Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3354/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin lazımınca icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, GTG/054/24 saylı xidmət müqaviləsinə əsasən 2769,30 manat (iki min yeddi yüz altmış doqquz manat otuz qəpik) borcun ödənilməsi və 49 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixində GTG/054/24 saylı xidmət müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh uzun illər texnikanı işlədəcəyini və texnikanın daşınması zamanı çəkilən yol xərcinin yarı hissəsini qarşılayacaqları və ay bitdikdən sonra 2-ci ayın, yəni sentyabr ayının 15-dən etibarən qeyd edilən məbləğin tam ödəniləcəyi barədə şifahi vəd vermiş, həmçinin xx.xx.2024-cü il tarixli, GTG/054/24 saylı müqavilənin 3.2.1-ci bəndinə əsasən xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq, lazım olan vasitələrlə təmin edib, icraçının yəni iddiaçının sərəncamına vermək, 3.2.2-ci bəndinə əsasən işi icrasından sonra təhvil-təslim aktına əsasən təhvil almaq, 3.2.3-cü bəndinə əsasən icraçı tərəfindən ona təqdim olunmuş təhvil-təslim aktını yoxlayaraq təqdim edildiyi gündən ən gec 5 (beş) iş günü ərzində təsdiq etmək və ya əsaslandırılmış etirazla geri qaytarmaq, 3.2.4-cü bəndinə əsasən göstərilmiş xidmətlərin dəyərini müəyyən edilmiş vaxtda ödəməklə bağlı vədlər verərək, həmin müqaviləyə imza atmışdır. İddiaçı həm şifahi danışıqlar, həm də xidmət müqaviləsinin şərtləri ilə razılaşmış, lakin buna baxmayaraq, cavabdeh bir ay müddət tamam olduqdan sonra texnikanı işlətməyərək, 3.2.3-cü və 3.2.4-cü bəndlərdə qeyd edilən şərti pozaraq texnikanı geri qaytarmışdır və 5769,30 manat (beş min yeddi yüz altmış doqquz manat otuz qəpik ) pul məbləğindən 3000 (üç min) manat pulu ödəyərək, 2769,30 manat (iki min yeddi yüz altmış doqquz manat otuz qəpik) pul məbləğində borclu qalmışdır. Hazırda cavadeh iddiaçıya məxsus olan borc pulun bir hissəsini ödəsə də, yerdə qalan 2769,30 manat (iki min yeddi yüz altmış doqquz manat otuz qəpik) pulu iddiaçıya qaytarmır. Dəfələrlə cavadehdən pulun qalan hissəsini tələb etsə də, o, borcu ödəməkdən yayınaraq iddiaçının səhhətinə maddi və mənəvi ziyan vurur. Hesab edilir ki, cavabdeh borclu olduğu pulu tam olaraq ödəməlidir. Pulun ödənilməsi üçün təhvil-təslim aktının qaimələri vaxtlı-vaxtında vurulmuş və qaimədə qeyd edilən məbləği cavabdeh tam ödəməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740-cı maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. Pretenziya məktubu qanunvericilikdə nəzərdə tutulan qaydada təqdim olunmadığına görə cavabdeh MMC-nin pretenziya məktubuna cavab vermək və mübahisənin məhkəməyədək həlli üçün tədbirlər görmək imkanı olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddia ərizəsinin təqdim olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar:
5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, qeyd etmişdir ki, müqavilənin bağlanmasını qəbul edirlər. İddiaçı tərəfin qeyd etdiyi həcmdə borc yoxdur. Təhvil-təslim sənədlərinin olması məlumdur. Tabel vərəqləri olmadığına görə iddianı qəbul etmirlər.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, GTG/054/24 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşma sənədlərə əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır. İcraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi sifarişçi tərəfindən verilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhviltəslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində icraçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə, sifarişçi icraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,01 faizi məbləğində cərimə ödəyəcəyinə dair öhdəlik götürür. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11357477 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1538,48 manat təşkil edir. Qaimə xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında xidmətin göstərilməsi ilə bağlı olmuşdur. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, GTG/054/24 nömrəli müqavilə qeyd edilmişdir.
9. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11171869 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4230,82 manat təşkil edir. Qaimə xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında xidmətin göstərilməsi ilə bağlı olmuşdur. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, GTG/054/24 nömrəli müqavilə qeyd edilmişdir.
10. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, GTG/054/24 nömrəli xidmət müqaviləsi üzrə 1 nömrəli qoşma olan xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 1538,48 manat olan xidmət təhvil verilmişdir. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, GTG/054/24 nömrəli xidmət müqaviləsi üzrə 1 nömrəli qoşma olan xx.xx.2024-cü il tarixli, 2 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 4230,82 manat olan xidmət təhvil verilmişdir. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MVxzKYE6 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur kiə. Cavabdeh MMC tərəfindən İddiaçı 3000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2409 seriyalı, 11357477 nömrəli qaimə üzrə tam, MT2410 seriyalı, 11171869 nömrəli qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
13. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, mövcud borcun tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, GTG/054/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır, belə ki, xidmət göstərilmiş, lakin xidmət haqqı ödənilməmişdir. Həmin hal təqdim edilmiş müqavilə, təhviltəslim aktları, elektron qaimələrlə öz təsdiqini tapır. Təhvil-təslim aktları və elektron qaimələr üzrə xidmətlərin ƏDV daxil ümumi məbləği 5769,3 manat təşkil edir. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş tapşırığının məzmunundan aydın olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına 3000 manat ödəniş edilmişdir. Belə olan halda müqavilə üzrə qalıq borcun məbləği 5769,3-3000=2769,3 manat olacaqdır.
17. İddia tələbini cavabdehdən xx.xx.2024-cü il tarixli, GTG/054/24 saylı xidmət müqaviləsinə əsasən 2769,30 manat (iki min yeddi yüz altmış doqquz manat otuz qəpik) borcun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, GTG/054/24 saylı xidmət müqaviləsi üzrə 2769,3 manat (iki min yeddi yüz altmış doqquz manat otuz qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir.
19. Eyni zamanda məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi bildirmişdir ki, tabel vərəqlərinin olmaması səbəbindən iddia tələbini qəbul etmirlər, lakin təhvil-təslim sənədlərinin olmasını qəbul edirlər. Halbuki həmin təhvil-təslim sənədlərindən də iddiaçı tərəfindən cavabdehə 5769,3 manat dəyərində xidmətin göstərilməsi və cavabdeh tərəfindən həmin xidmətlərin qəbul edilməsi müəyyən olunur və həmin aktlar cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmçinin müqavilənin şərtlərinə əsasən hər növbəti ayın ilk 10 iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir, xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 bank günü müddətində icraçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Tərflər arasında xidmətlərin göstərilməsinə dair 2 təhvil-təslim aktı tərtib olunmuş, imzalanmış, möhürlənmiş və cavabdehə müvafiq elektron qaimələr göndərilmişdir. Qeyd olunanlara əsasən cavabdehin mövqeyi qalıq borcun ödənilməsindən yayınma cəhdi kimi qəbul olunur.
20. Eləcə də cavabdeh tərəfindən daxil olmuş etiraz əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu mülki prosessual qanunvericilin tələblərinə müvafiq olaraq göndərilmişdir.
21. Eləcə də, iddiaçı 49 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,7 manat (ödənilməli olan dövlət rüsumu) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixli, GTG/054/24 saylı xidmət müqaviləsi üzrə 2769,3 manat (iki min yeddi yüz altmış doqquz manat otuz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,7 manat (qırx yeddi manat yetmiş qəpik) olmaqla, ümumilikdə 2817 (iki min səkkiz yüz on yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova