yüz səksən beş) manat xəzinədən nağd şəkildə olmaqla, cəmi 475928,97 (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat podratçı "xxxx" QSC-yə ödənilmişdir. Bu fakt elektron qaimələr, ödəniş tapşırıqları və xx.xx.2022-ci il tarixli, 99 №-li maliyyə arayışı ilə də öz təsdiqini tapır. Lakin müqavilənin bağlanmasından iki ilə yaxın zaman keçməsinə baxmayaraq, "xxxx" QSC öz öhdəliklərini indiyədək icra etməmişdir. Bu səbəbdən müqavilə dəyərinin qalıq 119071,03 (yüz on doqquz min yetmiş bir manat üç qəpik) manat hissəsi üzrə ödəniş edilməsi dayandırılmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh 2 ildən artıqdır ki, indiyədək nə müqavilə üzrə gətirib quraşdırmalı olduğu liftləri quraşdırmamış, nə də iddiaçı tərəfindən ödənilmiş cəmi 475928,97 (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat vəsaiti geri qaytarmamışdır. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya təklifi ilə birlikdə pretenziya məktubu göndərilmiş və cavabdeh tərəfindən alınmışdır. Lakin cavabdeh bu dəfə öz öhdəliklərinə qeyri-ciddi yanaşaraq təklif edilən müddət ərzində öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Beləliklə, uzun zamandır ki, iddiaçı pozulmuş hüquqularının bərpa edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi qaydada mediasya mərhələsindən keçmək üçün mediasiya yolu ilə məsələnin həllinə çalışmış, lakin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Beləliklə, mübahisənin məhkəmə qaydasında həll olunması məcburiyyətində qalmışlar. Aşağıda göstərilənlərə əsasən hesab edilir ki, cavabdeh tərəfindən həm iddiaçının ödədiyi məbləğ, həm də cavabdehin müqavilə üzrə öz öhdəliklərini kobud pozması nəticəsində iddiaçıya dəymiş digər maddi zərərin əvəzi pul şəklində tutularaq şirkətə ödənilməlidir. Sözügedən müqavilənin 8.2-ci bəndində əsasən ödəmənin və təchizatın şərtlərinə və müddətlərinə görə tərəflər biri digərinə hər günə görə avadanlıqların qiymətinin 0.5%-i məbləğində, müqavilənin dəyərinin 5%-dən artıq olmayaraq dəbbə pulu ödəyir. Müqavilənin bu bəndindən çıxış edərək, cavabdeh təchizat müddətini (24 həftə) müqavilə ilə razılaşdırılmış müddətdən artıq, xeyli zamandır pozduğundan dəbbə pulu olaraq 595000 (beş yüz doxsan beş min) manatın 5%-i həddində, yəni 29750 (iyirmi doqquz min yeddi yüz əlli) manat dəbbə pulu da ödəməlidir. Bundan əlavə, cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ilkin mediasiya sessiyasına görə mediatora 400 manat, pozulmuş hüquqların müdafiəsi üçün vəkil xidmət haqqı olaraq 500 manat, həmçinin dövlət rüsumuna görə 797 manat məbləğində ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Sifarişçi” qismində "xxxx" MMC ilə “icraçı” qismində "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə xx/xx-2020 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Bakı şəhəri, Yasamal rayonu, X2 yolunun kənarında inşa edilən yaşayış binalarında quraşdırmaq üçün 10 (on) ədəd 9 dayanacaqlı 1000 kq, 2 ədəd 12 dayanacaqlı 450 kq, 2 ədəd 12 dayanacaqlı 1000 kq yükqaldırma qabiliyyətli, yeni sərnişin/yek liftlərinin, bu müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-in şərtlərinə uyğun təchizatını və liftlərin quraşdırılmasını, işəsalma-sazlama işlərinin yerinə yetirilməsini və sifarişçiyə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təhvil verilməsini öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi liftlərin şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi, icraçı tərəfdən yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilənin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən 14 (on dörd) ədəd yeni sərnişin/yük liftlərinin təchizatı və liftlərin quraşdırılmasının müqavilə üzrə ümumi qiyməti 595000 (beş yüz doxsan beş min) manat təşkil edir və ödənişlər də köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi qiymətinə; avadanlıqların zavod qiyməti, nəqliyyat, bank xərcləri, gömrük rüsumu, liftlərin quraşdırılması, sazlanması, işə buraxılması işlərinin dəyərləri və ƏDV 18% xərclər daxildir. Müqavilənin 8.2-ci bəndinə əsasən ödəmənin və təchizatın şərtlərinə və müddətlərinə görə tərəflər biri digərinə hər günə görə avadanlıqların qiymətinin 0,5 %-i məbləğində, müqavilənin dəyərinin 5%-dən artıq olmayaraq, dəbbə pulu ödəyir. Fors-major halları bu şərtlərə daxil deyildir. - xx.xx.2022-ci il tarixli, 99 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə “Bakı Otis Lift" QSC arasında 14 ədəd sərnişin liftlərinin alınması, quraşdırılması, sazlanması və işə salınmasına dair ümumi dəyəri 595000 (beş yüz doxsan beş min) manat məbləğində olan xx.xx.2020-ci il tarixli, xx/xx-2020 saylı podrat müqaviləsi bağlanmışdır. İddiaçı MMC müqavilənin şərtlərinə uyğun olaraq, həmin məbləğin 333249,97 manat (üç yüz otuz üç min iki yüz qırx doqquz manat doxsan yeddi qəpik) hissəsi podratçının bank hesabına köçürmə, 142685 manat (yüz qırx iki min altı yüz səksən beş) hissəsi xəzinədən nağd şəkildə olmaqla, cəmi 475928,97 manat (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) məbləğində pul vəsaiti ödənilmişdir. Müqavilə dəyərinin qalıq 119071,03 manat (yüz on doqquz min yetmiş bir manat üç qəpik) hissəsinin isə podratçı müqavilə üzrə öhdəliklərini indiyədək yerinə yetirmədiyi üçün ödənilməsi dayandırılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, X1 adlı şəxsə lift alışı üçün 17000 manat məbləğində pul vəsaiti verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Qanuni nümayəndə (cavabdehin qanuni nümayəndəsi) adlı şəxsə lift avdanlıqlarının ödənişi üçün 10585 manat məbləğində pul vəsaiti verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Qanuni nümayəndə adlı şəxsə avans olaraq lift avdanlıqlarının ödənişi üçün 51000 manat məbləğində pul vəsaiti verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Qanuni nümayəndə adlı şəxsə avans olaraq lift avdanlıqlarının ödənişi üçün 1800 manat məbləğində pul vəsaiti verilmişdir. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Qanuni nümayəndə adlı şəxsə lift alışı üçün 59000 manat məbləğində pul vəsaiti verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, Qanuni nümayəndə adlı şəxsə avans olaraq lift avdanlıqlarının ödənişi üçün 3300 manat məbləğində pul vəsaiti verilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 1047 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin AZ73AİİB400500C**********109 nömrəli hesabına 51000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi nəqliyyat xidməti üçün avans ödənişi qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OCAZ203590002 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ53AZRT******************** nömrəli hesabına 150974,58 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OPXO203590019 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ53AZRT******************** nömrəli hesabına 25508,48 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OPXO203590021 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ48CTRE******************** nömrəli hesabına 4591,52 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OPXO203590022 nömrəli, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ48CTRE******************** nömrəli hesabına 27175,42 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OPX********** nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ48CTRE******************** nömrəli hesabına 15254,24 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OCAZ21048003C nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ53AZRT******************** nömrəli hesabına 84745,76 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OPX********** nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ48CTRE******************** nömrəli hesabına 3813,56 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 115OPX********** nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" QSC-nin AZ82İBAZ******************** nömrəli hesabına 21186,44 manat məbləğində ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 120OPXO222420042 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatının AZ66AİİB400600C**********142 nömrəli hesabına 410 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 120OPXO222484400 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Kəngərli və partnyorları Vəkil Bürosunun AZ82AİİB******************** nömrəli hesabına 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçının hazırkı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2020-ci il tarixli, xx/xx-2020 saylı müqavilə üzrə 475928,97 manat (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) əsas məbləğ və 29750 manat (iyirmi doqquz min yeddi yüz əlli) cərimə olmaqla, cəmi 505678,97 manat (beş yüz beş min altı yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı vəkilə ödənilmiş 500 (beş yüz) manat, 400 (dörd yüz) manat mediasiya xərci və 797 (yeddi yüz doxsan yeddi) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 400 (dörd yüz) manat mediasiya, 500 (beş yüz) manat hüquqi yardım xərcləri və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 797 (yeddi yüz doxsan yeddi) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2020-ci il tarixli, xx/xx-2020 saylı müqavilə üzrə 475928,97 manat (dörd yüz yetmiş beş min doqquz yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) pul vəsaiti, 29750 manat (iyirmi doqquz min yeddi yüz əlli) cərimə, 400 (dörd yüz) manat mediasiya, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 797 (yeddi yüz doxsan yeddi) manat olmaqla, cəmi 507376 manat (beş yüz yeddi min üç yüz yetmiş altı) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-269/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-269/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver