Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2816/2023 16.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: təhvil-təslim aktı, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 19.07/22 nömrəli podrat xidmətləri haqqında müqavilə üzrə cavabdeh tərəfindən ödənilməmiş qalan 21250 manat məbləğində borcun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində və ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə ödənilmiş 21605 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sifarişçi Cavabdeh MMC-nin direktoru X1 ilə podratçı İddiaçı MMC-nin direktoru X2 arasında xx.xx.2022-ci il tarixli 19.07/22 nömrəli podrat xidmətləri haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən podratçı yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, Sifarişçi isə podratçının xidmətlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərin şərtləri və dəyəri müqavilənin ayrılmaz hissəsi olan aktlarda əksini tapır. Müqavilə üzrə xx.xx.2022-ci il tarixli, Lİ024/22, xx.xx.2022-ci il tarixli, Lİ026/22, xx.xx.2022-ci il tarixli, Lİ04/22, xx.xx.2022-ci il tarixli, Lİ070/22 nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlara müvafiq olaraq 10200, 3400, 2210, 5440 manat pul vəsaitiməbləğinin hesablandığı qaimələr tərtib edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən elektron qaimələr yazıldıqdan sonra 5 (beş) iş günü ərzində ödənişin icra edilməsi nəzərdə tutulsa da,Cavabdeh MMC tərəfindən 21250 manat borc məbləği bu günədək ödənilməmiş qalmışdır. İddiaçı müqavilə üzrə ödənilməmiş qalan 21250 manat məbləğində pul vəsaitinin ödənilməsini pretenziya qaydasında cavabdehdən tələb etsə də, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Bundan başqa, iddiaçı mübahisənin məhkəməyə qədər həlli üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmiş, 2 təhvil-təslim aktı isə cavabdeh tərəfindən imzalanıb onlara geri qaytarılmamışdır.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (podratçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 19 iyul 2022-ci il tarixli 19.07/22 nömrəli podrat xidmətləri haqqında müqaviləyə əsasən podratçı yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, sifarişçi isə podratçının xidmətlərini ödəməyi öhdəsinə götürür.
9. İddiaçı tərəfindən cavabdehə EBCE 358463 nömrəli xx.xx.2022-ci il tarixli (5440 manat), EBCB 977043 nömrəli xx.xx.2022-ci il tarixli (10200 manat), EBCC 527179 nömrəli xx.xx.2022-ci il tarixli (3400 manat), EBCD 501714 nömrəli xx.xx.2022-ci il tarixli (2210 manat) elektron qaimələr təqdim edilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixinə Bakı, Azərbaycan – İstanbul, Türkiyə beynəlxalq daşıması 2xFTL xidmətinin göstərilməsi üçün 2000 ABŞ dolları xidmət haqqı ödənilməlidir.
11. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixinə Ankara, Türkiyə – Podolsk, Rusiya beynəlxalq daşıması 1xFTL xidmətinin göstərilməsi üçün 6000 ABŞ dolları xidmət haqqı ödənilməlidir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 19 iyul 2022ci il tarixli müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 21250 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
17. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
18. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
20. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 21250 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 21250 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci və 155 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 21250 manat əsas borc, ödənilmiş 355 manat məbləğində dövlət rüsumu, ümumilikdə 21605 (iyirmi bir min altı yüz beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova