Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-322/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2.733,50 (iki min yeddi yüz otuz üç manat əlli qəpik) manat sığorta ödənişinin, ödənilmiş 60,00 manat ilkin mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus sürücü X2 tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı Karsan 561 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü X2 təqsirli bilinmişdir. Müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PB *** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2528,39 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 455,11 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 2 733,50 (iki min yeddi yüz otuz üç manat əlli qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Sığorta tərəfindən sığortalıya ödənilmiş 2.733,50 (iki min yeddi yüz otuz üç manat əlli qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işirakı olmadan işə baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozulmasına görə 40 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən bilən halın təfərrüatları barədə arayışda qeyd olunmuşdur ki, Bakı şəhəri Azadlıq prospekti ünvanında xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş təqsiri olan şəxslər barədə məlumatda, **-JK-*** dövlət qeydiyyat nişanlı “KARSAN” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh MMC qeyd olunmuşdur. MC-M1-1179/19 nömrəli avtonəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinə əsasən "xxxx" QSC-yə məxsus “Toyota RAV-4” markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən etibarən, xx.xx.2022 tarixinədək sığortalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən 3.349 manat sığorta haqqı, 49.980 manat sığorta məbləği, 250 manat şərtsiz azadolma məbləği qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli sığorta aktında 2.983,50 manat (iki min doqquz yüz səksən üç manat, 50 qəpik) zərər məbləği, 2.733,50 manat (iki min yeddi yüz otuz üç manat, 50 qəpik) sığorta ödənişi qeyd olunmuşdur. Qeyd olunan sənəd imzalanmamış, təsdiqlənməmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq, **-PB-*** nömrəli “Toyota Rav-4” marakalı avtonəqliyyat hadisəsi "xxxx" ASC tərəfindən 2.983,5 manat zərər məbləği müqabilində təmir olunaraq, təhvil verilmişdir. Qeyd olunan akt təmir müəssisəsi “Toyota BM”, zərərçəkən şəxs tərəfindən imzalanmış, imzalayan şəxslərin adları qeyd olunmamışdır. EBAH seriyalı 654232 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.983,5 manat məbləğində görülmüş işlərlə bağlı "xxxx" Bakı Mərkəzi MMC tərəfindən "xxxx" ASCyə ödənilməsi üçün təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində yolnəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən X2 yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 cərimə edilmişdir. İddiaçı "xxxx" MMC baş vermiş sığorta hadisəsi nəticəsində **-PB-*** nömrəli “Toyota Rav- 4” marakalı nəqliyyat vasitəsinə dəymiş zərəri tam olaraq ödəmişdir. Hazırda iddiaçı nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilmiş xərcin subroqasiya qaydasında Cavabdeh MMC-dən tutulmasını tələb edir. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. AR Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Qeyd olunan Məcəllənin 1096-cı maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutları əsas götürərək, hesab edir ki, iddia tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapdığından təmin edilməlidir. Belə olan halda 2.733,50 (iki min yeddi yüz otuz üç manat əlli qəpik) manat cavadehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiası təmin edilməli, Cavabdeh MMC-dən 2.733,50 (iki min yeddi yüz otuz üç manat əlli qəpik) manat ödənilmiş 60,00 manat ilkin mediasiya xərci tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2.733,50 (iki min yeddi yüz otuz üç manat əlli qəpik) manat ödənilmiş 60,00 manat ilkin mediasiya xərci tutularaq, "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-322/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-322/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver