Məhkəmə qərarları › İş №e-2-2(113)-3200/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3200/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3200/2022 24.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, iddaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyi üzrə 20.432 (iyirmi min dörd yüz otuz iki) manat borc məbləğinin, 200 manat mediasiya xərcinin, 300 manat vəkil xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC İddiaçı ilə ASFX 17/006 nömrəli 09 yanvar 2017-ci il tarixli Xidmət Müqaviləsi və həmin Müqaviləyə ASFX 17/006 nömrəli xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə, habelə, AFX21/015 nömrəli 07 may 2021-ci il tarixli Xidmət Müqaviləsi bağlamışdır. Bağlanmış xidmət müqavilələrinə uyğun olaraq Özbəkistan Respublikasında Daşkənt-Termez avtomobil yolunun (M-39) yenidən qurulması layihəsində körpü tikintisi üzrə sahə rəisi vəzifəsində çalışmışdır. 1-ci müqavilə üzrə hər ay üçün 3148 manat (ilk 2 ay üçün 2628 manat), 2-ci müqavilə üzrə isə hər ay 3831 manat xidmət haqqının ödənilməsinə razılıq verərək, Özbəkistan Respublikasına gedərək işləmişdir. Xidmət Müqaviləsi kimi rəsmiləşdirilmiş münasibətlər sahibkarlıq fəaliyyətinə aid edildiyindən, həm müqavilə şərtlərinə, həm də mövcud qanunvericiliyin (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu) tələblərinə uyğun olaraq xidmət haqqının köçürmə yolu ilə "xxxx" ASC-də açdığı bank hesabına ödənilməsi razılaşdırılmışdır. Əlavə olaraq, aviabiletlər də Akkord şirkəti tərəfindən təmin edilmiş, eləcə də il ərzində təqribən 15-20 günlük məzuniyyət verilmişdir. Lakin 1-ci müqavilə üzrə cavabdeh Akkord şirkəti hələ bugünədək ödənilməyən borcu qalmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, bank hesaba edilən köçürmələrlə bağlı Muğanbankdan rəsmi çıxarış almış, (Hesab No: AZ75MUGA**********00019AZM00) və hesablamaya əsasən həmin ödənilməyən rəqəm öz əksini tapır. 1-ci müqavilə üzrə çalışdığı 2 il 5 ay (ümumilikdə 29 ay) müddətində şirkət tərəfindən 2ay x 2628 + 27 ay x 3148 = 90.252 (doxsan min iki yüz əlli iki manat) AZN ödənilməli idi. Cavabdeh şirkət tərəfindən isə 1-ci müqavilə üzrə son ödəniş xx.xx.2021-ci il tarix olmaqla hazıradək 61.435 (altmış bir min dörd yüz otuz beş) manat ödənilmişdir. Habelə, 1-ci müqavilə üzrə olan pul borclarını nəzərə alaraq, Akkord şirkəti ilə bağlanılan 2-ci müqavilə üzrə ödənişlər bitdikdən sonra 3.129 (üç min yüz iyirmi doqquz) manat 1-ci müqavilədəki borca görə əlavə olaraq ödənilmişdir. Həmin məbləği də yaranmış borcdan çıxdıqda, onda cavabdeh tərəfindən 20.432 (iyirmi min dörd yüz otuz iki) manat vəsait ödənilməlidir. Adı çəkilən müqavilənin 3cü hissəsində qeyd edilən öhdəliklər layiqincə yetirilmişdir. Özbəkistan Respublikasında həyata keçirilən tikinti layihələrinin adı çəkilən dövlətdə təhvil alınması, eləcə də şirkət tərəfindən 2-ci müqavilə üzrə əməkdaşlığın təklif olunması bunun əyani sübutudur. Akkord şirkətinin nümayəndəsi ilə yazışma zamanı isə yalnız 14.732 (on dörd min yeddi yüz otuz iki) manat borclarının olduğu bildirilmişdir. Lakin dəfələrlə söz verilsə də bugünədək həmin məbləğ ödənilməmiş və zəhmətin qarşılığında şirkət tərəfindən hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh şirkətlə bağlanmış müqavilələrin 2 nüsxədə tərtib edilməsi göstərilsə də təkid nəticəsində yalnız imzalanmış müqavilənin surəti təqdim edilmişdir. Qarşı tərəfin müqaviləni mübahisələndirməsi tam əsassızdır. Belə ki, ortada müqavilə münasibətləri olmasaydı cavabdeh hansı əsasla təyyarə biletləri alıb iddiaçını Özbəkistan Respublikasına göndərir, yazışma, sənədləşmə aparır, habelə iddia ərizəsində qeyd etdiyi məbləğdə vəsaiti (61.435+3129 manat) ödəyirdilər. Göründüyü kimi faktiki münasibətlərin mövcudluğu müqavilə münasibətlərinin mövcudluğunu şübhə altına ala bilməz. Həmçinin, əgər ortada iddiaçının imzası ilə təsdiqlənmiş digər bir müqavilə mətni olsaydı qarşı tərəf bunu təqdim edərdi. Lakin, iddia tərəfinin əsaslandırılmış arqumentləri və onların mötəbərliyi qarşı tərəfin müqavilələrlə bağlı mülahizəsini sübuta və işin faktiki hallarına əsaslanmayan müdafiə taktikası hesab edir. Cavabdeh iddia ərizəsinə etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və İstifadəsi Qaydaları”na istinad edərək, vergi ödəyicisinin gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə- faktura hazırlayıb, təsdiq edib və göndərməli olduğunu bildirmişdir. Cavabdeh şirkətlə müqavilə bağlanarkən onlar tərəfindən münasibətlərin əmək müqaviləsi kimi deyil, məhz mülki hüquqi münasibətlər kimi rəsmiləşdirilməsi istənilmiş və həyata keçirilmişdir. İddiaçı körpü inşaat mühəndisidir və ömrü boyu bu peşə ilə məşğul olduğundan sahibkarlıq fəaliyyəti göstərmək, maliyyə uçot sənədlərini aparmaq, bəyannamə və digər bu kimi işlərin həyata keçirilməsində bir o qədər də bilgili deyildir. Lakin şirkət tərəfindən münasibətlər xidmət müqaviləsi kimi rəsmiləşdirilərək, iddiaçı kimi işçilərə söylənilmişdir ki, narahat olmayın elektron-qaimə, vergi hesabatları və s. bu kimi işlər sizin adınızdan şirkətin əməkdaşlarının köməyi İlə həyata keçiriləcəkdir. Bu məqsədlə iddiaçının adına olan “ASAN imza” cavabdeh şirkətin İnsan resursları şöbəsi tərəfindən götürülərək, adından elektron qaimə-fakturanın, bəyannamə və digər bütün hesabatların təqdim edilməsi üçün həyata keçirilirdi. Bununla əlaqədar olaraq iddiaçı insan resursları şöbəsindən Orxan müəllimlə əlaqə saxlamış, hesabatların vaxtında verilməsi və “Asan imza” ilə əlaqəli digər işlərin vaxtında icra edilib-edilməməsi ilə maraqlanmışdır. Məhkəməyə təqdim ediləcək “Whatsapp” proqramı üzərindən Orxan müəllimlə aparılan yazışmadan görünür ki, iddiaçının adına olan “ASAN imza” cavabdeh şirkətdədir və onlar tərəfindən Vergi, DSMF və s. orqanlarla kargüzarlıq aparılır. Göründüyü kimi qarşı tərəfin nə üçün elektron qaimənin vurulmaması ilə bağlı iddiasının əsası ondan ibarət olub ki, “ASAN imza”nın cavabdeh şirkətdə olub və arqumentlərini bunun üzərindən hesablayırdılar. Lakin, bütün yazışmalar saxlandığından, “ASAN imza”nın cavabdeh şirkətdə olması ilə bağlı “Whatsapp” proqramı üzərindən insan resursları şöbəsinin müdiri Orxan müəllimlə yazışmaları sübut kimi məhkəməyə təqdim edir. İddiaçı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, təqdim edilmiş iddia ərizəsində iddia müddəti ilə bağlı məsələ tam dəqiqliklə bildirilmişdir. Belə ki, təqdim edilmiş və iddiaçının bank hesabının olduğu Muğanbankdan çıxarış məhkəməyə təqdim edilmişdir. Çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir. Çıxarışda qeyd edilən məbləğin olduğu sətrdə ödənişin təyinatı olaraq xx.xx.2017-ci il tarixli müqaviləyə istinad edilmişdir. Habelə, həmin çıxarış üzrə daha əvvəlki ödəniş xx.xx.2019-cu ildir və yenə həmin sətrdə adı çəkilən müqaviləyə istinad edilmişdir. Hətta bu tarixdən müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddətini hesablasaq müddət 2022-ci İlin oktyabrında bitir. Göründüyü kimi cavabdehin xahişi əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə izahatında qeyd etmişdir ki, işlədiyi müddət ərzində əgər işlərini yerinə yetirməsəydi onu yenidən işləmək üçün çağırmazdılar. Özbəkistanda bütün aktlara özü qol çəkib gəlmişdir. İkinci müqavilə bitdikdən sonra qarşı tərəf birinci müqavilə üzrə də qalan borcunu ödəmişdir. Bütün bunlar orada işlədiyi halları sübut edir. Lakin qarşı tərəf bunun qarşılığında ödənişi tam həyata keçirməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizəni təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əlavə olaraq cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı təqdim etdiyi müqavilələr üzrə borcu təsdiq edən hər-hansı təhviltəslim aktı, e-qaimə əlavə etməmişdir. Müqavilələrin əsilləri də məhkəməyə təqdim edilməlidir. İddiaçının təqdim etdiyi müqavilələrin mətnindən görünür ki, ödəniş üçün əsas olan təhvil-təslim aktının mövcudluğu zəruridir. Belə ki, müqavilələrin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim” aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək nağd və ya bank köçürmə yolu ilə icraçıya ödənilir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: "xxxx" ASC “sifarişçi”, İddiaçı “icraçı” olmaqla imzalanmış 07 may 2021-ci il tarixli ASFX21/015 nömrəli müqaviləyə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M 30 Daşkənd-Termez magistral yolunun yenidən tikilməsi“ layihəsində körpü və suni qurğuların tikintisi üzrə işlərin icrasını və nəzarətini öz üzərinə götürür. "xxxx" ASC “sifarişçi”, İddiaçı “icraçı” olmaqla imzalanmış 09 yanvar 2017-ci il tarixli ASFX17/006 nömrəli müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən tikilməsi“ layihəsində körpü və suni qurğuların tikintisi üzrə işlərin icrasını və nəzarətini öz üzərinə götürür. İddiaçı və Vəkil arasında imzalanmış xx.xx.2022-ci il tarixli 167 nömrəli hüquqi yardımın göstərilməsinə dair müqavilə üzrə 100 manat ödəniş tərəflər arasında imzalanmış müqavilə ilə razılaşdırılmışdır. İddiaçı məxsus bank hesabından çıxarışdan məlum olur ki, müxtəlif tarixlərdə, eləcə də xx.xx.2021-ci il tarixində qeyd olunan hesaba xx.xx.2017-ci il tarixli müqavilə üzrə 7.500 manat məbləğində mədaxil olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xidmətlərin göstərilməsi barədə müqavilələr imzalanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməli olduğu halda tam olaraq icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr üzrə cavabdehin borcunu təsdiqləyən hal yoxdur. Əlavə olaraq cavabdeh hazırki iş üzrə 3 illik iddia müddətinin tətbiq edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia tələbi birbaşa sübutetmə yükü ilə bağlıdır. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, hazırki işə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus bank hesablarından çıxarışdan məlum oldu ki, ayrı-ayrı dövrlərdə cavabdeh tərəfindən iddiaçıya hazırki iş üzrə mübahisələndirilən müqavilələr üzrə ödənişlər olmuşdur. Hazırda mübahisələndirilən müqavilələr 07 may 2021-ci il tarixli və 09 yanvar 2017-ci il tarixli müqavilələrdir. Qeyd olunan birinci müqavilə üzrə iddia müddətinin tətbiqi üçün əsaslar möcud deyil. İkinci müqavilə üzrə isə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, müqavilə 09 yanvar 2017-ci il tarixdə imzalanmış, sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixində 7.500 manat məbləğində olmuşdur. Belə olan halda isə hər iki müqavilə üzrə iddia müddəti tətbiq edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən sifarişçi tərəfindən ödəniş icra olunmuş iş haqqında təhvil-təslim aktı imzalandıqdan sonra icraçıya ödənilir. İddiaçı tərəfindən görülümüş işlərin təhvil verilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində mediasiya xərci eləcə də vəkilə ödənilmiş 300 manat məbləğində ödəniş iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar