Məhkəmə qərarları › İş №e-2-2(113)-2707/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2707/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2707/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində 31/23 saylı Podrat Müqaviləsinə əsasən 18% ƏDV daxil 96052 manat borcun, 381 manat dövlət rüsumu, 320 manat göstərilən hüquqi yardıma görə xərcin, cəmi 96753,52 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (“Podratçı”) ilə İddiaçı MMC (“Subpodratçı”) arasında xx.xx.2023-cü il tarixində 31/23 saylı Podrat Müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasən Subpodratçı Podratçının tapşırığına əsasən, Mingəçevir şəhərinin kanalinizasiya və su xətti quraşdırma layihəsində ev birləşmələrinin quraşdırılması işləri ilə bağlı xidmət göstərilməsi işlərinin bir qismini öz öhdəsinə götürmüşdür. Podratçı isə görülmüş işlər üçün müəyyən olunmuş məbləği Bu Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada “Subpodratçı”ya ödəyir. Qeyd olunan müqaviləyə əsasən hal-hazırki vaxtda cavabdehin 18% ƏDV daxil 96052 manat borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə işlərin icrası müqabilində X2 dair Təhvil-təslim Aktları (Forma-2) əsasında müəyyən edilən muzd ödəyəcək. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Hər ayın sonu Forma-2 hazırlanır və “Podratçı” növbəti ayın 20-30 arası Forma-2-də nəzərdə tutulan məbləği “Subpodratçı”nın bank hesabına köçürmə yolu ilə ödəməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasənİşlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə uyğun yerinə yetirilmişdirsə, İşlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-təslim aktı əsasında həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Təhvil-təslim aktı “Subpodratçı”nın öhdəliklərini Bu Müqavilənin şərtlərinə əsasən icra etdiyini təsdiqləyir və “Podratçı”nın Müqavilə üzrə müvafiq ödəmələri həyata keçirməsi üçün əsas təşkil edir. Cavabdehin hal-hazırda qeyd olunan Podrat müqaviləsinə əsasən 18% ƏDV daxil 96052 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq təhvil-təslim aktları, razılaşma protokolları və elektron qaimə faktura ilə öz təsdiqini tapır. Cavabdeh hal-hazırki vaxtadək qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2025-ci il tarixində pretenziya göndərilmiş və mübahisənin məhkəmədən kənar həlli üçün 30 gün müddət gözlənilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən online kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 425.1, 427.3, 427.4, 441.1, 441.4, 445.2, 448.2, 752.1 və 769-cü maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlaraq, üzrlü səbəbdən məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" MMC (“Podratçı”) ilə İddiaçı MMC (“Subpodratçı”) arasında bağlanmış xx.xx.2023-cü il tarixində 31/23 saylı Podrat müqaviləsindən görünür ki, “Subpodratçı”, “Podratçı”nın tapşırığına əsasən Mingəçevir şəhərinin kanalizasiya və su xətti quraşdırma layihəsində ev birləşmələrinin quraşdırılması işləri ilə bağlı xidmət göstərilməsi işlərinin bir qismini öz öhdəsinə götürür. “Podratçı” isə görülmüş işlər üçün müəyyən olunan məbləği bu Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada “Subpodratçı”ya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə İşlərin icrası müqabilinda X2 dair Təhvil-təslim Aktları (Forma 2) əsasında müəyyən edilən muzd ödəyəcək (bundan sonra “Muzd”). Müqavilənin 2.2-ci bəndinə əsasən, hər ayın sonu Forma-2 hazırlanır və “Podratçı” növbəti ayın 20-30-u arası Forma-2-də nəzərdə tutulan məbləği “Subpodratçi”nin bank hesabına köçürmə yolu ilə ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Qiymət razılaşma protokulunda qeyd olunan məbləğ işçilik üçün nəzərdə tutulmuşdur. Qiymətə materialın qiyməti daxil deyildir. Müqavilənin 2.4-cü bəndinə əsasən, Hesabatda qeyd edilmiş iş Müqavilə şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə “Podratçi” hesabatı təsdiqləməkdən imtina edə bilər. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, “Podratçı” “Subpodratçı”dan bu Müqavilənin şərtlərinə və dövlət standartlarına uyğun olaraq keyfiyyətlə icra edilmiş işləri bu Müqavilənin 4.1.5-ci bəndinə əsasən aktla qəbul etmək və müqavilənin 3-cü bəndində müəyyən edilmiş qaydada faktiki görülmüş İşlərin dəyərini ödəmək vəzifəsidir. “Podratçı” “Subpodratçı”ya yerinə yetirilmiş işin haqqını ödəmək şərtilə istənilən vaxt müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilənin 4cü maddəsinə əsasən, İşlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə (əgər belə tapşırıq bu Müqaviləyə əlavə edilmişdirsə) uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktı “Subpodratçı”nın öhdəliklərini bu Müqavilənin şərtlərinə əsasən icra etdiyini təsdiqləyir və “Podratçi”nin Müqavilə üzrə müvafiq ödəmələri həyata keçirməsi üçün əsas təşkil edir. 01/23 nömrəli Razılaşma Protokolundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində 31/23 saylı Podrat müqaviləsinə əsasən Bir tərəfdən, bundan sonra “Podratçı” adlanacaq Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru Uğur Yeniçeri şəxsində və digər tərəfdən, bundan sonra “Subpodratçı” adlanacaq Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı MMC-nin direktoru X1, aşağıdakılarla razılaşdılar: X4 əsasən “Subpodratçı” (Cədvəl № 1) əks olunmuş işləri yəni “Ev birləşməsi işləri” 1 ədəd xidmət haqqı ay üzrə 415 AZN olmaqla “Podratçı”ya düzgün şəkildə təhvil verir, “Podratçı” isə qeyd olunmuş məbləğdə “Subpodratçı”ya ödəyir. X6 əsas müqavilənin ayrılmaz tərkib hissəsidir və imzalandığı gündən qüvvəyə minir."lcarəyəverən"in ödəmə üçün hesabfakturalarım Azərbaycan Manatı ila (AZN) təqdim etməlidir. Ödəniş “İcarəçi” tərəfindən “İcarəyə verən”in hesabına nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Xəttin uzunluğuna görə qiymət dəyişə bilər. xx.xx.2023-cü il tarixli müqavilə üzrə göstərilən xidmətlərin təhvil verilməsinə dair 1 nömrəli Təhvil-Təslim Aktına əsasən, Kanalizasiya xətlərinin çəkilişinin miqdarı 187,08 metr, qiyməti 3584,19 manat olmaqla 18% ƏDV daxil olmaqla cəmi 5397,55 manat xidmət İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə göstərilən xidmətlərin təhvil verilməsinə dair 2 nömrəli Təhvil-Təslim Aktına əsasən, Kanalizasiya xətlərinin çəkilişinin miqdarı 1053,90 metr, qiyməti 23080,45 manat və Ev birleşmesi quyularının qoyulması 65 ədəd, 5850 manat, 18% ƏDV daxil olmaqla cəmi 34697,18 manat xidmət İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə göstərilən xidmətlərin təhvil verilməsinə dair 3 nömrəli Təhvil-Təslim Aktına əsasən, Kanalizasiya xətlərinin çəkilişinin miqdarı 579,40 metr, qiyməti 14400,87 manat və Ev birleşmesi quyularının qoyulması 71 ədəd, 8253,40 manat, 18% ƏDV daxil olmaqla cəmi 18902,77 manat xidmət İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə göstərilən xidmətlərin təhvil verilməsinə dair 4 nömrəli Təhvil-Təslim Aktına əsasən, Kanalizasiya xətlərinin çəkilişinin miqdarı 781,14 metr, qiyməti 13501,85 manat və Ev birleşmesi quyularının qoyulması 61 ədəd, 5490 manat, 18% ƏDV daxil olmaqla cəmi 22410,39 manat xidmət İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə göstərilən xidmətlərin təhvil verilməsinə dair 5 nömrəli Təhvil-Təslim Aktına əsasən, Kanalizasiya xətlərinin çəkilişinin miqdarı 2961,85 metr, qiyməti 64930 manat və Ev birleşmesi quyularının qoyulması 183 ədəd, 16470 manat, 18% ƏDV daxil olmaqla cəmi 81400 manat xidmət İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. 2023-cü ilin aprel ayı ərzində yerinə yetirilmiş qəbul aktı Mingəçevir şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə cəmi 34697,17 manat, may ayı ərzində cəmi 32261,26 manat, iyun ayı ərzində cəmi 22305,26 manat, iyul ayı ərzində cəmi 22410,39 manat, avqust ayı ərzində 26183,20 manat, sentyabr ayı 19366,62 manat olmaqla xidmətlər İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. EBDX seriyalı, 241688 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 96052 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. **********8 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Femida” Vəkil bürosuna 350 manat ödəniş edilmişdir. 30 yanvar 2025-ci il tarixli **********52 saylı mədaxil "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 381 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı podratçı olaraq müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh sifarişçi olaraq görülmüş işlərə görə nəzərdə tutulmuş xidmət haqqını iddiaçıya ödəməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Təhvil-qəbul aktları və e-qaimə ilə də cavabdehin iddiaçıya 96052 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan işlərə görə 96052 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, təhvil-təslim aktlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 96052 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, vəkil üçün ödənilən 320 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 381 manat məbləğində dövlət rüsmunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixində 31/23 saylı Podrat Müqaviləsinə əsasən 18% ƏDV daxil 96052 (doxsan altı min əlli iki) manat borc, ödənilmiş 381 (üç yüz səksən bir) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar