Məhkəmə qərarları › İş №e-2-2(113)-2782/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2782/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2782/2021 15.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən Mülki Məcəllənin 439.3-cü maddəsinin tələbinə əsasən 34.898 (otuz dörd min səkkiz yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin İddiaçı MMC-nin direktoru X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “sifarişçi” Azərbaycan Respublikasinın Dövlət Sərhəd Xidməti ilə İddiaçı MMC-nin direktoru X4 arasında 14 iyul 2015-ci il tarixli, K/54 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satın alınması məqsədilə icraçının 214760 (iki yüz on dörd min yeddi yüz altmış) manat məbləğində tender təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə tərəfindən nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh bu vaxta qədər öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair 17 sentyabr 2015-ci il tarixli qaimə faktura da verilmişdir və həmin qaimədə də görülmüş işin dəyərinin 214760 (iki yüz on dörd min yeddi yüz altmış) manat məbləğində olması qeyd olunmuşdur. Cavabdehə bu vaxta qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirməli olduğunu bildirilsə də, məhəl qoyulmamışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 214760 (iki yüz on dörd min yeddi yüz altmış) manat, müqavilənin 19.2-ci maddəsinə əsasən 50.000 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 439.3-cü maddəsinin tələblərinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Nəzərə alsaq ki, 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr (qətnamə üzrə tutulmuş pulun ödənildiyi vaxt) ayına qədər olan müddət 39 ay dövrü əhatə edir, bu zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı MMC-yə 34.898 (otuz dörd min səkkiz yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul ödənməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiasını müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında iddia tələbini qəbul etmədiklərini bildiriərək qeyd etdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən X7 Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 214.760 manat əsas borc, 5000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 214.760 manat əsas borc ödənilmişdir. Bunu təsdiq edən rüsum təqdim edilmişdir. Lakin Maliyyə Nazirliyi tərəfindən həmin illərdə yerdə qalan 5000 manat cərimənin ödənilməsi üçün pul ayrılmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti büdcə təşkilatıdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “sifarişçi” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti “icraçı” İddiaçı MMC olmaqla, 14.07.2015-ci il tarixində imzalanmış, k/54 saylı müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, “sifarişçi” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalınması məqsədilə “icraçı”nın 214 760,0 manat (iki yüz on dörd min yeddi yüz altmış manat) məbləğində tender təklifini qəbul etmişdir. “icraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “sifarişçi”yə satınalınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar “icraçı”nın tender təklifinə, və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “icraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 14.07.2015-ci il tarixində imzalanmış, k/54 saylı müqaviləyə 1 №-li əlavəyə əsasən mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materilların satınalması üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən bütün xərclər daxil olmaqla yekun məbləğ tərəflər arasında 214.760 manat məbləğində razılaşdırılmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 01 noyabr 2018-ci il tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214760 (iki yüz on dörd min yeddi yüz altmış) manat əsas borc, 5.000 manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. ********** saylı 06 deakabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 182.000 manat məbləğində ödəniş DSX tərəfindən İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. ********** saylı 06 deakabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən 32.760 manat məbləğində ödəniş X3 vasitəsilə DSX tərəfindən İddiaçı MMC-nin hesabına köçürürlmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin öhdəliklərini icra etməməsi ilə bağlı İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 01 noyabr 2018-ci il tarixli 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 214760 (iki yüz on dörd min yeddi yüz altmış) manat əsas borc, 5.000 manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda iddidaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən hesablanmış 34.898 (otuz dörd min səkkiz yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 14 iyul 2015-ci il tarixli, K/54 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 01 noyabr 2018-ci il tarixli 2-2(81)-1239/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar