Məhkəmə qərarları › İş №e-2-2(113)-275/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-275/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-275/2021 18.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı (Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “xxxx” ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh xxxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülmüş işlərin dəyəri olan 2.886.103,00 manat məbləğində vəsaitin cavabdeh xxxxndan iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxnın əvvəllər yerləşdiyi Neftçilər prospekti 77 saylı ünvanındakı yararsız vəziyyətdə olan binasının xarici görüntüsü şəhərin bu mərkəz hissəsinin memarlıq ansanblına uyğun olmadığı üçün 2005-ci ildə onun sökülməsinə qərar verildi. Milli Konservatoriyanın fəaliyyətinin təmin olunması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2006-cı ildə H.Cavid prospekti, 506–cı məhəllədə yerləşən İncəsənət Gimnaziyasının həyətində təcili olaraq yeni X4 tikintisinə başlanması barədə göstəriş verilib. Prezident aparatı tərəfindən layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi İddiaçı MMC–yə həvalə olunub və layihələndirmə və tikinti işlərinin paralel olaraq aparılması tapşırılıb. Layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi üçün Milli Konservatoriya ilə İddiaçı MMC arasında 31 avqust 2006–cı il tarixli müqavilə imzalanıb. Həmin müqavilə ilə sifarişçi funksiyası da icraçıya həvalə olunub. Qısa müddətdə layihə sənədləri hazırlanaraq Prezident aparatına təqdim olunub və tapşırığa əsasən 2006–cı ildən tikinti işlərinin icrasına başlanılıb. Bakı şəhər İcra Hakimiyyəti başçısının 164 saylı, 25.04.2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Milli Konservatoriyasına Bakı şəhəri, H.Cavid prospekti 506-cı məhəllədə yerləşən İncəsənət Gimnaziyasının ərazisində xxxxna yeni X4 layihələndirilməsinə və tikintisinə icazə verilib. İnşaat pasportu isə (N 12123) Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 16 avqust 2007-ci ildə tərtib olunaraq təqdim olunub. Yalnız bundan sonra layihənin rəsmi olaraq sənədləşməsi mümkün olub. İşçi layihə Memarlıq və Şəhərsalma Baş idarəsinin 18/04 – 656 saylı, 24.12.2007–ci il tarixli qeydiyyatı ilə razılaşdırılıb. Layihə FHN–nin X7 Ekspertiza Baş idarəsi tərəfindən müayinə edilərək 9921 N-li, 27.08.2008–ci il tarixli müsbət rəy verilib. Bu dövrdə binanın “A” “B” və “D” bloklarında +10.70 səviyyəsində dəmir beton karkas və hörgü işləri artıq başa çatdırılmışdır. “E” blokunda isə daxili – bəzək – tamamlama, kommunikasiya, abadlıq işləri istisna olmaqla qalan işlər 2014–cü ilin əvvəllərində başa çatdırılıb. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin 30 avqust 2006-cı il tarixli iə/793 saylı məktubu ilə tikinti işlərinin satın alınmasının İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsinə icazə verilmişdir. İddiaçı MMC-yə Milli Konservatoriyadan 30.08.2006-cı il tarixli 112A saylı məktubla müqavilənin təqdim olunması və işçi layihənin hazırlanması barədə müraciət daxil olmuş, 31.08.2006-cı ildə Milli Konservatoriya ilə İddiaçı MMC arasında ilkin müqavilə imzalanmışdır. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, təsdiqlənmiş İnşaat pasportu, BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq razılaşdırma sənədləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Ekspertiza Baş İdarəsinin verdiyi rəylər əsasında, Milli Konservatoriya ilə İddiaçı MMC arasında 21.05.2009-cu il tarixli AMK-01 №-li müqavilə imzalanmışdır. Müqavilə ilə Milli Konservatoriya tərəfindən sifariş olunan tikinti işlərinin ümumi dəyəri 26.677.438,8 manat razılaşdırılmışdır. 27.02.2012-ci il tarixdə «Sifarişçi» ilə «İcraçı» arasında müqavilə yenilənərək sifarişin ümumi məbləği 26.754.177,88 manat razılaşdırılmışdır. Belə ki, 27.02.2012-ci il tarixli 35 saylı məktubla Milli Konservatoriya İddiaçı MMC-yə müraciət edərək, tikintinin başlama tarixindən uzun müddət keçməsi ilə əlaqədar tikinti materialları və avadanlıqlarının qiymətlərində bahalaşmanın yaranması, eləcə də ötən dövrdə təhsil sistemində yeni standartların yaranmasını nəzərə alaraq layihə-smeta sənədlərində müvafiq düzəlişlər edilməsini xahiş etmişdir. Bu məktub əsasında layihə-smeta sənədlərində dəyişilklər edilərək ekspertizaya təqdim edilmişdir. Əlavə olunan işlərin layihə-smeta dəyərinə dair müvafiq sənədləşmələr aparıldıqdan sonra, FHN-in Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən əlavə işlərin müqavilə qiyməti 7.998.563,09 manat (ƏDV daxil) müəyyənləşdirilmişdir. Ümumilikdə, 2006-2014-cü illər ərzində Milli Konservatoriya üçün İnzibati-Tədris Kompleksinin inşası üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri 29.733.565,36 manat təşkil etmişdir. Belə ki, işlərin dəyəri ilkin smeta üzrə 25.897.893,7 manat, əlavə olunan işlərin smetası isə 3.835. 671,99 manat müəyyənləşdirilmişdir. FHN Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin 04.11.2014cü il tarixli 19022 saylı rəyi ilə təsdiqlənmiş layihə-smeta sənədləri üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların dəyəri (əlavə smeta üzrə) Milli Konservatoriya ilə İddiaçı MMC arasında tərtib edilmiş 30.10.2018-ci il tarixli üzləşmə aktına əsasən 3 835 671,99 manat müəyyən edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 2006-2013-cü illər ərzində yerinə yetirilmiş işlərə görə Milli Konservatoriya tərəfindən MMC-yə 25 531 552,06 manat ödənilmişdir. Sonuncu dəfə İddiaçı MMC-yə 29 avqust 2019-cu il tarixdə 1.335.910 manat ödənilməklə, ümumilikdə yerinə yetirilmiş işlərə görə 26.867.462,06 manat ödənilmişdir. İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin qalıq dəyəri olaraq ödənilməmiş məbləğ 2.866.103 manat təşkil edir. Belə ki, 30.10.2018-ci il tarixli üzləşmə aktına əsasən 3.835.671,99 manat, müəyyən edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 13 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti X10 və X8 Əliyevanın iştirakı ilə həmin dövrdə Kompleksin hazır olan tikililərinin rəsmi açılışı olub, bina istismara buraxılıb. Ölkə Prezidenti görülmüş işləri yüksək qiymətləndirmişdir. İddiaçı MMC daxili imkanları və cəlb edilmiş kredit vəsaitləri hesabına kompleksin qrafikə uyğun təhvil verilməsinə əzmlə çalışıb. Milli Konservatoriya kompleksinin inşası dövlət büdcəsi vəsaiti hesabına aparıldığından və müvafiq dövrlərdə büdcə ayırmalarında ləngimələr olduğundan, işlərin başa çatdırılmasını MMC öz hesabına həyata keçirmişdir. Kommersiya təşkilatı olmasına rəğmən, İddiaçı MMC dövlət əhəmiyyətli bu tikintinin vaxtında, layihədə nəzərdə tutulmuş yüksək keyfiyyətlə və qrafikə uyğun təhvil verilməsi üçün bütün imkanlarından istifadə etmişdir. Bundan ötrü banklardan yüksək faizlərlə kreditlər almış və hazırda banklara 2.680.286,24 manatdan çox borcu var. Milli Konservatoriya tərəfindən 2.886.103 manat vəsaitin vaxtında ödənilməməsinə görə hazırki iddia tələbi ilə çıxış edir. Bundan əvvəl cavabdehə rəsmi pretenziya verilsə də, müsbət nəticə əldə edilməyib. 23.09.2020-ci il tarixli pretenziyada 5 (beş) iş günü müddətində 2.886.103 (iki milyon səkkiz yüz səksən altı min yüz üç) manat məbləğində vəsaitin İddiaçı MMC-yə ödənilməsi xahiş edilib. Milli Konservatoriya ilə aralarında müqavilələr əsasında razılaşdırılmış işlərin görülməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş podrat münasibətlərinə aiddir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, görülmüş işlərin, quraşdırılmış avadanlıqların və rəsmi məktublarla ödənilmiş vəsaitlərin cəmi kimi 2.931.704,95 (iki milyon doqquz yüz otuz bir min yeddi yüz dörd manat 95 qəpik) manat vəsaitin cavabdeh xxxxndan İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən məbləğ yerinə yetirilmiş işlərin ödənilməmiş haqqıdır. Bundan əlavə cavabdehin müraciət məktubları ilə uzun müddətli əməkdaşlıqlarını nəzərə alaraq tikintisi həyata keçirilən obyektlərlə bağlı tərəflərindən üçüncü şəxslərə müəyyən ödənişlər edilmişdir. Hazırda həmin vəsaitlərin cavabdehdən geri tələb edilməsi məqsədilə hazırki iş üzrə iddia tələbinin artırılmasına zərurət var. Belə ki, xxxxnın 112 saylı, 14 iyul 2008-ci il tarixli məktubu ilə cavabdehin əvəzinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə 12.251,04 manat ödənilmişdir. xxxx Milli Gimnaziyasının 283 saylı, 20 fevral 2014-cü il tarixli məktubu ilə Yasamal qaz İstismar sahəsinə olan 13.051,34 (11060,46 + 1990,88 (ƏDV) = 13051,34) manat borc tərəflərindən ödənilmişdir. xxxxnın 019 saylı, 16 yanvar 2019-cu il tarixli məktubu ilə sığorta ödənişi üçün 15.000 manat vəsait ödənilmişdir. xxxxnın 080 saylı, 04 mart 2019-cu il tarixli məktubu ilə Milli Konservatoriyanın yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərinin hazırlanması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə 579,57 manat vəsait ödənilmişdir. xxxxnın 230 saylı, 03 iyul 2019-cu il tarixli məktubu ilə A,B,D bloklarının istismara verilməsi ilə bağlı 02.07.2019-cu il tarixli, 112 saylı müqaviləyə əsasən “Ərazi tikinti planlaşdırma mərkəzi”nə həmin tarixli, **********7 saylı hesab fakturaya əsasən 4720 manat ödənilmişdir. Yuxarıdakılar barədə cavabdehə CS-148 saylı, 17 iyul 2019-cu il tarixli müraciət məktubu ünvanlansa da, bu vaxta qədər ödəmələr həyata keçirilməmiş, hətta müraciətə cavab verilməmişdir. Hazırda cavabdehin onlara olan 2.886.103 manat məbləğində borcun ödənilməsindən yayınmasını nəzərə alaraq, hesab edirlər ki, müraciət məktubları ilə tərəflərindən ödənilən vəsaitlərin də qaytarılması baş verməyə bilər. Ona görə də həmin məbləğləri də iddia ərizəsinə əlavə edərək tələb edirlər. Cavabdehin münayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə təqdim etmiş və iddia müddəti ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. 18.06.2021-ci il tarixdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xxxxnın 112 saylı, 14 iyul 2008-ci il tarixli məktubu ilə cavabdehin əvəzinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə 12.551,04 manat məbləğində pulun ödənilməsi tələbinin iddia müddətinin keçməsi ilə əlaqədar olaraq rədd edilməsini xahiş etmişdir. 26.02.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın təmini tədbiri barədə ərizəni təqdim edərək, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi cavabdeh xxxxna məxsus Bakı şəhəri, H.Cavid prospekti 506-cı məhəllədə yerləşən təhsil kompleksinin A, B, D və E bloklarında, həmçinin həyətdə hər hansı təmir, tikinti, montaj-quraşdırma, yenidənqurma və ya söküntü, rəngləmə işlərinin aparılması, həmçinin avadanlıqların yerinin və mövcud vəziyyətinin dəyişdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, e-2-2(113)-275/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh xxxxna qarşı Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə görülmüş işin dəyərinin ödənilməsi tələbinə dair kommersiya mübahisə üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-2(103)-515/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-275/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında tərəflər arasında bağlanmış müqavilələr üzrə tərəflərin öz öhdəliklərini icra etdiklərini, icraçının müqavilələrdə nəzərdə tutulmuş işləri yerinə yetirdiklərini, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzdu ödədiyini, eyni zamanda sifarişçinin icraçıya əlavə işlərin görülməsi ilə bağlı tapşırıq vermədiyini, icraçı tərəfindən isə heç bir əlavə iş görülmədiyini bildirdi. İddia tələbinin cavabdehin tapşırığı ilə üçüncü şəxslərə ödənilmiş pulların geri qaytarılması hissəsinə münasibətdə nümayəndə qeyd etdi ki, cavabdehin iddiaçıya sığorta şirkətinə ödənilmiş pula görə 15.000 manat, Ərazi tikinti Planlaşdırma Mərkəzinə ödədiyi pula görə 4.720 manat məbləğində borcu, Memarlıq və Şəhərsalma İdarəsinə ödədiyi pula görə 579,57 qəpik məbləğində borcları mövcuddur. Həmin borclar mühasibat balansında qeydə alınmışdır və vəsait olan kimi ödəniləcəkdir. Digər borcları isə qəbul etmir. “Azəriqaz” İB-yə ödənilmiş borc Milli Konservatoriyanın yeni binasının həyətində yerləşən müstəqil hüquqi şəxs olan İncəsənət Gimnaziyasının tapşırığı əsasında ödənilib və cavabdehə hər hansı aidiyyəti yoxdur. 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi X7 Ekspertiza Baş İdarəsinə ödənilmiş pulla bağlı tələb üzrə isə iddia müddəti keçmişdir. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -xxxx (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 31 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə görə sifarişçi Bakı şəhəri, H.Cavid prospekti, 506-cı məhəllədə Musiqi gimnaziyasının ərazisində, xxxxnın yeni inzibati-tədris kompleksinin layihələndirilməsi və tikintisini icraçıya həvalə edir. 1.2-ci bəndinə əsasən icraçı göstərilən işləri sifarişçi ilə razılaşdırılmış həcmdə bu müqavilənin şərtlərinə uyğun yerinə yetirir və sifarişçiyə təhvil verir. 1.3-cü bəndinə görə sifarişçi, tikinti müddətində sifarişçi funksiyalarını, o cümlədən tikintiyə texniki nəzarəti icraçıya həvalə edir. 1.4-cü bəndinə görə kompleksin tikintisi iki mərhələdə aparılır. Birinci mərhələdə Ə.Ələkbərov küçəsi üzrə inzibati-tədris korpusu və idman zalının tikilməsi planlaşdırılır. Eskiz layihəsinə əsasən birinci mərhələnin sahəsi 18.500 kv.m. təşkil edir (sahə işçi layihədə dəqiqləşdiriləcək). 2.1-ci bəndinə əsasən göstərilən kompleksin eskiz layihəsinin, birinci mərhələnin mühəndis-axtarış işlərinin və işçi layihəsinin, kompleksin maketinin hazırlanmasının dəyəri 53.000 manatdır. 2.2-ci bəndinə görə kompleksin birinci mərhələsinin tikinti dəyəri işçi layihə tam hazır olduqdan sonra müəyyənləşdirilir və hər iki tərəfin imzası ilə təsdiqlənərək bu müqaviləyə əlavə edilir. İlkin razılaşmaya əsasən kompleksə daxil olan binaların ümumi sahəsinin bir kv. m-nin tikinti dəyəri (binanın tam təhvili üçün) tikinti materiallarının bugünkü bazar qiymətlərinə müvafiq olaraq 372 manat ətrafında qəbul edilir və*müqavilə qiyməti 6.882.000 manat təşkil edir. Bu qiymətə inventar və texnoloji avadanlıq daxil deyil. 2.4-cü bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulan işlərin «2.3.» bəndində göstərilən müddətdə başa çatdırılması üçün sifarişçi avans olaraq icraçıya qəbul olunmuş müqavilə qiymətinin 15 % ni – 886.000 manat məbləğində vəsait ödəyir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -xxxx (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 21 may 2009-cu il tarixli AMK-01 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 3.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi obyekt üzrə işlərin satın alması üçün İcraçının 26.677.438,8 manat məbləğində qiymət kotirovka təklifini qəbul etmişdir. 3.2-ci bəndinə görə icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan obyekt üzrə işlərin yerinə yetirilməsini (“B”və “D” bloklarının tikinti quraşdırma işləri, bütün xarici və sahədaxili kommunikasiya xətlərinin çəkilişi, mühəndisi avadanlıqlarının və texnoloji sistemlərin quraşdırılması, abadlıq və yaşıllaşma işləri, mebel və inventarla təchiz etmə, onların quraşdırılması, işəsalma- sazlama, işçi heyətin öyrədilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 3.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında obyektdə görüləcək işlərin İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 4.1-ci bəndinə görə işin qiyməti X5 (Əlavə 1 və 2) əsasən əlavə dəyər vergisi ilə birlikdə 26.677.438,8 manat təşkil edir. 6.1-ci bəndinə əsasən bu Müqavilənin 3-cü maddəsinin 1-ci bəndində göstərilən İşlərin Qiymətinin (Əlavə 2) 30% miqdarında avans ödənişi 6.868.216 manat təşkil edir, icraçı avans ödənişinin qaytarılması Zəmanətini sifarişçiyə təqdim etdiyi tarixdən sifarişçi ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərtilə avans ödənişini həyata keçirir. 12.1-ci bəndinə görə sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda icraçıdan işlərin həcminin dəyişdirilməsini tələb edə bilər. Belə tələbi o icraçıya dəyişikliklərin xarakterini dəqiq göstərməklə yazılı surətdə göndərməlidir. İcraçı 10 gün müddətində razılaşma üçün bu dəyişikliklər nəticəsində işin qiymətinin dəyişməsini və müqavilə üzrə işlərin icra qrafikini yazılı surətdə sifarişçiyə göndərməlidir. 23-cü maddədəki müddətlər nəzərə alınmaqla sifarişçi öz razılığını bildirməli və ya yazılı surətdə izahlı rədd cavabı təqdim etməlidir. 12.2-ci bəndinə görə qiymət və vaxt dəyişiklikləri razılaşdırıldıqdan sonra sifarişçi təxirə salmadan dəyişikliklərin aparılması üçün müvafiq yazılı göstəriş verir. Yalnız belə göstəriş təqdim edildikdən sonra İcraçı dəyişikliklərin aparılmasına başlamalıdır. 12.3-cü bəndinə görə müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə yerinə yetirilməli işlər meydana çıxdığı halda qarşılıqlı razılaşmaya əsasən müqaviləyə edilmiş Əlavə əsasında İcraçı tərəfindən əlavə iş kimi yerinə yetirilir. 17.1-ci bəndinə görə işlərin başa çatdırılması müddətləri icraçının günahından pozulduqda, icraçı sifarişçiyə hər gecikdirilən ay üçün müqavilə üzrə görüləcək işlərin qiymətindən 0,001 % cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz. 17.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə sifarişçi icraçıya hər gecikdirilən ay üçün gecikdirilən ödəniş məbləğindən 0,001% cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -xxxx (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 21 sentyabr 2010-cu il tarixli AMK-01 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 1.2-ci bəndinə görə bu müqavilə 31 avqust 2006-cı il tarixli müqavilənin davamı və ayrılmaz tərkib hissəsi sayılır. 3.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi obyekt üzrə işlərin satın alması üçün İcraçının 17.000.000 manat məbləğində qiymət kotirovka təklifini qəbul etmişdir. 3.2-ci bəndinə görə icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan obyekt üzrə işlərin yerinə yetirilməsini (“B” və “D” bloklarının tikinti quraşdırma işləri, bütün xarici və sahədaxili kommunikasiya xətlərinin çəkilişi, mühəndisi avadanlıqlarının və texnoloji sistemlərin quraşdırılması, abadalıq və yaşllaşma işləri, mebel və inventarla təchiz etmə, onların quraşdırılması, işəsalma- sazlama, işçi heyətin öyrədilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər İcraçının tender təklifinə və bu Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların Müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 3.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında obyektdə görüləcək işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 4.1-ci bəndinə görə işin qiyməti X5 (Əlavə 1 görülmüş işlər və 2 görüləcək işlər) əsasən əlavə dəyər vergisi ilə birlikdə 17.000.000 manat təşkil edir ki, bundan 31 avqust 2006-cı il tarixli müqaviləyə əsasən 5.101.175,58 manat faktiki yerinə yetirilmiş tikinti quraşdırma işləri maliyyələşdirilmişdir. Qalıq işlərin dəyəri isə 11.898.824,42 manat təşkil edir. 6.1-ci bəndinə əsasən bu müqavilənin 4-cü Maddəsinin 1-ci bəndində göstərilən X6 (Əlavə 2)- 11.898.824,42 manatdan 30% miqdarında avans ödənişi 3.569.647 manat təşkil edir, icraçı avans ödənişinin qaytarılması zəmanətini sifarişçiyə təqdim etdiyi tarixdən sifarişçi ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərtilə avans ödənişini həyata keçirir. 12.1-ci bəndinə görə sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda icraçıdan işlərin həcminin dəyişdirilməsini tələb edə bilər. Belə tələbi o icraçıya dəyişikliklərin xarakterini dəqiq göstərməklə yazılı surətdə göndərməlidir. İcraçı 10 gün müddətində razılaşma üçün bu dəyişikliklər nəticəsində işin qiymətinin dəyişməsini və müqavilə üzrə işlərin icra qrafikini yazılı surətdə sifarişçiyə göndərməlidir. 23-cü maddədəki müddətlər nəzərə alınmaqla sifarişçi öz razılığını bildirməli və ya yazılı surətdə izahlı rədd cavabı təqdim etməlidir. 12.2-ci bəndinə görə qiymət və vaxt dəyişiklikləri razılaşdırıldıqdan sonra sifarişçi təxirə salmadan dəyişikliklərin aparılması üçün müvafiq yazılı göstəriş verir. Yalnız belə göstəriş təqdim edildikdən sonra İcraçı dəyişikliklərin aparılmasına başlamalıdır. 12.3-cü bəndinə görə müqavilədə nəzərdə tutulmuş işlərdən əlavə yerinə yetirilməli işlər meydana çıxdığı halda qarşılıqlı razılaşmaya əsasən müqaviləyə edilmiş Əlavə əsasında İcraçı tərəfindən əlavə iş kimi yerinə yetirilir. 17.1-ci bəndinə görə işlərin başa çatdırılması müddətləri icraçının günahından pozulduqda, İcraçı sifarişçiyə hər gecikdirilən ay üçün müqavilə üzrə görüləcək işlərin qiymətindən 0,001 % cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz. 17.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə Sifarişçi İcraçıya hər gecikdirilən ay üçün gecikdirilən ödəniş məbləğindən 0,001% cərimə ödəyir. Bu halda cərimə məbləği 1,0 %-dən artıq ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. AMK-1 saylı, 21 sentyabr 2010-cu il tarixli müqaviləyə 1 saylı əlavədən - Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllə xxxx binasının tikintisi üzrə 2006- 2009-cu il iş həcmləri cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən ƏDV daxil 17.000.000 manat dəyərindən işlərin görülməsi nəzərdə tutulmuşdur. -xxxx (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış 01 iyul 2012-ci il tarixli AMK-01 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 1.2-ci bəndinə görə bu müqavilə 31 avqust 2006-cı il tarixli müqavilənin davamı və ayrılmaz tərkib hissəsi sayılır. 3.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi obyekt üzrə işlərin satın alması üçün icraçının 26.754.177,88 manat məbləğində qiymət kotirovka təklifini qəbul etmişdir. 3.2-ci bəndinə görə icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan obyekt üzrə işlərin yerinə yetirilməsini (“A” və “E” bloklarının tikinti quraşdırma işləri, bütün xarici və sahədaxili kommunikasiya xətlərinin çəkilişi, mühəndisi avadanlıqlarının və texnoloji sistemlərin quraşdırılması, abadalıq və yaşllaşma işləri, mebel və inventarla təchiz etmə, onların quraşdırılması, işəsalma- sazlama, işçi heyətin öyrədilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi) öhdəsinə götürür. Obyekt üzrə işlər icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 3.3-cü bəndinə əsasən sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında obyektdə görüləcək işlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 4.1-ci bəndinə görə işin qiyməti X5 (Əlavə 1 görülmüş işlər və 2 görüləcək işlər) əsasən əlavə dəyər vergisi ilə birlikdə 26.754.177,80 manat təşkil edir ki,bundan 31 avqust 2006-cı il və 21 sentyabr 2010-cu il tarixli Müqavilələrə əsasən 17.000.000 manat faktiki yerinə yetirilmiş tikinti quraşdırma işləri maliyyələşdirilmişdir. Qalıq işlərin dəyəri isə 9.754.177,88 manat təşkil edir. 6.1-ci bəndinə əsasən bu Müqavilənin 4-cü Maddəsinin 1-ci bəndində göstərilən X6 (Əlavə 1)- 9.754.177,88 manat 88 qəpikdən 30% miqdarında avans ödənişi 2.926.253,36 təşkil edir, icraçı avans ödənişinin qaytarılması zəmanətini sifarişçiyə təqdim etdiyi tarixdən sifarişçi ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərtilə avans ödənişini həyata keçirir. 12.1-ci bəndinə görə sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda icraçıdan işlərin həcminin dəyişdirilməsini tələb edə bilər. Belə tələbi o icraçıya dəyişikliklərin xarakterini dəqiq göstərməklə yazılı surətdə göndərməlidir. İcraçı 10 (on) gün müddətində razılaşma üçün bu dəyişikliklər nəticəsində işin qiymətinin dəyişməsini və müqavilə üzrə işlərin icra qrafikini yazılı surətdə sifarişçiyə göndərməlidir. 23-cü maddədəki müddətlər nəzərə alınmaqla sifarişçi öz razılığını bildirməli və ya yazılı surətdə izahlı rədd cavabı təqdim etməlidir. 12.2-ci bəndinə görə qiymət və vaxt dəyişiklikləri razılaşdırıldıqdan sonra sifarişçi təxirə salmadan dəyişikliklərin aparılması üçün müvafiq yazılı göstəriş verir. Yalnız belə göstəriş təqdim edildikdən sonra icraçı dəyişikliklərin aparılmasına başlamalıdır. 12.3-cü bəndinə görə sifarişçinin istəyi ilə layihəyə edilmiş əlavələrin, SPACE TV-nin antenası üçün tikilmiş dayaq binasının dəyəri və tikinti müddətində material və avadanlıqların bahalaşması ilə əlaqədar yaranmış qiymət fərqləri hesablanaraq əlavə smeta tərtib edilir və sifarişçi ilə razılaşdırıldıqdan sonra ilkin smetaya əlavə edilir. 17.1-ci bəndinə görə işlərin başa çatdırılması müddətləri icraçının günahından pozulduqda, icraçı sifarişçiyə hər gecikdirilən ay üçün müqavilə üzrə görüləcək işlərin qiymətindən 0,001 % cərimə ödəyir. Bu halda cərimə məbləği 1 %-dən artıq ola bilməz. 17.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya müqavilə üzrə ödənişlər gecikdirildikdə sifarişçi icraçıya hər gecikdirilən ay üçün gecikdirilən ödəniş məbləğindən 0,001% cərimə ödəyir. Bu halda cərimə məbləği 1%-dən artıq ola bilməz. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, müqavilə üzrə işlərin həcmi cəmi 9.754.177,88 manat məbləğində müəyyən edilmişdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -xxxx və İddiaçı MMC tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllədə xxxxnın inzibati tədris binaları kompleksinin tikintisi obyektində AMK-01 saylı, 21.09.2010-cu il tarixli müqaviləyə əsasən işlərin yerinə yetirilməsi barədə 30 oktyabr 2018-ci il tarixə üzləşmə aktından görünür ki, İddiaçı MMC tərəfindən 25.757.851,89 manat dəyərində işlər görülmüş, həmin işlərin müqabilində 25.419.003,06 manat məbləğində pul ödənilmiş və xxxxnın İddiaçı MMC-yə 368.848,83 manat məbləğində ödənilməmiş borcu qalmışdır. -xxxx və İddiaçı MMC tərəfindən tərtib olunmuş Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllədə inşa olunmuş xxxxnın yeni inzibati binasında Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən təsdiq edilmiş 04.11.2014-cü il tarixli, 19022 saylı müsbət rəyi üzrə görülmüş işlərin və quraşdırılmış avadanlıqların üzləşmə aktından görünür ki, həmin aktda işlərin siyahısı və qiymətləri qeyd olunmuşdur. -09 iyul 2019-cu il tarixli, 16 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası, xxxxnın yeni X4 A,B, D bloklarının normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq, 09 iyul 2019-cu il tarixindən xxxxna tikinti obyektinin istismarına icazə verilmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubundan görünür ki, MMC-yə xxxxnın X4 tikintisi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən nəzərdə tutulmuş və 2007-2013-cü illərdə Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsaitlərin xxxxnın hesabına köçürüldüyü və konservatoriya tərəfindən İddiaçı MMC-yə ödənildiyi bildirilmişdir. -Avizo 01 saylı aktdan müəyyən edilir ki, AKM-01 saylı 01.07.2012-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllədə inşa olunmuş inzibati tədris binaları kompleksi xxxxna təhvil verilmişdir. İşlərin dəyəri isə 26.754.177,88 manat müəyyənləşdirilmişdir. -xxxx tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14.07.2008-ci il tarixli məktubundan görünür ki, xxxx maliyyə çətinlikləri ilə əlaqədar AR Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsinə 12.251,04 manat məbləğində pul vəsaitinin İddiaçı MMC tərəfindən ödənilməsini xahiş etmişdir. -04.02.2002-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Milli Konservatoriya MMC-nin Nizamnaməsindən müəyyən edilir ki, Nizamnamənin 1-ci bəndinə görə AMK Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyindədir. Dövlət təhsil sisteminə daxil olan AMK hüquqi şəxs səlahiyyətlərinə malik olmaqla möhürə, ştampa, xüsusi blanklara, sərbəst hesablara malikdir. AMK dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir. AMK-nın maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Nizamnamənin İncəsənət Gimnaziyası adlanan bölməsinin 1-ci bəndinə görə AMK-nın tərkibində olan İncəsənət Gimnaziyası hüquqi şəxs statusuna malik olub AMK-nın Musiqi Kolleginin baza məktəbi kimi fəaliyyət göstərir. -Vergi ödəyicilərinin məlumatlarından çıxarışla müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 506 məhəllədə yerləşən Respublika İncəsənət Gimnaziyası hüquqi şəxsdir(VÖEN **********). -xxxx İncəsənət Gimnaziyası tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 20.02.2014-cü il tarixli məktubdan görünür ki, Gimnaziya istifadə edilmiş təbii qaza görə yaranmış 13.051,34 manat məbləğində borcun İddiaçı MMC tərəfindən ödənilməsini xahiş etmişdir. 20.02.2014-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən “Azəriqaz İB-yə 11060,46 manat məbləğində pul köçürülmüşdür. -20.02.2014-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən “Azəriqaz” İB-nin ƏDV subhesabına 1990,88 manat məbləğində ödəniş edilmişdir. -xxxx tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 16.01.2019-ci il tarixli məktubundan görünür ki, tədris kompleksinin sığortalanması üçün ödənilməli olan 15.000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC tərəfindən ödənilməsi xahiş edilmişdir. BA 944880 saylı Daşınmaz Əmlakı İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, “xxxx”xxxx“xxxx ASC tərəfinjdən sığortalanmışdır. Sığorta haqqı 15.000 manat məbləğində müəyyən edilmişdir. -xxxx tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 04 mart 2019-cu il tarixli məktubdan görünür ki, xxxxnın yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərin hazırlanması üçün Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən təqdim edilmiş hesaba əsasən 519,57 manat və dövlət rüsumunun 31.1.1 hərəkətinə əsasən 60 manat məbləğində vəsaitlərin AMK-nın smetasında nəzərdə tutulmadığı üçün MMC tərəfindən ödənilməsi xahiş edilmiş, gələcəkdə bu vəsaitlərin qaytarılmasına zəmanət verilmişdir. 04.03.2019-cu il tarixli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən 440,31 və 60 manat məbləğində pul vəsaitləri Memarlıq və Şəhərsalma Baş İdarəsinin hesabına köçürülmüşdür. 04.03.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin ƏDV subhesabına 79,26 manat pul köçürülmüşdür. -xxxx tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 03 iyul 2019-cu il tarixli məktubdan görünür ki, xxxxnın rəhbərliyi A, B, D bloklarının istismara icazə verilməsi ilə bağlı 02.07.2019, 112 saylı müqaviləyə əsasən “Ərazi tikinti planlaşdırma mərkəzi”nə həmin tarixli, ********* saylı hesab-fakturaya əsasən ödəniləcək 4.720 manat məbləğinin İddiaçı MMC tərəfindən ödənilməsini xahiş etmişdir. -03.07.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Ərazi Tikinti Planlaşdırma Mərkəzinə 4000 manat ödəniş edilmişdir. -03.07.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə 720 məbləğində ödəniş edilmişdir. -xxxx tərəfindən Fövqəladə Hallar Nazirliyi Dövlət Baş Ekspertiza İdarəsinə ünvanlanmış 19.03.2014-cü il tarixli məktubda göstərilmişdir ki, xxxxnın yeni tədris kompleksinin tikintisi müddətinin uzanması ilə əlaqədar kompleksin müasir standartlara cavab verməsi üçün kompleksin infrastrukturunda bir sıra dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Həmin dəyişikliklər nəzərə alınmaqla qüsur aktı tərtib edilmişdir. Qüsur aktında göstərilən həcmlərə uyğun yerinə yetiriləcək işlərin cizgiləri və smetası işlənib hazırlanmışdır. Sonda göstərilən cizgilərin və smetanın ekspertizadan keçirilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. -Fövqəladə Hallar Nazirliyi “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən 2008-ci ildə təsdiq edilmiş “Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 məhəllədə Azərbaycan Respublikası Milli Konservatoriyasının inzibati binası” obyekti üzrə nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin 2008-ci ili sentyabr ayında mövcud cari qiymətlər səviyyəsində müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalı təyini cədvəli ilə müəyyən edilir ki, görüləcək tikinti-quraşdırma işlərinin dəyəri 26.754.177,84 manat təşkil edir. -Fövqəladə Hallar Nazirliyi “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən 2014-ci ildə təsdiq edilmiş “Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 məhəllədə AZərbaycan Respublikası Milli Konservatoriyasının inzibati binası” (əlavə işlər) obyekti üzrə nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin 2014-cü ili sentyabr ayında mövcud cari qiymətlər səviyyəsində müqavilə səyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalı təyini cədvəli ilə müəyyən edilir ki, görüləcək əlavə işlərin dəyəri 7.998.861 manat təşkil edir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş 04.11.2014-cü il tarixli rəydən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 məhəllədə Azərbaycan Respublikası Milli Konservatoriyasının inzibati binası” (əlavə işlər) üzrə 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 1153,59 min manat, o cümlədən TQİ – 927,16 min manat və qaytarılan məbləğ -2,31 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılmışdır. Həmin rəyə əsasən həmçinin müəyyən edir ki, 10.09.2009-cu il tarixli rəylə eyni obyekt üzrə işlər 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə ƏDV-siz cəmi 1101,95 min manat, o cümlədən TQİ – 846,54 min manat və qaytarılan məbləğ -2,12 min manat məbləğində qiymətləndirilmişdir. -27.02.2013-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 506 məhəllədə Azəerbaycan Milli Konservatoriyada əlavə işlərinin görülməsi haqqında 1 saylı Aktdan görünür ki, kompeks üzrə görülməli olan əlavə işlərin siyahısı müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəedilməyən hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllə ünvanında xxxxnın yeni X4 inşa edilməsi ilə bağlı 4 podrat müqaviləsi (31 avqust 2006-cı il tarixli; 21 may 2009-cu il tarixli AMK-01 saylı; 21 sentyabr 2010-cu il tarixli AMK-01 saylı və 01 iyul 2012-ci il tarixli AMK-01 saylı müqavilələr) bağlanmışdır. Həmin müqavilələr üzrə podratçı İddiaçı MMC tərəfindən görüləcək podrat işlərinin yekun smeta dəyəri (01 iyul 2012-ci il tarixli AMK-01 saylı sonuncu müqavilə ilə) 26.754.177,84 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilələr üzrə görülmüş işlərin müqabilində İddiaçı MMC-yə cəmi 26.867.103 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda İddiaçı MMC: 1.“xxxx” MMC-nin sifarişi əsasında podrat müqavilələrdə nəzərdə tutulmamış əlavə işlər gördüyünü, lakin cavabdeh tərəfindən həmin işlərə görə muzdun ödənilmədiyini, nəticədə cavabdehin ona 2.886.103 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun cavabdeh “xxxx” MMC-dən tutulmasını;

2. Podrat müqacilə üzrə işlər yerinə yetirərkən cavabdehin tapşırıqlarına əsasən cavabdehin əvəzinə müxtəlif vaxtlarda üçüncü şəxslərə pul vəsaitləri ödədiyini, lakin həmin pulların cavabdeh tərəfindən qaytarılmadığını əsas göstərərək cəmi 45.601 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, podrat müqavilələrində nəzərdə tutulmamış işlərin görülməsinə görə muzdun ödənilməsi tələbinə dair hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 753-cü maddəsi təşkil edir. Mülki Məcəllənin: 753.3-cü maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.4-cü maddəsinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Göründüyü kimi qanunverici podrat müqaviləsində nəzərdə tutulmamış işlərə görə podratçıya əlavə muzdun ödənilməsini bir neçə halla şərtləndirmişdir:

1. Podratçı tərəfindən görülmüş əlavə işlərin yerinə yetirilməsi sifarişçinin tələbi əsasında həyata keçirilməlidir.

2. İşlərin sifarişçinin sərəncamları əsasında dəyişdirilmiş həcminə uyğun olaraq yeni qiymət razılaşdırılmalıdır.

3. Sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Hazırkı işin hallarından əvvəla görünür ki, İddiaçı MMC podrat müqavilələrindən kənar cəmi 2.886.103 manat dəyərində əlavə işlər gördüyünü iddia etsə də, tərəfindən müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini və onların sifarişçi tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki iş materiallarından da göründüyü kimi sözügedən layihə üzrə görülmüş bütün işlərin təhviltəslimi hər iki tərəfin imzaladıqları işlərin təhvil-təslimi barədə aktlarla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərlə xxxxnın yeni tədris kompeksinin tikintisi üzrə əlavə işlərin görülməsinin planlaşdırılması öz təsdiqini tapsa da, sifarişçi xxxx tərəfindən əlavə işlərin görülməsinin podratçı İddiaçı MMC-dən tələb etməsi, bununla bağlı rəsmi olaraq podratçıya müraciət edilməsi, eləcə də görüləcək işlərin dəyərinin tərəflər arasında razılaşdırılaraq əlavə smetanın təsdiq edilməsi iş materiallarına əsasən müəyyən edilmir. Tərəflər arasında əlavə smetanın razılaşdırılmasını təsdiq etmək üçün iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xxxxnın yeni X4 inşa edilməsi ilə bağlı əlavə işlər üzrə 10.09.2014-cü il tarixdə rəy verilməsi barədə dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, istinad edilən ekspert rəyinin mövcudluğu yalnız görülməsi nəzərdə tutulan əlavə işlərin dəyərinin ekspert tərəfindən qiymətləndirilməsi faktını təsdiq edir. Bu baxımdan həmin rəyin tərəflərin əlavə işlərin qiyməti və ümumiyyətlə həmin işlərin görülməsi barədə razılığa gəlməsini təsdiq edən sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh xxxx dövlətə məxsus olan hüquqi şəxs olduğundan cavabdeh tərəfindən malların, işlərin və xidmətlərin satınalınması “Dövlət Satınalmaları haqqında” AR Qanununda nəzərdə tutulmuş metodlardan istifadə etməklə həyata keçirilməlidir. İstinad edilən Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan 2-ci maddəsinə görə satınalan təşkilat - malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlardır. Həmin qanunun 16.1-ci maddəsinə görə Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Tərəflər arasında bağlanmış mübahisəli podrat müqavilələrinin məzmunundan da göründüyü kimi həmin müqavilələr kotirovka sorğusu metodu ilə bağlanmışdır. Bu baxımından cavabdeh tərəfindən görülməsi iddia edilən əlavə işlərin satınalınması ilə bağlı cavabdeh tərəfindən kotirovka sorğusunun keçirilməməsi özü-özlüyündə həmin işlərin görülməsinin iddiaçı tərəfindən sifariş edilməməsinə dəlalət edən haldır. Göründüyü kimi cavabdehin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ilə bağlı iddiaçıya sifariş verməsi və tərəflər arasında həmin işlərə görə əlavə muzd ödənilməsi barədə razılaşmanın mövcud olması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, həmin işlərin iddiaçı tərəfindən görülməsi ehtimal edilsə belə, həmin işlərə görə əlavə muzdun cavabdehdən tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Əlavə işlərin görülməsinə görə cavabdehin borcunun mövcud olması faktını sübuta yetirmək üçün iddiaçının istinad etdiyi “üzləşmə aktı” adlandırılmış sənədə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, üzləşmə aktı iki müəssisə arasında olan müəyyən dövr üçün hesablaşmaları əks etdirən sənəddir. İddiaçının istinad etdiyi sənəd isə üzləşmə aktı adlandırılsa da, məzmununa görə tərəflərin qarşılıqlı hesablaşmalarını əks etdirmir. Digər tərəfdən həmin sənəd eyni tarixdə tərəflər arasında təsdiq edilmiş, qarşılıqlı hesablaşmaları əks etdirən, o cümlədən həmin tarixə cavabdehin iddiaçıya olan borcunu müəyyənləşdirən üzləşmə aktı ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmə həmin sənədi cavabdehin iddiaçıya olan borc məbləğini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, görülmüş əlavə podrat işlərinə görə 2.886.103 manat məbləğində pulun tutulması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. İddianın cavabdehin tapşırığına əsasən üçüncü şəxslərə ödənilmiş pulların əvəzi olaraq pulun tutulması hissəsində gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Hazırkı işin mübahisəedilməyən hallarından isə görünür ki, iddiaçı tərəfindən cavabdehin 019 saylı, 16 yanvar 2019-cu il tarixli məktubu əsasında xxxxnın binasının icbari sığortasi üçün sığorta haqqı olaraq “xxxx” ASC-yə 15.000 manat, cavabdehin 080 saylı, 04 mart 2019-cu il tarixli məktubu əsasında Milli Konservatoriyanın yeni inzibati tədris kompleksinə ayrılmış torpaq sahəsinin faktiki ölçülərinə uyğun cizgilərinin hazırlanması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə 579,57 manat və 230 saylı, 03 iyul 2019-cu il tarixli məktubu əsasən A,B,D bloklarının istismara verilməsi ilə bağlı 02.07.2019-cu il tarixli, 112 saylı müqavilə üzrə təqdim edilmiş **********7 saylı hesabfakturaya əsasən “Ərazi tikinti planlaşdırma mərkəzi”nə 4720 manat ödənilmişdir. Belə olan halda isə İddiaçı MMC cavabdehin tapşırığının icrası ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq cəmi 20.299,57 manat (4720+15.000+579,57) məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. İddianın 2008-ci ildə cavabdehin məktubuna əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə ödənilmiş 12.251,04 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən həmin tələbə münasibətdə iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh iddiaçı tərəfindən mübahisəli ödənişin həyata keçirildiyi vaxtdan sonrakı 12 illik müddət ərzində borcu ödəyəcəyini vəd etməmiş, həmin borcun ödənilməsi istiqamətində heç bir addım atmamış, eləcə də sözügedən borc tərəflərin təsdiq etdikləri rəsmi hesablaşma sənədlərində də əks edilməmişdir. Belə olan halda isə açıq-aşkardır ki, iddiaçı ödənişi həyata keçirdiyi vaxtdan ağlatan müddət keçdikdən sonra hüquqlarının pozulduğunu bilməli idi. Odur ki, İddiaçı MMC Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə ödənilmiş 12.251,04 manat məbləğində pulun qaytarılması tələbinə dair iddiasını cavabdehin tapşırığı əsasında həmin pul məbləğini ödədiyi vaxtdan 12 il keçdikdən sonra qaldırmaqla müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Bundan əlavə məhkəmə iddianın İncəsənət Gimnaziyasının 283 saylı, 20 fevral 2014-cü il tarixli məktubu əsasında “Azəriqaz” İB-yə ödənilmiş 13.051,34 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, İncəsənət Gimnaziyası xxxxnın tabeçiliyində olsa da, hüquqi şəxs statusuna malik olan qurum olduğundan cavabdeh xxxx Gimnaziyanın verdiyi tapşırığın yerinə yetirilməsi ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiaya cavab verməli olan şəxs deyil. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın məbləğinin 10%-dən az hissəsinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 20.299,57 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar