Məhkəmə qərarları › İş №e-2-2(113)-334/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-334/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-334/2022 31.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “X17 Sistemləri Anonim” Şirkətinin nümayəndəsi və vəkili X7, İddiaçı “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni nümayəndəsi Qanuni nümayəndə, İddiaçı “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3, İddiaçı “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının və “X17 Sistemləri Anonim” Şirkətinin Cavabdeh X1rşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı və “X17 Sistemləri Anonim” Şirkəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 696.795 (altı yüz doxsan altı min yeddi yüz doxsan beş) manat əsas borcun və faizlərin, habelə işgüzar nüfuza vurduğu zərərə görə 100.000 (bir yüz min) manat vəsaitin tutularaq, toplam 796.795 (yeddi yüz doxsan altı min yeddi yüz doxsan beş) manat vəsaitin “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi, CavabdehMMC-dən 1.183.529 (bir milyon iki yüz səksən üç min beş yüz iyirmi doqquz) ABŞ dolları, işgüzar nüfuza vurduğu zərərə görə 100.000 (bir yüz min) ABŞ dolları vəsaitin tutularaq, toplam 1.283.529 (bir milyon üç yüz səksən üç min beş yüz iyirmi doqquz) ABŞ dollarının “X17 Sistemləri Anonim” Şirkəti ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X17 Sistemləri A.Ş”, X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı və Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixdə istixana üzrə mühəndislik, satınalma və tikinti müqaviləsi, o cümlədən 22 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan əlavə tərəflərin ümümi razılığı ilə ilk müqaviləyə 30 iyun 2020-ci il tarixli əlavə imzalanmışdır. Birinci müqavilə üzrə cavabdeh “X17Sistemləri A.Ş”-nə 3.345.000 ABŞ dolları ödəməli idi. Qeyd edilən sifarişin icrası ilə əlaqədar ölkəyə 3.367.410 ABŞ dolları miqdarında malmaterial və avadanlıq gətirilmişdir. Yəni müqavilə öhdəliyindən 22.409 ABŞ dolları daha artıq gətirilmişdir. 22 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1.335.000 ABŞ dolları məbləğində pul tam ödənilmiş. Həmin müqavilə ilə bağlı mübahisə yoxdur. 19 iyun 2020-ci il tarixli və həmin müqaviləyə 30 iyun 2020-ci il tarixli əlavə ilə yalnız 2.161.471 ABŞ dolları məbləğində pul ödənilmişdir. Faktiki borc 1.183.529 ABŞ dolları təşkil edir. X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ƏDV daxil 401200 manat (ƏDVsiz 340.000 manat) vəsait ödəməli olduğu halda ödənilməmişdir. Həmçinin ilkin razılaşmaya əlavə razılaşmaya və daha sonra 6 saylı əlavəyə əsasən 90.528 kv.m istixana inşa edilmişdir. Yəni ilkin müqavilədə qeyd edilmiş 59.040 kv.m-dən 31.488 kv.m daha artıq inşa edilmişdir. Əlavı tikili üçün 226.500 manat cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilən məbləğin ƏDV-si 101.970 manat, müqavilənin 9.2-ci bəndinə əsasən cərimə məbləği toplam 28.325 manat təşkil edir. Beləliklə Azərbaycan Filialına 696.795 manat pul ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X17 Sistemləri Anonim” Şirkətinin nümayəndəsi və vəkili X12, “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni nümayəndəsi Qanuni nümayəndə, “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X5, X8 iddianın məzmuna uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mübahisə “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “X17 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh arasında bağlanmış ( üç tərəfli) 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsi və qeyd edilən müqaviləyə 30 iyun 2020-ci il tarixli 1 Saylı Əlavə razılaşma və “X17 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh arasında bağlanmış (iki tərəfli) 05 fevral 2021-ci il tarixli 6 Saylı Əlavə nəticəsində yaranmışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçılar tərəfindən iddia ərizəsinin məzmununda qeyd edilmiş “X17 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh arasında bağlanmış 22.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflər arasında mübahisə yoxdur, müqavilədə nəzərdə tutulmuş mallara dair iş materiallarında Cavabdeh möhürü ilə təsdiq edilmiş gömrük bəyannamələri, təhvil-təslim aktı mövduddur və məhkəmə iclasında iştirak edən tərəflər də, qeyd edilən müqavilə üzrə mübahisənin olmadığını bildirmişlər. “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “X17 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh arasında bağlanmış ( üç tərəfli) 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin giriş hissəsindən görünür ki, qeyd olunan müqavilə üzrə Sifarişçi- Agrobridge MMC, podratçı-“X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, təchizatçı isə “X17 Sistemləri Anonim” Şirkətidir. Müqavilənin predmetini Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 59.040 kv.m istixana kompleksinin tikilməsi təşkil edir. Müqavilənin giriş hissəsindən də göründüyü kimi, Sifarişçi işlərin podratçı və təchizatçı tərəfindən yerinə yetirilməsini sifariş edir; podratçı istixana tikintisi layihələrini hazırlayan və icra edən bir şirkətdir, təchizatçı istixana avadanlıqları və texnologiyaları təchiz edən bir şirkətdir; podratçı və təchizatçı işləri icra etməyi öhdəsinə götürülər. 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin: - 2.1-ci bəndinə əsasən podratçı və təchizatçı işlərin layihələndirilməsi, tamamlanması eləcə də Layihə və xüsusiyyətlər və digər şərtlər və müddəalarına uyğun olaraq hər hansı bir qüsuru aradan qaldırmağı, sifarişçi isə bu müqavilədə dəyərin ödənilməsini öz öhdəsinə götürür; - 2.2-ci bəndinə əsasən tərəflər işlərin 2 hissədən ibarət olacağını qəbul edir və razılaşırlar. (2.2.1 Xaricdən təchizatın, təchizatçı tərəfindən,2.2.2 lokal işlərin podratçı tərəfindən həyata keçirilməsini) - 5.1-ci bəndinə əsasən xarici ölkələrdən təchiz olunacaq malların siyahısı bu müqavilənin 4-cü Əlavəsində qeyd olunubdur (Müqavilənin iş materiallarında olan 4 saylı əlavəsindən görünür ki, təchiz olunmalı malların ümumi dəyəri 1.905.000 ABŞ dolları təşkil edir.); - 5.4-cü bəndinə əsasən bütün xaricdən təchiz olunan mallar, təchizatçı tərəfindən sifarişçinin adına Azərbaycan Respublikasına gətirilir; - 5.6-cı bəndinə əsasən xaricdən təchiz olunan malların gömrük rəsmiləşdirilməsi təchizatçı və/ və ya podratçı tərəfindən sifarişçinin adına aparılır. Gömrük rüsumlarının ödənilməsi üçün təchizatçı cavabdehdir; - 5.7-ci bəndinə əsasən xaricdən təchiz olunan mallar, gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır. Podratçı malların təhlükəsiz saxlanılmasına və işlərdə istifadə olunmasına görə cavabdehdir; - 8.3-cü bəndinə əsasən podratçı işlərin tamamlandığı gündən 14 gün əvvəl sifarişçiyə məlumat verməlidir; - 8.6-cı bəndinə əsasən işlərin yoxlanması və sınaqları zamanı tərəflər qüsurlar aşkar etdikdə, bu qüsurlar hər iki tərəfin imzaladıqları Qüsurlar protokolunda qeyd olunur; - 8.7-cı bəndinə əsasən İşlərdəki qüsurlar işlərin sifarişçi tərəfindən dügün işləməsinə mane olmursa, tərəflər təhvil-təslim aktını hazırlayır və imzalayırlar. Qüsurlar Protokolu qəbul aktına əlavə olunur və təhvil aktında podratçının işdəki bütün qüsurları aradan qaldıracağı müddət göstərilməlidir; - 8.8-ci bəndinə əsasən təhvil aktı imzalanma prosesi əsasında istixana istismara verilmiş sayılır. Təhvil aktı imzalanmadan sifarişçi fəaliyyətə başlayarsa təhvil aktı imzalanmış və işlər qüsurlar aşkar edilmədən qəbul olunmuş sayılacaq; - 11.-ci bəndinə əsasən tərəflər vaxtın mahiyyətli olduğunu və işlərin başa çatdırılmasının və Sifarişçi tərəfindən ən son tarix kimi 15 oktyabr 2020-ci il (təhvil vermə vaxtı) qəbul etməyə hazır olduqlarını qəbul edirlər; - 12.2-ci bəndinə əsasən müqavilənin dəyəri 2 hissəyə bölünür (12.2.1 xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri 1.905.000 ABŞ dolları, 12.2.2 lokal işlər üzrə müqavilə dəyəri 340.000 manat). - 13.1-ci bəndinə əsasən müqavilə dəyəri üzrə ödənişlər, müqaviləyə əlavə olunmuş 5 nömrəli cədvələ uyğun olaraq həyata keçiriləcək; - 13.2-ci bəndinə əsasən sifarişçi ödəmə cədvəlinə uyğun olaraq heç bir ödəniş etmədiyi və 14 gün ərzində belə defoltu düzəltməməsi halında əvvəlcədən xəbərdarlıq etmədən işləri dayandıra bilər. İş materiallarında olan 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 30 iyun 2020-ci il tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, 19 iyun 2020-ci il tarixli müqavilənin 12.1-ci bəndi yeni redaksiyada verilmişdir: “müqavilənin ümumi dəyəri 3.345.000 ABŞ dolları və 340.000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən tərəflər izahatlarında qeyd edilən müqaviləyə 1 Saylı Əlavədə sahənin göstərilməməsinə baxmayaraq Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 90.528 kv.m istixana kompleksinin tikilməsi ilə bağlı razılığa gəldiklərini bildirmişlər. Müqavilənin məzmunundan da göründüyü kimi, qeyd edilən müqavilə alqı-satqı və podrat müqaviləsinin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Ona görə də, hazırki iddia tələbinində “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının tələbi üzrə iddianın qanuni əsası kimi Mülki Məcəllənin podratla bağlı müddəları, “X17 Sistemləri Anonim” Şirkətinin tələbi üzrə isə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə aid normaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilməlidir ki, həm alqı-satqı müqaviləsi, həm də podrat müqaviləsi konsensual müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcının (hazırki halda “X17 Sistemləri Anonim” Şirkəti), podrat müqaviləsi üzrə isə razılaşdırılmış işlərin icra edildiyini sübutetmə vəzifəsi isə podratçının (hazırkı halda “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı) üzərinə düşür. İddiaçı “X17 Sistemləri Anonim” Şirkəti 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 30 iyun 2020-ci il tarixli 1 saylı Əlavə Razılaşmasında qeyd edilmiş 3.345.000 ABŞ dolları məbləğində malın cavabdehə təhvil verildiyini qeyd edərək tam olaraq istixana kompleksinin tikintisində istifadə olunduğu bildirir. Bundan əlavə “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı qeyd edilən mallardan istifadə etməklə 90.528 kv.m istixana kompleksinin tam olaraq tikilib təhvil verildiyini qeyd edir. Cavabdeh 3.345.000 ABŞ dolları məbləğində malın onlar tərəfindən təhvil alınmadığını, gömrük bəyannamələrinin "xxxx" MMC-nin əməkdaşı tərəfindən imzalanmadığını, əksinə malların “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşı tərəfindən gömrükdən qəbul edilərək çıxarıldığını, həmçinin “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ancaq 59.040 kv.m istixananın müəyyən qüsurlar olsa da inşa etdiyini və buna görə “X17 Sistemləri Anonim” Şirkətinə Bank vasitəsilə köçürmə əsasında 2.161.471 ABŞ dolları məbləğində, “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına isə 100.000 ABŞ dolları (170.000 manat) məbləğində pulun Filialın kassasına ödənildiyini, istixananın qalan 31.488 kv.m sahəsini isə “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının deyil, digər müqavilə bağlamış olduqları şirkətlər tərəfindən tikildiyini və ona görə də, həmin şirkətlərə bank vasitəsi ilə 436.422,41 manat, nağd qaydada 396.000, ümumilikdə 832.422,41 manat pul ödənildiyini qeyd edir və verilmiş mallara, görülmüş işlərə görə tam ödəniş olunduğunu bildirir. İşin müəyyən olunmuş və mübahisələdirilməyən hallları hazırki halda ondan ibarətdir ki, 59.040 kv.m istixana “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən inşa edilmişdir və "xxxx" MMC tərəfindən “X17 Sistemləri Anonim” Şirkətinə 2.161.471 ABŞ dolları məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə müəyyən edilməli olan məqamlar mübahisə predmeti olan əlavə olaraq 1.183.529 ABŞ dolları dəyərində olan malların "xxxx" MMC tərəfindən qəbul-edilib edilməməsi, həmin malların istixananın tikilməsində istifadə edilibedilməmi və tikilmiş olan 59.040 kv.m istixana hissəsindən əlavə 31.488 kv.m istixananın “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən tiklibtikilməməsi təşkil edir. İddiaçılar tərəfindən elektron sistem vasitəsi ilə iş materiallarına əlavə edilmiş 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə aid gömrük bəyannamələrindən görünür ki, mallar Azərbaycan Respublikasına gəlmiş ancaq digər 22 iyun 2020-ci il tarixli müqavilə üzrə ölkəyə gələn mallarda olduğu kimi yəni Cavabdeh işçisinin imzası və MMC-nin möhürü ilə təsdiq edilməmişdir. İddiaçı tərəf bu halla bağlı məhkəmədə qeyd etdi ki, istixananın tikintisi üçün gələn malları gömrükdən “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçisi olan X10 tərəfindən çıxarılmış və istixananın tikildiyi ünvana gətirilmişdir. Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında qeyd etdikləri istixananın 31.488 kv.m hissəsi üçün nəzərdə tutulmuş malların gömrükdən “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının öz işçisi tərəfindən çıxarıldığını və "xxxx" MMC tərəfindən təhvil alınmadığını qeyd edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 malların onun tərəfindən etibarnamə əsasında gömrükdən çıxarıldığını, gömrük əməkdaşının müşaiyəti ilə istixananın tikildiyi əraziyə gətirilərək orada boşaldıldığını bildirmiş həmçinin "xxxx" MMC-nin əməkdaşları tərəfindən malların təhvil alınmasına dair hər hansı bir akt imzalanmadığını bildirmişdir. İş materiallarında olan etibarnamələrdən görünür ki, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş X9 verilmiş 3 ədəd etibarnamədən görünür ki, 20.07.2020-ci il tarixdən- 20.10.2020-ci il tarixədək, 30.11.2020-ci il tarixdən 28.02.2021-ci il tarixdədək, 01.04.2021-ci il tarixdən 15.04.2021-ci il tarixədək gömrük orqanlarında "xxxx" MMC-nin təmsil etmək səlahiyyəti verilmişdir. Etibarnamələrin tarixlərindən də görünür ki, X6 20.10.2020-ci il tarixdən 30.11.2020-ci il tarixədək "xxxx" MMC-ni gömrük orqanlarında təmsil etmək səlahiyyəti olmamışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş 20.10.2020-ci il tarixdən 30.11.2020-ci il tarixədək "xxxx" MMC-nin nümayəndəsinin imzasının və MMC-nin möhürü ilə təsdiq edilməmiş gömrük bəyannamələri qeyd etməyi zəruri hesab edir: - 25.10.2020-ci il tarixli İnvoys dəyəri 17.076,27 ABŞ dolları olan; - 25.10.2020-ci il tarixli İnvoys dəyəri 44.638,17 ABŞ dolları olan; - 25.10.2020-ci il tarixli İnvoys dəyəri 16.268,14 ABŞ dolları olan; - 27.10.2020-ci il tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; - 27.10.2020-ci il tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; - 30.10.2020-ci il tarixli İnvoys dəyəri 95.515,41 ABŞ dolları olan; - 30.10.2020-ci il tarixli İnvoys dəyəri 11.938,25 ABŞ dolları olan; - 30.10.2020-ci il tarixli İnvoys dəyəri 39.099,25 ABŞ dolları olan; - 30.10.2020-ci il tarixli İnvoys dəyəri 8581 ABŞ dolları olan; - 04.11.2020-ci il tarixli İnvoys dəyəri 30.214 ABŞ dolları olan; - 04.11.2020-ci il tarixli İnvoys dəyəri 31.306 ABŞ dolları olan; - 04.11.2020-ci il tarixli İnvoys dəyəri 31.020 ABŞ dolları olan; - 05.11.2020-ci il tarixli İnvoys dəyəri 8.987,19 ABŞ dolları olan; - 07.11.2020-ci il tarixli İnvoys dəyəri 31.280 ABŞ dolları olan; - 08.11.2020-ci il tarixli İnvoys dəyəri 26.652 ABŞ dolları olan; - 09.11.2020-ci il tarixli İnvoys dəyəri 75.501,47 ABŞ dolları olan; - 11.11.2020-ci il tarixli İnvoys dəyəri 22.229,98 ABŞ dolları olan; - 13.11.2020-ci il tarixli İnvoys dəyəri 91.238,68 ABŞ dolları olan; - 15.11.2020-ci il tarixli İnvoys dəyəri 105.105 ABŞ dolları olan; - 15.11.2020-ci il tarixli İnvoys dəyəri 105.000 ABŞ dolları olan; - 16.11.2020-ci il tarixli İnvoys dəyəri 26.300,76 ABŞ dolları olan; - 16.11.2020-ci il tarixli İnvoys dəyəri 44.372,40 ABŞ dolları olan; - 16.11.2020-ci il tarixli İnvoys dəyəri 159.251,18 ABŞ dolları olan; - 16.11.2020-ci il tarixli İnvoys dəyəri 10.869,49 ABŞ dolları olan; - 18.11.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 21.11.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 21.11.2020-ci il tarixli İnvoys dəyəri 147.688,40 ABŞ dolları olan; - 27.11.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 27.11.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; - 29.11.2020-ci il tarixli İnvoys dəyəri 20.470,47 ABŞ dolları olan; - 29.11.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; Məhkəmə qeyd edir ki, qeyd edilən gömrük bəyannamələrində göstərilmiş malların invoys dəyəri ümumilikdə 1.408.031,81 ABŞ dolları təşkil edir. Həmçinin o da qeyd edilməlidir ki, cavabdeh tərəfindən elektron sistem vasitəsi ilə əlavə edilmiş sənədlərdən də görünür ki, "xxxx" MMC ilə ayrı-ayrı vaxtlarda “X13” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “Dinçer və Çarçıoğlu” BM, Namiq Güləliyevlə, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə müqavilə bağlamaqla müxtəlif mallar alınmış və işlər görülmüşdür. Cavabdeh tərəf qeyd edilən şirkətlərə bank vasitəsi ilə 436.422,41 manat, nağd qaydada 396.000, ümumilikdə 832.422,41 manat pul ödənildiyini qeyd edərək, istixananın qalan yəni, 31.488 kv.m hissəsi üçün malların alındığını və tikildiyini bildirir. Belə olan halda “X17 Sistemləri Anonim” Şirkəti qeyd edilən malların "xxxx" MMC-yə təhvil verildiyini bildirsə də, 1.408.031,81 ABŞ dolları dəyərində olan malları sonuncuya təhvil verilməsi barədə hər hansı bir təhvil-təslim aktı və ya hər hansı sadə yazılı formada yazılmış qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, digər gömrük bəyannamələrində olan malların “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçisi olan şəxs tərəfindən götürüldüyü iddiaçının özü tərəfindən də bildirilmiş və bütün malların çatdırıldığı bildirilsə də, qeyd edilən məbləğdə malların çatdırılması iş materiallarında olan sənədlər əsasında sübuta yetirilmir. Hansı ki, 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinin 5.7ci bəndinə əsasən xaricdən təchiz olunan mallar, gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır və podratçı malların təhlükəsiz saxlanılmasına və işlərdə istifadə olunmasına görə cavabdehdir. O da qeyd edilməlidir ki, istixananın bir hissəsinin (59.040 kv.m ) tikilməsində istifadə olunmuş malların bir qismi, 22.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış və gömrük bəyannamələrinin "xxxx" MMC-nin əmakdaşının imzası və MMC-nin möhürü ilə təsdiq edilərək qəbul edilmiş mallardır ki, bu barədə də, tərəflər arasında mübahisə yoxdur. “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı da müqavilədə lokal işlərin görülməsinə görə 340.000 manat nəzərdə tutulduğunu və bütün işlərin (90.528 kv.m istixananın tikilməsini) Filial tərəfindən artıq 2021-ci ilin mart ayında tam icra edildiyini bildirir. Cavabdeh də qeyd edildiyi kimi, istixananın ancaq 59.040 kv.m hissəsinin müəyyən qüsurlar olsa da, iddiaçı tərəfindən inşa edildiyini bildirir və buna görə də, 100.000 ABŞ dolları məbləğində pulun verildiyini qeyd edir. İş materiallarından görünür ki, 01.10.2021-ci il tarixdə “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" MMC-yə 340.000 (ƏDV daxil 401.200,17) manatlıq elektron qaimə göndərilmişdir. "xxxx" MMC 11.10.2021-ci il tarixdə 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, e-qaimənin avtomatik olaraq sistem tərəfindən qəbul edildiyini, e-qaimənin ləğv edilməsi və ya düzəliş edilməsini xahiş etmişdir. Həmçinin 11.10.2021-ci il tarixdə “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına məktub göndərərək göndərilmiş e-qaimənin ləğv edilməsini xhiş etmişdir. Eyni zamanda "xxxx" MMC 14.10.2021-ci il tarixdə 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək, e-qaimənin avtomatik təsdiq edildiyini və öhdəlikləri kimi qəbul edilməməsi xahiş edilmişdir. Məhkəmə qeyd edilən 01.10.2021-ci il tarixli EBBK 100263 saylı e-qaiməni mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçı tərəf bütün işlərin 2021-ci ilin mart ayında başa çatdığını bildirsə də, nəyə görə onlara pul ödənilmədiyi təqdirdə işin davam etdirilməsini və e-qaimənin məhz mart və ya ona yaxın aylarda deyil, oktyabr ayının 10-da verilməsini izah edə bilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, iş Məhkəməyə 10.10.2021-ci il tarixdə daxil olmuşdur. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 100.000 ABŞ dolları pul ödənilmiş və Səmədov Murad (“X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdiyinə görə onların xəzinədarı) tərəfindən qəbul edilmişdir. Bundan başqa Qanuni nümayəndə Məhkəmənin 2-ci baxışında izahatında 60-65.000 ABŞ dolları arası, 3-cü baxışında isə 40-50.000 ABŞ dolları pulun Türkiyədən “X17 Sistemləri Anonim” Şirkəti tərəfindən onlara göndərildiyini bildirmişdir. 90.528 kv.m İstixananın tikintisinə görə Filiala 340.000 manat məbləğində pulun ödənilməli olduğunu nəzərə alaraq , istixananın 59.040 kv.m sahəsi üçün yuxarıda qeyd edilən məbləğdə pulun verilməsi “X17 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı öhdəliyin icra olunduğunu göstərir. Bundan başqa qeyd edilməlidir ki, “X17 Sistemləri Anonim” Şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsinə 05.02.2021-ci il tarixli 6 Saylı Əlavədən görünür ki, istixananın 10 mart 2021-ci il tarixədək tam şəkildə inşa edərək tamamlayacığını öhdəsinə götürsə də, qeyd edilən işlərin tamamlanmasına dair hər hansı bir akt tərtib edilməmişdir. Göründüyü kimi, iddiaçı 90.528 kv.m istixananın tam olaraq onlar tərəfindən tikilməsini bildirsə də, qeyd olunan halı sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmə yalnız ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Hazırki işdə işdə, iddiaçılar mübahisəli malların cavabdehə təhvil verildiyini və istixananın tam olaraq onlar tərəfindən inşa edilməsini sübuta yetirə bilməmişlər. Ona görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar