Məhkəmə qərarları › İş №e-2-2(113)-3484/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3484/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3484/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-Bakı Mərkəzi” MMC-nin Cavabdeh MMC-nə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: podrat müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı-Bakı Mərkəzi” MMC-nin Cavabdeh MMC-nə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı-Bakı Mərkəzi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1,289.00 manat məbləğində əsas borcu, 5,194.67 manat məbləğində faiz borcu, ümumilikdə 6,483.67 manat məbləğinin və 84.84 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-Bakı Mərkəzi” MMC ilə Cavabdeh MMC arasında 07 aprel 2022-ci il tarixində 650 saylı Avtomobillərə texniki xidmət göstərilməsi barədə Müqavilə imzalanmışdır. Həmin Müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra etsə də, cavabdeh öz öhdəliklərini bu günə qədər icra etmir. Belə ki, iddiaçı tərəfindən xidmətlər göstərildikdən sonra Seriya EBCN, №728297, xx.xx.2023-cü tarixli elektron qaimə göndərilmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlər 3 gün müddətində həyata keçirilməli idi. Lakin cavabdeh bu günə qədər həmin qaimələr üzrə ödəniş həyata keçirməkdən boyun qaçırır. Ödənişin həyata keçirilməsi üçün Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, bunlara əhəmiyyət verilmir. Bununla bağlı sonuncu yazılı Pretenziyanı 05 mart 2024-cü il tarixində göndərsək də, ödəniş olmamışdır. Hal-hazırda cavabdeh tərəfindən ödənilməli olan cəmi əsas borc olan 1,289.00 manat ödənilməmiş olaraq qalmaqdadır. xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə ödəmənin son günü xx.xx.2023-cü il tarixi müəyyən edilmiş, 1289 manat məbləğində təqdim edilmiş elektron qaimə üzrə gecikdirilən günlərin sayı 403 gün olmaqla, hər gecikmə günü üçün 1 faiz, 12,89 manat hesablanmaqla, əlavə olaraq 5,194.67 manat həcmində cərimə ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 442, 465.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlanaraq qeyd edilmişdir ki, İddiaçı-Bakı Mərkəzi” MMC-nin iddia etdiyi 1289 manat məbləği qəbul edir və ödəməyə planlaşdırır, ancaq qalan digər faiz məbləğini qəbul etmir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı-Bakı Mərkəzi” MMC ilə Cavabdeh MMC arasında 650 saylı, 07 aprel 2022-ci il tarixli avtomobillər texniki xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin predmeti 1.1-ci bənddə müəyyən edilərək qeyd edilmişdir ki, icraçı tərəfindən sifarişçinin sifarişləri əsasında təqdim etdiyi İddiaçı markalı minik avtomobillərinin texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmin edilməsi və digər xidmətlərin göstərilməsi, Sifarişçi tərəfindən isə görülmüş işlərin haqqının İcraçıya ödənilməsi təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi nümayəndəsi (sahibi, sürücüsü və ya digər şəxs) vasitəsilə hər bir avtomobilə baxış keçirilməsi məqsədilə avtomobili İcraçının texniki xidmət mərkəzinə təqdim etməlidir. Bütün mübahisələri aradan qaldırmaq üçün tərəflər razılaşır və təsdiq edirlər ki, Sifarişçinin nümayəndəsinin bütün hərəkətləri və imzaladığı sənədlər Sifarişçinin istəyinə və mənafeyinə uyğundur, Sifarişçi tərəfindən icra edilmiş kimi hesab ediləcək, bunlara görə məsuliyyət daşıyır və hər hansə əlavə sifarişə, sənədləşməyə və təsdiqə ehtiyac yoxdur.Müqavilənin 4.3-cü bəndinə əsasən avtomobil təhvil verilərkən görülən işlərdə qüsur aşkar olunarsa, hər iki tərəfin iştirakı ilə qüsur aktı tərtib edilir və müəyyən olunan qüsur İcraçının müəyyənləşdirdiyi müddətdə aradan qaldırılır. Müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən bu Müqaviləyə uyğun olaraq hər bir avtomobil üzrə görüləcək işlərin haqqı və ehtiyat hissələrinin dəyəri, Sifariş-Hesab-Faktura və ona əlavələr ilə müəyyən edilir.Tərəflər arasında hər bir avtomobil üzrə Sifariş-Hesab-Faktura imzalandıqdan dərhal sonra işlər başlanılana qədər Sifarişçi Sifariş-tapşırığın ümumi qiymətinin 50%-i qabaqcadan avans şəklində İcraçıya ödəməlidir. Sifariş-Hesab-Faktura əsasında görülən işlər 1 (bir) gün müddətində icra edilərsə, ümumi qiymətin 100%-i tərəflər arasında Təhvil-Təslim aktı imzalandıqdan sonra dərhal (gün ərzində) ödənilməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən sifarişçi hər Sifariş-Hesab-Faktura üzrə avansı və xidmət haqqını, bu Müqavilə ilə şərtləndirilmiş müddətlərdə ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün İcraçıya ümumi qiymətin 1% həcmində cərimə ödəməsi şərtləşdirilmişdir. EBCN seriyalı 728297 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1289 manat dəyərində müxtəlif çeşidli mallar və göstərilmiş xidmət İddiaçı-Bakı Mərkəzi” MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 08 aprel 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı-Bakı Mərkəzi” MMC tərəfindən dövlət büdcəsinə 85 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq təqdim edilən avtomobillərinin texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmin edilməsi və digər xidmətləri görsə də, iddiaçıya cavabdeh tərəfindən nəzərdə tutulmuş ödənişlər edilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə ilə təsdiqini tapdığından, həmçinin cavabdeh tərəfindən hesablanmış əsas borc məbləğinin olması etiraf edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 5194.67 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 65 manat müəyyən olunmalıdır Qeyd edilənlərdən əlavə MPM-in 119-cu maddəsinə əsasən hesab edirəm ki, iddia qismən təmin olunduğundan ödənilmiş 84,84 manat dövlət rüsumunun 33,6 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 650 saylı avtomobillərə texniki xidmət göstərilməsinə dair müqaviləyə əsasən 1289 manat əsas borc, 65 manat faiz, cəmi 1354 (min üç yüz əlli dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç manat) manat 60 (altmış) qəpik İddiaçı-Bakı Mərkəzi“ MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar