Məhkəmə qərarları › İş №e-2-2(113)-3015/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3015/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3015/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “pul tələbi” üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə pulun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, BFC-5831 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) sifarişi əsasında Ağdam şəhərində yerləşən layihədə işləyən işçiləri yeməklə təmin edtmək öhdəliyini öz üzrəinə götürür və sifarişçi bu işlərin müqavilində icraçıya müvafiq haqq ödəyir (müqavilənin 1.1-ci bəndi).

2. Tərəflər arasında bağlanmış həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə görə icraçı sifarişçinin işçilərini gündə 3 dəfə olmaqla yeməklə təmin edir; 2.2. 1.3-cü bəndinə görə hər səhər sifarişçinin nümayəndəsi gün ərzində yeməyə gələn işçilərin sayını icraçıya bildirir və icraçı göstərilən saya uyğun yeməkləri hazırlayır. İcraçının təqdim etdiyi menyu üzrə kompleks yeməklər bu müqaviləyə əlavələrlə tənzimlənir; 2.3. 1.4-cü bəndinə görə sifarişçinin işçiləri yeməkxanaya daxil olarkən icraçı tərəfindən onlara təqdim edilmiş yemək talonları sifarişçiyə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir. Göstərilən bu talonlar sifarişçi tərəfindən yığılır. Yığılan bu talonlar aylıq olaraq sifarişçiyə təqdim edilir və sifarişçi tərəfindən 10 gün müddətində ödəmə həyata keçirilir; 2.4. 2.1-ci bəndinə görə sifarişçi hər bir nəfər icraçı tərəfindən talon üzrə (talonlar sifarişçi tərəfindən müvafiq qaydada təsdiq olunur və sifarişçinin işçiləri yeməkdən öncə həmin talonları icraçıya və ya onun nümayəndəsinə verirlər) kompleks yeməklə təmin edilmiş hər bir işçi üçün, səhər yeməyi 2,40 manat, nahar yeməyi 5,30 manat, axşam yeməyi 5,30 manat (ƏDV xaric) məbləğində icraçıya pul ödəyir; 2.5. 2.2-ci bəndinə görə sifarişçi təqdim edilmiş yemək talonlarını toplayır və onların əsasında hər növbəti ayın ilk 5 günü ərzində sifarişçiyə faktiki yemək almış işçilərin sayını əks etdirən hesab-faktura Aktını təqdim edir; 2.6. 2.3-cü bəndinə görə sifarişçi aktı tərtib etdiyi halda Aktda qeyd edilən məbləği icraçıya ödəyir. Sifarişçi aktı təsdiq etmədikdə sifarişçi tərəfindən təsdiq edilmiş talonların sayına uyğun yeni Akt bağlanılır və ödəniş ona görə aparılır. Xidmətlərin müddəti aylıq nəzərdə tutulur və har ayın son günü xidmətlərin təhvil verildiyi gün sayılır. Sifarişçi xidmətlər bitdikdən sonrakı 10 gün ərzində elektron-qaimə faktura və digər təhvil-təslim sənədləri əsasında xidmətlərin dəyərinin tam hissəsini icraçıya ödəyir.

3. Tərəflər arasında iyul 2024-cü il dövrü üzrə 66 nəfərin səhər, nahar və axşam yeməyi ilə təmin olunması ilə bağlı “Yemək təminatı üzrə Təhvl-Təslim aktı” imzalanmış, göstərilmiş xidmətin dəyəri cəmi 1674,4 manat göstərilmişdir.

4. Həmçinin, tərəflər arasında avqust 2024-cü il dövrü üzrə 45 nəfərin səhər, nahar və axşam yeməyi ilə təmin olunması ilə bağlı “Yemək təminatı üzrə Təhvil-Təslim aktı” imzalanmış, göstərilmiş xidmətin dəyəri cəmi 1317,6 manat müəyyən edilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, BFC-5831 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 2992 manat borcun, 2000 manat dəbbə pulunun və ödənilmiş 69,92 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (İcraçı) və cavabdeh (Sifarişçi) arasında BFS-5831saylı xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmuş və ödəniş həyata keçirilməmişdir. Xidmət müqaviləsinə əsasən onlar cavabdehin Ağdam şəhərində yerləşən layihədə işləyən işçilərini yeməklə təmin etməyi öz üzərinə götürmüş, cavabdeh isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəmə öhdəliyi daşımışdır. “Whatsapp” sosial şəbəkəsi üzərindən yaradılmış qrupda aparılan yazışmalardan məlum olur ki, cavabdeh işçilərin sayını bildirərək iddiaçı tərəfindən hər bir işçi üçün kompleks yeməklər təşkil olunmuşdur. Lakin bu günə qədər cavabdeh tərəfindən onlara təqdim edilən xx.xx.2024-cü il tarixli MT**********22 nömrəli və xx.xx.2024cü il tarixli MT**********25 nömrəli elektron qaimə-fakturalarına əsasən heç bir ödəniş həyata keçirilməmişdir. Eyni zamanda, “cavabdeh tərəfindən təqdim olunan əlaqə nömrələrindən istifadə edərək, rəhbərliklə əlaqə saxlamağa cəhd edilsə də, bu mümkün olmamışdır. Lakin, sözügedən şirkətin mühasibatlıq xidmətlərini təmin edən Qələndar adlı şəxslə əlaqə saxlanılmış, cavabdehin mühasibi rəhbərliyin ödənişlərin həyata keçirilməsinə etiraz etdiyini bildirmişdir. Bu səbəbdən, cavabdehə xx.xx.2024-cü il tarixində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və borcun ödənilməməsi barədə pretenziya məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli MT**********22 nömrəli və xx.xx.2024cü il tarixli MT**********25 nömrəli elektron qaimə-fakturalara əsasən cavabdeh tərəfindən 2.992 manat məbləğində borcun ödənilməsi tələb olunur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

23. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.

24. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, BFC-5831 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini cavabdehin Ağdam rayonunda yerinə yetirdiyi layihə üzrə işləyən işçilərinin müqavilədə müəyyən edilmiş qiymətlər və şərtlər əsasında gündə 3 dəfə yeməklə təmin edilməsi ilə bağlı xidmətin göstərilməsi təşkil etmişdir. Mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin haqqının cavabdeh tərəfindən tam ödənilməməsi ilə bağlıdır. İddiaçı göstərilən xidməti müqaviləyə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini cavabdehdən tələb edir.

25. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasının yoxlanılması üçün bu müqavilənin mühüm şərti kimi yerinə yetirilməli işlərin, yəni əvvəldə də qeyd edildiyi kimi cavabdehin işçilərinin gündə 3 dəfə yeməklə təmin edilməsi ilə bağlı xidmətin göstərilibgöstərilməməsi, göstərildiyi halda xidmət haqqının cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məsələlər müəyyən edilməlidir. Bu şərtlərin yoxlanılması, eyni zamanda hər bir tərəfin öz öhdəliklərinin hansı həcmdə yerinə yetirilməsini də ehtiva edir. 25.1. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən xidmətin görülməsinin təsdiqi bu barədə iki tərəfli Təhvil-təslim aktının tərtib edilməsi ilə şərtləndirilmişdir. Belə ki, müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən sifarişçi təqdim edilmiş yemək talonları əsasında hər növbəti ayın ilk 5 günü ərzində sifarişçiyə fakikti yemək almış işçilərin sayını əks etdirən hesab-faktura Aktını təqdim edir, sifarişçi aktı təsdiq etdiyi halda Aktda qeyd edilən məbləği icraçıya ödəyir. Sifarişçi aktı təsdiq etmədikdə onun tərəfindən təsdiq edilmiş talonların sayına uyğun yeni Akt bağlanılır və ödəniş ona görə aparılır. Xidmətlərin müddəti aylıq nəzərdə tutulmaqla hər ayın son günü təhvil verildiyi gün sayılır və cavabdeh xidmətlər bitdikdən sonrakı 10 gün ərzində elektron-qaimə faktura və digər təhvil-təslim sənədləri əsasında xidmətlərin dəyərinin tam hissəsini iddiaçıya ödəyir.

26. Müqavilənin qeyd edilən bəndlərindən də görünür ki, xidmətin göstərilməsi ilə bağlı iki tərəfli təhvil-təslim aktının tətib edilməsi iddiaçının ödəliyinin icrası, təhvil-təslim aktı cavabdeh tərəfindən təsdiq edildikdən sonra elektron-qaimə faktura və digər təhvil-təslim sənədləri əsasında xidmətlərin dəyərinin tam hissəsinin ödənilməsi isə cavabdehin öhdəliyinin icrası məqamı kimi nəzərdə tutulmuşdur.

27. İş materialları ilə müəyyən edilir ki, 2024-cü ilin iyul ayı üzrə 66 nəfərin səhər, nahar və axşam yeməyi ilə təmin olunması ilə bağlı tərəflər arasında təhvil-təslim aktı, eləcə də 2024-cü ilin avqust ayı üzrə 45 nəfərin səhər, nahar və axşam yeməyi ilə təmin olunması barədə təhvil-təslim aktı tərtib edilmiş, hər iki tərəfin imzası və möhürləri ilə təsdiq edilmişdir. Həmin aktların tərtib edilməsi, yuxarıda şərh edilənlər əsasında iddiaçı tərəfindən öz öhdəliyini icra etməsi anlamına gəlməyə tam əsas verir.

28. Cavabdehin isə öhdəliyi həmin təhvil-təslim aktı və verilmiş elektron qaiməfaktura əsasında icra etməli olsa da, o, göstərilmiş xidmətə görə ödənişləri etməməklə öhdəlyini pozmuşdur. İş materiallarından da göründüyü kimi, 2024-cü ilin iyul və avqust ayları üzrə iddiaçı tərəfindən xidmətin göstərilməsi barədə aktları imzalansa da, eləcə də həmin xidmətin göstərilməsinin ödənişi ilə bağlı xx.xx.2024-cü il tarixli MT**********22 nömrəli və xx.xx.2024cü il tarixli MT**********25 nömrəli elektron qaimə-fakturalar göndərilsə də (ödənişin təhvil-təslim aktı ilə bərabər elektron qaimə-faktura əsasında edilməli olması müqavilənin 2.3-cü bəndində şərt kimi nəzərdə tutulmuşdur), cavabdeh pulu ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı həmin xidmətlər üzrə haqqı tələb etməkdə haqlıdır.

29. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

30. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış müqavilənin 10.1-ci bəndində cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.

31. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 2000 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 150 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

32. Məhkəmə hesab edir ki, iddiaçının əsas tələbi üzrə iddiası təmin edildiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 01 iyul 2024-cü il tarixli BFS-5831 saylı Xidmət Müqaviləsi üzrə yaranmış 2992 (iki min doqquz yüz doxsan iki manat) manat borc məbləği, 150 (yüz əlli) manat məbləğində qanunla nəzərdə tutulmuş dəbbə pulu və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 69,92 (altmış doqquz manat doxsan iki qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar