Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3344/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra- iddiaçılar) Cavabdeh (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 72 705 manat məbləğində pul vəsaitinin və 309 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ******* manat məbləğində pulun "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-718/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)- 5057/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon icra şöbəsi tərəfindən cavabdehə göstərilən tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli qərar və bildiriş təqdim olunmuşdur. Məcburi icra tədbirləri nəticəsində icra sənədi üzrə tələbin 630 000 manatı borclu Cavabdeh əmlakına yönəldilmişdir. Lakin icra sənədi üzrə qalıq borc məbləği 484 703 manat cavabdeh tərəfindən iddiaçılara bugünədək ödənilməmişdir. Qeyd olunur ki, halhazırda cavabdeh ölkə hüdudlarından kənara qaçmışdır və o, Azərbaycan Respublikası CM-nin 147.2, 178.3.2, 192.2.2, 179.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə həbsli axtarışdadır. İddiaçılar Cavabdeh borcun ödənilməsini tələb etməkdədir. Cavabdeh isə icra sənədi üzrə tələblərin ödənilməsinə yönəldilən bütün icra hərəkətlərini əngəlləyir, icra sənədinin icrasına müxtəlif vasitələrlə qərəzli olaraq maneçilik törədir. Göründüyü kimi keçən 3 ildən artıq müddətdə cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli icra sənədi üzrə qalıq 484 703 manat borc məbləği cavabdeh tərəfindən hal-hazıradək ödənilməmişdir. Hesab edirik ki, belə olan təqdirdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən iddia qaldırılan tarixədək, yəni 3 il üçün qətnamə əsasında ödənilməli olan 484 703 manat məbləğinə illik 5% olmaqla, cəmi 72 705 manat (484 703/5% = 24235 x 3 il = 72 705) məbləğində pul vəsaiti ödəməlidir. Ona görə də hazırki iddia tələbinin irəli sürülməsinə zərurət yaranmışdır.
3. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 63 705 manat məbləğində pul vəsaitinin və 309 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə keçirilmiş hərracın nəticələri cavabdeh tərəfindən mübahisələndirilmiş, icra sənədi üzrə cavabdeh tərəfindən ümumiyyətlə könüllü şəkildə hər hansı vəsait ödənilməmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra sənədi üzrə keçirilmiş hərracın nəticələri cavabdeh tərəfindən hazırda mübahisələndirilir. Belə ki, hərrac zamanı cavabdehə məxsus əmlak real dəyərindən dəfələrlə aşağı qiymətə satılmış, hərrac pozuntularla keçirilmişdir. Əgər hərracda əmlak düzgün qiymətləndirilsə idi, əldə edilən məbləğ icra sənədi üzrə borcun ödənilməsinə tam yetərli olacaqdı. Cavabdehin icra sənədi üzrə borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur, onun tərəfindən icra sənədinin icra edilməsinə hər hansı maneəçilik törədilmədiyi üçün iddia tələbi əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)- 27/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ******* manat məbləğində pulun "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması qət olunmuşdur.
8. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5057/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-718/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)- 5057/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli icra vərəqəsinə əsasən X1 ******* (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı2 və İddiaçı1 Abbas oğlunun xeyrinə tutulması qət edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Ramin Quliyevin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, 2(005)- 27/2019-032 nömrəli icra sənədinin icraatına başlanmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişə əsasən xx.xx.2019-cu il tarixli, 2(005)-27/2019 saylı icra sənədinin 10 gün müddətində könüllü şəkildə ödənilməsi tələb olunmuşdur.
13. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına görə xx.xx.2019-cu il tarixli, 2(005)-27/2019-032 nömrəli icra sənədi üzrə tələbin 630000 manatı borclu Cavabdeh əmlakına yönəldilmiş, lakin icra sənədi üzrə borcun qalıq məbləği 424703 manat borclu tərəfindən tələbkara ödənilməmişdir. İcra sənədi üzrə qalıq borcun ödənilməsi üzrə icra tədbirləri davam etdirilir.
14. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr., 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (borcu Cavabdeh aid olan hissədə)və ünvan 3 ünvanında yerləşən “Mehriban” kafesinin (borcu Cavabdeh aid olan hissədə) üzərinə həbs qoyulmuşdur.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya (cavabdehə) tələbin icrası barədə bildiriş göndərilmiş, sonuncu tərəfindən bildiriş alınmasından imtina edilmiş (Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən – i.v.77), tələb könüllü şəkildə icra edilmədiyi üçün borcluya məxsus əmlaklar üzərinə həbs qoyulmuş, keçirilmiş hərrac nəticəsində borcun bir qismi ödənilmiş, qalıq borc (424703 manat) borclu tərəfindən tələbkarlara ödənilməmişdir. İddiaçılar hazırda qalıq borca illik 5 faizlə hesablanmış ümumilikdə 63705 manat pulun tutulmasını tələb edirlər.
16. Cavabdeh iddiaya qarşı etiraz edərək, icra sənədinin icrasına tərəfindən hər hansı maneçilik törədilmədiyini, icra sənədi üzrə keçirilmiş hərracın qanunun tələblərini pozmaqla keçirildiyi üçün tərəfindən mübahisələndirildiyini, cavabdehə məxsus əmlak vaxtında düzgün qiymətləndirildiyi halda, əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olduğunu göstərir.
17. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
20. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
21. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
22. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
23. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
29. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
30. Belə ki, materiallardan görünür ki, icra sənədi üzrə borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən ümumiyyətlə hər hansı addım atılmamış, icra sənədi üzrə borcun hissə-hissə icrası, icrasına möhlət verilməsi barədə ərizə verilməmiş, habelə icra məmuru tərəfindən əmlak qiymətləndirilən zaman qiymətləndirmə hesabatı mübahisələndirilməmişdir.
31. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).
32. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
34. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
35. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
36. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
37. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
38. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
40. Bu baxımdan məhkəmə, qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunan 424703 manat əsas borcuna xx.xx.2021-ci il tarixdən iddia ərizəsi verilən tarixə qədər (3 il) illik 5%-lə hesablanacaq 63705 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi çıxış edir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
43. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 63705 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 309 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 63705 manat məbləğində pul, 309 manat dövlət rüsumu, ümumilikdə 64014 (altmış dörd min on dörd) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova