Məhkəmə qərarları › İş №e-2-2(113)-279/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-279/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-279/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndələri Nümayəndə1, X4, Cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2, Cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialından ödənilməmiş 1.207.216,48 (ƏDV daxil) manat əsas borcun, 1.400 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – Makro 2000) ilə “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – Kalyon) arasında işgüzar münasibətlərin başlanması "xxxx" Şirkəti tərəfindən şirkətə məxsus elektron poçt üzərindən xx.xx.2021-ci il tarixdə verilmiş qiymət sorğusu ilə başlanmışdır. S orğuya əsasən qiymət təkliflərinin yalnız elektron poçt üzərindən verilməsi göstərildiyi üçün tərəfimizdən xx.xx.2021-ci il tarixdə qiymət cədvəli göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə “TEAMS” videozəng proqramı ilə onlayn konfrans keçirilmiş həmin konfransda hər iki tərəfin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişlər. Video konfransın yekunu olaraq razılıq əldə olunmuş və Nihad Yıldırım bəyin telefon vasitəsi ilə verdiyi razılıqdan sonra qiymət sorğusuna verilmiş cavab məktubunda olan qiymətlərə uyğun olaraq xidmətə başlanmışdır. Bundan sonra "xxxx" şirkətinin təsis sənədlərinin hazır olmaması bəhanə gətirilərək müqavilənin imzalanması yubadılmış və ödənişin köçürülməsi məqsədilə formal olaraq xx.xx.2021-ci il tarixdə "xxxx" Şirkətinin Bakıdakı ofisində saat 21:00 radələrində KAL-RSY-006 nömrəli, xx.xx.2021 tarixli Podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən “Makro 2000” şirkəti "xxxx" şirkətinin sifarişinə əsasən 13 ədəd kamp tikməli, "xxxx" şirkətinin işçiləri üçün 20 ədəd konteyner icarəyə verməli idi. “Makro 2000” şirkəti tərəfindən Sifarişçi tərəfindən verilmiş bütün tapşırıqları yerinə yetirmiş və "xxxx" şirkəti tikinti işləri gedən dövrdə mütəmadi olaraq ödənişlər etmişdir. Ümumilikdə toplam işlər 2.918.218.82 manata razılaşdırılmış və həmin məbləğdən 1.710.99,34 manat ödənilmişdir. Lakin, işlər tamamlandıqdan sonra razılaşmaya uyğun olaraq qalıq 1.207216,48 (ƏDV daxil) manat borc “Makro 2000”şirkətinə ödənilməmişdir. Bununlaəlaqədar olaraq "xxxx"şirkətinə müraciət etdikdə cavabdeh Podrat müqaviləsi və onaəlavə edilmiş protokolaistinad edərək müqavilə üzrə görüləcək işlərin dəyərinin guya 1.291.768.13 olması daha sonra isə xoş niyyətlə 15% əlavə edidiyi göstərilmişdir. Bununla bağlı bildiririk ki, istinad edilən müqavilədə belə bir xoş niyyətin olması barədə hər hansı müddəa yoxdur, görüləcək işlərin ümumi dəyəri tərəfimizdən tender sorğusuna cavab olaraq 2.080.149.05 manat göstərilmişdir. Qeyd edilən “xoş niyyət” cavabdeh tərəfindən ödənilməmiş məbləğin pərdələnməsi məqsədilə uydurulmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndələri Nümayəndə1 və X6 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 və cavabdeh “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının vəkili Nümayəndə2 işə əlavə etmiş olduqları iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı qismən yəni, 242.481,85 manat+ƏDV məbləği hissədində qəbul etdiklərini bildirmiş və qalan hissədə iddianın rədd edilməsini etdilər.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci m addəsinə əsasən İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. - 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında KAL-RSY-006 saylı xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və eyni tarixli qiymət razılaşma protokolu və 2 saylı qiymət razılaşma protokolu imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin qiymət razılaşma protokolundan görünür ki, 11 adda işin görülməsinin ümumi dəyəri 1.025.836,75 manat təşkil edir.

9. xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin 2 saylı qiymət razılaşma protokolundan görünür ki, 2 adda işin görülməsinin ümumi dəyəri 265.931,39 manat təşkil edir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf qeyd edilmiş qiymətlərin bütün görülmüş işlərə deyil, ancaq qeyd edilmiş tikililərdə olan metal-konstruksiya işlərinə aid olduğunu, müqavilə üzrə əsl real qiymətin elektron poçt ünvanı vasitəsi ilə “Kalyon Holdingin” Türkiyə ofisi ilə razılaşdırılmış və “Kalyon Holdingin” özünün blankında əksini tapmış qiymət cədvəlindəki qiymət olduğunu, bundan başqa da, hətta qeyd edilmiş razılaşmada nəzərdə tutulmuş işlərdən də, əlavə işlərin görüldüyünü bildirmişdir.

11. Cavabdeh tərəf isə, elektron poçt ünvanı vasitəsi ilə göndərilmiş qiymətin razılaşdırılmadığını, bundan sonra yazılı müqavilə bağlanaraq yeni qiymətlə tərəflərin razılaşdıqlarını, müqaviləyə qiymət razılaşma protokollarında qeyd edilmiş qiymətin “açar təhvil” qiyməti olduğunu, müəyyən əlavə işlər olsa da, bundan əlavə də, xoş niyyətlə 15 faiz artıq pul hesabladıqlarını bildirmişdir.

12. Məhkəmə həmçinin qeyd edir ki, hər iki tərəfdən işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya cəmi ƏDV daxil 1.710.999,33 manat məbləğində pul ödənilmişdir.

13. İş materiallarına əlavə edilmiş “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon Holdingə” (mailto:msahin@kalyonholding.comElektron ünvan ) elektron poçt vasitəsi ilə göndərilmiş olan qiymət cədvəlindən görünür ki, görülməli olan işlərin ümumi dəyəri ƏDV-siz 2.080.149,08 manat təşkil edir.

14. İş materiallarına əlavə edilmiş, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş olan EBBC 434489 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 5 adlı tikilidə metalkonstruksiya işlərinin dəyəri 589.999,93 manat təşkil etmişdir.

15. İşə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzindən və xx.xx.2021-ci il tarixli ƏDV ödəniş sənədindən görünür ki, qeyd edilmiş elektron qaimədə nəzərdə tutulmuş məbləğ cavabdeh tərəfindən iddiaçıya tam olaraq xx.xx.2021-ci il tarixində ödənilmişdir.

16. İş materiallarına əlavə edilmiş, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş olan EBBE 384763 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 8 adlı tikilidə metalkonstruksiya işlərinin dəyəri 766.999,4 manat təşkil etmişdir.

17. İşə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzindən və xx.xx.2021-ci il tarixli ƏDV ödəniş sənədindən görünür ki, qeyd edilmiş elektron qaimədə nəzərdə tutulmuş məbləğ cavabdeh tərəfindən iddiaçıya tam olaraq xx.xx.2021-ci il tarixində ödənilmişdir.

18. Göründüyü kimi, qeyd edilmiş 2 ədəd elektron qaimədə nəzərdə tutulmuş tikililərdə metal-konstruksiya işlərinin görülməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilmiş və cavabdeh tərəf də, buna hər hansı bir etiraz etməmiş və müvafiq olaraq nəzərdə tutulmuş məbləğdə pulları ödəmişdir.

19. İş materiallarına əlavə edilmiş, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş olan EBBL 505084 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 5 adlı tikilidə dam örtükləri, daxili izolyasiya və üzlük işlərinin dəyəri 354.000 manat təşkil etmişdir.

20. Qeyd edilmiş elektron qaimədə gösərilmiş işlərlə bağlı da, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir etiraz daxil olmamış, həmçinin də, qeyd edilmiş məbləğ xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixdə ödənilmişdir.

21. Məhkəmə iclasında cavabdeh tərəfdən əgər müqavilədəki qiymət “açar təhvil” qiyməti idisə, nəyə görə qeyd edilmiş elektron qaimələrə etiraz etmədikləri soruşulmuş, cavabdeh tərəf də, elektron qaimədəki yazıların məzmununa diqqət etmədiklərini və ancaq qiymətə baxaraq ödəniş etdiklərini bildirmişlər.

22. İş materiallarına əlavə edilmiş, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş olan EBBT 148892 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, qaimədə qeyd edilmiş işlərin ümumi dəyəri 1.198.725,44 manat təşkil etmişdir.

23. Qeyd edilmiş elektron qaimə ilə bağlı ödənişlər həyata keçirilməmişdir.

24. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf qeyd edilmiş elektron qaimədə nəzərdə tutulmuş işlərin, yazılı müqavilədə nəzərdə tutulmayan işlər olduğunu bildirmiş və tikililərin “açar təhvil” qiymətinin iddiaçı tərəfindən “Kalyon Holdingə” elektron poçt vasitəsi ilə göndərilmiş olan qiymət cədvəlində nəzərdə tutulmuş qiymət olduğunu bildirdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf qeyd edilmiş elektron qaimənin xx.xx.2022-ci il tarixdə göndərildiyini, bu tarixdən sonra novruz bayramı ilə əlaqədar qeyriiş günü olduğunu, ona görə avtomatik olaraq sistem tərəfindən qəbul edildiyini, iyun ayında isə elektron qaimə tam təhlil edildikdən sonra iddiaçıya əks qəimə göndərdiklərini, ancaq iddiaçının qəbul etmədiyini bildirdi. Bundan başqa, qeyd edilmiş elektron qaimənin 1, 32-42, 120-ni qismən (qəbul edir ƏDV daxil 10.897,8 manat), 121-ci bəndlərdə nəzərdə tutulmuş işləri qəbul etmədiklərini bildirir.

26. İş materiallarına əlavə edilmiş, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş olan EBBU 356803 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, 6 ədəd konteynerin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərin icarə xidmətinin haqqı 2.832 manat təşkil etmişdir.

27. İş materiallarına əlavə edilmiş, “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmiş olan EBBY 910911 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, 6 ədəd konteynerin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərin və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində icarə xidmətinin haqqı 5.664 manat təşkil etmişdir.

28. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf qeyd edilən halları da, qəbul etməmiş və konteynerlərdən qeyd edilmiş tarixlərdə artıq qaytarılmış olduğunu bildirmişdir.

29. İş materiallarında olan (səh 78-80) Kalyon RSY-nın blankında tərtib edilmiş “tutanak” başlıqlı sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 2 ədəd konteyner və 2 ədəd klima, xx.xx.2022-ci il tarixdə 2 ədəd konteyner və 2 ədəd klima, xx.xx.2022-ci il tarixdə 2 ədəd konteyner cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.

30. Göründüyü kimi, son 2 ədəd elektron qaimədə, qeyd edilmiş 6 ədəd konteyner elektron qaimələrdə qeyd edilmiş tarixlərdə cavabdehdə olmuşdur.

31. Ona görə də, bu hissədə əlavə araşdırma tələb olunmadığından, sadalanmış son 2 ədəd elektron qaimədə qeyd edilmiş məbləğin cəmi olan 8.496 (2.832+5.664) manat məbləğində pulun tələb edilməsi əsaslıdır.

32. Məhkəmə qeyd edir ki, göründüyü kimi, görülmüş olan işlərin həcmi və dəyəri barədə tərəflər arasında mübahisə mövcuddur. Yəni bir tərəf, (iddiaçı) tikililərin açar təhvil qiymətinin iddiaçı tərəfindən “Kalyon Holdingə” elektron poçt vasitəsi ilə göndərilmiş olan qiymət cədvəlində nəzərdə tutulmuş qiymət olduğunu, bundan başqa qeyd edilmiş tikililərin “açar təhvilindən” başqa da, işlərin görüldüyünü bildir, digər tərəf isə, (cavabdeh) tikililərin açar təhvili qiymətinin yazılı müqaviləyə olan qiymət razılaşma protokolunda göstərilmiş qiymətlər olduğunu və əlavə olaraq da, xoş niyyətlə 15 faiz artıq pul hesabladıqlarını bildirir.

33. Məhkəmə bu xüsusda qeyd edir ki, qeyd edilmiş mübahisəli vəziyyətdə aydınlığın ortaya çıxması üçün Mülki Məcəllənin tələbləri baxımından müqavilə şərtləri təfsir edilərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alınmaqla bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır.

34. Qeyd edilən halla bağlı, məhkəmə iclasında tikinti işlərin nə zaman başlaması soruşulmuş və məhkəmə iclasında iştirak edən hər iki tərəf, təxmini 2021-ci ilin aprel ayının əvvəlində başladığını bildirmişlər.

35. Göründüyü kimi, iddiaçı tərəfindən tikinti işləri tərəflər arasında yazılı müqavilə bağlanmamışdan öncə başlamışdır.

36. Məhkəmə iclasında iddiaçı tərəf bu halı, artıq 09.04.21-ci il tarixində “Kalyon Holdingə” elektron poçt vasitəsi ilə göndərilmiş olan qiymət cədvəlində nəzərdə tutulmuş qiymətlə razılıq olduğundan işə başladıqlarını bildirmişdir. ( i.m. səh. 132)

37. Cavabdeh tərəf isə, qeyd edilən halı, bu tip işlərdə qiymət tam olaraq konkretləşməmiş də, işlərin başlaması kimi işgüzar münasibətlərin olduğu ilə izah etmişdir.

38. Məhkəmə qeyd edir ki, bu hal yəni, işlərin yazılı müqavilə imzalanmamışdan öncə başlaması o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də, işlərin “açar təhvil” qiyməti məhz 09.04.21-ci il tarixində “Kalyon Holdingə” elektron poçt vasitəsi ilə göndərilmiş olan qiymət cədvəlində nəzərdə tutulmuş qiymətlər olmuşdur.

39. Belə ki, qiymət razılaşması olmadan qeyd edilmiş iri həcmli işlərin icrasına başlamaq ağlabatan deyildir.

40. Həmçinin də, yuxarıda qeyd edilmiş ilk iki ədəd EBBC 434489 saylı, xx.xx.2021ci il tarixli və EBBE 384763 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimələrdəki qiymətin məhz tikililərin metal konstruksiya işlərinin dəyəri olaraq göstərilməsi və qaimələrə etiraz edilməyərək ödənilməsi də, tərəflər arasında bağlanmış yazılı müqavilədə göstərilən qiymətin “açar təhvil” qiyməti olmadığına işarədir.

41. Məhkəmə hər bir halda, tərəflər arasında görülmüş işlərin həcmi və dəyəri ilə bağlı mübahisə olmasını nəzərə alaraq hesab etmişdir ki, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməlidir.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Mühəndis yataqxanası 1 üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 179.838 manat, Mühəndis yataqxanası 2 üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 179.838 manat, Mühəndis yataqxanası 3 üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 179.838 manat, Ağ yeməkxana binası 1 üzrə aparılmış təmirtikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 72.060 manat, Ağ yeməkxana binası 2 üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 72.060 manat, İSG binası 2 üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 117.855 manat, Tibb məntəqəsi binası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 98.491 manat, İdarəetmə binası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 90.496 manat, Çamaşırxana binası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 100.079 manat, Mağazabərbərxana binası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 200.010 manat, İşçi yeməkxanası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 262.030 manat, Anbar binası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 200.990 manat, Laboratoriya binası üzrə aparılmış təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 95.400 manat təşkil edir.

43. Həmçinin qeyd edilmiş ekspert rəyinin qərardadın 3-cü sualına aid hissəsindən görünür ki, müqavilədə nəzərdə tutulmayan, ancaq görülmüş təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq dəyəri 320.019,5 manat təşkil edir.

44. Məhkəmə iclasında rəylə bağlı tərəflərin fikirləri soruşulmuş: iddiaçı tərəf rəydə göstərilmiş qiymətlərlə razı olduğunu bildirmiş, cavabdeh tərəf ƏDV-li məbləğdisə razı olduğunu bildirmiş, bundan sonra iddiaçı tərəf ƏDV-siz məbləğlə razı olduğunu bildimişdir.

45. Məhkəmə tərəfindən qeyd edilmiş halın araşdırılması üçün, rəy vermiş olan ekspert məhkəmə iclasına dəvət edilmişdir.

46. Məhkəmə iclasında rəy vermiş olan ekspert Elvin Qəhrəmanov rəydə qeyd edilmiş qiymətlərin ƏDV-siz qiymətlər olduğunu, 2021-ci ilə aid qiymətlər olduğunu və rəy verilərkən qiymətin Mərkəzdə olmuş analoji işlərlə bağlı qiymətlər əsas götürüldüyünü bildirmişdir.

47. İddiaçı tərəf qeyd edilən halla razı olmuş, cavabdeh tərəf isə bununla razı olmamışdır.

48. Yuxarıda qeyd edilmiş hallardan da, göründüyü kimi, tərəflər arasında görülmüş olan işlərin dəyəri ilə bağlı mübahisə olduğundan: ((iddiaçı) tikililərin açar təhvil qiymətinin iddiaçı tərəfindən “Kalyon Holdingə” elektron poçt vasitəsi ilə göndərilmiş olan qiymət cədvəlində nəzərdə tutulmuş qiymət olduğunu, bundan başqa qeyd edilmiş tikililərin “açar təhvilindən” başqa da, işlərin görüldüyünü bildir, digər tərəf isə, (cavabdeh) tikililərin açar təhvili qiymətinin yazılı müqaviləyə olan qiymət razılaşma protokolunda göstərilmiş qiymətlər olduğunu və əlavə olaraq da, xoş niyyətlə 15 faiz artıq pul hesabladıqlarını) Məhkəmə hesab edir ki, qeyd edilən mübahisənin obyektiv həlli baxımından ekspert rəyində göstərilmiş qiymətlər əsas götürülməlidir.

49. Ekspert rəyinin qərardadın birinci sualı üzrə vermiş olduğu rəydən görünür ki, qeyd edilmiş tikililərə sərf edilmiş vəsaitin ümumi dəyəri 1.848.985 (179.838+179.838+179.838+72.060+72.060+117.855+98.491+90.496+100.079+200.010+ 262.030+200.990+95.400) manat təşkil edir.

50. Qeyd edilmiş 1.848.985 manat məbləğin ƏDV-si isə 332.817,3 manat təşkil edir.

51. Göründüyü kimi, qeyd edilmiş işlərin ƏDV daxil qiyməti 2.181.802,3 manat təşkil edir.

52. Bundan başqa ekspert rəyindən görünür ki, qərardadın üçüncü sualı üzrə müqavilədə nəzərdə tutulmayan işlərin görülməsinə sərf olunmuş vəsait 320.019,5 manat təşkil edir. Qeyd edilmiş məbləğin ƏDV məbləği isə 57.603,51 manat təşkil edir.

53. Göründüyü kimi, müqavilədən kənar işlərin dəyəri ƏDV daxil qiyməti 377.623,01 manat təşkil edir.

54. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ƏDV daxil 2.567.921,31 (2.181.802,3+377.623,01+2.832+5.664 (yuxarıda qeyd edilmiş son iki elektron qaimədə göstərilmiş məbləğ) dəyərində işlər görülmüş və xidmətlər göstərilmişdir.

55. Yuxarıda sadalanmış işin mübahisələndirməyən hallarından da, göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 1.710.999,33 manat məbləğində ödəniş edilmişdir.

56. Bundan başqa Məhkəmə cavabdeh tərəfin iddianı qəbul etmiş olduğu hissə ilə bağlı qeyd edir ki, cavabdehin özü ƏDV-siz 242.481,85 manat (ƏDV ilə birgə 286.128,583 manat) borcunun qaldığını bildirmiş, bundan başqa da, iddiaçının görmüş olduğu işlərin dəyərindən ƏDV-siz 113.083,18 manat (ƏDV ilə birgə 133.438,152) yemək və yanacağa görə tutulmaların olduğunu bildirmişdir. Bunu da, onunla əsaslandırmışdır ki, müqavilə üzrə yemək və yanacaq xərclərini iddiaçı çəkməli olduğu halda etməmiş və qeyd edilən xərcləri cavabdeh çəkmişdir.

57. Göründüyü kimi, cavabdehin özü ƏDV daxil 419.566,735 (286.128,583+133.438,152) manat dəyərində işlərin görülmüş olduğunu və borcunun olduğunu qəbul etmiş, ancaq yemək və yanacaq xərclərinin tutulması ilə bağlı nə qarşılıqlı iddiası, nə də, ayrıca iddiası olmamışdır.

58. Ona görə də, Məhkəmə hesab edir ki, 856.921,98 (2.567.921,31-1.710.999,33) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

59. İddianın qalan hissəsinə münasibətdə isə, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf istinad etdiyi digər halları sübuta yetirə bilmədiyindən, qalan hissədə iddia təmin edilə bilməz.

60. Məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli olan rüsum məbləğinin 1.1146 manat təşkil etdiyini, nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.146 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

61. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

62. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. ƏDV daxil 856.837 (səkiz yüz əlli altı min səkkiz yüz otuz yeddi) manat, 02 (iki) qəpik məbləğində pul “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.146 (bir min bir yüz qırx altı) manat məbləğində pul “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq “Makro 2000 X1 Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul “Kalyon RSY X5 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar