Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3306/2024 31.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 29.900 manat əsas borc, əsas borcun gecikdirilmiş hər gün üçün 1%-lə hesablanmış 4.485 manat penya borcu və iş üzrə ödənilmiş 193,16 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə “Podrat haqda satınalma Müqaviləsi” bağlanmışdır. Müqavilənin predmeti aşağıdakı kimidir; “Tərəflər təsdiq edirlər ki, İcraçı bu Müqavilənin Qoşma 1-də sadalanan “İşlərin və materialların adları” siyahısındakı materialları və işləri öz işçi qüvvəsi hesabına icra etmiş və nəticəsini Sifarişçiyə tam hazır təhvil vermişdir. Tərəflər arasında podratın razılaşdırılmış ümumi dəyəri 37.940 manat təşkil etmişdir. İcraçının Sifarişçiyə Bakı şəhəri, Neftçilər pr., Park Bulvar kompleksində təhvil verdiyi tamamlanmış İşlərdə Sifarişçi tərəfindən qüsur aşkar olunmamışdır və təhvil alınmışdır. Sifarişçi təhvil verilmiş işlərin qarşılığına Müqavilənin ümumi dəyərindən yalnız 8.000 ödənişi icraçının bank hesabına köçürmüşdür. Sifarişçinin icraçıya bugünə olan qalıq borc məbləği 29.900 manat təşkil edir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli podrat müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən podratın razılaşdırılmış ümumi dəyəri 37.940 manat təşkil edir.
11. Məhkəmə hazırlıq iclasında müqavilənin predmetinin nə olması tərəflərdən soruşulmuş və hər iki tərəf də, “VMF” mağazasının mebel işlərinin görülməsi ilə bağlı işlər olduğunu bildirmişlər.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı MMC-nin üzərinə düşür.
14. İşə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.3-cü bəndindən görünür ki, sifarişçi təhvil verilmiş işlərin qarşılığında malların ümumi dəyərindən yalnız 8000 manat ödənişi icraçının bank hesabına köçürmüş və sifarişçinin bü günə olan borcu 29.900 manat təşkil edir.
15. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 8.000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür.
16. Məhkəmə qeyd edir ki, qeyd edilən müqavilənin də, məzmununa nəzər yetirildikdə görünür ki, qeyd edilən müqavilə bir növ artıq görülmüş olan işlərin təsbiti və borcun etirafı xarakteri daşıyır.
17. Məhkəmə hazırlıq iclasında cavabdeh tərəfdən, qeyd edilmiş “VMF” mağazasında mebel işlərinin görülməsi sifarişinin İddiaçı MMC-yə kimin sifariş verilməsi soruşulmuş və cavabdehin direktoru olan Qanuni nümayəndə da, sifarişin onun tərəfindən verildiyini bildirmişdir.
18. Bundan başqa məhkəmə hazırlıq iclasında cavabdeh tərəfdən qeyd edilmiş müqavilədə nəzərdə tutulmuş bütün işlərin icra edilib-edilməməsi soruşulmuş və cavabdehin direktoru olan Qanuni nümayəndə da, bütün işlərin görüldüyünü bildirmişdir.
19. Belə olan halda, Məhkəmə hesab edir ki, podratçı İddiaçı MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmiş, ona görə də, sifarişçinin müqavilə üzrə borcun ödəmək öhdəliyi yaranmışdır.
20. İddiaçı tərəfin də, 29.900 manat manat pulu tələb etməsi halını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsaslıdır.
21. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində, iddia qismən əsaslıdır.
22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
23. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
24. Bundan başqa Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,2 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 29.900 (iyirmi doqquz min doqquz yüz) manat, cərimə borcu üzrə 1.500 (bir min beş yüz) manat olmaqla, cəmi 31.400 (otuz bir min dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (bir yüz səksən dörd) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov