Məhkəmə qərarları › İş №e-2-2(113)-354/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-354/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-354/2021 02.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktor) X1 və Cavabdeh MMC-nin nümayəndəsi (direktor) X2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "Naum Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Podrat müqaviləsi üzrə Cavabdeh MMC-dən 5500 manat borcun və 2750 manat cərimənin, ümumilikdə 8250 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2018-ci il tarixli Podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC “Zərifə Əliyeva” küçəsində mühəndis xidmətlərinin icra edilməsi öhdəliyini, Cavabdeh MMC isə müqavilə ilə müəyyənləşdirilmiş, xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Tərəflərindən müqavilənin şərtlərinə uyğun olaraq, sözügedən xidmətlər Cavabdeh MMC-yə göstərilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmət haqqları tam ödənilməmiş, nəticədə Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə “xxxx” MMC-yə 5500 manat borcu yaranmışdır. Tərəflərindən dəfələrlə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanılmış və borcun ödənilməsi bildirilmişdir. Lakin Cavabdeh MMC tərəfindən borcun ödənilməsi istiqamətində heç bir real addım atılmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktor) X3 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (direktor) X4 iddianı qismən qəbul edərək, izahatında iddia tələbinin 5500 manat borc hisssəsində qəbul etdiyini, iddia tələbinin 2750 manat cərimə hisəssində isə qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 03 nömrəli podrat müqaviləsindən görünür ki, icraçı - "xxxx" MMC sifarişçi - "Naum Construction" MMC-nin sifarişi əsasında “xxxx” MMC “Zərifə Əliyeva” küçəsində mühəndis xidmətlərinin icra edilməsi öhdəliyini, Cavabdeh MMC isə müqavilə ilə müəyyənləşdirilmiş, xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli icra olunmuş işlərin təhviltəslim aktlarından görünür ki, xx.xx.2018-ci il tarixli, 03 nömrəli podrat müqaviləsinin şərtlərinə uyğun olaraq 2019-cu ilin may, iyun və iyul ayları üzrə icraçı - "xxxx" MMC sifarişçi - "Naum Construction" MMC-nin sifarişi əsasında işləri vaxtında və 100% yerinə yetirmiş və işin icrası sifarişçinin tələblərinə cavab verir. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli hesab-fakturalardan görünür ki, xx.xx.2018-ci il tarixli, 03 nömrəli müqaviləyə əsasən icra olunmuş mühəndis xidmətlərinin dəyəri cəmi 5500 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 753.1-ci maddələri). Göründüyü kimi iddiaçı “xxxx” MMC ilə cavabdeh "Naum Construction" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “xxxx” MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək görülmüş işlərin qarşılığına görə əsas borc olan 5500 manat məbləğində pul ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 5500 manat məbləğində əsas borcun tələbi hissəsində əsaslı olduğundan o cümlədən, cavabdehin nümayəndəsi də həmin məbləğdə iddiaçıya borcları olduğunu bildirdiyindən təmin edilməlidir. İddiaçı 2750 manat məbləğində cərimə pulunu tələb etsə də, bununla bağlı heç bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, 03 nömrəli podrat müqavilə üzrə yaranmış 5500 manat məbləğində pul cavabdeh "Naum Construction" MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 03 nömrəli podrat müqaviləsi üzrə yaranmış 5500 manat məbləğində pul cavabdeh "Naum Construction" MMC-dən tutularaq iddiaçı “xxxx” MMCyə ödənilsin. İddia 2750 manat məbləğində cərimə pulunun tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar