Məhkəmə qərarları › İş №e-2-2(113)-3572/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3572/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3572/2022 16.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 9065 manat borcun, mediasiyanın keçirilməsinə dair 110 manat, 11 manat dövlət rüsumu və hüquqların müdafiəsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 900 manat, cəmi 10086 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində alğısatıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı tərəfindən ofis üçün dəftərxana ləvazimatlarının razılaşdırılmış qiymətə alıcıya satılması müəyyən olunmuşdur. Həmin müqaviləyə uyğun olaraq tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 9 adda mal sifariş olunmuş və həmin mallara görə 9065 manat məbləğin ödənilməsi razılaşdırılmışdır. 03 may 2021-ci il tarixində iddiaçı tərəfindən cavabdehə 151144 nömrəli elektron qaimə göndərilmişdir. Cavabdeh isə elektron qaiməni təsdiq etmiş və malları qəbul etmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, lakin cavabdeh yaranmış borcu hələ də ödəməmişdir. “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq MŞB/1-0078 nömrəli, 18 fevral 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair arayışdan da göründüyü kimi cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı medasiyaya dair xərci 110 manat ödəmişdir. Bunda əlavə iddiaçı hüquqlarının müdafiəsi üçün “Yusifbəyli və partnyorları” vəkil bürosu ilə 09 mart 2022-ci il tarixli müqavilə bağlamış və hazırki mübahisə ilə əlaqədar 900 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 4750 manat borcun, mediasiyanın keçirilməsinə dair 110 manat, 11 manat dövlət rüsumu və hüquqların müdafiəsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 800 manat, cəmi 5671 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 17 iyun 2021-ci il tarixli 000092 saylı qaimə ilə 1500 ədəd qələm, 1000 ədəd qeyd kağızı, 500 ədəd ajanda istehsal olunub cavabdehə təhvil verilmişdir. Müqaviləyə əlavədə göstərilən digər mallar da istehsal olunduqdan sonra iddiaçının iş icraçısı tərəfindən sifarişçiyə təhvil verilmiş malların dəyərinin ödənilməsi tələb edilmişdir. Həmin malların dəyəri cavabdeh tərəfindən ödənilmədiyindən istehsal olunmuş qalan mallar sifarişçiyə təhvil verilmişdir. Anlaşmazlıq iş materiallarına əlavə edilmiş 31 may 2021-ci il tarixli 000075 saylı qaimə ilə bağlıdır. Belə ki, həmin qaimədə alan tərəf Akkord qeyd olunsa da, mallar X3 sifarişinə əsasən istehsal olunmuşdur və onlara təhvil verilmişdir. Belə ki, hər üç şirkətin ofisləri bir binada yerləşirmişlər və bir idarəetmə altında olmuşlar və bu hal qarışıqlığa səbəb olmuşdur. X6 ilə olan mübahisə barışıqla yekunlaşmışdır. 17 iyun 2021-ci il tarixli 000092 saylı qaimə ilə təhvil verilmişmalların dəyəri Qiymətlərin razılaşdırılması protokoluna əsasən 4750 manat manat ƏDV daxil təşkil edir. Bundan əlavə “Mediasiya haqqında” AR Qanununun tələblərinə uyğun olaraq 18 fevral 2022ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair arayışdan da göründüyü kimi cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 110 manat mediasiya xərci ödəmişdir. Bundan əlavə iddiaçı hüquqlarının müdafiəsi üçün “Yusifbəyli və partnyorları” vəkil bürosu ilə 09 mart 2022-ci il tarixli müqavilə bağlamış və hazırki mübahisə ilə əlaqədar 800 manat məbləğində ödəniş etmişdir. 04 avqust 2022-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, tərəflərindən aidiyyatı üzrə borcun mövcud olub-olmamasına dair Maliyyə departamentinə sorğu verilmişdir. Hazırda sorğu cavablandırılmadığı üçün sorğunun nəticəsi əlavə olaraq iş materiallarına əlavə ediləcəkdir. Eyni zamanda təqdim edilmiş iddia ərizəsində iddiaçı təqdim etdiyi müqavilə üzrə təhvil-təslimi təsdiq edən aktlarda qeyd edilmiş məbləğ iddia ərizəsində qeyd edilmiş məbləğlə üst-üstə düşmür və mütənasib değildir.İddiaçının təqdim etdiyi müqavilələrin mətnindən görünür ki, ödəniş üçün əsas olan təhvil-təslim aktının mövcudluğu zəruridir. Belə ki, müqavilələrin 2.2-ci bəndinə əsasən alınmış malların məbləği mal-material və hesab-faktura Alıcıya təhvil verildikdən sonra bank köçürmə yolu ilə ödənilir. Göründüyü kimi iddiaçı nə hesab faktura nə də tələb etdiyi məbləğə uyğun təhvil təslim aktı əlavə etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda bildirdi ki, hazırkı iş üzrə iddia tələbinin 4750 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Qeyd edilən hissədə iddia tələbinin təmin edilməsinə etiraz etmirlər. Yalnız iddiaçı tərəfindən tələb edilən hüquqi yardımın göstərilməsi ilə bağlı 800 manat məbləğin cavabdehdən tutulması hissəsində iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC və alıcı qismində "xxxx" ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli, AA125/0421 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə ofis üçün dəftərxana ləvazimatlarını satıcıdan razılaşdırılmış qiymətə əsasən alır. 1.2. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad olan malı verir. 2.1.Alınmış malların qiyməti hesab fakturalarda öz əksini tapacaqdır. 2.2.Alınmış malların məbləği, mal-material və hesab faktura alıcıya təhvil verildikdən sonra bank köçürmə yolu ilə ödənilir. 4.1.Malların çatıdırılması və/və ya təhvil verilməsi satıcı tərəfindən öz hesabına həyata keçirilir. 4.3. Mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və /və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar və alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ alıcıya keçir. -xx.xx.2021-ci il tarixli, AA125/0421 nömrəli alqı-satqı müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli əlavəyə (qiymətlərin razılaşdırılması protokolu) əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə 9065 manat məbləğində mal satılmışdır. - EBBB seriyalı 151144 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə 9065 manat məbləğində mal satılmışdır. - xx.xx.2021-ci il tarixli 000095 nömrəli təhvil-qəbul aktına əsasən ”İndiqo” MMC tərəfindən "xxxx" ASC-yə 1500 ədəd qələm, 1000 ədəd qeyd kağızı, 500 ədəd ajanda təhvil verilmiş, sözügedən akt hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 000075 nömrəli hazır məhsulların təhvil-qəbul aktından ”İndiqo” MMC tərəfindən "xxxx" ASC-yə 400 ədəd saat, 1500 ajanda, 200 ədəd kağız çantanın təhvil verildiyi görünsə də, iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin azaldılması barədə ərizədə həmin malların cavabdehə deyil, məhz X5 təhvil verildiyini qeyd etmişdir. - İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya qaydasında məktub ünvanlanaraq, 9065 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AA125/0421 saylı alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 4750 manat dəyərində mal təhvil verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 000095 nömrəli təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 1500 ədəd qələm, 1000 ədəd qeyd kağızı, 500 ədəd ajanda təhvil verilmiş, sözügedən akt hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Lakin cavabdeh, ona təhvil verilən malların dəyərini lazımı qaydada ödəməmiş, 4750 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də qeyd edilən faktı təsdiqləmiş, cavabdehin ödənilməmiş 4750 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4750 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində 110 manat məbləğində mediasiya xərcinin, 11 manat məbləğində dövlət rüsumunun, və hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 800 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı tərəfindən mediasiya xərci və dövlət rüsumu, eyni zamanda hüquqi yardımın göstərilməsi ilə bağlı 800 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin təqsiri üzündən iddiaçının pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi 800 manat məbləğində hüquqi yardım xərcləri tutulması hissəsində qismən əsaslı hesab edir və Cavabdehdən İddiaçının xeyrinə 300 manat pulun tutulmalı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4750 manat əsas borc, 110 manat mediasiya xərci, 11 manat dövlət rüsumu, hüquqların müdafiəsi üçün vəkillə bağlanmış müqavilə üzrə ödənilmiş 300 (üç yüz) manat, cəmi 5171 (beş min yüz yetmiş bir) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar