Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-350/2022 09.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 109.309,67 manat məbləğində borcun, əldən çıxmış fayda kimi illik 5 faiz olmaqla ərizə verilən tarixə 5.500 manat məbləğində pulun və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat , həmçinin müvəqqəti təminat tədbiri barədə ərizəyə görə ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin, cəmi 115.309,67 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh MMC-nin hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, Muğan, ev 38 olduğundan işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəsatətin hazırlıq iclasında verilməli olduğunu, vəsatətin işin uzadılması üçün verildiyini, işin lazımi qədər araşdırıldığını bildirərək, vəsatətin rədd edilməsini və işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq cavabdeh iclasda iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti təmin edilməli, kommersiya mübahisəsi baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh MMC İmişli rayonu, İmişli şəhəri, Muğan, ev 38 ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, İmişli rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası MPM-nin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, cavabdehin hüquqi ünvanı İmişli rayonu ərazisində yerləşdiyindən kommersiya mübahisəsinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-350/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-350/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver