Məhkəmə qərarları › İş №e-2-2(113)-3076/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3076/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3076/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən 10.041,43 manat, habelə ödənilmiş mediasiya xərcinin əvəzi kimi 200 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 27 noyabr 2021-ci il tarixdə bağlanmış 27/11 nömrəli“ Xidmət müqaviləsi”nə əsasən, cavabdehin sifarişi əsasında texnika ilə xidmət göstərilməsindən ibarət “Müqavilənin” 1-ci bəndində nəzərdə tutulmuş xidmətlər iddiaçı tərəfindən icra edilmiş, lakin xidmət haqqı cavabdeh tərəfindən tam ödənilməmişdir. Nəticədə “Müqavilə”nin “Xidmət haqqı” adlı 3-cü bəndinin tələbləri pozulmuş və 4.1-ci bəndində nəzərdə tutulan vəzifə öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin mövcud qalıq borcu 10.041,43 manat təşkil edir. Qalıq borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, borcun hesabda pul olmaması səbəbindən icra edilmədiyi, hesaba pul köçən kimi ödəniləcəyi vəd edilsə də, sonradan ödənişdən imtina edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, məhkəmə bildirişi “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır. “SMS” xəbərdarlıq sistemi vasitəsi ilə cavabdeh tərəfin mobil nömrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli 27/11 saylı xidmət müqaviləsi və razılaşma protokolu imzalanmışdır. Müqavilə və razılaşma protokolu hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı İddiaçı2 bu müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli razılaşma protokolunda qeyd olunan texnikaları ilə sifarişçiyə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə xidmət göstərir.

11. xx.xx.2021-ci il tarixli 27/11 saylı xidmət müqaviləsinin razılaşma protokolundan görünür ki, aylıq xidmət haqqı 11.000 manat təşkil edir.

12. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəf xx.xx.2021-ci il tarixli 27/11 saylı xidmət müqaviləsi özünə məxus olan maşınlar vasitəsi ilə cavabddehə yolların çəkilməsi zamanı xidmətlər göstərmişdir.

13. İddiaçı tərəf hazırda cavabdehə 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək xidmət göstərdiyini və göstərilmiş olan xidmətlərə görə elektron qaimələrin göndərildiyini və ancaq cavabdehin iyul ayında göstərilmiş olan 24 gün xidmətə görə 10.041,43 manat borcunun qaldığını bildirir.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin həqiqi məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

15. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə noyabr və dekabr aylarında göstərilmiş olan xidmətlərə görə dəyəri 13.388,58 manat olan EEBQ 618945 saylı elktron qaimə, yanvar ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 11.505,73 manat olan EBBS 148640 saylı elktron qaimə, fevral ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 11.296,61 manat olan EBBT 099910 saylı elktron qaimə, mart ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 10.878,22 manat olan EBBT 731967 saylı elktron qaimə, aprel ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 11.715 manat olan EBBV 837325 saylı elktron qaimə, may ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 10.878,22 manat olan EBBX 706012 saylı elktron qaimə, iyun ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 11.045,58 manat olan EBBZ 569850 saylı elktron qaimə, iyul ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 10.041,43 manat olan EBCB 739846 saylı elktron qaimə, avqust ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 8.577,06 manat olan EBCD 545461 saylı elktron qaimə, sentyabr ayında göstərilmiş olan xidmətlərə görə dəyəri 11.296,61 manat olan EBCG 307365 saylı elktron qaimə göndərilmişdir.

19. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr üzrə cavabdeh tərəfindən müvafiq ödənişlərin edilməsi onu təsdiq edir ki, tərəflər arasında formalaşmış olan işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.

20. Bu hal da, elektron qaimələrdə əks olunmuş xidmətlərin cavabdehə göstərilmiş olduğu halını təsdiq edir.

21. Göründüyü kimi, qeyd edilmiş elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 110.623,04 manat təşkil edir. Cavabdeh tərəf isə göndərilmiş elektron qaimələr üzrə 100.581,61 manat ödəniş etsə də, ödənilməmiş 10.041,43 manat məbləğində borcu qalmışdır.

22. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə, həmçinin də iddiaya da, etirazını bildirməmişdir.

23. Belə olan halda, Məhkəmə hesab edir ki, göstərilmiş olan xidmətlərə görə görə cavabdehin ödənilməmiş 10.041,43 manat məbləğində borcu qalmışdır və qeyd edilmiş mməbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

26. Kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

27. İş materiallarında olan MŞB/11/2023-00667 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ********** nömrəli ödəniş qəbzindən görünür ki İddiaçı2 tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində pul Bakı 11 saylı mediasiya təşkilatına ödənilmişdir.

28. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 verilməlidir.

29. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 27/11 nömrəli müqavilə üzrə 10.041 (on min qırx bir) manat, 43 (qırx üç) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar