Məhkəmə qərarları › İş №e-2-2(113)-2856/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2856/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2856/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə, X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış müqavilələrə əsasən göstərilmiş xidmətlərə 154.304,75 manat qalıq borc, 15.430,47 manat dəbbə pulu və 445 manat dövlət rüsumunun Cavabdeh şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya” İdarəsi ilə “Petro-Hong Kong-Pirsaat Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında Azərbaycan Respublikasının Neftqaz quyularında mədən-geofiziki tədqiqatlar, perforasiya-atma, torpedləmə, qamaya geoloji-texnoloji nəzarət, qaz karotajı, lay sınağı və şaquli seysmik profiləmə (ŞSP) işlərinin ararılması haqqında xx.xx.2012-ci il tarixli GGİ/033-2013 və xx.xx.2013-cü il tarixli GGİ/028-2014-cü il tarixli GGİ/028-2014 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, müqavilə üzrə “Podratçı” olan Geofizika və Geologiya İdarəsi, “Sifarişçi” “X5-Pirsaat Oil Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Sifarişi ilə Neft-qaz quyularında mədən-geofiziki tədqiqatlar, perforasiya-atma, torpedləmə, qazmaya geoloji-texnoloji nəzarət, qaz karotajı, lay sınağı və şaquli seysmik profiləmə (ŞSP) işlərinin aparılması, “Sifarişçi” isə həmin işlərin və xidmətlərin dəyərinin Podratçı”ya ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndlərinə görə, “Ödəniş “Podratçı” tərəfindən servis xidmətləri təhvilqəbul aktı əsasında təhvil verildikdən və qanunvericilikdə, müəyyən edilən maliyyə sənədləri təqdim etdikdən sonra, Azərbaycan manatı ilə “Podratçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Sözügedən müqavilələr üzrə, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının Geofizika və Geologiya İdarəsinə göstərilmiş xidmətlərə görə, borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2013-cü il tarixli, xx.xx.2012-ci il tarixli müqavilələr imzalanmışdır.

11. Müqavilələrin 1.1-ci bəndinə əsasən hazırki müqavilə servis xidmətlərinin göstərilməsindən ibarətdir- Azərbaycan Respublikasında yerləşən neft-qaz yataqlarının quyularında mədən-geofiziki tədqiqatlar, perforasiya-atma, torpedləmə, qazmaya geolojitexnoloji nəzarət, qaz karotajı, lay sınağı və şaquli seysmik profilləmə işlərinin aparılması barədə tərtib edilmişdir.

12. Müqavilələrin 2.3-cü bəndinə əsasən ödəniş podratçı tərəfindən servis xidmətləri üzrə qanunvericilikdə müəyyən edilən maliyyə sənədləri təqdim edildikdən sonra, həmin sənədlərə uyğun olaraq 15 bank günü müddətinə manatla podratçının bank hesabına köçürülmə yolu ilə yerinə yetirilir.

13. Tərəflər hər iki müqavilə üzrə öz imza və möhürləri ilə təsdiq etdikləri aktla GGİ-nin quyularda gördüyü geofiziki tədqiqatlar, ölçü vahidi, tədqiqatın qiyməti, dərinlik qiyməti, əməliyyat qiyməti barədə razılığa gəlmişlər.

14. Müqavilələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə otel qonaqlama xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

16. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

17. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

18. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

19. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir.

22. İş materiallarından görünür ki, icraçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən sifarişçi Petro-Hongkong-Pirsaat Oil Limited" MMC-yə görülmüş işlərə dair hesab-fakturalar göndərilmişdir.

23. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən Petro Honqkonq OYL Limited şirkətinin xx.xx.2023-cü il tarixə borcunun 159.304,79 manat məbləğində olduğunu hər iki tərəf imza və möhürü ilə təsdiq etmişdir.

24. İddiaçı tərəf cavabdehin ödənilməmiş 154.304,75 manat borcunun qaldığını bildirmişdir.

25. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli bildirişlərdən məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli üzləşmə aktından sonra ümumilikdə 5.000 manat məbləğində ödəniş edilmişdir.

26. Məhkəmənin yalnız bir iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin çin dilində tərcümə edilib verilməsini xahiş etmişdir.

27. İddiaçı tərəfindən iddia ərizəsi çin dilində tərcümə edilib cavabdehə təqdim edilsə də, cavabdeh iddiaya münasibət bildirməmiş, etiraz etməmiş, qeyd edilən borcun ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq xidmətlər cavabdehə göstərilmiş, cavabdehin isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır.

29. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 154.304,75 (159.304,75-5.000) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ödənilməlidir.

30. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

31. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

32. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 7.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

33. Məhkəmə xüsusi ilə qeyd edir ki, cavabdeh hüquqi şəxs Azərbaycan Respublikasına aid olan hüquqi şəxsdir və qeyd edilən hüquqi şəxs tərəfindən məhkəmə ünvanlanmış ərizələr məhz Azərbaycan dilində olmuşdur. Ancaq buna baxmayaraq cavabdehin direktoru Çinli olmasını əsas gətirmiş və Məhkəmənin ingilis dilində təmin etmiş olduğu tərcüməçidən qane olmamış və təkidlə Çin dilindən tərcüməçi istəmişdir.

34. Bundan sonra Məhkəmə tərəfindən Çin dilindən tərcüməçi təmin edilmiş, iddia ərizəsi Çin dilinə tərcümə edilmişdir. Ancaq cavabdeh tərəfin direktoru tərcüməçinin iştirak etdiyi son məhkəmə iclasına gəlməmişdir.

35. Məhkəmə hesab edir ki, iddia ərizəsinin çin dilində tərcüməsi ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 2.465,73 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Belə ki, iddia ərizəsini çin dilinə tərcümə edən "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli hesab-fakturaya əsasən iddiaçı tərəfindən 2.465,73 manat məbləğində ödəniş edilmişdir.

37. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasına tərcüməçi dəvət olunduğundan, onun məhkəmə iclasında iştirakına görə çəkilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pul da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Belə ki, xx.xx.2025-ci il tarixli X1 ilə iddiaçı ilə məhkəmə iclasını tərcüməçi ilə təmin edən "xxxx" MMC çin dili üzrə şifahi tərcümə xidmətinin 1 saat qiyməti 250 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər.

39. Cavabdeh məhkəmə iclasna gəlməsə də, tərcüməçi məhkəmə iclasına gəlmiş, bu barədə iltizam iş materiallarına əlavə edilmişdir.

40. Bundan başqa məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 445 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə verilməlidir.

41. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 154.304 (bir yüz əlli dörd min üç yüz dörd) manat 75 (yetmiş beş) qəpik, cərimə borcu üzrə 7.500 (yeddi min beş yüz) manat, cəmi 161.804 (yüz altmış bir min səkkiz yüz dörd) manat, 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ödənilsin. İddia ərizəsinin tərcüməsi ilə bağlı tərcüməçiyə çəkilmiş xərcin əvəzi olaraq 2.465 (iki min dörd yüz altmış beş) manat 73 (yetmiş üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ödənilsin. Tərcüməçinin məhkəmə iclasında iştirakına görə çəkilmiş xərcin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 445 (dörd yüz qırx beş) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar