Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2965/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyasi" ASC-dən müqavilə öhdəlikləri üzrə 2.443.767,22 (iki milyon dörd yüz qırx üç min yeddi yüz altmış yeddi) manat pul məbləğinin və 405 (dörd yüz beş) manat məbləğində mediasiya xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 05 aprel 2021-ci il tarixində “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyasi” ASC və İddiaçı MMC arasında AX 44/0421 saylı Xidmət Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən iddiaçi cavabdehə Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi lahiyəsi çərçivəsində yararsız materialın qazılaraq daşınması, bitki qatının çıxarılması, daş dolğusunun daşınması, yayılması, kipləşdirilməsi, yararlı materialın daşınmasi,yayılması və kipləşdirilməsi, geotekstilin sərilməsi həyata keçirilməsini, cavabdeh isə icaçıya göstərilən xidmətlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin şərtlərinə uyğun olaraq işlər görülmüş və xidmətlə göstərilmiş, bununla bağlı 12 aprel 2023-cü il tarixdə tərəflər arasında “Üzləşmə Akt”ı tərtib edilərək tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Ancaq “Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası” ASC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, tərəflər arasında yaranmış 2.443.767,22 (iki milyon dörd yüz qırx üç min yeddi yüz altmış yeddi) manat pul məbləğini ödəməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 2965/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.443.767 (iki milyon dörd yüz qırx üç min yeddi yüz altmış yeddi) manat, 22 (iyirmi iki) qəpik məbləğində pulun, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 405 (dörd yüz beş) manat məbləğində pulun "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
4. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-2965/2024 saylı qiyabi qətnaməsinin ləğvi barədə ərizə verərək, e-2-2(113)-2965/2024 saylı iş üzrə qiyabi qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 2965/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 2965/2024 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.
7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyəti arasında 05 aprel 2021-ci il tarixli, AX 44/0421 saylı xidmət müqaviləsi və müqaviləyə əlavə imzalanmışdır.
13. Müqaviləyə əsasən iddiaçı cavabdehə Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi lahiyəsi çərçivəsində yararsız materialın qazılaraq daşınması, bitki qatının çıxarılması, daş dolğusunun daşınması, yayılması, kipləşdirilməsi, yararlı materialın daşınmasi, yayılması və kipləşdirilməsi, geotekstilin sərilməsinin həyata keçirməyi, cavabdeh isə icraçıya göstərilən xidmətlərin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
14. Müqavilə və müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
16. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
17. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış 05 aprel 2021-ci il tarixli müqavilə təşkil edir. Ona görə də, qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilib-göstərilməməsi və göstərilmiş olan xidmətlərə görə məbləğin ödənilib-ödənilməməsi müəyyən edilməlidir.
19. İş materiallarına əlavə edilmiş görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli aktı ilə 649.093,34 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 376.013,57 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 559.578,89 manat məbləğində, xx.xx.2021-ci il tarixli aktı ilə 386.710,41 manat məbləğində, ümumilikdə 1.971.396,21 manat məbləğində işlərin görülməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Qeyd olunan işlərə dair iddiaçı tərəfindən cavabdehə EBBE seriyalı, 635319 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 649.093,34 manat, EBBG seriyalı, 569188 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 376.013,58 manat, EBBJ seriyalı, 619712 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 559.578,89 manat, EBBN seriyalı, 552733 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 386.710,41 manat olan elektron qaimələr göndərilmişdir.
20. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə EBBC seriyalı, 153304 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 18.303,28 manat, EBBC seriyalı, 151858 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 29.126,65 manat, EBBD seriyalı, 787477 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 24.526,89 manat, EBBF seriyalı, 985726 nömrəli, xx.xx.2021ci il tarixli, dəyəri 15.629,69 manat, EBBC seiyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 193.685,04 manat, EBBC seriyalı, 908487 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 465.209,06 manat, EBBD seriyalı, 786324 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 249.955,29 manat, EBBP seriyalı, 843779 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 136.735,10 manat olan elektron qaimələr göndərilmişdir.
21. Sadə riyazi hesablama ilə göründüyü kimi, elektron qaimələrdəki məbləğlərin cəmi 3.104.567,22 manat təşkil edir.
22. Bundan başqa, iş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən əsas borc üzrə 560.000 manat, ƏDV borcu üzrə 100.800 manat olmaqla, cəmi 660.800 manat məbləğində pul ödənilmişdir.
23. Sadə riyazi hesablama ilə hesabladıqda da görünür ki, 3.104.567,22 (elektron qaimələrdəki məbləğlərin cəmi) manatdan 660.800 manat (cəmi ödənişlər) çıxıldıqda 2.443.767,22 manat edir.
24. Hazırda, iddiaçı da, göstərilmiş xidmətlərə görə 2.443.767,22 manat məbləğində pulun tutulmasını xahiş edir.
25. Məhkəmə xüsusi ilə, qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmişdir.
26. Bundan başqa da, cavabdeh tərəf ancaq qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etməklə kifayətlənməklə yanaşı, heç qeyd edilən ərizənin məzmununda belə, iddiaya etiraz etməsi ilə bağlı hər hansı bir fikir bildirməmişdir.
27. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəf dolayısı ilə, iddianı etiraf edir.
28. Ona görə də, Məhkəmə hesab edir ki, elektron qaimələrdə göstərilmiş xidmətlər iddiaçı tərəfindən icra edilmiş, cavabdeh də müəyyən miqdarda ödənişlər etməklə xidmətlərin göstərildiyini qəbul etmiş və ona görə də, cavabdehin göstərilmiş olan xidmətlərə görə xidmət haqqını ödəmək öhdəliyi yaranmışdır.
29. Yekun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2.443.767,22 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Bundan başqa, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 405 manat məbləğində pul da, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənməlidir.
31. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən və xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 405 manat məbləğində pul Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına ödənmişdir.
32. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2.443.767 (iki milyon dörd yüz qırx üç min yeddi yüz altmış yeddi) manat, 22 (iyirmi iki) qəpik məbləğində pul "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 405 (dörd yüz beş) manat məbləğində pul "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov