Məhkəmə qərarları › İş №e-2-2(113)-3367/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3367/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3367/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı cavabdehdən 73147.04 manat borcun, 400 manat mediasiya xərcinin, 50 manat digər xərclərin və ödənişin gecikməsinə görə 10000 manat cərimə olmaqla 83597.04 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 73147.04 manat borcun, 400 manat mediasiya xərcinin, 50 manat digər xərclərin və ödənişin gecikməsinə görə 10000 manat cərimə olmaqla 83597.04 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən 235112.00 manat ödənilməli, iddiaçı tərəfindən isə müqavilənin 1.1-ci bəndində göstərilən su hovuzlarının yenidən qurulması işləri həyata keçirilməlidir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra edilmiş, lakin cavabdeh öhdəliklərini qismən həyata keçirmiş, 73147.04 manat borcu hazırki günədək ödəməmişdir. Hətta cavabdehlə birlikdə araşdırma aparılmış və borcların üzləşdirilməsi aktı tərtib edilmişdir. Həmin aktda da cavabdeh təşkilatın 73147.04 manat borcu ölduğu sübuta yetirilmişdir. Cavabdehlə dəfələrlə danışıqlar aparılmış, cavabdeh heç bir əməli tədbir görməmiş, ödəniş həyata keçirməmiş, borcün qaytarılacağını bildirsə də, hazırki günədək öhdəliklərini icra etmir. Cavabdehə məhkəməqabağı pretenziya göndərilərək, borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəməqabağı pretenziyanı almış olsa da bu günə kimi borc ödənilməmişdir. Bundan sonra cavabdehə mediasiya təklifi göndərilmiş, mediasiya prosesi keçirilmiş, lakin tam mediasiya sessiyası keçirilməmiş yəni tərəflər arasında tam razılıq əldə edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, SOCAR-ın “Qaz ixrac” idarəsi ilə İddiaçı MMC arasında İdarənin strukturuna daxil olan X4 Sahələrinin (MQKS) balansında olan 35 ədəd Qazpaylayıcı stansiyalarında (QPS) yanğın su hovuzlarının yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün 01 noyabr 2018-ci il tarixli, 01 nömrəli podrat müqaviləsi bağlanmışdır. “Qaz İxrac” İdarəsi müqavilə üzrə öhdəliyini vaxtlı-vaxtında icra etmişdir. 73147,04 manat məbləğində borcun yaranması “Qaz İxrac” İdarəsi tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi səbəbinə görə olmamışdır. Belə ki, 73147,04 manat pul vəsaiti İddiaçı MMC-nin bank hesabına köçürmək istəsə də, yaranmış kreditor borcun ƏDV ödənişi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi səhifəsində ödənişin benefisiarı (alan şəxsi) barədə “Bu vergi ödəyicisinin “GENRL" Məhdud Məsuliyyətli Cəmiyyəti” VOEN “**********" əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" mesajı verilir. Həmin əməliyyatın (tranzaksiyanın) icrası SOCAR-ın “Qaz İxrac” İdarəsinin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, vergi sahəsində nəzarət və inzibatçılıq funksiyalarını icra edən dövlət inzibati orqanı olan Dövlət Vergi Xidməti tərəfindən İdarəyə qarşı vergi qanunvericiliyinin pozulmasına görə inzibati və maliyyə sanksiyalarının tətbiq edilməsi risklərini yaratdığından sözügedən borcun “GENRL" MMC-nin bank hesabına köçürülməsindən imtina edilmiş və bu barədə kontragentə (benefisiara) məlumat verilmişdir. "GENRL” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olmasının ehtimal olunması, “Qaz ixrac” idarəsini depozit hesabından ƏDV əvəzləşdirilməsini həyata keçirməkdən məhrum edir. Bu zaman “Qaz ixrac” İdarəsi ƏDV-ni hesabındakı öz vəsaitindən ödəmək məcburiyyətində qalır ki, bu da “Qaz İxrac” idarəsinin bir vergi ödəyicisi olaraq qanuni maraqlarının pozulması ilə nəticələnir. Borcun ödənilməsində yaranmış çətinliklər barədə xx.xx.2022-ci il tarixində 11 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi zamanı İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin diqqətinə çatdırılmış, çətinliyin aradan qaldırılması ilə bağlı MMC tərəfindən rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət olunması tövsiyə edilmişdir. Eyni zamanda, İddiaçı MMC tərəfindən iddia tələbində 10000 manat məbləğində dəbbə pulunun və 50 manat məbləğində digər xərclərin “Qaz İxrac" İdarəsindən tələb olunması əsassızdır. Belə ki, İddiaçı MMC 10000 manat dəbbə pulunun hesablanmasının hüquqi və riyazi hesablanması əsaslarını iddia ərizəsində təqdim etməmişdir. Həmin məbləğlər İddiaçı MMC tərəfindən şəxsi ehtimalları və mülahizələri əsasında hesablanmış və iddia ərizəsində qeyd edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən əsas tələbi etiraf etdi, qalan 10000 manat və 50 manat tələblər hissəsində iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı Podrat müqaviləsindən görünür ki, iddiaçı cavabdehin tapşırığı ilə özünün və ya iddiaçının materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş norma və qaydalara (smeta), həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi, iddiaçı isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdlrilmiş qiymətlə haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixə 73147,04 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli 01 saylı Podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığı ilə özünün və ya iddiaçının materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş norma və qaydalara (smeta), həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi, iddiaçı isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdlrilmiş qiymətlə haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə xidmət göstərilmiş, cavabdeh tərəfindən isə xidmət haqqı tam ödənilməmiş, nəticədə cavabdehin iddiaçıya 73147,04 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 01 saylı Podrat müqaviləsinə və xx.xx.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən yaranmış 73147,04 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 10000 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəlik haqqında bağlanmış müqavilənin formasından asılı olmayaraq onun icrasının təmin edilməsi üsuli kimi dəbbə pulu haqqında razılaşma yazılı formada tərtib olunmalıdır. Dəbbə pulu haqqında razılaşma əsas öhdəlik haqqında müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutula bilər. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etsə də, ödənişin gecikdirilməsinə görə dəbbə pulu haqqında razılaşma nə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı Podrat müqaviləsinin bir hissəsi kimi onun tərkibində nəzərdə tutulmuş, nə də ayrıca yazılı formada tərtib olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin 50 manat digər xərclər hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsasa görə cavabdehdən pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 339,59 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 87,92 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 358,97 manat (400 manat (mediasiya xərcinin məbləği) – 41,03 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 358,97 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 73147.04 manat borc və mediasiya xərcinə görə 358,97 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən 73147.04 manat borc və mediasiya xərcinə görə 358,97 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar