Məhkəmə qərarları › İş №e-2-2(113)-29/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-29/2022

21.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-29/2022 21.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinin nümayəndəsi Vəkil1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödəniməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və əmlak kompleksinin boşaldılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 ilə bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN-00027-00/17A saylı əsas kredit müqaviləsinin, 29 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17A saylı əlavə kredit müqaviləsinin və 23 oktyabr 2018-ci il tarixli BKX-B0027-00/17A saylı əlavə kredit xətti müqaviləsinin ləğv edilməsi, BKN- A0027-00/17A saylı əlavə kredit müqaviləsindən irəli gələn 17 mart 2020-ci il tarixinə olan 320152,64 manat əsas borc, 30173,28 manat faiz borcu, 58309,16 manat dəbbə pulu, ümumilikdə 408635,08 manat məbləğində borcun və BKX-B0027-00/17A saylı əlavə kredit xətti müqaviləsindən irəli gələn 05 may 2020-ci il tarixinə olan 50000 manat əsas borc, 5333,34 manat faiz borcu, ümumilikdə 55333,34 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqının, cavabdehlər Cavabdeh4-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKMG-00027-00/17A saylı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Cavabdeh4-yə məxsus olan 0,77815 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh4-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması və ipoteka predmetinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh4 arasında 28 dekabr 2017-ci il tarixli BKN-00027-00/17A saylı əsas kredit müqaviləsi bağlanmış və bank tərəfindən cavabdehə 60 ay müddətinə, 28 dekabr 2022-ci il tarixinədək əlavə müqavilələr bağlamaqla 500000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində Cavabdeh4 28 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə BKMG-00027-00/17A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan 0,77815 ha torpaq sahəsini və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı əmlak kopmleksini ipotekaya qoymuşdur. Cavabdeh2 28 dekabr 2017-ci il tarixdə iddiaçı ilə BKNZ-00027-00/17A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh4-nin BKN-00027- 00/17A saylı, 500000 manat məbləğdə, 60 ay müddətinə əsas kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh3 28 dekabr 2017-ci il tarixdə iddiaçı ilə BKNZ-00027- 00/17A/1 saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh4-nin BKN-00027-00/17A saylı, 500000 manat məbləğdə, 60 ay müddətinə əsas kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN- A0027- 00/17A saylı əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 500000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 23 oktyabr 2018-ci il tarixli BKX-B0027- 00/17A saylı əlavə kredit xətti müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 50000 manat ümumi məbləğində illik 20 faiz ödəmək şərti ilə 12 ay müddətinə 23 oktyabr 2019-cu il tarixədək bərpa olunan kredit xətti açılmış və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kredit cavabdehin mülkiyyətinə verilmişdir, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 23 oktyabr 2019-cu il tarixinədək faiz ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə kredit xətti müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində 28 dekabr 2017-ci il tarixli BKMG-00027-00/17A nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanında yerləşən əmlak ilə təmin olunmuşdur. 30 noyabr 2018-ci il tarixdə iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN-A0027- 00/17Asaylı əlavə kredit müqaviləsinə 01 saylı əlavə bağlanmış, kredit müqaviləsinin 1.1 bəndinə dəyişiklik edilmiş və bank tərəfindən 500000 manat məbləğində krediti illik 20 faizlə 36 ay müddətinə (3 ay güzəşt müddəti olmaqla (noyabr 2018, dekabr 2018, yanvar 2019)) Cavabdeh4-nin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 29 dekabr 2020-ci il tarixinədək faiz ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 06 mart 2019-cu il tarixdə iddiaçı "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17Asaylı Əlavə kredit müqaviləsinə 02 saylı əlavə bağlanmış, kredit müqaviləsinin 1.1 bəndinə dəyişiklik edilmiş və bank tərəfindən 500000 manat məbləğində krediti illik 20 faizlə 36 ay müddətinə (5 ay güzəşt müddəti olmaqla (noyabr 2018, dekabr 2018, yanvar 2019, fevral 2019, mart 2019)) Cavabdeh4-nin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 29 dekabr 2020-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASCyə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh4 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 170 gün gecikməyə gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 4.2-ci və ipoteka müqaviləsinin 5.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin BKN-A0027-00/17A saylı kredit müqaviləsi üzrə 17 mart 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 320152,64 manat, faiz borcu 30173,28 manat, dəbbə pulu 58309,16 manat, cəmi 408635,08 manat və BKX-B0027-00/17A saylı kredir müqaviləsi üzrə cavabdehin 05 may 2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 50000 manat, faiz borcu 5333,34 manat, cəmi 55333,34 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, istər "xxxx" MMC tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli, istərsə də "xxxx" MMC-nin 17 dekabr 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyd olunan məbləğlər həqiqəti əks etdirmir və ipoteka predmetinin dəyərində kəskin artım baş verməmişdir. "xxxx" MMC-nin 07 fevral 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyində isə əmlak kompleksi kimi müəssisənin likvid dəyəri ******* manat və real bazar dəyəri ******* manat müəyyən olunmuşdur. Buna görə də ipoteka predmetinin likvid dəyəri müəyyən olunarkən həmin rəy əsas götürülməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4-nin nümayəndəsi Vəkil1 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, cavabdehdən tələb olunan borc məbləği müəyyən olunarkən ödənişlər aparılmasına baxmayaraq əsas və faiz borcunun məbləği düzgün hesablanmamışdır. İddiaçı əsas kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələblərini pozaraq məhkəməyə vaxtında müraciət etməmiş və faiz və dəbbə pulu borcunun artmasına şərait yaratmışdır. Bundan başqa likvid qiymət "xxxx" MMC-nin 17 dekabr 2020ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərildiyi kimi ******* manat müəyyən olunmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN- 00027-00/17A saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh4-yə ək Əlavə Müqavilələr bağlamaqla 500000 manat məbləğində kredit limiti 60 ay müddətinə, 28 dekabr 2022-ci il tarixinəd ərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. - "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKMG- 00027-00/17A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Azprof” MMCyə məxsus olan 0,77815 ha torpaq sahəsini və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı əmlak kopmleksi ipotekaya qoymuşdur. İpoteka predmeti ******* manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli, BKNZ- 00027-00/17A saylı zaminlik müqaviləsinə əsasən zamin Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. - Cavabdeh3 28 dekabr 2017-ci il tarixdə iddiaçı ilə BKNZ-00027-00/17A/1 saylı zaminlik müqaviləsinə əsasən zamin Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. - "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN- A0027-00/17A saylı Əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 500000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 23 oktyabr 2018-ci il tarixli BKX- B0027-00/17A saylı Əlavə kredit xətti müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 50000 manat ümumi məbləğində illik 20 faiz ödəmək şərti ilə 12 ay müddətinə (23 oktyabr 2019-cu il tarixədək) bərpa olunan kredit xətti açılmış və kredit xətti çərçivəsində tam şəkildə və ya hissə-hissə kredit cavabdehin mülkiyyətinə verilmişdir, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və krediti 23 oktyabr 2019-cu il tarixinədək faiz ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. - 30 noyabr 2018-ci il tarixli "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17Asaylı Əlavə kredit müqaviləsinə 01 saylı əlavəyə əsasən, kredit müqaviləsinin 1.1 bəndinə dəyişiklik edilmiş və bank tərəfindən 500000 manat məbləğində kreditin illik 20 faizlə 36 ay müddətinə (3 ay güzəşt müddəti olmaqla (noyabr 2018, dekabr 2018, yanvar 2019)) Cavabdeh4-nin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 29 dekabr 2020-ci il tarixinədək faiz ilə birlikdə "xxxx" ASC -yə qaytarmağı öhdəsinə götürmüşdür. - 06 mart 2019-cu il tarixli "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17A saylı Əlavə kredit müqaviləsinə 02 saylı əlavəyə əsasən, kredit müqaviləsinin 1.1 bəndinə dəyişiklik edilmiş və bank tərəfindən 500000 manat məbləğində krediti illik 20 faizlə 36 ay müddətinə (5 ay güzəşt müddəti olmaqla (noyabr 2018, dekabr 2018, yanvar 2019, fevral 2019, mart 2019)) Cavabdeh4-nin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən biznes məqsədi ilə istifadə etməyi və onu 29 dekabr 2020-ci il tarixinədək faiz ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. - 17 mart 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4-nin "xxxx" ASC-yə BKN-A0027-00/17A saylı kredit müqaviləsi üzrə əsas borcunun məbləği 320152,64 manat, faiz borcu 30173,28 manat, dəbbə pulu 58309,16 manat, cəmi 408635,08 manat təşkil edir. - 05 may 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4-nin "xxxx" ASC-yə BKX-B0027-00/17A saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun məbləği 50000 manat, faiz borcu 5333,34 manat, cəmi 55333,34 manat təşkil edir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh4-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanda mülkiyyətində olan 0,77815 ha torpaq sahəsində yerləşən 5750,7 kv.m ümumi, 4670,6 kv.m əsasə, 1080,1 kv.m köməkçi sahəsindən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə Cavabdeh4-nin adına qeydiyyata alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh4-yə məxsus mülkiyyətində olan 0,77815 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi kimi müəssisənin likvid dəyəri ******* manat və real bazar dəyəri ******* manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN- 00027-00/17A saylı əsas kredit müqaviləsi 60 ay müddətinə bağlanmış, yəni 28 dekabr 2022-ci il tarixinədək qüvvədədir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh4 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia BKN-00027-00/17A saylı əsas kredit müqaviləsinin ləğv olunması hissəsində təmin edilməlidir. Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli BKN- A0027-00/17A saylı əlavə kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, yəni 29 dekabr 2020-ci il tarixinədək, həmçinin, eyni tərəflər arasında bağlanmış 23 oktyabr 2018-ci il tarixli BKX-B0027-00/17A saylı əlavə kredit xətti müqaviləsi isə 12 ay müddətinə bağlanmış, yəni 23 oktyabr 2019-cu il tarixinədək qüvvədə olmuşdur və müddəti bitmişdir. Buna görə də məhkəmə hesab edir ki, müddət bitdiyindən iddia BKN-A0027-00/17A saylı Əlavə kredit müqaviləsinin və BKX-B0027-00/17A Əlavə kredit xətti müqaviləsinin ləğv edilməsi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə əsas və faiz borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2021-ci il tarixli, 9/2152 saylı rəyinə əsasən Cavabdeh4-nin Bank "xxxx" ASC-yə 28 dekabr 2017-ci il tarixli BKN-A0027- 00/17A nömrəli kredit müqaviləsi üzrə 17 mart 2020-ci il tarixinə əsas borcu 320099,12 manat, faiz borcu 29520,25 manat təşkil edir, 23 oktyabr 2018-ci il tarixli BKN-B0027- 00/17A nömrəli kredit müqaviləsi üzrə 05 may 2020-ci il tarixinə əsas borcu 50000 manat, faiz borcu 5499,29 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2152 saylı rəyini əsas götürərək, hesab edir ki, tərəflər arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17A nömrəli kredit müqaviləsi üzrə 320099,12 manat əsas borc və 29520,25 manat faiz borcu, 23 oktyabr 2018-ci il tarixli, BKX-B0027-00/17A saylı əlavə kredit xətti müqaviləsi üzrə 50000 manat əsas borc və 5333,34 manat faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 dekabr 2017-ci il tarixli, BKNZ-00027-00/17A saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və BKNZ-00027-00/17A/1 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən Bank "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN-00027-00/17A saylı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17A nömrəli müqavilənin 7.4-cü bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 320099,12 manat məbləğində əsas borca tənasübsüz olaraq 58309,16 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 58309,16 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın cavabdehə məxsus əmlaka yönəldilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər aralarında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN-00027-00/17A saylı əsas kredit müqaviləsinin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh4-yə məxsus olan 0,77815 ha torpaq sahəsini və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı əmlak kopmleks kimi müəssisə (çıxarış Seriya RX: № 1196325, Dövlət reyestrində 5 nömrəli reyestr kitabının 444 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********68- 12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017) ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İşin hallarından göründüyü kimi borclu kimi cavabdeh əsas öhdəliyi icra etmədiyi üçün müqavilənin təminatı kimi qoyulmuş əmlak kopmleks kimi müəssisəyə tutmanın yönəldilməsi barədə tələb də əsaslıdır əsaslı və qanunidir. Lakin məhkəmə iddianın “ipoteka predmeti olan əmlakın boşaldılması” hissəsini əsassız hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 59.3-cu maddəsinə əsasən iİpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. - 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan normanın məzmunundan görünür ki, mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bakı Kommersiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, e-2-2(113)-1193/2021 saylı qərardadına əsasən Cavabdeh4-yə məxsus mülkiyyətində olan 0,77815 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi kimi müəssisənin likvid və real bazar dəyərinin müəyyən olunması məqsədilə mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində Cavabdeh4-yə məxsus mülkiyyətində olan 0,77815 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi kimi müəssisənin likvid dəyəri ******* manat və real bazar dəyəri ******* manat müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilən məbləğlə razı olmamışdır. Buna görə də məhkəməyə "xxxx" MMC-nin 07 fevral 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəyi təqdim olunmuş və rəydə qeyd olunmuşdur ki, Cavabdeh4yə məxsus 0,77815 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı Əmlak kompleksi kimi müəssisənin likvid dəyəri ******* manat və real bazar dəyəri ******* manat müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilən məbləğlə razı olmamışdır. Buna görə də məhkəməyə "xxxx" MMC-nin 17 dekabr 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatı təqdim olunmuş və hesabatda qeyd olunmuşdur ki, Cavabdeh4-yə məxsus 0,77815 ha torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1 a ünvanlı əmlak kompleksinin toplam dəyəri ******* manat müəyyən edilmişdir. Məhkəmə ipoteka müqaviləsinin bağlandığı dövrdə – 2017-ci ildə ipoteka predmetinin dəyərinin ******* manat müəyyən olunuduğunu nəzərə alaraq hesab edir ki, həmin vaxtdan hal – hazıra kimi ölkədə olan inflyasiya, tikinti materiallarının qiymətlərində olan artım nəzərə alınmaqla hal – hazırda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində göstərildiyi kimi likvid dəyərinin ******* manat olması mümkün deyildir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 17 dekabr 2020-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatını da məhkəmə əsaslı hesab etmir. Belə ki, həmin hesabatda müqayisəli tədqiqat aparılmadan hansı əsasla əmlakın dəyərinin ******* manat müəyyən edilməsi əsaslandırılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, likvid qiymət müəyyən olunarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli mütəxəssis rəyi əsas götürülərək ******* manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 26 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaitinin 18 manat məbləğində hissəsi iddiaçıdan, 127 manat məbləğində hissəsi isə Cavabdeh4-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş pul vəsaitinin 36 manat məbləğində hissəsi iddiaçıdan, 264 manat məbləğində hissəsi Cavabdeh4-dən tutularaq “Legal Prime” Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçiriməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh3 oğluna qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödəniməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və əmlak kompleksinin boşaldılması barədə iddiası qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyəti arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli BKN-00027-00/17A saylı əsas kredit müqaviləsi ləğv edilsin. 29 dekabr 2017-ci il tarixli BKN-A0027-00/17A saylı əlavə kredit müqaviləsi üzrə 320099,12 manat əsas borc, 29520,25 manat faiz borcu və 3000 manat cərimə, ümumilikdə 352619,37 manat məbləğində pul vəsaiti Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 23 oktyabr 2018-ci il tarixli, BKX-B0027-00/17A saylı əlavə kredit xətti müqaviləsi üzrə 50000 manat əsas borc, 5333,34 manat faiz borcu, ümumilikdə 55333,34 manat məbləğində pul vəsaiti Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borcun ödənilməsi üçün tutma Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinə məxsus 0,77815 ha torpaq sahəsinə və onun üzərində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 1A ünvanında yerləşən əmlak kompleksinə yönədilsin, həmin əmlakın likvid dəyəri ******* manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 407952,71 məbləğində borc ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 18 manat məbləğində hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 127 manat məbləğində hissəsi Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 36 manat məbləğində hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 264 manat məbləğində hissəsi Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətindən tutularaq “Legal Prime” Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar