Məhkəmə qərarları › İş №e-2-2(113)-351/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-351/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-351/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh MMC-dən 2160,00 manat borcun və 1080,00 manat cərimənin, ümumilikdə 3240,00 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC Ağ Şəhər “Knights Bridge” layihəsində mühəndis xidmətlərinin icra edilməsi öhdəliyini, Cavabdeh MMC isə müqavilə ilə müəyyənləşdirilmiş xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin şərtlərinə uyğun olaraq, sözügedən xidmətlər Cavabdeh MMC-yə göstərilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmət haqqları tam ödənilməmiş, nəticədə Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə “xxxx” MMC-yə 2160,00 manat borcu yaranmışdır. Dəfələrlə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin Cavabdeh MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Bu pretenziya yaranmış məsələnin həlli istiqamətində tərəflərindən atılan son addımdır. Bu son tələblər yerinə yetirilmədikdə, hüquqlarının həyata keçirilməsi və dəyən zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Bu halda borc tələbindən başqa hüquqi xidmətlərə çəkilən xərclər və digər məhkəmə məsrəfləri, məhkəmə qərarının icra edilməsi ilə bağlı xərclər (iddia tələbinin 7 % həcmində) də onlardan tutulacaqdır. Habelə məhkəmə prosesində və məhkəmə qərarlarının icrası prosesində iştirak etmək məcburiyyətində qalacaqlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx xxxxxx 2018-ci il tarixli Podrat Müqaviləsi üzrə yaranmış 2160,00 manat məbləğində borcu 3 (üç) gün müddətində ödəmələri xahiş edilmişdir. Dəfələrlə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Ən son xx xxxx 2019-cu il tarixdə cavabdehə borcunun ödənilməsi barədə pretenziya ilə rəsmi müraciət olunmuşdur. Lakin indiyədək Cavabdeh MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə hüquqi şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişləri göndərilsə də, poçt şöbəsinin əməkdaşları tərəfindən zərfin üstünə F-20 arayışlar vurularaq, cəmiyyətin həmin ünvanından köçməsi səbəbindən, poçt göndərişlərinin sonuncuya çatdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan podratçı “xxxx” MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı Ağ Şəhər “Knights Bridge” layihəsində tələb olunan mühəndis xidmətlərinin icra etməyi, sifarişçi podratçıya 1 ay ərzində icra olunmuş xidmət üçün (ƏDV daxil olmadan) 1500 manat ödəməyi öhdəlik götürmüşlər. İşdə materiallarında olan tərəflər arasında tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2018, xx.xx.2019-cu il tarixli təhviltəslim aktlarından görünür ki, içraçı sifarişçinin tikinti apardığı sahədə xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi əsasında tələb olunan mühəndia işini icra edərək sifarişçiyə təhvil verilməsi, icra olunmuş işlərin bu tip işlər üçün nəzərdə tutulmuş təlimatın tələblərinə uyğun icra edilməsi , müqavilə şərtinə uyğun olaraq işin vaxtında və yüz faiz yerinə yetirilməsi işin icraçının tələblərinə cavab verməsi barədə akt tərəflərin direktorları tərəfindən imzalanaraq, möhürlə təsdiqlənmişdir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Eyni zamanda işin məhkəmə tədqiqatı dövründə cavabdeh tərəfindən həmin müqavilə üzrə qismən ödənişin edilməsi, sonuncu tərəfindən müqavilədən irəli gələn öhdəlikləri qəbul edilməsi kimi başa düşülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqaviləsi üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh Cavabdeh MMC-dən 2160 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üçün 1080 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 108 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh MMC-dən əsas borc olaraq 2160 manat, cərimə qismində 108 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 2298 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc olaraq 2160 ( iki min yüz altmış) manat , cərimə qismində 108(yüz səkkiz) manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 (otuz) manat, cəmi 2298 (iki min iki yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hisssədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar