Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-313/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 5547,80 manat sığorta ödənişinin, ödənilmiş 100,00 manat ilkin mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş xərcinin tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 5547,80 manat sığorta ödənişinin, ödənilmiş 100,00 manat ilkin mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus, ** JZ *** və ** JP *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı həmçinin, ** TH *** dövlət qeydiyyat nişanlı Daewo BS 090 markalı avtonəqliyyat vasitələri ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PY *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı, “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı və ** AE *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitələrinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar TP4915071, TP4626468 saylı inzibati tənbeh vermə haqqında qərar, həmçinin İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuş və cavabdehin sürücüləri müvafiq qaydada cərimə olunmuşlar. Müqavilə üzrə öhdəliyi əsasında sığortalı avtonəqliyyat vasitələrinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitələri təmir mərkəzlərinə yönləndirilmişdir. Tərtib olunmuş zərər aktlarına əsasən nəqliyyat vasitələrinə ümumilikdə 10547,80 manat dəyərində zərər müəyyən edilmişdir. İddiaçının sığorta aktlarına əsasən zərərçəkmiş nəqliyyat vasitələrinin təmiri üçün ümumilikdə 10547,80 manat məbləğində sığorta ödənişlərinin avtonəqliyyat vasitələrinin təmiri üçün elektron qaimələrə əsasən ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran nəqliyyat vasitələrindən olan ** JP *** dövlət qeydiyyat nişanlı Karsan Atak markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari sığortasının olması ilə bağlı dəymiş zərər məbləği olan 9662,48 manat zərər məbləğindən 5000,00 manat icbari sığorta üzrə ödənilmiş məbləğ çıxılmışdır. Digər zərərvuran nəqliyyat vasitələrinin isə icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Bu əsasla ümumilkidə yol-nəqliyyat hadisələri üzrə 5547,80 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçının bank hesabına ödənilməsini cavabdehdən xahiş etmiş, lakin, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Beləliklə, iddiaçı tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 5547,80 manat məbləğində vəsait cavabdehdən subroqasiya qaydasında tutulmalıdır . İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli Sığorta aktından və xx.xx.2020-ci il tarixli 7074 saylı zərər aktından görünür ki, ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 152,22 manat məbləğində müəyyənləşdirilmiş, həmin məbləğ "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sahibi "xxxx" MMC-yə ödənilmişdir. xx.xx.2021-ci il tarixli 107 saylı Subroqasiya tələbinin güzəşt edilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC həyata keçirilmiş 152,22 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu iddiaçıya güzəşt etmişdir. xx.xx.2021-ci il tarixli Sığorta aktından və Təhvil-təslim aktından görünür ki, ** AE *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 9662,48 manat məbləğində müəyyənləşdirilmiş, həmin avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən 9662,48 manat məbləğ müqabilində təmir olunaraq saz vəziyyətdə avtomobil sahibinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Sığorta aktından və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, ** PY *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 733,10 manat məbləğində müəyyənləşdirilmiş, həmin məbləğ iddiaçı tərəfindən sığortalanmış avtomobilin sahibi "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, cavabdehə məxsus avtomobillərin idarə edilməsi zamanı cavabdehin sürücülərinin təqsirli hərəkətləri nəticəsində digər şəxslərə məxsus avtomobillərə zərər dəymiş, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cərimə edilmişlər və iddiaçı avtomobillərə dəymiş zərərləri ödəyərək, Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etdiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən subroqasiya qaydasında dəymiş ziyana görə 5547,80 manat sığorta ödənişi və ödənilmiş 100,00 manat ilkin mediasiya sessiyası xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-313/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-313/2023
23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver