Məhkəmə qərarları › İş №e-2-2(113)-326/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-326/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-326/2023 28.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecişdirilməsinə görə 230000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən "xxxx" ticarət mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta məbləği 180923 (yüz səksən min doqquz yüz iyirmi üç) manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat müəyyən olunmuşdur. Həmin ticarət mərkəzi “Cin Bazarı” adlandırılmış və İddiaçı həmin bazarın faktiki rəhbəri olmaqla idarəçiliyi həyata keçirmiş və oradan faydalanmışdır. X16 isə həmin ticarət sahəsini idarə edərək İddiaçı göstərişi ilə icarə haqlarını yığmışdır. 11 aprel 2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmaqla Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış "xxxx" və 03 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin birgə mülkiyyətlərində olan, müxtəlif növ kommersiya sahələrinin icarəyə verilməsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin 26 mart 2019-cu il tarixdə yanması nəticəsində cəmi 384 nəfər icarəçiyə məxsus ümumilikdə 26511289 (iyirmi altı milyon beş yüz on bir min iki yüz səksən doqquz) manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və sair mallardan ibarət əmlak yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman "xxxx" MMC-də fəaliyyət göstərmiş icaraçilərə cəmi ******* manat, "xxxx" və "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi ******* manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən icarəçilərə cəmi ******* manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. "xxxx" MMCdə fəaliyyət göstərmiş 106 icarəçiyə cəmi ******* manat, "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi ******* manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən 130 icarəçiyə qarşılıqlı razılıq əsasında ******* manat vəsait ödənilmişdir. Bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bаş vеrmiş hаdisə zаmаnı 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək 180923 mаnаt məbləğində sığоrtа оlunmuş "xxxx" ticarət mərkəzinə (“Cin Bazarı” adlandırılmış) külli miqdаrdа mаddi ziyаn dəymişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilməmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmаmışdır. Hаlbuki sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı "xxxx" ticarət mərkəzindən (“Cin Bazarı” adlandırılan ticarət mərkəzi) faydalanan şəxs olaraq İddiaçı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin ərizə qəbul edilməsinə baxmayaraq, ərizəyə rəsmi cavab verilməmişdir. Bundan sonra İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklif göndərilərək təklifdə qeyd olunanların 10 gün ərzində qəbul edilməsi və ya tərəflərin mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlməsi təklif olunmuş, razılığa gəlmədikdə isə ilkin mediasiya sessiyasının mediasiya təşkilatı tərəfindən aparılacağı nəzərə çatdırılmışdır. Lakin təklifin 29 sentyabr 2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq, təklifə münasibət bildirilməmişdir. Buna görə də 10 rəsmi iş günündən sonra İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Mediasiya təşkilatına müraciət olunaraq, 180423 manat sığorta ödənişinin və 230000 manat dəbbə pulunun tutulması ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırmaq istədiyi bildirilmişdir. Həmçinin İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin e-poçtuna elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya göndərilərək orada qeyd olunanlara 5 gün müddətində rəsmi münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin pretenziyaya baxılmasına baxmayaraq, buna da münasibət bildirilməmişdir. İlkin mediasiya sessiyasının 24 oktyabr 2022-ci il tarixə təyin olunmasına baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. Buna görə də Bakı şəhəri 11 saylı Mediasiya təşkilatı tərəfindən İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ödəməli olduğu sığorta ödənişi 180773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 26 mart 2019-cu il tarixdən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230000 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Eyni yanaşmaya uyğun formalaşmış sığorta qanunvericliyində, yəni AR Mülki Məcəlləsinin 889-cu maddəsində göstərilmişdir ki, “sığorta marağı” sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülkihüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işə götürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. Sığorta marağı mövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyildir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. İddiaçı iddia ərizəsində və keçirilən məhkəmə iclaslarında bildirmişdir ki, "xxxx" Ticarət Mərkəzinin tərkibində “Cin Bazarı” adlandırılmış hissə olmuş və İddiaçı həmin hissəni sığorta etdirmişdir. Ona görə də, İddiaçı "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 180773 manat sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qüvvəyə minmiş 1(007)-11/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən “Cin bazarı" adlanan hissə X16 məxsus olmuşdur. Yanğın baş verən zaman o, Bakı şəhərində olmamışdır. Bundan başqa İddiaçı “Cin bazarı" adlanan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış, texniki pasport, icarə müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. O cümlədən məhkəməyə təqdim edilmiş sığorta müqaviləsinin “Cin bazarı" adlanan daşınmaz əmlaka aid olmasına dair hər hansı qeyd və ya sübutlar mövcud deyildir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştiakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, iş materiallarından görünür ki: - BA seriyalı, 870111 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, sığortalı - İddiaçı olmaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən obyekt "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmış, sığorta məbləği 180923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 Q, qapı 2, 3, 2-ci mərtəbə qapı 4, 5, 3cü mərtəbə qapı 6 qeyri-yaşayış sahəsinin hüquq subyekti "xxxx" MMC-dir (Reyestr nömrəsi: **********22-06301-083002). - 17 mart 2021-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında Qərarda qeyd edilmişdir ki, 1) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilsin; 2) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X17 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilsin; 3) qərar barədə maraqlı şəxslərə məlumat verilsin; 4) əməllərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində cinayət təqibi davam etdirilsin. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-11/2022 saylı Hökmü ilə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X7 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90000 (doxsan min) manat pulun 40000 (qırx min) manatı zərərçəkmiş şəxs X3, 50000 (əlli min) manatı zərərçəkmiş şəxs X6 verilməsi, zərərçəkmiş şəxs – mülki iddiaçı X8 mülki iddiası baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməsi, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar və yanğına məruz qalmış elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 1075,52 (bir min yetmiş beş manat, əlli iki qəpik) manat ekspertiza xərci X1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməsi hökm edilmişdir. - İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, 180773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecişdirilməsinə görə 230000 manat dəbbə pulunun 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sığortalı - İddiaçı olmaqla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmışdır. Bundan sonra sözügedən ticarət mərkəzində yanğın, sığorta hadisəsi baş vermişdir. Sığorta obyektinin İddiaçı mülkiyyətində olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı ticarət mərkəzində ticarət obyektlərinə faktiki idarəçiliyi həyata keçirməklə, oradan faydalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 886.1-ci maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. 886.2-ci maddəsinə əsasən qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz. 886.3-cü maddəsinə əsasən sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.Göstərilən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öz təsdiqini tapmır. Göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 9.4-ci maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini və dəbbə pulunu ödəmək öhdəliyi yaranmışdır. Ona görə də iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə cavabdehin iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə iddianın rədd edilməli olması mövqeyi ilə razılaşmır. Belə ki, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Məhkəmənin qənaətinə əsasən MM-nin 886.2-ci maddəsinin mənası baxımından hazırkı sığorta obyekti sığorta obyekti ola bilməyən obyektlər siyahısına daxil deyil. Tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış, iddiaçıya icbari sığorta şəhadətnaməsi verilmiş və sığorta haqqı ödənilmişdir. Ona görə də məhkəmə hazırda cavabdehin iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın rədd edilməli olmasına dair mövqeyi ilə razılaşmır. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 180773 manat sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı İddiaçı "xxxx" MMC-nin adından "xxxx" ASC-yə məlumat vermiş və tələb olunan sənədlər sığorta şirkətinə hadisədən sonra 1 (bir) ay müddətində təqdim edilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə istinad etməklə, xx.xx.2019-cu il tarixindən (yanğın hadisəsinin baş verdiyi tarix) sığorta ödənişinin gecikdirilməsinə görə 230000 manat dəbbə pulunun ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC və İddiaçı iddia ərizəsində təsdiq edir ki, xx.xx.2019cu il tarixli yanğın hadisəsindən sonra 1 (bir) ay ərzində "xxxx" ASC-yə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmişdir. Ona görə də təxminən xx.xx.2019cu il tarixindən başlamaqla 7 (yeddi) iş günündə cavabdeh sığortaçı sığorta ödənişi həyata keçirilməli idi. Deməli iddiaçı tərəf: 1) xx.xx.2019-cu il tarixli yanğın hadisəsindən sonra 1 (bir) ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi faktını; 2) sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsindən sonra 7 iş günündə cavabdeh "xxxx" ASC-nin sığorta ödənişinin icra etməli (ödəməli) olduğu halını mübahisələndirmir (təsdiq edir). İddiaçının hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu məbləğinin hesablamasına nəzər salınsa, hesablama: 230000 / 180773 (180923 sığorta məbləği - 150 azad olma) / 0.1% = 1272 gün (3 il 5 ay 23 gün) müddətinə aparılmışdır. Bu o deməkdir ki, iddiaçı dəbbə pulunun hesablanması zamanı da cavabdeh sığortaçının 3 il 5 ay 23 gün əvvəl sığorta ödənişini icra etməli olduğunu təsdiqləyərək penya məbləğini qeyd etdiyi müddətdən götürmüşdür. Bundan başqa qeyd olunur ki, xx.xx.2019-cu il tarixində cavabdeh sığortaçı mətbuatda (fed.az, news.milli.az, big.az, rubrika.az, big.az, baku.ws) “Bu günə olan məlumata görə "xxxx" ticarət mərkəzi "xxxx" ASC-də sığorta olunmamışdır. Yalnız ona yaxın zərərçəkənlərdən "xxxx" ASC-yə müraciət olmuşdur” açıqlama vermişdir. O cümlədən sözügedən yanğın hadisəsi ilə bağlı cavabdeh "xxxx" ASC "xxxx" ticarət mərkəzinin yaxınlığında yerləşən sığorta predmetləri üzrə: 1) xx.xx.2019-cu ildə “Elşən firması”na daşınmaz əmlaka üçün 2787 manat; 2) xx.xx.2019-cu ildə “Kəngərli Firması”na daşınmaz əmlak üçün 10120 manat; 3) xx.xx.2019-cu ildə X4 daşınmaz əmlak üçün 6000 manat; 4) xx.xx.2019-cu ildə "xxxx" MMC-yə daşınmaz əmlak üçün 9487 manat; 5) xx.xx.2019-cu ildə X5 daşınar əmlak üçün 18000 manat; 6) xx.xx.2019-cu ildə X5 daşınmaz əmlak üçün 8000 manat sığorta ödənişi həyata keçirmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli məhkəmə (e-2-2(113)-6616/2022) iclasında "xxxx" MMC-nin və iddiaçı (direktoru) İddiaçı səlahiyyətli nümayəndələri bu ödənişlərdən xəbərlərinin olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1, 377.2 maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İlk növbədə “Sığorta müqavilə tələbləri üzrə iddia müddətinə” dair hüquqi mövqe bildirilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1, 934.2-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 və 18.2-ci maddələrində qeyd olunub ki, ... nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci və 377.2-ci maddələrə əsasən iddia müddətinin axımı: 1) şəxsin öz hüququnun pozulduğunu bildiyi gündən başlanır; 2) şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu gündən başlanır; 3) icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, hazırkı mübahisə üzrə sığorta qanunvericiliyi sığorta ödənişinin icra (ödənilmə) müddətini 7 iş günü müəyyənləşdirmişdir. İddiaçı "xxxx" MMC və iddiaçı (direktoru) İddiaçı (səlahiyyətli nümayəndələri) iddia ərizəsində və şifahi məhkəmə iclaslarında təsdiq edirlər ki; 1) "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi haqqında dərhal məlumat vermişlər; 2) hadisəsindən sonra 1 (bir) ay müddətində sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədləri təqdim etmişlər; 3) lakin onlara sığorta ödənişi (kompensasiya) verilməmiş və ya sığorta ödənişinin verilməsindən imtina məktubu göndərilməmişdir; 4) digər şəxslərə sözügedən yanğın hadisəsi üzrə ödənilən sığorta ödənişlərindən xəbərləri olmuşdur. 5) xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən mətbuata "xxxx" ticarət mərkəzinin sığorta olunmamasına dair bəyanat verilmişdir. Buradan belə bir nəticə hasil olunur ki, sözügedən sığorta mübahisəsi üzrə iddia müddəti sığortalı "xxxx" MMC və iddiaçı (direktoru) İddiaçı yuxarıda göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişindən tam və ya qismən imtina edildiyini bildiyi və ya bilməli olduğu gündən və ya sığorta ödənişinin verilməsi (ödənilməsi) üçün müəyyən edilmiş icra müddəti bitdiyi andan (gündən) başlanır. Əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında formalaşmış təcrübədən də müəyyən edilir ki, sığorta şirkəti sığorta pulunun ödənilməsindən imtina etmədiyini bildirsə belə, iddiaçının ödənilməsini tələb etdiyi vəsaitin qismən ödənilməsinə razılıq verməsi, tələb olunan vəsaitdən qalan məbləğdə pulun ödənilməsindən imtina kimi başa düşülür. Mövcud olan faktlardan görünür ki, xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsindən sonra "xxxx" MMC və iddiaçı (direktoru) İddiaçı sığortaçıya yanğın hadisəsi haqqında dərhal məlumat verməyinə, hadisədən sonra 1 (bir) ay müddətində sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədləri təqdim etməyinə, cavabdeh "xxxx" ASC-nin sığorta ödənişi (kompensasiya) verməməsinə və ya sığorta ödənişinin verilməsindən imtina məktubu göndərməməsinə baxmayaraq qanunla müəyyənləşdirilmiş qaydada məhkəmədə iddia tələbi irəli sürməmişdir. Yəni qanunla müəyyən edilmiş 3 (illik) iddia müddətinin axımı başlamış, lakin iddiaçı bu müddəti ötürmüşdür. Göründüyü kimi, sığorta müqavilələri üzrə iddia müddəti qanunla üç il müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC və iddiaçı (direktoru) İddiaçı xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi haqqında cavabdeh "xxxx" ASC-yə dərhal məlumat vermiş və təxminən xx.xx.2019-cu il (hadisədən sonra 1 (bir) ay müddətində sənədlərin təqdim edilməsi) tarixindən başlamaqla 7 (yeddi) iş günündə sığorta ödənişinin verilməməsindən, digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sığorta ödənişlərinin verilməsindən, mətbuatda gedən açıqlamadan xəbərdar idi və ya xəbərdar olmalı idi. Lakin "xxxx" MMC və iddiaçı (direktoru) İddiaçı xx.xx.2022-ci il tarixində iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bununla da iddiaçılar xx.xx.2019-cu il (hadisədən sonra 1 (bir) ay müddətində sənədlərin təqdim edilməsi) tarixindən 7 (yeddi) iş günündən sonra xx.xx.2019-cu il tarixindən başlamaqla 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün sonra məhkəməyə müraciət etməklə sığorta müqavilə tələbləri üzrə 3 (üç) il iddia müddətini ötürmüşlər. AR Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia ərizəsində də qeyd olunur ki, sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilməmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmаmışdır. Beləliklə, sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir Qeyd olunmalıdır ki, Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsinə əsasən "xxxx" ticarət mərkəzi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 05 iyun 2018-ci il tarixdən 04 iyun 2019-cu il tarixədək sığortalanmışdır. Sığorta hadisəsi 26 mart 2019-cu il tarixdə baş vermişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar