Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3407/2023 21.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subpodrat müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 19 noyabr 2021-ci il tarixli HİF/2021/12/02 nömrəli Subpodrat Müqaviləsi üzrə ƏDV daxil 24780 manat əsas borc, 5 ay üzrə gecikdirilmiş 3338 manat dəbbə pulu və (dövlət rüsumu) mediasiya xərci üçün ödənilmiş 210 manat, birlikdə hesablanmış 28328 manat məbləğində pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Sifarişçi” İddiaçı Firması, “İcraçı” Cavabdeh MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 13, 14, 15, 42 və 44 saylı binalarında “ildırım ötürmə sistemləri”-nin quraşdırılması işlərinin yerinə yetirilməsi haqqında 19 noyabr 2021ci il tarixli HİF/2021/12/02 nömrəli Subpodrat Müqaviləsi bağlanmış, həmçinin müqaviləyə dair X4 - Əlavə 01 təsdiq edilmişdir. X2 əsasən, bir bina üçün istifadə olunan materialların və işçiliyin qiyməti 6676 manat məbləğində müəyyən edilmiş, Müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərin ümumi dəyəri ƏDV xaric 33380 manat təşkil etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “Cavabdeh” razılaşdırılmış quraşdırılma işlərini yerinə yetirməyi, başa çatdırmağı və “İddiaçı”ya tam hazır vəziyyətdə təhvil verməyi, “İddiaçı” isə “Cavabdeh”ə razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Bu məqsədlə Müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq istifadə olunan materialların alınması üçün “Cavabdeh”ə 21 dekabr 2021-ci il tarixli 1354/21 nömrəli Ödəniş Tapşırığı ilə 15000 manat, ƏDV ilə birlikdə15000x1,18=17700 manat, xx.xx.2022-ci il tarixli 413/22 nömrəli Ödəniş Tapşırığı ilə isə 6000 manat, ƏDV ilə birlikdə 6000 x1,18=7080 manat, cəmi ƏDV daxil 24780 manat avans ödənilmişdir. Lakin “Cavabdeh” Müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, quraşdırılma işlərini yerinə yetirməmiş, işləri başa çatdırıb təhvil verməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara, hətta “Cavabdeh”in işləri başa çatdıracağı ilə əlaqədar "xxxx" Firmasının rəhbərliyinə verdiyi sözlərə, göndərdiyi “whatsapp” mesajlarına baxmayaraq işlər icra edilməmişdir. Bu səbəbdən “İddiaçı” “Cavabdeh”ə ödədiyi avans məbləğini ondan tələb etmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən Müqavilə ilə müəyyən edilmiş müddətlərin pozulmasına görə gecikdirilən hər iş günü üçün Müqavilə üzrə muzdun 0,1%-i nisbətində dəbbə pulu gecikmə cəriməsi tətbiq olunur, bu şərtlə ki, dəbbə pulunun ümumi məbləği müqavilənin ümumi dəyərinin 10%-ni keçməsin. Müqavilənin 4.1-ci bəndə əsasən, müəyyən edilmiş müddətlərin pozulmasına görə gecikdirilən hər iş günü üçün dəbbə pulu gecikmə cəriməsi Müqavilə üzrə muzdun 0,1%-i nisbətində, yəni 33380 manat x (0,1% x 22 iş günü x 5 ay) = 3671.8 manat təşkil edir. Lakin həmin bəndin tələbinə əsasən dəbbə pulu gecikmə cəriməsi ümumi məbləğin 10%ini keçməməsi üçün bu məbləğ müqavilənin ümumi dəyərinin 10%-i nisbətində - 3338 manat hesablanaraq “Cavabdeh”dən tələb olunur. Beləliklə, pozulmuş müqavilə öhdəliyinə görə “Cavabdeh”dən geri tələb olunan məbləğ - ödənilmiş avans olaraq 21000 manat və son 5 aylıq dəbbə pulu gecikmə cəriməsi olaraq 3338 manat olmaqla ümumilikdə, ƏDV daxil 24780 manat+3338 manat =28118 manat təşkil edir. Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirməməsinə görə “Cavabdeh” bu Müqavilənin 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada hüquqi və maddi məsuliyyət daşıyır. Müqavilənin 4.3-cü bəndinə əsasən, Tərəflər arasında Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilmədiyi təqdirdə Azərbaycan Respublikasının yurisdiksiyası üzrə məhkəmədə həll edilir. Qeyd olunan məsələlər barədə “Cavabdeh” Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixində elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu ünvanlanmışdır. Eyni zamanda həmin tarixdə poçt vasitəsi ilə Pretenziya məktubu göndərilmiş və tələb edilmişdir ki, ƏDV daxil 24780 manat əsas borcu və son 5 ay üzrə hesablanmış 3338 manat dəbbə pulunu, birlikdə hesablanmış 28118 manat pul məbləğini 7 gün müddətində “İddiaçı”nın hesabına köçürsün. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin “Cavabdeh" bu günədək heç bir ödəniş etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və “Cavabdeh” mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı firması ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, HİF/201/12/02 saylı subpodrat müqaviləsinə əsasən:
8. 1.Müqavilənin predmeti
9. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən icraçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 13,14,15, 41 və 44-cü binalarına ildırım ötürmə sistemlərinin quraşdırılması işlərini yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi və icraçıya razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür.
10. 2.Tərəflərin hüquq və öhdəlikləri
11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçinin hüquq və öhdəlikləri: - 2.1.1.İşlərin göstərilməsinə nəzarət etmk məqədilə məsul şəxsi təyin; - 2.1.2.İşlərin göstərilməsi ilə balı icraçıya tapşırıqlar və göstərişlər verir; - 2.1.3.Bu müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə işləri yerində qəbul edərək dəyərini ödəyir; - 2.1.4.Bu müqavilə hər hansı səbəbdən vaxtından əvvəl ləğv olunarsa, icraçıya bu müqavilə üzrə gördüyü işlərin əvəzini tam ödəməlidir. - 2.1.5. Bu müqavilə üzrə icra olunacaq işləri, habelə işlərin aparılacağı obyektə dair bütün icazə və razılıqların olmasına, tikintinin müvaiq dölət orqanları və bələdiyyələrlə razılaşdırılmasına görə sifarişçi tam məsuliyyət daşıyır.
12. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçının hüquq və öhdəlikləri: - 2.2.1.Sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək; - 2.2.2.Təhlükəsizlik qaydalarına riayət etmək; - 2.2.3.Sifarişçi tərəfindən işlərin qəbulu aktlarının yoxlanılıb təsdiqlənməsinin 3.3-cü maddədə göstərilən müddətdən gecikdirilməsi halı baş verdikdə icraçı bir tərəfli qaydada işlərin yerinə yetirilməsini müvəqqəi dayandıra bilər.
13. 3.Hesablaşma qaydası
14. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə görüləcək işlərin həcmi və ümumi dəyəri ƏDV xaric 33380 manat məbləğində müəyyən olunur. Müqavilə üzrə görülmüş işlər hesab-faktura və təhvil-qəbul aktında öz əksini tapacaqdır.
15. Həmin müqavilənin 3.2-ci sifarişçi bu müqavilədə müəyyən edilən məbləğin 30% icraçıya məbləğində avans qarantiya məktubunu sifarişçiyə təqdim etdikdən sonra həmin məbləğdə avans ödənilir. Sifarişçi bu müqavilədə müəyyən edilən məbləğin 70%-ni icraçı tərəfindən avans qarantiya məktubu alındıqdan və sifarişçi ilə razılaşdırıldıqdan sonra 10 (on) iş günü müddətində icraçıya ödəyir. Aşağıda göstərilən qaydada icraçı öz hesabına bu müqavilədə müəyyən edilən qarantiya məktublarını təmin etməlidir:
16. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə məbləği sifarişçi və icraçının səlahiyyətli nümayəndələri tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktıtəhvil-qəbul (forma 2) əsasında ödəniləcəkdir.
17. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən icraçı görülmüş işlərə dair aktı (forma 2) təqdim etdiyi vaxtdan etibarən sifarişçi 3 iş günü müddətində həmin akta münasibətini bildirməli və akt təsdini tapdığı halda 5 iş günü müddətində təsdilənərək icraçıya qaytarılmalıdır. Görülmüş işlərə dair aktlar sifarişçi tərəfindən təsdiqləndiyi təqdirdə, aktların təsdiq olunduğu gündən etibarən 10 iş günü ərzində müvafiq olaraq icraçıya ödənş edilməsini təmin etməlidir.
18. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir.
19. 4.Tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli
20. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilmiş müddətlərin pozulmasına görə və ya müqavilə dəyərinin sifarişçi tərəfindən icraçıya ödənilmsinə görə gecikdiriən hər iş günü üçün müqavilə üzrə muzdun 0.1%-i (sıfır tam onda bir faiz) nisbətində dəbbə pulu gecikmə cəriməsi tətbiq olunur, bu şərtlə ki, dəbbə pulunun ümumi məbləği müqavilənin ümumi dəyərinin 10%-i keçməsin.
21. Həmin müqavilənin 4.2-i bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
22. 7.Müqavilənin qüvvədə olma müddəti
23. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən hazırk müqavilə yuxardakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənədək etibarlıdır.
24. Müqavilə hər iki tərəfin imza möhürü ilə təsdiq olunmuşdur.
25. 19 noyabr 2021-ci il tarixli HİF/2021/12/02 nömrəli subpodrat müqaviləsinə dair X2 əsasən bir bina üçün istifadə olunan materialların və işçiliyin qiymət cədvəli üzrə ümumi məbləğ 6676 manat müəyyən edilmiş və tərəflərin imza möhürü ilə təsdiq olunmuşdur.
26. xx.xx.2021-ci il tarixli, 1354/21 saylı ödəniş tapşırığına əsasən İddiaçı firması tərəfindən 15000 manat məbləğində pul vəsaiti ildırımdan mühafizə avadanlıqlarının quraşdırılması üçün avans olaraq Cavabdeh MMC-nin hesabına köçürülmüşdür.
27. xx.xx.2022-ci il tarixli, 413/22 saylı ödəniş tapşırığına əsasən İddiaçı firması tərəfindən 6000 manat məbləğində pul vəsaiti ildırımdan mühafizə avadanlıqlarının quraşdırılması üçün EBBY seriyalı, 849762 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür.
28. İşdə olan vergi hesabat cədvəlindən göründüyü kimi İddiaçı firması tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə 2700 manat məbləğində və xx.xx.2022-ci il tarixində isə 1080 manat məbləğində ƏDV ödənişi edilmişdir.
29. Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda yerinə yetirilməyən öhdəliklərə üzrə vurulmuş 24338 manat ziya məbləğinin qısa müddətdə İddiaçı firmasına ödənilməsi məsləsinin məsləhətləşmələr və danışıqlar yolu ilə məhkəmədən kənar həll edilməsi təklif edilmişdir.
30. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
31. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Sifarişçi” İddiaçı Firması, “İcraçı” Cavabdeh MMC arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 13, 14, 15, 42 və 44 saylı binalarında “ildırım ötürmə sistemləri”-nin quraşdırılması işlərinin yerinə yetirilməsi haqqında 19 noyabr 2021ci il tarixli HİF/2021/12/02 nömrəli Subpodrat Müqaviləsi bağlanmış, həmçinin müqaviləyə dair X4 - Əlavə 01 təsdiq edilmişdir. X2 əsasən, bir bina üçün istifadə olunan materialların və işçiliyin qiyməti 6676 manat məbləğində müəyyən edilmiş, Müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərin ümumi dəyəri ƏDV xaric 33380 manat təşkil etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “Cavabdeh” razılaşdırılmış quraşdırılma işlərini yerinə yetirməyi, başa çatdırmağı və “İddiaçı”ya tam hazır vəziyyətdə təhvil verməyi, “İddiaçı” isə “Cavabdeh”ə razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Bu məqsədlə Müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq istifadə olunan materialların alınması üçün “Cavabdeh”ə 21 dekabr 2021-ci il tarixli 1354/21 nömrəli Ödəniş Tapşırığı ilə 15000 manat, ƏDV ilə birlikdə15000x1,18=17700 manat, xx.xx.2022-ci il tarixli 413/22 nömrəli Ödəniş Tapşırığı ilə isə 6000 manat, ƏDV ilə birlikdə 6000 x1,18=7080 manat, cəmi ƏDV daxil 24780 manat avans ödənilmişdir. Lakin “Cavabdeh” Müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, quraşdırılma işlərini yerinə yetirməmiş, işləri başa çatdırıb təhvil verməmişdir.
32. Beləliklə, İddiaçı Firması ilə Cavabdeh MMC arasında subpodrat müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı Firması tərəfindən müqavilədə nəzərdə tutulan öhdəlik üzrə avans məlbəği 24780 manat pulun ödənilməsi tam icra edilsə də, Cavabdeh MMC tərəfindən öhdəlik icra edilməmiş qalmış və bugünə kimi sistemlər quraşdırılmamışdır, iddiaçı da məcbur qalaraq məhkəməyə müraciət etmişdr.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
34. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır.
35. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.
36. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür.
37. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.
40. Tərəflər arasında bağlanmış müqavilənin 3.1 və 3.4-cü bəndlərindən görünür ki, işlərin təhvil verilməsi hesab-fakura, təhvil-qəbul aktı və forma 2 əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.
41. Lakin tərəflər arasında işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Bunun əksinə isə iddiaçı tərəf müqavilənin 3.2-ci bəndinə nəzərdə tutulmuş avans məbləğini ödəmiş və buna dair ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
43. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
44. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
47. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin olunmalıdır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
49. 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
50. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.
51. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə ilə müəyyən edilmiş müddətlərin pozulmasına görə və ya müqavilə dəyərinin sifarişçi tərəfindən icraçıya ödənilməsinə görə gecikdiriən hər iş günü üçün müqavilə üzrə muzdun 0.1%-i (sıfır tam onda bir faiz) nisbətində dəbbə pulu gecikmə cəriməsi tətbiq olunur, bu şərtlə ki, dəbbə pulunun ümumi məbləği müqavilənin ümumi dəyərinin 10%-i keçməsin.
52. Lakin məhkəmə 24780 manat məbləğində əsas borca tənasübsüz olaraq 3338 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
54. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
55. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 3338 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 1239 manat məbləğində müəyyən edilməlidir.
56. Beləliklə, məhkəmə bütün yüxarıda qeyd olunanarı nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq Cavabdeh MMC-dən 19 noyabr 2021-ci il tarixli, HİF/2021/12/02 nömrəli subpodrat müqaviləsi üzrə ƏDV daxil 24780 manat əsas borc məbləği, 1239 manat məbləğində dəbbə pulu, cəmi 26019 manat manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
59. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (26019 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 168 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19 noyabr 2021-ci il tarixli, HİF/2021/12/02 nömrəli subpodrat müqaviləsi üzrə ƏDV daxil 24780 (iyirmi dörd min yeddi yüz səksən) manat əsas borc məbləği, 1239 (min iki yüz otuz doqquz) manat məbləğində dəbbə pulu, cəmi 26019 (iyirmi altı min on doqquz) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsaitləri tutularaq İddiaçı Firmasına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova