Məhkəmə qərarları › İş №e-2-2(113)-3484/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3484/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3484/2021 16.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 6.100 manat məbləğində əsas borcun, müqavilə bitəndan sonra illik 5 % hesablanan 144,64 manat faiz borcunun, ümumilikdə 6.244,64 manat borcun, 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqaviləsi üzrə 5.467,50 manat məbləğində əsas borcun, 20.300 manat məbləğində cərimə borcunun, müqavilə bitəndan sonra illik 5 % hesablanan 152,76 manat faiz borcunun, ümumilikdə 25.920,26 manat borcun, həmçinin hüquqi yardıma görə ödənilmiş 200 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 6.100 manat məbləğində əsas borcun, müqavilə bitəndan sonra illik 5 % hesablanan 144,64 manat faiz borcunun, ümumilikdə 6.244,64 manat borcun, 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqaviləsi üzrə 5.467,50 manat məbləğində əsas borcun, 20.300 manat məbləğində cərimə borcunun, müqavilə bitəndan sonra illik 5 % hesablanan 152,76 manat faiz borcunun, ümumilikdə 25.920,26 manat borcun, həmçinin hüquqi yardıma görə ödənilmiş 200 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Müqaviləyə Əlavədə göstərilmiş Proqram təminatının iddiaçıya satılmasını, iddiaçı isə həmin proqram təminatının dəyərinin razılaşdırılmış qaydada cavabdehə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin Əlavəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”nda cavabdehin iddiaçıya satdığı proqram təminatının adı və göstəriciləri və həmin proqram təminatının dəyəri qeyd edilmişdir. Belə ki, Əlavədə tərəflər arasında 1C ESC X2 (Proqram təminatı + 10 istifadəçi + Server ((x86-64) lisenziyalar) proqram təminatının dəyəri 6.100,00 manat məbləğində müəyyən edilmişdir. Sözügedən Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı proqram təminatının Müqaviləyə Əlavədə razılaşdırılan qiymətini Müqavilə bağlandığı tarixdən etibarən 100% avans şəklində cavabdehə ödəyir, cavabdeh isə 10 iş günündən gec olmayaraq Əlavədə göstərilmiş proqram təminatını iddiaçıya təhvil verir. Müqavilənin qeyd olunan şərtinə əsasən iddiaçı elə Müqavilə bağlanılan 3 mart 2020-ci il tarixində Müqavilə ilə nəzərdə tutulmuş 6100,00 manat məbləği bank vasitəsi ilə cavabdehə ödəmiş və qeyd olunan ödənişi təsdiq edən bank ödəniş tapşırığı mövcuddur. Qeyd olunan Müqavilənin 3.3-cü bəndində göstərilmişdir ki, “Alıcı” bu Müqavilədə göstərilmiş proqram təminatını “Satıcı”dan almaq və “Satıcı”nın bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəliklərinin icra edilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 4.1-ci bəndinə görə bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan şərtlərlə ödəniş daxil olduqdan sonra “Satıcı” proqram təminatını “Alıcı”ya təhvil verir. Həmin Müqavilənin 4.2-ci bəndinə görə təhvil-təslim aktı tərtib olunduqdan və imzalandıqdan sonra, e-qaimə təqdim edildikdən sonra proqram təminatı qəbul edilmiş hesab olunur və bundan sonra “Alıcı” tərəfindən heç bir iddia qəbul edilmir. Həmçinin, adı çəkilən Müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən tərəflər bu müqavilə ilə müəyyən olunan öhdəliklərinin icrasına görə məsuliyyət daşıyırlar. Tərəflər öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, digər tərəf müqavilənin xitamını və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Qeyd olunan Müqavilənin 7.2-ci bəndində göstərilmişdir ki, əgər “Alıcı”, “Satıcı”nın bu müqavilənin şərtləri və müddəalarına əməl etməməsini aşkar edərsə, onun istənilən vaxt Müqaviləyə xitam vermə və ya onu müvəqqəti dayandırma hüququ vardır. Beləliklə qeyd olunanlardan görünür ki, Müqavilə üzrə nəzərdə tutulmuş proqram təminatının dəyəri iddiaçı tərəfindən tam şəkildə avans olaraq cavabdehə ödənilsə də, cavabdeh tərəfindən Müqavilə ilə müəyyən edilmiş proqram təminatı iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərini lazımınca icra etməmişlər. Həmçinin iddiaçı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh buna əməl etməmiş və nəticədə cavabdehin 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçıya ümumilikdə 6.100 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, “Sifarişçi” olan iddiaçı ilə “İcraçı” olan cavabdeh arasında 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” “Sifarişçi”yə 03 mart 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixinədək ESC-1C İdarəetmə və Mühasibat proqramının tətbiqi üzrə xidmət (bundan sonra “Xidmətlər” adlanacaq) göstərməyi, “Sifarişçi” isə göstərilən xidməti qəbul edib əvəzində Müqavilə ilə müəyyənləşdirilmiş xidmət haqqını “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan Xidmətlərin siyahısı bu Müqaviləyə əlavə hesab edilən 1 nömrəli “X1”nda tam təfsilatı ilə göstərilmişdir. Müqavilənin 3.1-ci bəndində xidmətlərin dəyəri tərəflər arasında 8.225,00 manat məbləğində müəyyən edilmişdir. Həmçinin müqavilənin 3.2-ci bəndində, müqavilə ilə müəyyən olunmuş xidmət haqqını “İcraçı”ya bu müqavilə bağlandığı tarixdən etibarən 30 % avans şəklində, qalan məbləği isə təqdim olunan hər bir təhvil-təslim aktı üzrə 70 % olmaqla, onun tarixindən 10 gündən gec olmayaraq nəğd və köçürmə yolu ilə ödənilməsi müəyyən edilmişdir. Müqavilənin 1.6-cı bəndində göstərilmişdir ki, xidmətlərin göstərilməsi faktı tərəflərin imzaladığı Təhvil-təslim aktı ilə təsdiq edilir. Sözügedən Müqavilənin 2.1.2-ci bəndində görə bu Müqavilənin 1.1-ci bəndində qeyd olunan xidmətləri keyfiyyətlə yerinə yetirmək “İcraçı”nın, 2.2.2-ci bəndinə görə “İcraçı” tərəfindən yerinə yetirilmiş xidmətlər üzrə bu Müqavilənin 3.1-ci bəndində göstərilən məbləği “İcraçı”ya ödəmək “Sifarişçi”nin vəzifə öhdəliklərinə, həmin Müqavilənin 2.2.3-cü bəndinə görə isə yerinə yetiriləcək xidmətləri “İcraçı”dan tam keyfiyyətlə yerinə yetirilməsini tələb etmək “Sifarişçi”nin hüquqlarına aid edilmişdir. Eyni zamanda, Müqavilənin 3.3-cü bəndində qeyd edilmişdir ki, “İcraçı” sifarişi gecikdirdiyi təqdirdə gecikən hər gün üçün 100,00 manat məbləğində dəbbə pulu ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə görə bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Göstərilənlərə əsasən Müqavilə üzrə nəzərdə tutulmuş Xidmətlərin dəyəri olan 8.225,00 manat məbləğində pulun ilkin olaraq ödənişi 30 % (8.225:100*30=2.467,5) avans şəklində göstərilsə belə, “Sifarişçi” tərəfindən elə Müqavilə bağlanılan 3 mart 2020-ci il tarixdə həmin 30 % ödənilməli avans məbləğindən artıq, yəni 5467,50 manat (ümumi məbləğin 66% miqdarında) ödənilmişdir. Beləliklə, “Sifarişçi” tərəfindən həmin müqavilə üzrə 5.467,50 manat məbləğində “İcraçı”ya ödəniş edilsə də, “İcraçı” tərəfindən Müqavilə ilə müəyyən edilmiş xidmətlər göstərilməmiş və iddiaçıya təhvil verilməmiş, bununla da “İcraçı” Müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri ilkin olaraq göstərilmiş məbləğdən artıq yerinə yetirsə də, cavabdeh buna əməl etmədiyi üçün iddiaçı tərəfindən qalan məbləğ 2.757,50 manat “İcraçı”ya ödənilməmişdir. Bundan başqa qeyd olunan 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqavilədən göründüyü kimi tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 30 noyabr 2020-ci il tarixdən 21 iyun 2021-ci il tarixə kimi hesablanmış 20.300,00 manat məbləğində cərimə tutulmalıdır. Nəticədə cavabdehin 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqaviləsi üzrə iddiaçıya 5.467,50 manat məbləğində əsas borcu, 20.300,00 manat məbləğində cərimə, ümumilikdə 25.767,50 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün qarşı tərəfə 17 mart 2021-ci il və 21 iyun 2021-ci il tarixlərdə pretenziya məktubları göndərilmiş, həmin pretenziya məktubları qəbul edilsə də, pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh Müqaviləyə Əlavədə göstərilmiş Proqram təminatını iddiaçıya satmağı, iddiaçı isə həmin proqram təminatının dəyərini razılaşdırılmış qaydada cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqavilədən görünür ki, cavabdeh iddiaçıya 03 mart 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixinədək ESC-1C İdarəetmə və Mühasibat proqramının tətbiqi üzrə xidmət (bundan sonra “Xidmətlər” adlanacaq) göstərməyi, iddiaçı isə göstərilən xidməti qəbul edib əvəzində Müqavilə ilə müəyyənləşdirilmiş xidmət haqqını cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. 05 mart 2020-ci il tarixli 2 ədəd Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına müvafiq olaraq 5467,5 manat və 6100 manat məbləğlərində ödənişlər edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Müqaviləyə Əlavədə göstərilmiş Proqram təminatını iddiaçıya satmağı, iddiaçı isə həmin proqram təminatının dəyərini razılaşdırılmış qaydada cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya 03 mart 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixinədək ESC-1C İdarəetmə və Mühasibat proqramının tətbiqi üzrə xidmət (bundan sonra “Xidmətlər” adlanacaq) göstərməyi, iddiaçı isə göstərilən xidməti qəbul edib əvəzində Müqavilə ilə müəyyənləşdirilmiş xidmət haqqını cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehin hesabına müqavilələr üzrə avans olaraq 05.03.2020-ci il tarixdə 5467,5 manat və 6100 manat məbləğlərində ödənişlər edilmiş, lakin cavabdeh tərəfindən hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bu barədə müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib olunmamışdır. Məhkəmə alqı-satqı müqaviləsi üzrə tələbə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malların dəyərindən avans qismində cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 03 mart 2020-ci il tarixli ESCC- 003/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə avans qismində ödənilmiş 6100 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqavilə üzrə tələbə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında “Proqram təminatının tətbiqi haqqında” müqavilə bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında eyni zamanda podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, göstəriləcək xidmətin dəyərindən avans qismində ödəniş etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə bu müqavilə üzrə də öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 03 mart 2020-ci il tarixli ESCC- 004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqaviləyə əsasən avans qismində ödənilmiş 5.467,50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqavilə üzrə dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış göstərilən müqavilədən irəli gəlir. Belə ki, həmin müqavilənin 3.3-cü bəndinə əsasən “İcraçı” sifarişi gecikdirdiyi təqdirdə gecikən hər gün üçün 100,00 manat məbləğində dəbbə pulu ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 20.300 manat dəbbə pulu məbləği həmin müqavilə üzrə yaranmış 5.467,50 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 500 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hər iki müqavilə üzrə hesablanmış 144,64 manat və 152,76 manat faizlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 19 iyun 2021-ci il tarixli cari hesabın surətindən göründüyü kimi iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə 12 saylı vəkil bürosunun hesabına 200 manat ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğin 77 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 03 mart 2020-ci il tarixli ESCC- 003/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 6.100 manat məbləğində əsas borc, müqavilə bitəndan sonra illik 5 % hesablanan 144,64 manat faiz borcu, 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqaviləsi üzrə 5.467,50 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, müqavilə bitəndan sonra illik 5 % hesablanan 152,76 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 77 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 38,44 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11,53 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18,47 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 03 mart 2020-ci il tarixli ESCC-003/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə 6.100 manat məbləğində əsas borc, müqavilə bitəndan sonra illik 5 % hesablanan 144,64 manat faiz borcu, 03 mart 2020-ci il tarixli ESCC-004/2020 nömrəli “Proqram təminatının tətbiqi haqqında” müqaviləsi üzrə 5.467,50 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə, müqavilə bitəndan sonra illik 5 % hesablanan 152,76 manat faiz borcu, vəkilin göstərdiyi yardıma görə 77 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 11,53 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 18,47 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar