Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3085/2025 28.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərərin əvəzin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 216.00-3T-SU-ULT-AİS-TRS-Podrat-250423 nömrəli podrat müqaviləsi üzrə "xxxx" MMC-yə dəymiş real maddi zərərin əvəzi olaraq 163.126 manat, əldən çıxmış fayda şəklində vurulmuş maddi zərərin əvəzi olaraq isə 560.312 manat və əlavə xərc ilə bağlı 64.550 manat pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.287 manat pulun Cavabdehndən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əsas podrat müqaviləsi və müqaviləyə əlavələrdən göründüyü kimi (auditor rəyi 32-ci vərəq əlavə N 7.3) müqavilənin ümumi dəyəri 7.901.562,37 manat (ƏDV-siz) təşkil edir. Cavabdehin iddiaçı ilə müqavilənin birtərəfli qaydada xitam verilməsinin səbəbi kimi iddiaçı tərəfindən pozuntuların olması qeyd edilsə də faktiki olaraq bu belə deyil. Bu barədə aşağıdakı məlumatları təqdim edir: 21 fevral 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək (cəmi 36 gün) PTX tərəfindən tikinti işlərinin görülməsi dayandırılmışdır. Belə ki, “X1” MMC-nin layihə meneceri Rövşən Tağıyevin "xxxx" MMC-yə ünvanladığı 21 fevral 2023-cü il tarixli mail yazışmasında qeyd edilib ki, Azərbaycan Respublikası PTX-nın xüsusi tapşırığı ilə işlərin 21 fevral 2023-cü il tarixindən görülməsinin dayandırıldığı qeyd edilmiş, 29 mart 2023-cü il tarixli mail yazışmasında isə işlərin 30 mart 2023-cü il tarixindən davam etdirilməsinin mümkünlüyü qeyd edilmişdir. Bundan başqa 26 iyun 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək (cəmi 21 gün) Cavabdeh MMC-nin digər podratçılar ilə işi vaxtında tənzimləməməsi nəticəsində əks-dolğu işlərininin vaxtında görülməməsi ilə əlaqədar işlər 21 gün müddətinə dayandırılmışdır. Buna dair "xxxx" MMC tərəfindən “X1” MMC-yə 12 iyun 2023-cü il tarixində mail göndərilmişdir. Qeyd edək ki, əks dolğu işinin cavabdeh ilə digər müstəqdi podrat müqaviləsi bağlamış digər podratçılar görməli idi. Belə ki, əks-dolğu işlərinin görülməsi cavabdeh tərəfindən digər podratçılar - “İnşaat KO MMC”, “Pro Təmir Tikinti MMC”, “ER İnşaat MMC”, "xxxx" MMC-yə həvalə edilmişdir. Həmçinin, Cavabdeh MMC-nin digər podratçısının tamamlamadığı mühəndis işlərinin aparılmasının gecikdirilməsinə görə 24 iyul 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək (cəmi 36 gün) tikinti işləri dayandırılmışdır. Buna dair “X1” MMC-nin layihə meneceri Emil Vahidov tərəfindən "xxxx" MMC-yə mail ünvanlanmışdır. Göründüyü kimi, müqavilə münasibətləri həyata keçirilən zaman işlərin icra müddəti ilə bağlı hər hansı bir pozuntuya yol verilməmişdir və müqaviləyə qərəzli formada birtərəfli qaydada xitam verilmişdir. Cavabdehin iddiaçıya qarşı düzgün olmayan mövqeyi həmçinin, cavabdeh tərəfindən şirkətə ünvanlanan məktubdan da bəlli olur. Belə ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə müqavilə üzrə 5.100.000,00 AZN (ƏDV-siz) məbləğində ödəniş həyata keçirilmişdir. Bağlanmış müqavilə üzrə 3.735.820,43 manat (ƏDV-siz) məbləğində görülmüş işlər və alınmış mal-material Sifarişçilərə təhvil verilmiş və onlar tərəfindən qəbul edilmişdir. Bu fakt öz təsdiqini tərəflərin qarşılıqlı şəkildə imzaladığı Forma 2 və Forma 3 sənədləri ilə, həmçinin 3 tərəfli müqavilə üzrə baş podratçı qismində çıxış edən “X1” MMCnin cost control (qiymət tənzimləyici) meneceri vəzifəsində çalışan Kənan Nəsibovun 05 avqust 2024-cü il tarixində "xxxx" MMC-yə göndərdiyi mail yazışması ilə də sübuta yetilir. Həmçinin mülki işə əlavə edilmiş, "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli rəyindən və yuxarıda bəhs edilən ekspert rəyindən də görünür ki, cavabdeh tərəfindən pretenziya məktubunda tələb edilən məbləğ həqiqəti əks etdirə bilməz. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixində iddiaçıya ünvanladığı məktubda isə tərəflər arasında müqaviləyə birtərəfli qaydada xitam verdiyini və iddiaçıdan ona ödənilmiş vəsaitdən 3.026.074,79 manat məbləğində pul tələb edir. Göründüyü kimi, cavabdeh heç bir hesablanmalara və sübutlara əsaslanmayan məbləği iddiaçıdan tələb etməklə ona qarşı qərəzli mövqedə olmasını sübuta yetirir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Bu normadan görünür ki, əgər cavabdeh tərəfin müqaviləyə birtərəfli qayada xitam verməsinin səbəbi görülmüş işlərdə qüsurdursa onda cavabdeh şirkətimizə həmin qüsurun aradan qaldınması üçün şərait yaratmalı idi. Beləliklə, iddia ərizəsində də qeyd edildiyi kimi işin gedişatı zamanı İddiaçı MMC-dən asılı olmayan səbəblərdən gecikmə və ləngimələr olmuşdur. İcraçıdan asılı olmayan səbəblərdən gecikmələrə görə İddiaçı MMC ümumilikdə 163.126 (ƏDV-siz) manat zərərə uğramışdır (audit rəyinin 39-cu səhifəsi). Auditor rəyinin 39-cu səhifəsinə əsasən məcburi dayanmalara görə İddiaçı MMC 163.126 manat məbləğində xərc çəkmişdir. Həmin dövrdə İddiaçı MMC-nin icraatında cəmi 2 layihənin icrası var idi. Birincisi yuxarıda qeyd olunan layihə, ikincisi isə "xxxx" MMC ilə bağlanmış 08 may 2023-cü il tarixli № MY-10/01 saylı müqavilə üzrə olmuşdur. Eyni zamanda 2 layihə həyata keçirildiyi üçün auditor həmin dövr üçün ofis işləri üçün xərclərin yalnız 50% əmsalı ilə qəbul etmişdir. Sahədə işləyən bilavasitə cavabdehin obyektində işləyən işçilərin əmsalı 100% götürülmüşdür, belə ki, onlar məhz bu layihədə iştirak etmiş, digər işlərə cəlb olunmamışdır. Lakin, ofis işçiləri hər 2 layihəyə cəlb olunmuşdur. Bu hal öz əksini mülki işə əlavə edilmiş həmin tarixlərdə işçilərə əmək haqqının verilməsini təsdiq edən sənədlərdə tapır. Belə ki, bank sənədlərindən göründüyü kimi, işlər dəyansa belə məhz mübahisə predmeti olan müqavilənin icrası ilə bağlı ayrılmş işçilərə əmək haqqılarının ödənilməsi dayanmamışdır. Bununla bağlı ümumiyyətlə qeyd etmək istəyir ki, iddiaçı şirkət məhz podrat müqaviləsi ilə tikinti işlərini görən şirkətdir və işçilərin sayını təyinatını məhz icraatına götürdüyü layihələr ilə müəyyən edir. Əldən çıxmış fayda ilə bağlı bildirmək istəyir ki, müqavilə üzrə smeta nəzərə alınmaqla ödənilməli vəsait 7.901.562 (ƏDV-siz) manat olmalı idi. Bu vəsaitin 5.100.000 (ƏDV-siz) manat hissəsi ödənilsə də, müqaviləyə birtərəfli qaydada xitam verildiyi üçün 2.801.562 (ƏDV-siz) manat həcmində işlər davam etdirilə bilməmiş və pul ödənilməmişdir. Auditor rəyinin 56-cı səhifəsində də qeyd edildiyi kimi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə müqavilə və onu edilmiş əlavələr üzrə ödənilməli məbləğ ilə faktiki ödənilmiş məbləğ onların arasında fərqə görə (2.801.562 (ƏDV-siz)) hesablanmış 20% miqdarında əldən çıxmış faydanın məbləği 560.312 (ƏDV-siz) manat müəyyən edilmişdir. Audit rəyinin 55-ci səhifəsinə əsasən İddiaçı MMC layihə üzrə ümumilikdə 5.164.550 manat (ƏDV-siz) xərc çəkmişdir. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə müqavilə üzrə 5.100.000,00 AZN (ƏDV-siz) məbləğində ödəniş həyata keçirilmişdir. Beləliklə, İddiaçı MMC bu layihəni icra edən zaman 64.550,00 (ƏDV-siz) manat məbləğində əlavə xərc çəkmişdir. Yekun olaraq, qeyd edilənləri ümumiləşdirsək belə nəticəyə gəlirik ki, Cavabdeh MMC tərəfindən birtərəfli qaydada müqaviləyə xitam verilməsi nəticəsində İddiaçı MMC-yə 163 126 manat real maddi zərər, 560 312 manat əldən çıxmış fayda və 64.550,00 əlavə xərcə görə zərər olmaqla ümumilikdə 787 988 manat təşkil etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi (direktoru) X4 və hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı (podratçı) ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (baş podratçı), Cavabdeh MMC (sifarişçi) arasında podrat müqaviləsi bağlanılmışdır.
9. Qeyd edilmiş podrat müqaviləsi Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, Mərdəkan şosesinin cənub şərq hissəsində yerləşən “Qala supermarket” ticarət mərkəzinin (Rahat Gourmet) tikintisi ilə bağlı olmuşdur.
10. Podrat müqaviləsindən görünür ki, qeyd edilmiş işlərin ümumi dəyəri ƏDV xaric 7.793.025,60 manat təşkil etmişdir.
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia 3 hissədən: görülmüş işlərə görə ödənilməyən 64.550 manat (1), dəymiş real maddi zərərin əvəzi olaraq 163.126 manat (işçilərə ödənilən əmək haqqı və.s) (2), əldən çıxmış fayda olaraq 560.312 manat (3) pulun tələb edilməsindən ibarətdir.
12. İddiaçı tərəf iddianın birinci hissəsi ilə bağlı qeyd edir ki, onun tərəfindən 5.164.550 manat (ƏDV-siz) dəyərində işlər görülmüş ancaq cavabdeh tərəfindən 5.100.000,00 manat (ƏDV-siz) məbləğində pul ödənilmişdir.
13. Cavabdeh tərəf isə, buna etiraz edərək iddiaçı tərəfindən görülmüş işlərin bir hissəsinin keyfiyyətsiz olduğunu, ona görə də, həmin işlərin yenidən görüldüyünü və hətta iddiaçı tərəfindən görülmüş faktiki işlərin dəyərinin daha az olduğunu bildirmişdir. Bundan başqa da, qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilmiş tikinti sahəsindən çıxdıqdan sonra işlərin digər şəxslər tərəfindən görüldüyü və işlərin tamamlandığını bildirir.
14. Bu xüsusda Məhkəməq qeyd edir ki, qeyd edilən mübahisəli halın araşdırılması üçün iddiaçının sahədən nə vaxt çıxması və həmin çıxma anına hansı dəyərdə işlərin icra edilməsi müəyyən edilməlidir.
15. Məhkəmə iclasında iddiaçının hansı tarixdə sahədən tam çıxması halı soruşulmuş və hər iki tərəf də, xx.xx.2024-cü il tarixdə tam çıxdığını bildirmişlər.
16. Ona görə də, Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixə iddiaçı tərəfindən görülmüş faktiki işlərin dəyəri müəyyən edilməlidir.
17. Bununla bağlı Məhkəmə qeyd edir ki, iş materiallarında xx.xx.2024-cü il tarixə olan vəziyyətə dair hər hansı bir sənəd tərtib edilməmiş və qeyd edilmiş sahədə də, bütün işlər artıq digər podratçı tərəfindən icra edilmişdir.
18. Ona görə də, iddianın qeyd edilən hissəsinin həll edilməsi üçün tərəflərin iş materiallarında olan yazışmalar və digər sənədlər nəzərdən keçirilməlidir.
19. İş materiallarında olan və cavabdeh tərəfindən təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, Mərdəkan şosesinin cənub şərq hissəsində inşa edilən qeyri-yaşayış sahəsi üzrə aparılmış işlərin gözlə görünən və faktiki yerində mövcud olan işlərin dəyəri 779.609 manat müəyyən etmişdir.
20. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı tərəf özü onun tərəfindən cavabdehə geri qaytarılmalı olan pulun 415.409 manat təşkil etməsini qeyd etmişdir.
21. Həmçinin həmin məktubdan görünür ki, iddiaçı betonun keyfiyyətsiz olmasını ondan asılı olmayan səbəblərdən, "xxxx" MMC və "xxxx" MMC-nin keyfiyyətsiz məhsulu ilə əlaqələndirmişdir.
22. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf onun tərəfindən məhz 5.164.550 manat (ƏDV-siz) dəyərində işlərin görülməsini sübuta yetirə bilməmişdir. Ona görə də, iddia təmin edilə bilməz.
23. Məhkəmə iddianın digər hissəsi yəni, dəymiş real maddi zərərin əvəzi olaraq 163.126 manat pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
24. İddiaçı qeyd edilən pulun işçilərə boşdayanma hallarına görə ödənilən pul olduğunu bildirmişdir.
25. Cavabdeh tərəf qeyd edilən hissə ilə bağlı qeyd edir ki, boşdayanma hallarını cavabdehin təqsirinə görə olmamış, Mərdəkan şossesinin strateji yol olduğunu və Azərbaycan Respublikasını Prezidentinin Mühafizə Xidmətinin göstərişi və məktubu ilə dayandırıldığını qeyd etmişdir.
26. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiasının qeyd edilən hissəsini də, əsaslandıra bilməmişdir. Belə ki, görünür ki, boşdayanma halları cavabdehin təqsirindən baş verməmişdir. Bundan başqa da, cavabdehin özü məhkəmə iclasında özlərinin başqa layihələr olduğunu, Sea Breeze layihəsində bina tikdiklərini qeyd etmişdir. Yəni, mübahisəli sahədə çalışanların digər layihələrdə iştirak etməməsi halını sübuta yetirə bilməmişdir.
27. Ona görə də, iddia təmin edilə bilməz.
28. İddianın digər hissəsi olan əldən çıxmış fayda olaraq 560.312 manat pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf əldən çıxmış faydanın nəyə görə yarandığını və nədən ibarət olması halını əsaslandıra bilməmişdir.
29. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov