Məhkəmə qərarları › İş №e-2-2(113)-3073/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3073/2023

12.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3073/2023 12.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 992 manat əmək haqqı, gecikdirilmiş günlər üçün hesablanmış 7.965 manat 76 qəpik faiz, mənəvi iztirablara görə 2.000 manat zərər olaraq, ümumilikdə 10.957.76 manat və mediasiya xərci kimi ödənilmiş 210 manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xidməti müqavilə bağlayaraq podratçı kimi Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsində işləmişdir. Ötən dövr ərzində, üzərinə götürdüyü öhdəliyi sifarişçinin göstərişlərinə və tapşırıqlarına tam əməl edərək yerinə yetirmişdir. Sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qeyd olunan işlərin görülməsinə görə xidmət haqqı ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Belə ki, 26 noyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək işlədiyi 29 iş günü üçün ona 991 manat 57 qəpik əmək haqqı hesablansa da həmin əmək haqqı ona ödənilməmişdir. Dəfələrlə əmək haqqının ödənilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə şifahi və rəsmi müraciətlər etsə də cavabdeh borcunu hər zaman etiraf etməsinə baxmayaraq müxtəlif bəhanələrlə indiyə kimi ödənişdən yayınmış, hər dəfə yaxın vaxtlarda əmək haqqı borcunu tam ödəniləcəyini bəyan etmişdir. Bununla əlaqadar iddiaçının etdiyi müraciətə biganə münasibət göstərilmiş, etdiyi rəsmi müraciətə cavab verilməmişdir. Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilməli olan 992 manat əmək haqqının ödənişi 803 gün gecikdirilmişdir. Gecikdirilən məbləğ 9.92 manat x 803 gün=7965.76 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 037/0920 saylı xidmət müqaviləsindən görünür ki, qeyd edilmiş müqavilə Qazax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsində işlərin icrasına nəzarət edilməsi ilə bağlı olmuşdur. Qeyd edilmiş müqavilə İddiaçı tərəfindən imzalanmış olsa da, cavabdeh "xxxx" ASC tərəfindən imzalanmamışdır.

10. Hazırda isə iddiaçı tərəf cavabdehlə xidmət müqaviləsi bağlandığını və Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsində işlədiyini bildirir.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində xidmət müqaviləsi ilə bağlı pula “əmək haqqı” ifadəsindən istifadə etsə də, tərəflər arasında hər hansı bir əmək münasibəti olmamış və qeyd edilən hala xidmət haqqı kimi qiymət verilərək mübahisə həll edilməlidir.

12. Eyni zamanda Məhkəmə qeyd edir ki, tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, şifahi olaraq bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi üzrə xidmətlər göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

13. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

14. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

15. İddiaçı cavabdehə müqavilə üzrə xidmət göstərdiyini, 26 noyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək işlədiyi 29 iş günü üçün ona 991 manat 57 qəpik xidmət haqqı hesablandığını, lakin həmin xidmət haqqı məbləğinin ona ödənilmədiyini bildirmişdir.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.

17. İddiaçı tərəfindən iş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli 002844 nömrəli anbar mədaxil orderindən görünür ki, iddiaçı Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması ilə bağlı işlərin yerinə yetirilməsi üçün anbardan mal götürmüşdür. Qeyd edilən order “Akkord Mühafizə” möhürü ilə təsdiq edilmişdir.

18. İş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli 002845 nömrəli anbar mədaxil orderindən görünür ki, iddiaçı Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması ilə bağlı işlərin yerinə yetirilməsi üçün anbardan mal götürmüşdür. Qeyd edilən order “Akkord Mühafizə” möhürü ilə təsdiq edilmişdir.

19. İş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli 002846 nömrəli anbar mədaxil orderindən görünür ki, iddiaçı Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması ilə bağlı işlərin yerinə yetirilməsi üçün anbardan mal götürmüşdür. Qeyd edilən order “Akkord Mühafizə” möhürü ilə təsdiq edilmişdir.

20. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində cəmi 29 iş günü olan briqadir İddiaçı ödəniləcək məbləğ 991,57 (889:26x29=991.57) manat təşkil edir.

21. Qeyd edilmiş akt sahə rəisi Mehdiyev Vaqif, mütəxəssis Əzimov Elçin, texniki ofis mühəndisi İsayev Elşən və İddiaçı tərəfindən imzalanmışdır.

22. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş akt və anbar mədaxil orderi o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də iddiaçı tərəf cavabdehə müvafiq xidmətləri göstərmiş və nəticədə cavabdehin ödənilməmiş borcu yaranmışdır.

23. Həmçinin o da, qeyd edilməlidir ki, cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və məhkəmə baxış iclasının vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və iddiaya etirazını bildirməmişdir.

24. Məhkəmə hesab edir ki, bu hal da, cavabdehin iddianı dolayısı ilə qəbul etməsi kimi qiymətləndirilməlidir.

25. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə xidmətin göstərildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 992 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

26. Məhkəmə iddianın gecikdirilmiş günlər üçün 7965.76 manat faizin tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir:

27. Məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsində faizin tutulmasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməlidir.

28. İlk öncə qeyd etmək lazımdır ki, tərəflər arasında olan münasibətlər xidmət müqaviləsindən irəli gəlir. Ona görə də, xidmət müqaviləsindən irəli gələn münasibətlərə əmək hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilə bilməz.

29. Məhkəmə hesab edir ki, iddia gecikdirilmiş günlər üçün 7965.76 manat faizin tutulması hissəsində təmin edilməməlidir.

30. Məhkəmə iddianın mənəvi zərərə görə 2.000 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

31. “Mənəvi zərərin ödənilməsi barədə” qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

32. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

33. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

34. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya olan 992 manat məbləğində borcunu artıq üç ilə yaxın bir müddətdir ki ödəməmişdir. İddiaçı tərəf isə bununla bağlı pretenziya, mediasiya kimi proseslərdən keçərək, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

35. Göründüyü kimi, iddiaçı tərəfin hal-hazırda 63 yaşı vardır və ona ödənilməli olan böyük məbləğ təşkil etməyən pulu artıq xeyli vaxtdır ki, ala bilmir. Bu hal isə onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur.

36. Məhkəmə öz daxili inamına əsaslanaraq hesab edir ki, iddiaçının mənəvi iztirablara görə tələb etdiyi 2000 manat hissəsində iddia qismən əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 100 manat məbləğində pul tutulmalıdır.

37. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir.

38. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ********** nömrəli ödəniş qəbzindən görünür ki İddiaçı tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində pul ödənmişdir.

39. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilməlidir.

40. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 992 (doqquz yüz doxsan iki) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Mənəvi ziyana görə 100 (bir yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar