Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-281/2021 22.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.999,80 manat məbləğində əsas borcun, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 21.598 manat məbləğində faizin, pul məbləğinin ödənilməsinin gecikdirdiyinə görə 16.399 manat məbləğində faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-ci il tarixində "Səhliyalı" KM ilə Cavabdeh MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh "Səhliyalı" KM tərəfindən ona təqdim olunan məhsulları Bakı şəhərində yerləşən 3 Mallda keçiriləcək “X5 Sərgisində nümayiş etdirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən xidmətlər müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən 3 ay 5 gün (95 gün) müddətində həyata keçirilməli idi. Xidmətlərin dəyəri ümumi olaraq 8000 manat təşkil edir. Eyni bəndə görə, ilkin olaraq, cavabdehə 3000 manat məbləğində pul ödənilmişdir. Qalan məbləğin 3999.80 manat hissəsi məhsul olaraq verilmişdir. 1000 manat olan qismi isə xx xxxxxx 2019-cu il tarixinədək ödəniləcəkdi. Cavabdehlə "Səhliyalı" KM arasında bağlanılmış xx.xx.2019 tarixli təhvil-təslim aktına əsasən cavabdeh "Səhliyalı" KM-dən müqavilə üzrə 3000 manat məbləğində pul və 3999.80 manat məbləğində məhsul qəbul etmişdir. Bununla yanaşı, "Səhliyalı" KM tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2019 tarixli ******* nömrəli sənədə əsasən də cavabdeh "Səhliyalı" KM-dən 3999,80 manat məbləğində məhsul qəbul etmişdir. Bütün bunlar təsdiq edir ki, cavabdeh "Səhliyalı" KM-dən 3000 manat məbləğində pul və 3999.80 manat məbləğində məhsul olmaqla, ümumilikdə 6999.80 manat məbləğində borc öhdəliyi var. Lakin bunun müqabilində cavabdeh indiyədək müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmiş, yalnız 3000 manat məbləğində ödənişi geri qaytarmışdır. Cavabdehə "Səhliyalı" KM tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə öhdəsinə götürdüyünü xidmətlərin icrasını yerinə yetirməkdən boyun qaçırmışdrı və müqavilə şərtlərini pozan halları aradan qaldırmaq üçün heç bir addım atmamışdır. Bugünədək yol yerdiyi hüquqpozmanı aradan qaldıracaq heç bir tədbir görməmiş və qanunvericiliyin müvafiq tələblərini pozaraq bugünə kimi "Səhliyalı" KM-nin müqavilə üzrə hüquqlarını pozmaqdadır. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının maliyyə vəziyyətinə ciddi zərər dəymişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək məqsədi ilə cavabdehə məxsus əmlakın və nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-yə məxsus əmlak üzərinə iddia tələbində göstərilmiş əsas borc məbləği, yəni 3.999,80 manat həcmində həbs qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: X3 (sifarişçi) ilə Cavabdeh MMC (podratçl) arasında 26 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilən xidmətləri müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada sifarişçiyə göstərməyi, sifarişçi isə həmin xidmətlər qəbul etməyi və müqabilində xidmət haqqını müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada icraçıya ödəməyi öhdəsinə götürür. 3.1-ci bənsinə əsasən göstərilən xidmətlər müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 3 ay 5 gün müddətində həyata keçiriləcək və xidmətin dəyəri vergilər daxil olmaqla ümumi olaraq 8000 manat təşkil edir. 3.2-ci bəndinə əsasən ilkin olaraq 3000 manat ödənilir. Qalan məbləğin 4000 manat olan qismi məhsullar olaraq veriləcək, 1000 manat olan qismi isə xx xxxxxx 2019-cu il tarixinədək ödəniləcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, sifarişçi müqavilə üzrə icraçıya 3000 manat ödəmiş, icraçı da həmin məbləği qəbul etmişdir. Eyni zamanda sifarişçi müqavilə üzrə icraçıya 4000 manat məbləğində məhsullar vermiş, icraçı da həmin məhsulları qəbul etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. X3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 3 günü müddətində müqavilə üzrə 6.999,80 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh MMC arasında 26 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı X3 həmin müqaviləyə əsasən cavabdeh tərəfindən göstərilməli olan xidmətlərin dəyəri olan 8000 manat məbləğinin 7000 manat hissəsini (3000 manat hissəsini pulla, 3999,8 manat hissəsini məhsulla) cavabdehə ödəmiş, Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərməmiş, bununla müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. İddiaçının tələbi əsasında cavabdehə ödənilmiş xidmət haqqının 3.000 manat hissəsi iddiaçıya qaytarılmışdır. Mülki Məcəllənin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda məhkəmə iddiaçının müqaviləyə əsasən cavabdehə 3.999,80 manat dəyərində olan mal verdiyini, lakin öhdəliyin icrası müddətindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq cavab icrasını almadığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi ilə əlaqədar müqavilədən imtina etməklə yanaşı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş real zərərin əvəzi qismində 3.999,80 manat məbləğində pul vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı X3 həmçinin pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən 16.399 manat məbləğində faizin və həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə Mülki Məcəllənin 449-cu maddəsinin tələblərinə əsasən 21.598 manat məbləğində faizin tutulması tələblərini irəli sürmüşdür. Pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 16.399 manat məbləğində faizin tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı işin hallarından göründüyü kimi tərəflər arasında bağlanmış mübahisəli müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim edilmiş 3.999,80 manat dəyərində malların müqabilində cavabdeh tərəfindən xidmət göstərilməli idi. Başqa sözlə desək, cavabdeh həmin müqaviləyə əsasən pul öhdəliyinin deyil, xidmət göstərilməsi öhdəliyinin icrasını gecikdirmişdir. Belə olan halda isə pul öhdəliyinin gecikdirilməsinə görə faiz tutulması imkanını nəzərdə tutan Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinə tətbiq edilməsi üçün əsas yoxdur. Mülki Məcəllənin 449-cu maddəsinin tələblərinə əsasən 21.598 manat məbləğində faizin tutulması tələbinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin qanunsuz saxladığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3999,80 manat (üç min doqquz yüz doxsan doqquz manat səksən qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-281/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-281/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver