Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-355/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, akt, qaimə, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış **** nömrəli podrat müqaviləsi üzrə 121 823,09 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində cavabdehin müvafiq tapşırıqlarına əsasən tərəflər arasında 10 mart 2016-cı il tarixli SO/006/16 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehin sifarişinə əsasən Səbail rayonu, Salyan şosesinin 12-ci km-də tikintisi nəzərdə tutulan emalatxana, məişət və ofis binalarının tikinti işlərini həyata keçirəcək, cavabdeh isə bu xidmətlər qarşılığında müqavilə ilə müəyyən edilmiş məbləği, yəni əlavə dəyər vergisi daxil olmaqla 441 682,61 manatı iddiaçının hesabına ödəyəcəkdir. Müqaviləyə uyğun olaraq ödənişlər müqavilədə göstərilən işlər təhvil verildikdən sonra həyata keçirilməlidir. Həmin müqavilə üzrə ilk təhvil-təslim aktı (görülmüş işlərin qəbuluna dair) xx.xx.2017-ci il tarixində tərtib olunmuş və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmişdir. Sözügedən aktda təhvil verilmiş işlərin həcmi və həmin işlərin dəyəri olaraq hesablanmış, 121 823,09 manat məbləğin iddiaçıya ödənilməsi cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, bununla bağlı 26 dekabr 2017-ci il tarixində iddiaçı tərəfindən hesab-faktura tərtib edilərək cavabdehə göndərilmişdir. Lakin cavabdeh adıçəkilən müqavilə üzrə yaranmış öhdəliyini bugünədək həyata keçirməmişdir. Cavabdehin iddiaçıya olan yekun borc məbləği 121 823,09 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 445, 448 və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında razılaşdırılmış işlər iddiaçı tərəfindən görülmüş, nəticədə cavabdehin iddiaçıya 121823,09 manat borcu yaranmışdır.
5. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X1 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, borcla bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi məktub yazılmasa da, təsisçilərlə şifahi danışıqlar aparılmış, lakin cavabdehin maddi çətinliklərlə üzləşməsi səbəbindən bir müddət borcu tələb etməmişlər.
6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək qeyd etmişdir ki, 2018-ci ilin fevral ayında şirkətdə təsisçilər arasında dəyişiklik olmuş, eləcə də cavabdehin direktoru və mühasibatlığı dəyişmişdir. Cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olması mühasibatlıq sənədləri ilə təsdiq olunur, lakin cavabdeh ötən müddət ərzində borcun ödənilməsi barədə nə məktub yazmış, nə də müraciət etmişdir. 2020-ci ildə mənfəət vergisi bəyannaməsi verilən zaman iddia müddəti bitdiyi üçün vergi qanunvericiliyinə uyğun olaraq həmin məbləğ mənfəət kimi hesablanmış və müvafiq vergi ödənilmişdir. Cavabdehin nümayəndəsi iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq olunmasını, iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi - qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə təhvil-təslim aktı imzalanmış, xx.xx.2017-ci il tarixdə hesab-faktura təqdim olunmuşdur. İddiaçı tərəf sözügedən mübahisə ilə bağlı 12 oktyabr 2022-ci il tarixində Mediasiya Şurasına müraciət etmişdir. Hesab-fakturanın təqdim edildiyi tarix xx.xx.2017-ci il olduğundan bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni xx.xx.2020-ci ilədək qeyd edilən məbləğ tələb edilə bilərdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
11. Məhkəmə tərəfindən müəyyən olunmuş işin halları ondan ibarətdir ki, "xxxx" QSC (əvvəl MMC) ilə Cavabdeh QSC (əvvəl MMC) arasında 10 mart 2016-cı il tarixində SO/006/16 nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə görə iddiaçı cavabdehin sifarişinə əsasən Səbail rayonu, Salyan şossesinin 12-ci km-də tikintisi nəzərdə tutulan emalatxana, məişət və ofis binalarının tikinti işlərini həyata keçirməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin iddiaçıdan qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə ödənişlərin işlər təhvil verildikdən sonra həyata keçirilməsi razılaşdırılmış, 25 dekabr 2017-ci il tarixdə akt tərtib olunaraq 121 823,09 manat dəyərində görülmüş iş cavabdeh tərəfindən qəbul edilmiş, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə hesab-faktura (invoice) tərtib olunmuş və cavabdehə HQ 998365 seriya və nömrəli elektron vergi hesab-fakturası göndərilmişdir.
12. İddiaçı görülmüş işlərin dəyərini təşkil edən muzdu, yəni 121 823,09 manat pulu tələb edir.
13. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş edir.
14. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
15. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
16. Məhkəmə bildirir ki, iddiaçı podrat müqaviləsi üzrə 12823,09 manat dəyərində razılaşdırılmış işləri icra etmiş, cavabdeh isə həmin işləri təhvil almış, lakin ödənişin edilməsi üçün iddiaçı tərəfindən hesab-faktura və elektron qaimə təqdim olunmasına baxmayaraq görülmüş işlərin dəyərini ödəməmişdir.
17. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
18. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı subyektiv hüquqa malikdir, subyektiv hüququ məhz cavabdeh tərəfindən pozulmuşdur.
19. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
20. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
22. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
23. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
24. İddiaçının cavabdehə görülmüş işlərə görə 26 dekabr 2017-ci il tarixdə hesabfaktura (invoice) və elektron vergi hesab-faktura təqdim etdiyini nəzərə alan məhkəmə qeyd edir ki, **** nömrəli podrat müqaviləsi üzrə muzdun ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti 26 dekabr 2020-ci il tarixdə başa çatmışdır.
25. Mülki Məcəllənin 379.1 və 379.1.6-cı maddəsinə görə iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, dayandırılır.
26. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
27. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli, 03448 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər rasında ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixində, saat 12:00-da keçirilmişdir.
28. Göründüyü kimi, iddia müddəti 26 dekabr 2020-ci il tarixdə başa çatmış, mediasiya prosesi xx.xx.2022-ci il tarixdə keçirilmiş, beləliklə, iddia müddətinin axımı dayandırılanadək hazırkı tələb üzrə qanunla müəyyənləşdirilmiş iddia müddəti ötmüşdür.
29. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı **** nömrəli podrat müqaviləsi üzrə 121 823,09 manat pulun tutulması tələbi üzrə iddia müddəti keçidiyindən, həmin tələb rədd olunmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbzlə 411,82 manat məbləğində dövlət rüsumu İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova