Məhkəmə qərarları › İş №e-2-2(113)-3617/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3617/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3617/2023 19.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı borcun tutulması, tutmanın əmlakalara yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-dən XMR 081/1221 saylı, 07 dekabr 2021-ci il tarixli öhdəliyin icrasının ötürülməsi haqqında razılaşma və xx.xx.2021-ci il tarixli, 070/0921nömrəli xidmət müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 4.581,61 manat məbləğində əldən çıxmış fayda, XMX 070/0921 nömrəli 06 sentyabr 2021-ci il tarixli xidmət müqaviləsi üzrə 91.632,31 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 409,85 manat məbləğində pul vəsaiti, ümumilikdə 96.623,77 manat məbləğində borcun “X2” MMC-nin xeyrinə tutulması, borc tələbinin cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-yə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və “X2” MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə “X2” MMC-nin cavabdehlərə aid əmlaklarına yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X2” MMC ilə "xxxx" ASC arasında 06 sentyabr 2021-ci il tarixdə 070/0921 saylı xidmət müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən “X2” MMC "xxxx" ASC-nin sifarişi əsasında 070/0921 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstərilən işləri icra edir və müvafiq hesabatla birlikdə "xxxx" ASC-yə təhvil verir, "xxxx" ASC isə göstərilən xidmətlərin və işlərin əvəzi olaraq “X2” MMC-yə razılaşdırılmış xidmət haqqını ödəyir. XMX 070/0921 nömrəli 06 sentyabr 2021-ci il tarixli xidmət müqaviləsinin 01 saylı əlavəsinə əsasən ümumi miqdarı 300 ton olan, hər tonun qiyməti 650 manat olmaqla ümumilikdə 195.000 manat, əlavə dəyər vergisi daxil cəmi 230.100 manat Metal Konstruksiya istehsalı və xidməti (Xudat layihəsi) işlərini göstərilən məbləğ hissələrlə mallar istehsal edilərək təhviltəslim edildikdən (Forma 2 əsasında) və elektron qaimə kəsildikdən sonra 5 bank günü ərzində bank köçürmə yolu ilə ödənilməlidir. Sözükeçən müqavilə tərəflərindən vaxtında və lazımı qaydada icra olunsa da qarşı tərəf müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməmişdir. Belə ki, "xxxx" ASC-nin “X2” MMC-yə 06 sentyabr 2021-ci il tarixdə 070/0921 saylı xidmət müqaviləsi üzrə öhdəlikləri icra olunmamış qalmaqdadır. Tərəflərindən öhdəliklərin icrası ilə bağlı bağlı tərəfə dəfələrlə şifahi, elektron və yazılı qaydada müraciət etmələrinə baxmayaraq bu günə kimi ödənişlər olunmamışdır. "xxxx" ASC-nin 06 sentyabr 2021-ci il tarixdə 070/0921 saylı xidmət müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq “A-Z X7” MMC ilə “X2” MMC arasında XMR 081/1221 saylı, 07 dekabr 2021-ci il tarixdə öhdəliyin icrasının ötürülməsi haqqında” razılaşma rəsmiləşdirilmişdir. Razılaşmaya əsasən “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə öhdəlikləri "xxxx" ASC malların təhvil-təslim aktını və elektron qaimə aldıqdan sonra 5 (beş) gün ərzində yerinə yetirməzsə XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə borc öhdəlikləri vergilər daxil olmaqla “A-Z X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) ötürülür. Tərəflər eyni zamanda qəbul ediblər ki, “X2” MMC ilə "xxxx" ASC arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin ümumi məbləği 195.000 manat (ƏDV xaric) təşkil edir. xx.xx.2021-ci il tarixinə "xxxx" ASC “X2” MMC-yə XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 50.000 manat (ƏDV xaric) məbləğində ödəniş etmişdir. Tərəflər öz imza və möhürləri ilə təsdiqləyərək razılaşıblar ki, Razılaşmanın 2-ci bəndində qeyd olunmuş ümumi məbləğin qalan hissəsi “X2” MMC-nin müraciəti əsasında 5 (beş) gün ərzində “A-Z X7” MMC tərəfindən “X2” MMC-nin bank hesabına bank köçürmə yolu ilə ödəniləcək. Ödəniş tam həyata keçirildikdən sonra “X2” MMC-nin XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə "xxxx" ASC-yə qarşı heç bir mal, pul tələbi olmayacaq. "xxxx" ASC 06 sentyabr 2021-ci il tarixli, 070/0921 saylı xidmət müqaviləsi üzrə öhdəliklərinin icrası məqsədi ilə “X2” MMC-yə xx.xx.2021-ci il tarixdə 9.000 və 50.000 manat, xx.xx.2021-ci il tarixdə isə 50.000 və 9.000 manat, cəmi 118.000 manat ödəniş icra etmişdir. İddiaçı “X2” MMC adı altında fəaliyyət göstərərək ölkənin sənaye, metal və digər sektorlarına bütün növ metal konstruksiya xidməti göstərən dayanıqlı, mənfəətli, əmək fəaliyyətli kollektivə sahibliyi, iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə və son nəticədə ölkədə yoxsulluğun azaldılmasına nail olunmasına köməklik göstərməsi istiqamətində işləri həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-5237/21 saylı qərarında da qeyd edilən hallar nəzərə alınmış və kasassiya instansiyası məhkəməsinin mövqeyində qeyd edilmişdir ki, (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, iddiaçının iddia tələbindən kreditorun müqavilənin müddəti bitdikdən sonrakı müddətdə kredit borcunun qaytarılmasına görə dəymiş zərəri borcludan tələb edir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olduğu və icranın borclu tərəfindən gecikdirilməsi ona görə yol verilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edildiyi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunan banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərdiyi və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etdiyini, buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq, əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Cavabdeh "X8” MMC iddiaya qarşı etiraz verərək, iddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia ərizəsinin "X8" MMC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, "X8” MMC-nin iddiaçı "X2" MMC qarşısında hər hansı öhdəliyi yoxdur. Belə ki, iddiaçının istinad etdiyi 07 dekabr 2021-ci il tarixli, XMR 081/1221 saylı razılaşma etibarsızdır. Qeyd etmək istəyirlər ki, iddiaçının ərizəsində istinad etdiyi öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmada borclu şəxsin, "xxxx" ASC-nin iradəsi hər hansı formada ifadə olunmamışdır. Xüsusilə diqqətə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öhdəliyin ötürülməsi zamanı borclunun iradəsinin zəruriliyi ilə bağlı öz mövqeyini aydın formada bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 4 iyun 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, "...Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş "borc başqa şəxsə keçirildikdə" ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu,yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir". Bununla da, iddiaçının istinad etdiyi Razılaşma qanunvericiliyin imperativ normalarının tələblərinin pozulması ilə bağlanılmışdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, "...Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən vəs. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir". Göründüyü kimi, iddiaçının "X8" MMC-nin borclu olmasına dair ərizəsində istinad etdiyi 7 dekabr 2021-ci il tarixli, XMR 081/1221 saylı "Öhdəliyin icrasının ötürülməsi haqqında" razılaşma qanunvericiliyin imperativ göstərişlərinə zidd olan, məhkəmə qərarına ehtiyac olmadan və bağlandığı andan etibarən özlüyündə etibarsız olan əhəmiyyətsiz əqddir. Qeyd edilən Plenum Qərarına əsasən, “...hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərinJ iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir...Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir". Buna baxmayaraq, iddiaçı ərizəsində Razılaşmaya istinad edərək, 06 oktyabr 2021-ci il tarixli, 070/0921 nömrəli xidmət müqaviləsi üzrə iddia etdiyi borc məbləğinin Müqavilənin tərəfi olmayan, hər hansı bir xidmət sifariş etməyən "X8” MMC tərəfindən ödənilməli olduğunu bildirmişdir. Buna görə də hesab edirlər ki, iddiaçı prosessual hüququndan sui-istifadə edərək iddia tələbi ilə bağlı hüquqi cəhətdən hər hansı aidiyyəti olmayan şəxsi, "X8" MMC-ni cavabdeh qismində hazırkı işə cəlb edərək ona qarşı tələb irəli sürmüşdür. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə E.Qurbanov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, "xxxx" ASC-dən tələbləri aralarında bağlanan müqavilə ilə bağlıdır. Xidmətlər "xxxx" ASC-yə göstərilib. "xxxx" MMC onlara heç vaxt ödəniş etməyib. Bütün ödənişlər "xxxx" ASC tərəfindən edilib. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddiaya qarşı vermiş etirazında göstərilənlərə uyğun izahat verərək, iddianın onlara münasibətdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini, izahatında “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" MMC arasında müqavilə bağlandığını və "xxxx" MMC "xxxx" ASC borcu ödəmədiyi təqdirdə borcu ödəməsi barədə öhdəlik götürdüyünü bildirmişdir. Nümayəndə E.Tağıyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar ilə xidmət müqaviləsi bağlanıb. Xidmət göstərilməsini qəbul edirlər. xx.xx.2020-ci il tarixdə ödəniş edib-etməmələri barədə dəqiq məlumatı yoxdur. Bu müqavilə əsasında onlar üçün metal konstruksiya malları hazırlanıb. "xxxx" MMC-nin "xxxx" ASC-yə 7 milyon manata yaxın borcu var. Bu səbəblə onların borclarını ödəməyi öhdəsinə götürüb. Hazırda cavabdehlər arasında mediasiya sessiyası mərhələsində olan mübahisə var. Onlar iddiaçı ilə "xxxx" MMC müqavilə bağlaması üçün razılıq vermişdilər. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC-nin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli XMX 070/0921 saylı xidmət müqaviləyə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)də göstərilən işləri icra edir və müvafiq hesabatla birlikdə sifarişçiyə təhvil verir, sifarişçi isə göstərilən işlərin əvəzinə icraçıya razılaşdırılmış xidmət haqqını odəyır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. 2.2-ci bəndinə əsasən hər təqvim ayının sonunda həmin ay üzrə göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır 2.3-ci bəndinə bu müqavilə üzrə ödənişlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də müəyyən olunur. 4.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır. 13.9-cu bəndinə əsasən bu müqavilənin müddətinin bitməsinə 7 (yeddi) gün qalmış tərəflər müqavilənin xitam verilməsinə dair müraciət etməzlərsə müqavilənin müddəti növbəti müddətə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli XMX 070/0921 saylı xidmət müqaviləsinə xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən sözügedən müqavilədə nəzərdə tutulan xidmətlərin növü, ölçüsü, miqdarı və qiyməti (195.000 manat + 35.100 manat ƏDV = cəmi 230.100 manat olaraq) razılaşdırılmışdır. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “A-Z X7” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli XMR 081/1221 saylı öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmaya əsasən müəyyən edilir ki:

1. Tərəflər razılaşırlar ki, bu Razılaşma imzalandığı tarixdən “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə öhdəlikləri "xxxx" ASC mallann təhvil təslim aktını və elektron qaimə aldıqdan sonra 5 (beş) gün ərzində yerinə yetirməzsə XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə borc öhdəlikləri vergilər daxil olmaqla “A-Z X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) ötürülür.

2. Tərəflər eyni zamanda qəbul edilər ki, “X2” MMC ilə "xxxx" ASC arasında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinin ümumi məbləği 195.000 manat (ƏDV xaric) təşkil edir. xx.xx.2021-ci il tarixinə "xxxx" ASC “X2” MMC-yə XMX 070/0921 saylı xx.xx.2021- ci il tarixli Xidmət müqaviləsi üzrə 50.000 (ƏDV xaric) məbləğində ödəniş etmişdir.

3. Tərəflər razılaşırlar ki, bu Razılaşmanın 2-ci bəndində qeyd olunmuş ümumi məbləğin qalan hissəsi “X2” MMC-nin müraciəti əsasında 5 (beş) gün ərzində “A-Z X7” MMC tərəfindən “X2” MMC-nin bank hesabına bank köçürmə yolu ilə ödəniləcək. Ödəniş tam həyata keçirildikdən sonra “X2” MMC-nin XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə "xxxx" ASC-yə qarşı heç bir mal, pul tələbi olmayacaq.

5. X5 ayrılmaz tərkib hissəsi sayılır.

6. Bu Razılaşma 2 (iki) nüsxədə imzalanıb və imzalandığı andan qüvvəyə minir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 2021-ci il sentyabr-noyabr ayları arası dövrdə "xxxx" ASC ilə (mailto:Elkhan.Hajiyev@ztp.azElektron ünvan 1 və d.) “X2” MMC (Elektron ünvan 2) və “A-Z X7” MMC-nin (mailto:z.alioglu@gtn-az.comElektron ünvan 3 və d.) nümayəndələri arasında aparılmış “e-mail” yazışmalarında (Xudat layihəsi üzrə) müxtəlif işlərin (boyaların alınması, metal konstruksiya işlərinin və s.) görüldüyü bildirilmişdir. “X2” MMC tərəfindən XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə (o cümlədən 1 nömrəli əlavəsinə) əsasən ümumilikdə (ƏDV daxil) 209.632,31 manat dəyərində, o cümlədən EBBL seriyalı, 618059 nömrəli, xx.xx.2021-ci il tarixli 70.340,80 manat dəyərində, EBBL seriyalı, 751079 nömrəli, xx.xx.2021-ci il tarixli 35.387,85 manat dəyərində, EBBM seriyalı, 803255 nömrəli, xx.xx.2021-ci il tarixli 28.769,11 manat dəyərində, EBBO seriyalı, 737893 nömrəli, xx.xx.2021-ci il tarixli 59.490,82 manat dəyərində və EBBS seriyalı, 447522 nömrəli, xx.xx.2022-ci il tarixli 15.643,73 manat dəyərində xidmətlərin göstərilməsinə görə elektron qaimə tərtib edilərək "xxxx" ASC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. “X2” MMC ilə "xxxx" ASC arasında imzlanaraq möhürləri ilə təsdiq edilmiş 2021-ci il sentyabr-2022-ci il mart aylarında görülmüş işlərə dair təhvil-qəbul aktlarına (Forma 2) əsasən müəyyən edilir ki, XMX 070/0921 saylı xx.xx.2021-ci il saylı xidməti müqavilə (o cümlədən əlavələri) üzrə Xudat şəhərində metal konstruksiya istehsalı xidməti ilə bağlı görülmüş işlərin ümumi dəyəri (ƏDV daxil) 209.632,31 manat təşkil edir. İnternet Vergi İdarəsinin vergi ödəyicilərinin tarixçəsi barədə məlumatlarından görünür ki, “A-Z X7” MMC xx.xx.2022-ci ildə “rebrendinq” olaraq "xxxx" MMC kimi yenidən təşkil edilmişdir. “X2” MMC pretenziya qaydasında məktubla "xxxx" ASC-yə və "xxxx" MMC-yə müraciət edərək, borcun ən geci 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X2” MMC ilə cavabdeh "xxxx" ASC arasında XMX 070/0921 saylı xx.xx.2021-ci il saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı “X2” MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayına kimi "xxxx" ASC-yə ümumilikdə (ƏDV daxil) 209.632,31 manat dəyərində metal konstruksiya istehsalı işlərini yerinə yetirmiş, həmin işlərin müqabilində "xxxx" ASC tərəfindən ƏDV daxil 118.000 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin o da müəyyən edildi ki, "xxxx" ASC-nin iddiaçı ilə aralarında bağlanmış XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə borc öhdəliklərini “A-Z X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsi barədə “X2” MMC ilə “A-Z X7” MMC arasında 07 dekabr 2021-ci il tarixli XMR 081/1221 saylı razılaşma imzalanmışdır. Hazırda iddiaçı “X2” MMC görülmüş işlərə görə ödənilməmiş ƏDV daxil 91.632,31 manat məbləğində pul vəsaitin cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-dən tutulmasını tələb edir. Cavabdeh "xxxx" MMC iddiaya etiraz edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 4 iyun 2018-ci il tarixli qərarına istinad etməklə iddiaçının ərizəsində istinad etdiyi öhdəliyin icrasının ötürülməsi haqqında razılaşmada borclu şəxsin yəni, "xxxx" ASC-nin iradəsinin hər hansı formada ifadə olunmamasını əsas gətirərək həmin razılaşmanın bağlandığı andan etibarən özlüyündə etibarsız olan əhəmiyyətsiz əqd olduğundan iddia tələbinin onlara münasibətdə rədd olunmasını xahiş edir. Digər cavabdeh "xxxx" ASC isə iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlaması üçün razılıq verdiklərini və "xxxx" MMC-nin "xxxx" ASC borcu ödəmədiyi təqdirdə borcu ödəməsi barədə öhdəlik götürdüyünü bildirərək (bax. cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatı) iddiaya onlara münasibətdə də rədd olunmasını xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, XMX 070/0921 saylı xx.xx.2021-ci il saylı xidmət müqaviləsi iddiaçı “X2” MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlansa da sonradan həmin müqavilə üzrə öhdəliklərinin icrası “A-Z X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülmüşdür. Mülki Məcəllənin: 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 522.4-cü maddəsinə əsasən borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. 522.5-ci maddəsinə əsasən kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi qanunverici öhdəliyin verilməsi barədə müqavilənin iki modelini fərqləndirmişdir. Belə ki, Mülki Məcəllənin 522.1-ci maddəsi “kreditor ilə bağlanmış müqavilə” əsasında öhdəliyinin verilməsi imkanını nəzərdə tutur. Həmin modelə əsasən kreditor ilə yeni borclu arasında bağlanmış müqavilə əsasında həyata keçirilir ki, bu zaman əvvəlki borclunun razılığının alınması tələb edilmir. Mülki Məcəllənin 522.2-ci maddəsində müəyyən edilmiş ikinci modelə görə öhdəlik “borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə” müqavilə əsasında da verilə bilər və belə razılaşma yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı halda öhdəliyin verilməsi Mülki Məcəllənin 522.1-ci maddəsində nəzərdə tutulmuş modelinə əsasən, yəni kreditorla -“X2” MMC ilə yeni borclu -"xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilmişdir. Əvvəlki borclu "xxxx" ASC-nin həmin müqaviləyə razılığının alınmaması və göstərilən əsasla həmin müqavilənin etibarsız olması barədə cavabdeh "xxxx" MMC-nin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi “kreditor ilə bağlanmış müqavilə” əsasında öhdəliyinin verilməsi zamanı əvvəlki borclunun razılığının alınmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. İkincisi, məhkəmə iclasında verdiyi izahatlarında "xxxx" ASC-nin nümayəndəsi dəfələrlə öhdəliyin verilməsi barədə müqavilənin bağlanmasına şifahi razılıq verdiklərini təsdiq etmişdir. Mülki Məcəllənin 355.2-ci maddəsinə görə isə razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Və nəhayət, üçüncü, əvvəlki borclunun razılığının alınmalı olduğu təqdirdə alınmaması əsası ilə müqavilənin etibarlılığı yalnız hüququ pozulması ehtimal olunan şəxs, yəni "xxxx" ASC tərəfindən mübahisələndirilə bilərdi. Odur ki, “X2” MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış öhdəliyinin verilməsi barədə razılaşmanın etibarsız əqd olmasına dəlalət edən halların mövcudluğu müəyyən edilmir. Beləliklə, “X2” MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış razılaşma əsasında "xxxx" ASC-nin “X2” MMC-yə qarşı mübahisəli xidmət müqaviləsi üzrə borc öhdəliyi "xxxx" MMC-yə verilmiş, nəticədə "xxxx" MMC mübahisəli hüquq münasibətində əvvəlki borclu Zəyəm Texnologiyalar Parkı” ASC-ni əvəz etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, iddiaçı -“X2” MMC mübahisəli xidmət müqaviləsi üzrə ödənilməmiş qalmış ƏDV daxil 91.632,31 manat məbləğində borc öhdəliyinin "xxxx" MMC-dən tutulmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə iddia tələbinin cavabdeh "xxxx" ASC-yə qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, Mülki Məcəllənin yuxarıda istinad edilən 522.1-ci maddəsində qanunverici “kreditor ilə müqaviləyə əsasən” öhdəliyin üçüncü şəxsə verilməsinin nəticəsində öhdəliyinə yeni bir borclunun əlavə edilməsini (öhdəliyin kumulyativ verilməsi) deyil, məhz əvvəlki borclunun yeni borclu ilə əvəz edilməsini (öhdəliyin privativ verilməsi) nəzərdə tutmuşdur. Digər tərəfdən "X2” MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış razılaşmada borcun elektron qaimələr göndərildikdən sonra sonra 5 gün ərzində yerinə yetirmədiyini halda ödənilməmiş öhdəliyin "xxxx" MMC-yə ötürülməsi (verilməsi) nəzərdə tutulmuş və həmin razılaşmada öhdəlik verildikdən sonra əvvəlki borclu "xxxx" ASC-nin öhdəliyin icra edilməməsinə görə birgə və ya subsidiar məsuliyyət daşımalı olması barədə şərt yer almamışdır. Beləliklə, "xxxx" ASC-nin öhdəlik verildikdən sonra hazırkı tələb üzrə borclu olaraq qalması Mülki Məcəllənin öhdəliyin verilməsini tənzimlənən normaları ilə istisna edilməklə yanaşı tərəflərin razılaşmasında da nəzərə tutulmamışdır. Odur ki, iddia tələbi "xxxx" ASC-yə münasibətdə əsassız olmaqla rədd edilməlidir. Belə olan halda məhkəmə cavabdeh "xxxx" MMC-nin XMX 070/0921 saylı xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 91.632,31 manat məbləğində pul vəsaitini - ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 91.632,31 manat məbləğində pul tutularaq “X2” MMC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 91.632,31 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 4.581,61 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə cavabdeh xidmət müqaviləsinə əsasən xidmət haqlarının ödənilməsi öhdəliyini qəbul etmiş cavabdeh "xxxx" MMC-nin həmin öhdəliyin icrasını 1 ildən çox müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı “X2” MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə bir illik müddət üçün (91.632,31x5%) 4.581,61 manat məbləğində pulun ödənilməsini "xxxx" MMC-dən tələb etməkdə haqlıdır. İddia tələbinin digər hissəsinə, yəni borc tələbinin cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MMC-yə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və “X2” MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə “X2” MMC-nin cavabdehlərə aid əmlaklarına yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, birincisi, həmin tələbin "xxxx" ASC-yə qarşı hissəsinə münasibətdə qeyd edir ki, həmin cavabdehə münasibətdə borcun tutulması tələbinə dair iddia rədd edildiyindən borcun "xxxx" ASC-nin əmlaklarına yönəldilməsi hissəsində də iddia əsassız olmaqla rədd edilməlidir. İkincisi, "xxxx" MMC-yə münasibətdə qeyd edilməlidir ki, iddiaçı “X2” MMC iddia ərizəsində "xxxx" MMC-yə qarşı borc tələbinin sonunculara məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı “X2” MMC hazırkı borc tələbinin "xxxx" MMC-nin əmlakları hesabına ödənilməsi ilə bağlı digər kreditorlara nisbətən üstün hüquqa malik olmadığından həmin borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin qanunun 44.1-ci maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin qanunun Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Belə olan halda məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı mərhələdə borcun tutulmasının cavabdeh "xxxx" MMC-nin əmlakına yönəldilməsi, əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlakın mülkiyyətçisi olaraq tanınması qanunvericiliyin tələblərinə zidd olduğundan, qeyd edilən məsələ “İcra haqqında” qanunun müddəaları ilə tənzimləndiyindən, bu hissədə iddia rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaçşı 10 manat məbləğində dövlət rüsumju iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 378,64 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Odur ki, hazırkı qətnamə ilə iddia "xxxx" MMC-yə münasibətdə qiymətləndirilən hissədə tam təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu artıq ödənildiyindən həmin məbləğ iddiaçıya qaytarılmalıdır.

Nəticə hissəsi

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 91.632,31 məbləğində borc, 4.581,61 manat məbləğində faiz, cəmi 96.213,92 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X2” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Artıq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar