Məhkəmə qərarları › İş №e-2-2(113)-3509/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3509/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3509/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh MMC (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında 16 noyabr 2021-ci il tarixli L043 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən icraçı “Dövlət Gömrük Komitəsinin İnzibati Binası” layihəsi üzrə bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş texniki spesifikasiyalara uyğun 2 ədəd “Dormakaba” markalı, KT FLEX model, avtomatik fırlanan qapının razılaşdırılmış çeşiddə və qiymətlə, istifadə məqsədləri üçün yararlı halda tikinti sahəsinə çatdırılmasını və quraşdırılmasını, sifarişçi isə həmin avadanlığın qiymətini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçiya ödəməyi öhdəsinə götürür. 2-ci bəndinə əsasən avadanlığın çatdırılması və tikinti sahəsində quraşdırılması üzrə ümumi dəyər 49 000 avro təşkil edir. 2 ədəd "Dormakaba" markalı fırlanan qapıvahidin qiyməti 24.500 avro-toplam 49.000 avro. 3.1.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinin 50%-i, yəni 24.500 avro müqavilə imzalandıqdan sonra 3 iş günü ərzində, lakin 15 iş günündən gec olmayaraq ilkin ödəniş olaraq İcraçiya ödənilməlidir. 4-cü bəndinə əsasən bu müqavilə çərçivəsində alınan avadanlığın istehsal müddəti bu müqavilənin 3.1.1 bəndinə əsasən ilkin ödənişin yerinə yetirilməsindən sonra 24 iş həftəsi təşkil edir. Avadanlıqlar istehsal müddəti bitdikdən sonra 2 iş həftəsi ərzində Bakı şəhərinə çatdırılacaqdır. Quraşdırma işləri, quraşdırma yerinin hazır olduğu haqqında məlumat icraçiya verildikdən sonra icraçının işçi qrupu tərəfindən 2 iş həftəsi ərzində həyata keçiriləcəkdir. 9-cu bəndinə əsasən avadanlığın təslimi bu müqavilənin 4-cü bəndində müəyyən edilmiş vaxt müddətində yerinə yetirilməzsə, icraçı təslimin gecikdirildiyi hər iş həftəsi üçün sifarişçiyə vaxtında təslim edilməyən avadanlığın qiymətinin 0,1 faizi həcmində cərimə ödəyəcək. Ancaq, təslimin gecikdirilməsinə görə tətbiq edilən cərimənin cəmi məbləği vaxtında təslim edilməyən avadanlığın qiymətinin 3 faizindən artıq olmamalıdır. Müqavilənin bu bölməsində müəyyən edilmiş cərimə sifarişçi üçün yeganə kompensasiya vasitəsi olacaq. Cərimənin hesablanması zamanı 4 gündən az gecikmə hesaba alınmır. həlli ilə əlaqədar tələb olunan bütün əlavə xərcləri ödəmək sifarişçinin vəzifəsidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 47.405,05 manat məbləğində ödəniş edilmişdir.

3. 22.12.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 28.747,50 manat məbləğində ödəniş edilmişdir.

4. 14.01.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8.947,92 manat məbləğində ödəniş edilmişdir.

5. xx.xx.2021-ci il tarixli ƏDV sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8532,91 manat məbləğində ödəniş edilmişdir.

6. 22.12.2021-ci il tarixli ƏDV sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5174,55 manat məbləğində ödəniş edilmişdir.

7. 13.01.2022-ci il tarixli ƏDV sub-uçot hesabından köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1610,63 manat məbləğində ödəniş edilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, xidməti müqaviləsi üzrə yaranmış borc məbləğinin ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmət müqaviləsinə əsasən “Gerlift Group" MMC-nin fəaliyyətinin araşdırılmasını, Azərbaycan Respublikasının qanunlarına və müqavilənin şərtlərinə kobudcasına pozduğuna və qərəzli mövqe göstərdiyinə görə qanuna müvafiq olaraq tədbirlər görülməsini, müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini, ödənilən məbləğin 1 il ərzində geri qaytarılmasını və iddiaçıya dəymiş maddi, mənəvi ziyanın və vaxtında təslim edilməyən avandanlığın qiymətinin 0,1 faizi həcmində cərimə ödənilməsini (bütün hissəsini ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Gerlift Group" MMC xx.xx.2021 -ci il tarixində texniki spesifikasiyalara uyğun 2 ədəd "Dormakaba" markalı, KT FLEX model, avtomatik firlanan qapının çatdırılmasını ve quraşdırılmasını təmin etmək məqsədilə İddiaçı arasında xidmət müqaviləsi bağlanmışdır. “Müqavilənin 2-ci maddəsinin 1 bəndinə əsasən avandanlığın çatdırılması və tikinti sahəsində quraşdırılması üzrə ümumi dəyər 49000 avro (94811 manat) təşkil edir. “Müqavilənin” 2-ci maddəsinin 2-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 30 iş günü müddətində ilkin ödəniş İcraçının hesabına daxil olmalıdır, Müqavilənin 3-cü maddəsinin 1.1 bəndinə əsasən Müqavilənin ümumi dəyərinin 50%-i, yəni 24500 avro müqavilə imzalandıqdan sonra 3 iş günü ərzində ödənməlidir. "xxxx" MMC tərəfindən müqavilənin 2-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən işin tez bir zamanda başlanılması üçün 3 iş günü müddətində və müqavilənin 50% dəyəri gecikdirilmədən xx.xx.2021 -ci il, 13:45:45 radələrində fırlanan qapılar üçün “Gerlift Group" MMC-nin hesabına 47405.05 manat və 8532.91 manat ƏDV (4410 Avro) köçürülüb. Daha sonra, 21 dekabr 2021-ci il tarixində “Gerlift Group" MMC şirkəti tərəfindən avadanlığın yüklənməsi üçün müqavilədə nəzərdə tutulan 2-ci ödəniş hissəsindən 15.000 avro ödənilməsi üçün tapşırıq verilməsini iddiaçıdan xahiş ediblər. Müqavilənin 3-cü maddəsinin 1.2-ci bəndinə əsasən Müqavilənin ümumi dəyərinin 40%-i, yəni 19600 avro avadanlıq yüklənməsi üçün ödənilməlidir. Buna görə də, İddiaçı tərəfindən fırlanan qapılar ilə bağlı zavoddan yəni istehsalçı tərəfindən avadanlığın yüklənməsi üçün 22 dekabr 2021-ci il tarixində ödəniş tapşırığı verilib və həmin tarixdə 28.747,50 manat və 5.174,55 manat “Gerlift Group" MMC Şirkətinin hesabına ödənilib. Son olaraq, 13 yanvar 2022-ci il tarixində “Gerlift Group" MMC şirkəti tərəfindən fırlanan qapılar üçün müqavilədə nəzərdə tutulan antipanik sistem mexanizmini və alt döşəmə ring və paspas sistemində Türkiyəyə gətirilməsi üçün 3-cü ödənişi etməyi "xxxx" MMC-dən xahiş etmişdilər. 14 yanvar 2022-ci il tarixində İddiaçı tərəfindən fırlanan qapılar üçün müqavilədə nəzərdə tutulan antipanik sistem mexanizmini və alt döşəmə ring və papas sistemində Türkiyəyə gətirilməsi üçün 8947,92 manat və 13 yanvar 2022-ci il tarixində ƏDV 1610.63 manat (832,40 avro) “Gerlift Group" MMC Şirkətinin hesabına ödənilib. Bütün bu ödənişlərin hamısı “Gerlift Group" MMC Şirkəti tərəfindən yalan məlumat, aldatma, yalan vəd verilməsi və özünə güvən qazandırılması əsasında "xxxx" MMC tərəfindən ödənilib. Bütün ödənişlərin hamısı İddiaçı MMC tərəfindən gecikdirilmədən işlərin tez bir zamanda həll olunması üçün ödənilib, amma bir il müddət ərzində ( hardasa 2023-cü ilin fevral ayı ərəfələrində) sifariş etdikləri mallar onlara təqdim edilməyib və məlumat olmadığı üçün istehsalçıya müraciət edərək, belə bir məlumat alıblar ki, Cavabdeh MMC Şirkəti tərəfindən bu günə kimi heç bir ödəniş olmayıb. 11 may 2023-ci il tarixində Azərbaycan Respublikası Dövlət Komitəsindən göndərilən məktuba əsasən iddiaçı podratçı qismində çıxış etdiyi layihədə işlər yarımçıq qalmışdır və tamamlanmamışdır. Buna görə də, iddiaçı öz öhdəliklərini yerinə yetirmək üçün başqa Şirkətlə əməkdaşlıq edib layihədə nəzərdə tutulan işləri öz hesabına görmüşdür.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340, 349, 447.1, 21, 425, 426, 442, 460-cı maddələrinə istinad etmişdir.

12. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli L043 nömrəli müqavilə üzrə tərəfindən cavabdehə ödənilmiş 100.419,47 manat (85.100,47 manat +15.319 manat ƏDV) məbləğində pul vəsaitinin, təhvil-təslimin gecikdirildiyi 141 həftə üçün 15.197,84 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 374,43 manat məbləğində pul vəsaitinin “cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

13. İddiaya qarşı yazılı etiraz daxil olmadı.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

14. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqaviləni 2023-cü ilin avqust və ya sentyabr aylarında ləğv ediblər.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV.TƏTBİQ EDİLƏN HÜQUQ

19. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 599.3-ci maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 noyabr 2021-ci il tarixli L043 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC 2 ədəd “Dormakaba” markalı, KT FLEX model, avtomatik fırlanan qapının istifadə məqsədləri üçün yararlı halda tikinti sahəsinə çatdırılmasını və quraşdırılmasını, İddiaçı MMC isə həmin avadanlığın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC sözügedən müqaviləyə əsasən ümumilikdə ƏDV daxil 100.419,47 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə ödədiyi halda cavabdehin müqavilənin predmeti olan avtomatik fırlanan qapıları hal-hazıradək təqdim etmədiyini əsas göstərərək tərəfindən ödənilmiş pul vəsaitinin qaytarılmasını, eləcə də cavabdeh tərəfindən malların təqdim edilməsinin 141 həftə gecikdirilməsinə görə 15.197,84 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər barəsında bağlanmış müqavilə müxtəlif müqavilələrin ünsürlərini birləşdirilən qarışıq müqavilə olduğundan həmin müqavilə xidmət müqaviləsi adlandırılsa da, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən həmin müqaviləyə malların təqdim edilməsi və dəyərinin ödənilməsi hissəsində alqı-satqı müqaviləsini təzimlənən normalar tətbiq ediməlidir.

22. Müqavilə üzrə ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçı tərəfindən 2021-ci ilin noyabr -2022-ci ilin yanvar aylarında ümumilikdə ƏDV daxil 100.418,55 qəpik məbləğində pul vəsaitinin cavabdehə ödənilməsi öz təsdiqini tapır.

23. Digər tərəfdən müqavilə şərtlərinə əsasən müqavilənin predmeti olan fırlanan qapılar ilk ödəniş edildikdən sonra 26 iş həftəsi ərzində istehsal edilməli, Bakıya gətirilməli və quraşdırılmalı olduğu halda sözügedən mallar hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmişdir. Odur ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən iddiaçının qabaqcadan etdiyi ödənişin geri qaytarılmasını tələb etmək hüququ yarandığından müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılması hissəsində iddia əsaslıdır.

24. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirilməsinə görə pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən iddiaçının tələb etdiyi sözügedən məbləğin dəbbə pulu və ya faiz olması aydın ifadə edilməsə də, iddiaçı məhkəmə verdiyi izahatında tələb etdiyi məbləğin müqavilənin şərtlərinə əsasən hesablanmış olan dəbbə pulu olduğunu bildirmişdir. Odur ki, məhkəmə həmin tələbə dəbbə pulun tutulması tələbi kimi qiymət verir.

25. Tələbin mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilədə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin gecikdirilməsi isə işə mübahisəsiz halı olduğundan iddiaçı qabaqcadan ödənişin qaytarılmasını cavabdehdən tələb etməklə müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

26. Tutulacaq dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə MPM-in 467-ci maddəsinin tələbləri və mübahisəli müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun vaxtında təslim edilməyən avadanlığın qiymətinin 3 faizindən artıq olmaması barədə şərt nəzərə alınmaqla dəbbə pulu məbləği avadanlığın qiymətinin (85.100,47 manat) 0,03 faizi, yəni 2550 manat məbləğində müəyyənləşdirilməlidir.

1. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 374,43 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

2. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (dəqiqləşdirilmiş tələb) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 405 manat təşkil edir.

3. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

4. Dövlət rüsumunun kəsiri olan , 30, 57 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

5. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən ƏDV daxil 100.418,55 manat məbləğində pul vəsaiti, 2550 manat məbləğində dəbbə pulu, cəmi 102.968,55 manat məbləğində pul vəsaiti dövlət rüsumunun əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Dövlət rüsumunun kəsiri olan 30,57 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar