Məhkəmə qərarları › İş №e-2-2(113)-328/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-328/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-328/2024 09.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “boruların bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “boruların bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən sökülmüş, əvvəllər X4 zavodunun təchizatı üçün çəkilmiş qaz kəmərinin tam həcmdə eyni növlü və keyfiyyətli borularla əvvəlki vəziyyətində bərpa edilməsinin təmin edilməsi, qaz kəmərinin bərpası mümkün olmadıqda, iddiaçıya dəymiş maddi ziyan qismində 666.580 manat və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 100 manat cəmi 666,680 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sabiq Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1982-ci ildə sabiq Azərbaycan SSR Kənd Təsrrütatı Nazirliyinin Şamxor Morul kəndinin Nərimanov adına sovxozunda 1 saylı Şərab zavodunun tikintisinə qərar verilmişdir. Nərimanov adına sovxozun 1 saylı Şərab zavodunu qazla təmin etmək üçün, Şamxor (Şəmkir) rayonu Dəllər qəsəbəsində mövcud olan AQRP-dən Şamxor Maşın kanalı (Sarıtəpə) qəsəbəsi istiqamətinə diametri 159x8 mm olan, uzunluğu 4,5 km polad borularla Orta təzyiqli müstəqil Maqistral qaz kəməri çəkilmişdir. Həmin qaz kəmərinin çəkilməsinə razılığı sabiq Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsinin xx-xx/3013 saylı xx.xx.1984cü il tarixli məktubu ilə verilmişdir. SSRİ Yeyinti Nazirliyi “İttifaqyeyintisənayelayihə” İnstitunun, “Dövlətyeyintisənayelayihə” 2 Saylı Bakı filialının 1983-cü ildə verdiyi Layihədəki qeydiyyat və Azərbaycan Kəndtikinti Laihə İnstutu tərəfindən işlənmiş layihə əsasında çəkilmiş, uzunluğu 4,5 km d-159x8 mm olan Orta təzyiqli müstəqil Maqistral qaz kəməri "X4" ASC-yə məxsus olmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən 1984-cü ildən çəkilmiş qaz kəməri həmin tarixdən də “X4” zavodunun sahibliyində və istifadəsinə verilmişdir. Lakin 10 avqust 2020-ci il tarixdə Cavabdeh MMC-nin işçiləri tərəfindən gizlincə, "X4" ASC-yə bildirilmədən fabrikə gedən uzunluğu 4,5 km d-159x8 mm olan Orta təzyiqli müstəqil Maqistral qaz kəmərinin boruları qaynaq vasitəsi ilə kəsilərək, yük avtomobilləri vasitəsi ilə onlara məlum olmayan ünvana daşınmışdır. "X4" ASC-yə məxsus qaz xəttinin boruları kəsildikdən sonra Fabrikdə istehsalat prosesi dayandırılmışdır və bu günə qədər də qazın veriməməsi səbəbindən istehsalın bərpası mümkün olmamışdır. Bundan başqa Cavabdeh MMC-nin rəhbərliyi ilə qaz borularının tam həcmdə və əvvəlki vəziyyətdə bərpa edilməsinin təmin edilməsi ilə bağlı aparılmış çoxsaylı danışıqlar heç bir nəticə vermədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi Cavabdeh MMC-nin iddiaçıya məxsus qaz borularının kəsilib götürülməsi ilə bağlı hərəkətləri mülki hüquq pozuntusundan irəli gəlmişdir. Belə ki, cavabdeh təqsirli, qanunazidd hərəkətlərlə "X4" ASC-yə birbaşa zərər vurmaqla özü əsassız varlanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

7. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsini şərti olaraq iki hissəyə bölmək olar: 1-cisi qaz borularının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, 2-ci hissə isə qaz borularının sökülməsinə görə dəymiş ziyan üzrə 666.580 manat pulun tutulması.

8. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından qeyd edilmiş qaz borularının kimə aid olduğu, qaz borularının aparılıb-aparılmaması və əgər aparılıbsa kim tərəfindən həyata keçirilməsi və sonuncu hərəkətin qanuniliyi araşdırılmalıdır.

9. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı tərəf "X4" ASC-yə məxsus 4,5 km d- 159x8 mm qaz xəttinin borularının Cavabdeh tərəfindən kəsilib aparıldığını bildirmişdir.

10. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh tərəf isə qeyd edilmiş qaz xətti borularının "X4" ASC-nin deyil, “Azəriqaz” İB-nin balansında olduğunu, “Azəriqaz” İB tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli əmlakın ləğvi aktına əsasən mübahisəli boruların çıxarılması ilə bağlı “Azəriqaz” İB tərəfindən qərar qəbul edildiyini və “Azəriqaz” İB ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin bu xidmətləri yerinə yetirdiyini bildirmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "X4" ASC yaradılarkən emissiya prospektində (özəlləşdirmə planında) müəssisədə yaradılmış özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktda və “X5 Məmulatı zavodu”nun balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışda qaz xətti haqqında heç bir məlumat qeyd edilməmişdir.

12. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf Cavabdeh tərəfindən çıxarılmış qaz borularının məhz "X4" ASC-yə məxsus olmasına dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi tərəfindən verilmiş məktuba münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən məktub qaz borularının "X4" ASC-yə məxsusluğunu yox, qaz xəttinə qoşulmaya razılıq məzmunu daşıyır.

14. Göründüyü kimi, "X4" ASC-nin balansında hər hansı bir qaz borularının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

15. İş materiallarından görünür ki, “Azəriqaz” İB ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı adları və qiymətləri bu müqavilənin 01 nömrəli qoşmasında göstərilən istehsalat fəaliyyəti nəticəsində aşınmış, funksionallığını itirmiş, korlanmış, demontaj olunmuş, istismara yararsız olan metal boruların, istifadəyə yararsız sayğacların və digər metal konsruksiyaların silinməsi nəticəsində əmələ gələn qara metal qırıntılarını satmağı, alıcı isə həmin məhsulu almağı öz öhdələrinə götürürlər. Müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı istifadəyə yararsız metal boru hissələrinin torpağın alt hissəsindən qazıb çıxarılmasını və yenidən boş sahənin torpaqla doldurulmasını öz öhdəsinə götürmüşdür.

16. Bundan başqa, iş materiallarında olan “Azəriqaz” X1 İstismarı İdarəsinin xx.xx.2020-ci il tarixli əmlakın ləğvi aktından görünür ki, Şəmkir rayonu Sarıtəpə kəndinə gedən 159x4.0 mm-2524 p/m yerüstü, 159x4.0 mm-26 p/m yeraltı qaz kəmərlərinin istismar vəziyyəti yoxlanılmış, mübahisə predmeti olan qaz boruları yararsız hala düşdüyü və istismara yararsız hesab edildiyindən ləğv edilməsi qərara alınmışdır

17. İşdə olan xx.xx.2020-ci il tarixli “Azəriqaz” İB tərəfindən ünvanlanmış telefonoqramdan görünür ki, “Azəriqaz” İB və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Şəmkir RQİİ-nin balansından silinmiş, Şəmkir XS ərazisindən (Sarıtəpə, Şiştəpə, Düyərli kəndləri) 159 mm-lik 4564 p/m, 219 mm-lik 1922 p/m, 273 mm-lik 113 p/m polad qaz borularının sənədləşdirilərək müqavilənin icrasını təmin etmək üçün Cavabdeh MMC-yə təhvil verilməsi qeyd olunmuşdur.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktlara əsasən “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli telefonoqrammasına əsasən Şəmkir RQİİ-nin Şəmkir XS-nin ərazisindən demontaj edilmiş (159 mm – L =1218.98 p/metr) və (159 mm – L =1295.03 p/metr) metal borular Cavabdeh MMC-yə təhvil verilmiş və Cavabdeh MMC tərəfindən 2514 p/metr boru qazılaraq çıxarılmışdır.

19. Qeyd edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh MMC yalnız xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Yəni, “Azəriqaz” İB tərəfindən ləğv edilmiş qaz borularını sonuncunun sifarişi əsasında çıxarılmasını təmin etmişdir.

20. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən "X4" ASCyə hər hansı qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində zərər vurması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, Cavabdeh MMCnin təqsirli olması kimi hallar olmadığından iddia təmin edilə bilməz.

21. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 856,50 manat məbləğində pul “X4” Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

22. Belə ki, iddiaçı ilk dəfə qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmiş, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən 666.580 manat məbləğində pul tələbi ilə bağlı (956,50-100) 856,50 manat dövlət rüsumu ödəməli olduğu halda ödəməmişdir.

23. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

24. Beləliklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

“X4” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “boruların bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumunun əvəzi olaraq 856 (səkkiz yüz əlli altı) manat, 50 (əlli) qəpik məbləğində pul “X4” Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar