Məhkəmə qərarları › İş №e-2-2(113)-2820/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2820/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2820/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərəflər arasında bağlanılmış 723/21 nömrəli müqavilə üzrə 10469,90 (On min dörd yüz altmış doqquz manat 90 qəpik) manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 121,41 (Bir yüz iyirmi bir manat 41 qəpik) dövlət rüsumunun, ümumilikdə 10591,31 (On min beş yüz doxsan bir manat 31 qəpik) manat məbləğin Cavabdeh MTK hesabındantutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-X2 İnstitutuna müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi Qanlı Gölün cənub hissəsində inşa olunacaq 2(iki) ədəd: Blok 1 və Blok 2, zirzəmili, 16 (on altı) mərtəbəli (+maşın şöbəsi) yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınağlar ilə əlaqədar 723/21 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 25469,88 (İyirmi beş min dörd yüz altmış doqquz manat 88 qəpik) olan 723/21 nömrəli müqavilə üzrə 10469,90 (On min dörd yüz altmış doqquz manat 90 qəpik) manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MTK ilə icraçı qismində S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu arasında xx.xx.2021-ci il tarixli, 723/21 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, Qanlı Gölün cənub hissəsində inşa olunacaq 2 (iki) ədəd: Blok 1 və Blok 2, zirzəmili, 16 (on altı) mərtəbəli (+maşın şöbəsi) yaşayış binaların tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.

8. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tikinti üzrə sınaq sahəsi – 21584,64 m2dir. Sınaq işlərinin hər m2 üçün - 1.00 manat dəyərində razılaşdırılır və müqavilənin ümumi qiyməti (ƏDV-siz) – 21584,64 manat, ƏDV-18% - 3885,24 manat olmaqla, cəmi: 25469,88 manat təşkil edir.

9. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvilqəbul aktı ilə qəbul edir.

10. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.

11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11/2-198/2025 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MTK ilə institut arasında xx.xx.2021-ci il tarixdə 723/21 saylı müqavilə üzrə ümumi ƏDV - 18 % daxil olmaqla 25469,88 manat dəyərində müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixədə ƏDV ilə birlikdə 3000 manat ödənildiyi, xx.xx.2025-ci il tarixdək həmin müqavilə üzrə (ƏDV - 18 %) daxil olmaqla 14999,98 manat ödəniş olunmuşdur. Sifarişçinin ƏDV - 18 % ilə birlikdə 10469,90 manat borcu qalmışdır.

12. İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2023-cü illəri əhatə edən invoyslar tərtib edilmişdir.

13. 15.04.2022-ci il tarixli, 18652699 saylı ödəniş tapşırığına əsasən 2542,37 manat məbləğində, xx.xx.2022-ci il tarixli, 19228857 saylı ödəniş tapşırığına əsasən cavabdeh MTK tərəfindən 2542,32 manat məbləğində, xx.xx.2022-ci il tarixli, 20393231 saylı ödəniş tapşırığına əsasən 2542,37 manat məbləğində və xx.xx.2023-cü il tarixli, 22840189 saylı ödəniş tapşırığına əsasən 2542,37 manat məbləğində ödənişlər edilmişdir

14. 20.07.2022-ci il tarixli 557/22 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 803/22 nömrəli akta əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli, 314/23 saylı akta əsasən 3000 manat və xx.xx.20243-cü il tarixli, 1830/23 saylı akta əsasən 10469,88 manat məbləğində işlərin görülməsini Cavabdeh MTK tərəfindən qəbul edilmiş və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

17. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş təhvil-qəbul aktı ilə öz təsdiqini tapır.

19. Belə olan halda, 10.469,90 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb təmin edilməlidir.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 121,41 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. MPM-in:

22. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

24. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,41 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 723/21 sayı xx.xx.2021-ci il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 10469,90 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 121,41 manat tutularaq iddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar