Məhkəmə qərarları › İş №e-2-2(113)-3378/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3378/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3378/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan 18 iyul 2024-cü il tarixli “təchizatçı çərçivə” müqaviləsinə əsasən 736482,29 manat (yeddi yüz otuz altı min dörd yüz səksən iki manat iyirmi doqquz qəpik) məbləğində əsas borc, 67000 manat (altmış yeddi min manat) məbləğində dəymiş ziyan, 15133,20 (on beş min yüz otuz üç manat iyirmi qəpik) manat illik faiz borcu, 1117 (min yüz on yeddi manat) manat dövlət rüsumu, hüquqi yardım üçün 7500 (yeddi min beş yüz manat) məbləğində borcun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət (etiraz) təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 iyul 2024-cli il tarixli təchizat üzrə çərçivə müqaviləsinin (X2) 24-cü maddəsinin (2)-ci bəndinə əsasən, tərəflər onların arasında yaranan mübahisənin həlli üçün məhkəmə aidiyyəti razılaşdırmışdır. Razılaşdırılmış məhkəmə aidiyyəti Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsi (İCC) olaraq müəyyən edilmişdir. Həmin arbitraj məhkəməsinin razılaşdırılmış ərazi aidiyyəti X4, Dubay şəhəri, dili isə İngilis dili olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə vəsatəti müdafiə edib onun məzmununa uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 vəsatətə etiraz edib rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mübahisəyə baxılması qeyd olunub. Arbitiraja müraciət etmədən məhkəməyə müraciət etməyi məhdudlaşdıran konkret bənd yoxdur. Həmin bənd müqavilədə imperativ norma kimi nəzərdə tutulmamışdır. Hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib vəsatəti materiallarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı MMC ilə cavabdeh “Orientation Events” arasında bağlanmış 18 iyul 2024-cü il tarixli “Təchizatçı Çərçivə” müqaviləsinin 24-cü bəndində göstərilmişdir ki, bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr BCM-nin Arbitraj Qaydalarına əsasən qeyd olunan Qaydalara uyğun olaraq təyin edilmiş bir arbitr tərəfindən yekun olaraq həll edilir. X3 mübahisədə olan məbləğdən asılı olmayaraq tətbiq edilir. Arbitraj yeri Dubay, X1caqdır. Arbitrajın dili ingilis dili olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.5-ci maddəsinə görə qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, (o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın) məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi verilərkən ödənilmiş 1117 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 1117 (bir min bir yüz on yeddi) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar