Məhkəmə qərarları › İş №e-2-2(113)-3142/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3142/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3142/2023 14.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2022-ci ilin iyun ayının əvvəlinə yığılmış iddiaçı qarşısındakı 9.378.295,63 manat məblğində borcu cavabdehdən iddiaçının xeyrinə tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya 940 saylı müqavilə üzrə guya iş həcminə daxil olmayaraq əlavə iş qismində yerinə yetirilmiş işlərə görə 2020-ci ilin iyun ayından 2022-ci ilin mart ayına qədər olan dövr üçün cəmi 1.425.278,74 manat pul tələbinin əsassız hesab edilməsi, iddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 410 manat və məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödənilmiş 5.479,15 manat məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi İddiaçı MMC-nin adından vəkil X2 tərəfindən imzalanmışdır. Digər tərəfdən iş materiallarına iddia ərizəsini imzalamaq üçün İddiaçı MMC-nin adından K.Səfərlinin adına verilmiş etibarnamə əlavə edilsə də, həmin etibarnamə İddiaçı MMC-nin baş direktorunun müavini Ariz Hüseynov imzalanmış, lakin Hüseynovun İddiaçı MMC-nin adından belə bir etibarnaməni vermək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Odur ki, məhkəmə İddiaçı MMC-nin adından vəkil K.Səfərlinin verdiyi hazırkı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 5.479,15 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar