Məhkəmə qərarları › İş №e-2-2(113)-3592/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3592/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3592/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin lazımınca icra olunmaması, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, AP 224/1021 saylı subpodrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə ödənilməli olan 58835,94 manat (əlli səkkiz min səkkiz yüz otuz beş manat doxsan dörd qəpik) qalıq məbləğ, pul ödənişinin gecikdirilməsinə görə 2941,70 (iki min doqquz yüz qırx bir manat, yetmiş qəpik) manat, iddiaçı tərəfindən ödənilmiş 405 (dörd yüz beş) manat mediasiya xərci, hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilməli olan 2487,31 manat (iki min dörd yüz səksən yeddi manat otuz bir qəpik) məbləğ də daxil olmaqla, ümumilikdə 64669,95 manat (altmış dörd min altı yüz altmış doqquz manat doxsan beş qəpik) məbləğində pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X5 (bundan sonra iddiaçı adlandırılacaq) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra cavabdeh adlandırılacaq) arasında 01 iyul 2021-ci il tarixli, AP 224/1021 saylı subpodrat müqaviləsi (bundan sonra müqavilə adlandırılacaq) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı sifarişçinin tapşırığına və onun təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəsmeta sənədlərinə uyğun olaraq, “Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində süni qurğuların tikintisi və s. (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən) işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilədə qeyd edilən öhdəliklər layiqincə yerinə yetirilmişdir. İddiaçı tərəfindən təhvil verilmiş işlər müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cavabdeh tərəfindən qəbul edilmiş və heç bir etiraz bildirilməmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyənləşdirilmiş məbləğdə xidmətlərin tam dəyəri iddiaçıya ödənilməmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndinə görə xidmətlərin ümumi dəyəri vergilər daxil olmaqla, 198817,50 manat (bir yüz doxsan səkkiz min səkkiz yüz on yeddi manat əlli qəpik) təşkil edir. Müqavilə üzrə ödəmələr faktiki görülmüş işlərin aktlarının (Forma 2, Forma 3) əsasında bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Əlavə 2yə əsasən müqavilənin predmetini təşkil edən işlərin dəyəri və həcminin vergilər daxil olmaqla, 150453,50 manat (bir yüz əlli min dörd yüz əlli üç manat əlli qəpik) təşkil edəcəyi vurğulanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-ə görə iddiaçı tərəfindən yerinə yetirilmiş və təhvil verilmiş işlərin dəyəri aşağıdakı kimi müəyyənləşmişdir: 1. iyul 2021-ci il akt dövrünə dair “02” avqust 2021-ci il tarixli Forma-2 və Forma-3-ə əsasən yekun görülmüş işin məbləği 6249,60 manat (altı min iki yüz qırx doqquz manat altmış qəpik), avqust 2021-ci il akt dövrünə dair “01” sentyabr 2021-ci il tarixli Forma-2 və Forma- 3-ə görə görülmüş işin yekun məbləğ 44178,95 manat (qırx dörd min yüz yetmiş səkkiz manat doxsan beş qəpik), noyabr-dekabr 2021-ci il akt dövrünə dair “10” yanvar 2022-ci il tarixli Forma-2 və Forma-3-ə əsasən yekun məbləğ 31044,89 manat (otuz bir min qırx dörd manat səksək doqquz qəpik), fevral-mart 2022-ci il akt dövrünə dair “05” aprel 2022ci il tarixli Forma-2 və Forma-3-ə əsasən yekun məbləğ 44862,50 manat (qırx dörd min səkkiz yüz altmış iki manat əlli qəpik). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən müqaviləyə uyğun olaraq yerinə yetirilmiş və təhvil verilmiş işlərin ümumi dəyəri 126335,94 manat (bir yüz iyirmi altı min üç yüz otuz beş manat doxsan dörd qəpik) təşkil etmişdir. Yerinə yetirilmiş işlər cavabdeh tərəfindən qəbul edilmiş və heç bir etiraz təqdim edilməmişdir. Cavabdeh iddiaçı tərəfindən görülmüş işlərə görə iddiaçının bank hesabına müxtəlif tarixlərdə aşağıda qeyd olunan məbləğlərdə ödənişləri həyata keçirmişdir: 11 oktyabr 2021-ci ildə 15000,00 (on beş min) manat; 28 dekabr 2021-ci ildə 15000,00 (on beş min) manat; 25 yanvar 2022-ci ildə 12500,00 (on iki min beş yüz) manat; 24 fevral 2022-ci ildə 15000,00 (on beş min) manat; 21 aprel 2022-ci ildə 10000,00 (on min) manat. İddiaçı tərəfindən yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə cavabdeh tərəfindən bu günə kimi ümumilikdə 67500,00 (altmış yeddi min beş yüz) manat məbləğində ödəniş iddiaçının bank hesabına ödənilmişdir. Tərəflər arasında imzalanmış müqavilə əsasında iddiaçı tərəfindən yerinə yetirilmiş və cavabdeh tərəfindən qəbul edilmiş işlərə görə ödənilməli olan qalıq məbləğ 58835,94 manat (əlli səkkiz min səkkiz yüz otuz beş manat doxsan dörd qəpik) təşkil edir. İddiaçı həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Bununla da, cavabdeh müqavilə əsasında müəyyənləşdirilmiş öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442.1, 443, 445-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İş materiallarından görünür ki, sifarişçi qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə subpodratçı X5 arasında xx.xx.2021-ci il tarixli AP 224/1021 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı sifarişçinin tapşırığına və onun təsdiq etdiyi və/və ya təqdim etdiyi layihə-smeta sənədlərinə uyğun olaraq, “Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində süni qurğuların tikintisi və s. (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən) işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xidmətin dəyəri vergilər daxil olmaqla 198817,50 manat təşkil edir. Müqavilə üzrə ödəmələr faktiki görülmüş işlərin aktları əsasında (Forma 2) bank köçürmə yolu ilə həyata keçirilir.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə subpodratçı X5 arasında xx.xx.2021-ci il tarixli AP 224/1021 nömrəli subpodrat müqaviləsinə 1,2 saylı Əlavələr bağlanmışdır.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 10 aprel 2023-cü il tarixli pretenziya məktubunda 58835,94 manat məbləğində borcun 10 təqvim günü müddətində ödənilməsi tələb edilmişdir.

10. Bank hesabı çıxarışının surətindən məlum olur ki, xx.xx.2021-ci il tarixində 15000 manat, xx.xx.2021-ci il tarixində 15000 manat, xx.xx.2022-ci il tarixində 12500 manat, xx.xx.2022-ci il tarixində 15000 manat, xx.xx.2022-ci il tarixində 10000 manat hesaba ““Akkord Sənaye Tikinti İnvestis” təyinatı” göstərilməklə mədaxil olmuşdur.

11. EBCM seriyalı, 359673 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 31044,89 manat, EBCM seriyalı, 359510 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6249,60 manat, EBCM seriyalı, 359689 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 44862,50 manat, EBCM seriyalı, 359584 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 44178,95 manat X5 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göstərilmiş xidmətlərlə bağlı ödənilməsi üçün təqdim edilmişdir.

12. İddiaçı tərəfindən görülmüş işlərin təhvil-qəbuluna dair Forma 2, 3 aktları təqdim olunmuşdur (10 yanvar 2022-ci il tarixli 3 nömrəli aktda noyabr-dekabr 2021-ci il dövrləri üzrə cəmi 31044,89 manat, 02 avqust 2021-ci il tarixli 1 nömrəli aktda iyul 2021 dövrü üzrə cəmi 6249,60 manat, 01 sentyabr 2021-ci il tarixli 2 nömrəli aktda avqust 2021 dövrü üzrə cəmi 44178,95 manat, 05 aprel 2022-ci il tarixli 4 nömrəli aktda fevral-mart 2022 dövrü üzrə cəmi 44862,50 manat dəyərində subpodratçı tərəfindən görülmüş işlərə dair). Aktlar "xxxx" ASC-nin möhürü ilə təsdiqlənmişdir.

13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, iddia tələbinin bir hissəsi xx.xx.2021-ci il tarixli, AP 224/1021 saylı subpodrat müqaviləsi üzrə yerinə yetirilmiş və təhvil verilmiş işlərə görə ödənilməli olan 58835,94 (əlli səkkiz min səkkiz yüz otuz beş manat doxsan dörd qəpik) manat qalıq məbləğin cavabdehdən tutulmasından ibarətdir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin podratçıya şərtləşdirilmiş muzdu ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, qalıq borc məbləğinin cavabdehdən tutulmasına dair iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdehin möhürü ilə təsdiq edilmiş işlərin qəbul aktlarında ümumilikdə 126335,94 manat məbləğində işlərin təhvil alındığı, eyni zamanda cavabdeh tərəfindən ümumilikdə 67500 manat məbləğində ödənişin olduğu müəyyən olunur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilməmiş 58835,94 manat (126335,94-67500=58835,94) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

20. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə 2941,70 (iki min doqquz yüz qırx bir manat, yetmiş qəpik) manat məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AP 224/1021 nömrəli subpodrat müqaviləsinə edilən 1 və 2 saylı Əlavələrin (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli) 3-cü bəndinə əsasən subpodratçı bu Əlavə üzrə qeyd edilən xidmətlərin icrası zamanı cəlb etdiyi işçilərinə və/və ya kontragentlərinə heç bır borcunun olmaması barədə bildirişi (arayışı) sifarişçiyə təqdim edir və bundan sonra Tərəflər arasında imzalanan faktiki görülmüş işlərin aktının (Forma 2, Forma 3) təsdiqindən sonra xidmət haqqı növbəti ay ərzində bank köçürmə yolu ilə Sifarişçi tərəfindən subpodratçıya ödənilir. İşlərin qəbul aktlarından (Forma 2, Forma 3) müəyyən olunur ki, görülmüş işlərə dair aktlar 2021-ci il və 2022-ci ilin fevral-mart ayları üzrə tərtib olunmuş və həmin işlərin dəyəri aktlarla müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən aktların təsdiqindən sonra müqavilə şərtlərinə uyğun olaraq xidmət haqqı növbəti ay ərzində bank köçürmə yolu ilə sifarişçi tərəfindən subpodratçıya ödənilməli olduğu halda qismən ödənilmiş, tam ödənilməmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsinin, icranın gecikdirilməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır və 1 illik 5%-lə hesablanmaqla 2941,70 manat (58835,94x5:100=2941,70 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Eləcə də, iddiaçı ödənilmiş 405 (dörd yüz beş) manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 405 (dörd yüz beş) manat mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. İddiaçı hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilməli olan 2487,31 (iki min dörd yüz səksən yeddi manat otuz bir qəpik) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.

24. Məhkəmə qeyd edir ki, hüquqi yardım xərci məhkəmə xərclərinə daxildir. Lakin iddiaçı hüquqi yardıma görə 2487,31 manat məbləğində pulun ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də həmin məbləğ cavabdehdən tutula bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2021-ci il tarixli, AP 224/1021 saylı müqavilə üzrə 58835,94 manat (əlli səkkiz min səkkiz yüz otuz beş manat doxsan dörd qəpik) qalıq məbləğ, pul ödənişinin gecikdirilməsinə görə 2941,70 manat (iki min doqquz yüz qırx bir manat, yetmiş qəpik), 405 (dörd yüz beş) manat mediasiya xərci X1 xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar