Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3414/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “ECD Management İnc” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “ECD Management İnc” şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə görülmüş işlərə görə 237707,68 ABŞ dolları, avadanlığın boşdayanma müddəti üçün 209935 ABŞ dolları, avadanlığın iddiaçıya geri qaytarılması xərcinin əvəzi kimi 18000 ABŞ dolları, müqavilə üzrə məbləğlərin vaxtında ödənilməməsi üçün ödənişin edilməli olduğu gündən ödənişin faktiki ediləcəyi günədək hesablanmaqla hər gecikdirilmiş günə görə illik 5 faiz əsası ilə faiz məbləği və ödənilmiş 1082 manat dövlət rüsumunun ekvivalenti kimi 636 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, MPM-nin 259.0.5-ci maddəsinə görə “qanuna müvafiq oiaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa" məhkəmə ərizəni baxılmamış saxlaya bilər. Odur ki, iddiaçının qeyd etdiyi hal iddia ərizəsinin geri qaytarılması üçün deyil, ən yaxşı halda iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas ola bilərdi. Lakin tərəflər arasında bağlanmış arbitraj sazişinin icrasım qeyri-mümkün edən hallar mövcud olduğundan, hazırkı işdə ərizənin baxılmamış saxlanılması üçün belə əsas belə mövcud deyil. Belə ki, “Arbitraj haqqında” Qanunun 17.1-ci maddəsinə görə: “Arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir.” “Arbitraj haqqında” Qanunun 4.2-ci maddəsinə görə həmin Qanunun 17-ci maddəsi arbitrajın yeri xarici ölkədə olduğu hallarda da tətbiq edilir. Tərəflər arasında imzalanmış CES-14-0323- 032 nömrəli 24 mart 2023-cü il tarixli texniki dəstək müqaviləsinin 10-cu maddəsinin (a) bəndindən görünür ki, tərəflər həmin müqavilə ilə bağlı yaranan mübahisələrin arbitraja verilməsi barədə və arbitrajın X2 Mərkəzində (DBMM) baş tutacağı və arbitraj başlanıldığı tarixdə qüvvədə olan DBMM - LBAM qaydalarına əsasən (“Qaydalar”) həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. Lakin qeyd edilməlidir ki, DBMM-in arbitraj qurumu hələ 2021-ci ilin sentyabr ayında (yəni müqavilə bağlanmışdan 2 ildən çox öncə) ləğv edilmişdir və nəticədə nə arbitraj sazişinin bağlandığı vaxt, nə də ki hazırda tərəflərin arbitraj sazişində istinad etdikləri DBMM-LBAM arbitraj qaydaları artıq mövcud deyil idi. Belə ki, Dubay hökmdarının 34 nömrəli 14 sentyabr 2021-ci il tarixli Fərmanının 4.2-ci maddəsinə qeyd edilir ki, DBMM-in arbitraj qurumu ləğv edilmişdir2. Fərman 20 sentyabr 2021-ci il tarixdə hüquqi qüvvəyə minmişdir. Beləliklə, tərəflər 24 mart 2023-cü il tarixdə imzalanmış arbitraj sazişində mübahisənin artıq mövcud olmayan arbiraj qurumunun arbitraj qaydalarına verilməsi barədə razılığa gəlmişlər. Tərəflərin müqavilədə göstərdikləri arbitraj qurumu və həmin arbitraj qurumunun DBMM- LBAM qaydaları mövcud olmadığından həmin arbitraj sazişinin icrası qeyri-mümkündür. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, yazılı şəkildə verilən etiraz ərizəsində də qeyd edildiyi kimi, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq müqavilə üzrə yaranan mübahisə arbitraj vasitəsilə həll olunmalıdır. Həmin şərtə iddiaçı tərəfindən əməl olunmamışdır. Müqavilədə qeyd olunan arbitraj təşkilatının ləğv olunması mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün əsas ola bilməz. Hesab edilir ki, tərəflər arasındakı mübahisə arbitraj vasitəsilə həll olunmalıdır. Mübahisənin iddiaçının təklif etdiyi istənilən arbitrajda həllinə razıdırlar. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Hesab olunur ki, iddiaçının məhkəməyə ünvanladığı ərizədə və izahatında qeyd etdikləri mübahisənin hazırkı məhkəmədə baxılması üçün əsas ola bilməz. Belə ki, cavabdehin nümayəndəsi iddiaçının qeyd etdiyi və müqavilədə adı çəkilən arbitrajın ləğv edildiyini mübahisələndirməmiş, lakin istənilən halda mübahisənin məhkəmədə baxılmasına etiraz etmiş, müqavilə şərtinə uyğun olaraq mübahisənin arbitraj vasitəsilə həll edilməli olduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçının təklif etdiyi istənilən arbitrajda mübahisənin həllinə razıdırlar. Məhkəmə hazırkı nəticəyə gələrkən nəzərə almışdır ki, tərəflər arasında bağlanmış CES-14-0323-032 nömrəli, 24 mart 2023-cü il tarixli texniki dəstək müqaviləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən tərəflər arasında bu Müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan mübahisələr müstəsna və yekun olaraq arbitraj vasitəsilə həll edilir. Göründüyü kimi, tərəflər mübahisənin müstəsna və yekun olaraq arbitraj vasitəsilə həll edilməsi barədə əvvəlcədən razılaşmış, cavabdeh də həmin şərtə istinad edərək, mübahisənin məhkəmədə həll edilməsinə etiraz etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli, 16/2023 nömrəli “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının: 3.3-cü bəndinə əsasən MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. 3.5-ci bəndinə əsasən arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi qaydada davam etdirilərsə, məhkəmə bununla əlaqədar müvafiq əsaslandırma aparmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1) 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “ECD Management İnc” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3414/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3414/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver