Məhkəmə qərarları › İş №e-2-2(113)-362/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-362/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-362/2021 05.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X13” MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “X13” MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirməməsi nəticəsində üçüncü şəxslərə həmin öhdəliklərin icrası üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 13.100 manat, monitorların vaxtında təhvil verilməməsinə görə satılmış malların reklamının mümkün olmaması nəticəsində əldən çıxmış fayda kimi 10.000 manat, yeni quraşdırılmış monitorlara müqavilədə verilmiş zəmanətdən imtina edilməsinə görə kompensasiya qismində 10.000 manat, məhkəməyə verilmiş dövlət rüsumununun əvəzi olaraq 30 manat, cəmi isə 33.130 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə İddiaçı MMC və X3 şirkəti olan “xxxx” LLC aralarında bağlanmış xidmətlərin göstərilməsi barədə müqaviləyə görə Bakı şəhəri, Neftçilər Prospekti, 151 ünvanında yerləşən və şirkətə məxsus “Emporium Man” mağazasının fasadında reklamların nümayişi üçün nəzərdə tutulmuş mövcud iki monitorun sökülməsini və əvəzində P 6.6 mm C-FİT Outdoor SMD tipli sahəsi müvafiq olaraq 33.28 kv.m. və 25.80 kv.m. olan yeni LED-monitorların quraşdırılmasını sonuncu öz öhdəsinə götürmüşdür. Xidmətlərin görülmə müddəti 71 gün müəyyən edilmişdir. Bunun müqabilində razılaşdırılmış qaydada və miqdarda xidmət haqqı və yeni monitorların dəyəri iddiaçı tərəfindən ödənilməli idi. Həmçinin müqavilədə işlərin görülməsini asanlaşdırılması üçün “xxxx” LLC şirkəti 2019-cu ilin yay aylarında onların Bakıda öz ofisinin açılacağını bildirmişdir. Bundan başqa tərəflər arasında əldə olunmuş razılaşmaya görə monitorların dəyəri “xxxx” LLC şirkətinə yox, onun tövsiyəsi ilə birbaşa istehsalçıya, yəni Çinin “X23 Co” LTD şirkətinə ödənilməli idi. “xxxx” LLC həqiqətən də Bakıda xx xxxx 2019-cu ildə cavabdeh "X15" MMC-ni açaraq bildirmişdir ki, bundan sonra müqavilə üzrə öhdəliklərin icrası sonuncuya tapşırılır və xidmət haqqı məhz ona ödənilməlidir. Bu məqsədlə, yəni xidmətlərin əvəzinin ödənilməsi üçün, cavabdeh "Cavabdeh" MMC ilə xx xxxxxx 2019 ildə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin hesabına xx xxxxxx 2019-cu ildə 15.300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bundan əvvəl 2019-cu ilin iyun-iyul aylarında 52.790 ABŞ dolları məbləğində monitorların dəyəri iki dəfəyə (36.953 və 15.837 ABŞ dolları) Çinin “X23 Co” LTD şirkətinə ödənilmişdir. Cavabdeh ilə bağlanmış qeyd olunan müqavilənin müddəti 3 ay müəyyən edilmişdir. Güman edilirdi ki, bu müddət ərzində cavabdeh öhdəliklərini yerinə yetirərək, köhnə monitorların sökülməsini, yeni monitorların sifarişini, çatdırılmasını və quraşdırılmasını təmin edəcək. Monitorların quraşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh monitorların birinin ölçülərini düzgün sifariş etmədiyindən həmin monitor onun üçün ayrılmış yerə uyğun gəlmir. Cavabdeh yeni ölçüdə monitorları sifariş edərək monitorların quraşdırılmasının başa çatdırılmasını vəd etmişdir. Lakin vədlərinə baxmayaraq cavabdeh monitorlardan birini tam quraşdırılmamış saxlamışdır. Ağlabatan müddət gözlədikdən sonra xx xxxxxx 2020-ci ildə bağlanmış müqaviləyə əsasən məcburiyyət qarşısında digər podratçıya qeyd olunan işlərin tamamlanması tapşırılmışdır. İşlərin görülməsi üçün ona 13.100 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alır. Belə ki, məktublardan göründüyü kimi cavabdeh “xxxx” LLC şirkətinin Bakı ofisidir və həmçinin onun Çinin “X23 Co” LTD şirkəti ilə qarşılıqlı əlaqəsi vardır. Buna görə də yuxarıda qeyd edilən müqavilələrdən irəli gələn öhdəliklərə görə, o cümlədən, monitorların dəqiq ölçülərinin götürülməsi, köhnə monitorların demontajı, yeni monitorların quraşdırılması üçün məsuliyyəti cavabdeh daşıyır. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır və bu səbəbdən iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.2019-cu ildə İddiaçı MMC ilə X3 şirkəti olan “Qubit Event and Media Technologies” LLC halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müqavilənin digər tərəfi “X16” LLC arasında bağlanmış xidmətlərin göstərilməsi barədə müqavilə üzrə öhdəliklərin icra edilməsi məqsədilə sonuncu tərəfindən “X13” MMC açılmış və həmin müqavilə üzrə öhdəliklər həmin MMC-yə tapşırılmışdır. Həmçinin, cavabdeh MMC X3 şirkəti olan “Qubit Events and Media Technologies” LLC-nin Bakı ofisi olaraq göstərilmişdir. “X13” MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdə X6 tərəfindən təsis edilmiş, hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən MMC X3 şirkəti olan “Qubit Events and Media Technologies” LLC-nin Azərbaycanda olan nümayəndəliyi deyil, həmin şirkətlə bağlı heç bir səlahiyyətlərə malik deyildir. X3 şirkəti olan “Qubit event media Technologies” LLC hüquqi şəxs olaraq Azərbaycanda fəaliyyət göstərən “X13” MMC-yə hər hansı bir tapşırıq verə bilməzdi, MMC-nin onun adından çıxış etmək səlahiyyəti, tərəflər arasında bağlanmış müqaviləni icra etmək kimi öhdəlikləri olmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə “X13” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli xidmət göstərilməsi haqqında 002 saylı müqavilənin 3-cü bəndinin tələblərinə əsasən “X13” MMC razılaşmaya uyğun olaraq sifarişçinin (İddiaçı MMC-nin) mallarının çatdırılması, mövcud olan 2 ədəd monitorun sökülməsi, 2 ədəd alınmış yeni monitorların quraşdırılması xidmətlərini göstərməyi öz üzərinə götürmüşdür. Qeyd edilən xidmətlərin göstərilməsi üçün sifarişçi tərəfindən 15.300 manat məbləğində vəsait ödənilmişdir. Həmin məbləğdən 9350 manat məbləğində malların çatdırılması, 5.950 manat məbləğində yerində görüləcək işlər üçün 2 ədəd monitorun sökülməsi və yeni monitorların quraşdırılması üçün ödənilmişdir. “X13” MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmiş, sifariş edilmiş monitorlardan biri tam olaraq quraşdırılmış, digər monitor isə sifariş edilmiş avadanlıq və mallar kifayət etmədiyindən tam olaraq quraşdırılmamış, həmin monitorla bağlı işlər 90% görülmüşdür. Bu barədə sifarişçiyə məlumat verilmiş, həmin avadanlıq və mallar olmadan işi tam icra etməyin mümkün olmadığı bildirilmişdir. Çatışmayan avadanlıqlar və mallar təqdim edildiyi halda quraşdırmanın tam başa çatdırılmasının mümkün olduğu bildirilmiş, yarımçıq qalmış işə kənar müdaxilənin yolverilməz olduğu qeyd edilmişdir. Daha sonra məlum olmuşdur ki, sifarişçi çatışmayan avadanlıqları və malları sifariş etmiş və yarımçıq qalmış işi başqa bir şəxslə müqavilə bağlamaqla icra etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixi müqavilədən də görünür ki, monitorun biri ilə bağlı tamamlanma işləri görülməli, monitorun montaj olunmamış hissəsinin quraşdırılması üçün çatışmayan montaj qurğuların istehsalı nəzərdə tutulmuşdur. Göründüyü kimi, “X13” MMC tərəfindən işin tam başa çatdırılmamasına səbəb, sifariş edilmiş avadanlıqların quraşdırmaya kifayət etməməsi olmuşdur. Halbuki “X13” MMC ölçü işlərini aparan, sifarişi qəbul edən tərəf olmamışdır. Sifarişlər X3 şirkəti olan “Qubit Events and Media Technologies” LLC ilə "İddiaçı" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi əsasında verilmiş, həmin müqavilədə sifariş edilən avadanlıqların, monitorların ölçü və zəruri məlumatları ətraflı olaraq qeyd edilmişdir. Buna baxmayaraq iddia ərizəsində əsassız olaraq göstərilmişdir ki, cavabdeh monitorlardan birinin ölçülərini düzgün sifariş etmədiyindən həmin monitor onun üçün ayrılmış yerə uyğun gəlmir. Belə ki, tərəflər arasında bağlanmış və göstəriləcək xidmətləri nizamlayan xx.xx.2019-cu il tarixli 002 saylı müqavilədə quraşdırılmış avadanlıqlara zəmanət verilməsindən söhbət belə getmir. Cavabdehin belə bir texniki dəstəyi göstəcəyi ilə bağlı müqavilədə hər hansı bir şərt mövcud deyildir, avadanlıqlara və görülmüş işlərə hər hansı bir zəmanət verilməmişdir və bunu nizamlayacaq texniki dəstək müqaviləsi tərəflər arasında bağlanmamışdır. Bundan başqa, cavabdeh “X13” MMC avadanlıqları və monitorları satan şirkət deyil, onunla iddiaçı arasında keyfiyyətli malın verilməsini və satılmış malda yarana biləcək qüsurların aradan qaldırılmasını nizamlayacaq müqavilə olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx xxx 2019-cu il tarixli ticarət müqaviləsindən görünür ki, həmin müqavilə müştəri İddiaçı MMC və “X23 Co” LTD tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə əsasən təchizatçı bu müqaviləyə əsasən müştəriyə malları ixrac edir və müştəri pərakəndə satış məkanında istifadə üçün malları qəbul edir. 2.1-ci bəndinə görə mallar Ex Works qaydası ilə çatdırılacaqdır. 2.2-ci bəndinə əsasən müştəri birbaşa təchizatçı və ya təchizatçı tərəfindən birbaşa göstərilən başqa bir şirkət tərəfindən məhsullarla təmin ediləcək və hesab-faktura ilə təmin ediləcəkdir. Məhsulların qiymətləri təchizatçının rəsmi qiymət siyahısında göstərilir. 2.3-cü bəndinə görə müştəri sifarişlərini təchizatçıya yazılı şəkildə təqdim edərək rəsmiləşdirir. Təchizatçı tərəfindən yazılı şəkildə qəbul edilənədək sifarişlər təchizatçı üçün məcburi deyildir. Təchizatçı müştərinin əvvəlcədən yazılı razılığı olmadan malları göndərməyəcəkdir. 2.4-cü bəndinə əsasən malların çatdırılması müəyyən edilmiş müddətdən artıq gecikdirilərsə təchizatçı müştərini xəbərdar edəcək. - xx xxxxxx 2019-cu il tarixli, 002 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə icraçı “X13” MMC və sifarişçi İddiaçı MMC tətəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə görə bu müqaviləyə əsasən icraçı, sifarişçiyə sifarişdə nəzərdə tutulmuş xidməti göstərməlidir. Sifarişçi göstərilən xidmətlərin müqabilində icraçıya razılaşdırılmış məbləğdə ödəniş etməyi öhdəsinə götürür. Göstəricələk xidmətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşır. 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci maddəsinə əsasən sifariş müqabilində sifarişçi icraçıya qabaqcadan razılaşdırılmış məbləğdə pul ödəyir. 3-cü bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilən xidmətə görə sifarişçi ilə qabaqcadan razılaşdırılmış məbləği icraçının hesab fakturası təqdim olunan gündən etibarən 3 təqvim günündən gec olmayaraq ödəməlidir. Razılaşamaya uyğun olaraq sifarişçinin malının çatdırılması, mövcud 2 monitorun sökülməsi və yeni monitorların quraşdırılması icarçının öhdəliyi kimi təsbit edilmişdir. -xx xxxxx 2020-ci il tarixli xidmət müqaviləsindən görünür ki, həmin müqavilə müştəri İddiaçı MMC və podratçı “xxxx” MMC tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə əsasən podratçı müştəriyə malların quraşdırma xidmətləri göstərəcəkdir. Satın alınan malların siyahısı: 1.Monitor 1:P6.6mm C-FİT Outdoor SMD, ölçüləri (eni uzununa: 8mx4,16m.

2. Monitor 2: P6.6 mm C-FİT Putdoor SMD ölçüləri (eni uzununa: 8mx4,16m.6,72x3,84)

3. Ötürücü kart: X21 – 2 ədəd.

4. Metal Konstruksiya: Led üçün xüsusi ayarlanmış metal dəstək 2 dəst 2.1-ci bəndinə əsasən podratçı satın alınan malların yaxşı keyfiyyətdə olmasını və müştəriyə vaxtında çatdırılmasını təmin etməyi, köhnə monitorları 2 gün ərzində demontaj etməyi və demontaj etdikdən sonra satın alınan malları 4 təqvim günü ərzində quraşdırmağı öhdəsinə götürür. 2.2-ci bəndinə görə müştəri razılaşmaya uyğun olaraq malların və xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə görə zəmanət hesab-fakturanın vaxtından başlayır və bu zəmanət quraşdırma tarixindən başlayaraq 4 il təşkil edən zəmanət müddəti ərzində bütün satınalınan mallara şamil edilir. 4.1-ci bəndinə görə podratçının göstərdiyi xidmətlər müqabilində müştəri ödənişləri podratçı tərəfindən maliyyə şöbəsinə təqdim edilən əlavə sənədlər əsasında hesablayır və xidmət haqqı növbəti qaydada podratçıya ödənilməlidir. -EAAY seriyalı, 783974 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, “X13” MMC tərəfindən İddiaçı MMC-yə 15.300 manat dəyərində xidmət göstərilmişdir. -xx xxxxxx 2020-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə sifarişçi İddiaçı MMC ilə icraçı X12 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqaviləyə sifarişçiyə məxsus Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanda yerləşən “Emporium man” mağazasının fasadında reklamların nümayişi üçün nəzərdə tutulan yarımçılıq quraşdırılmış LED tipli sahəsi 25.80 m2 monitor üzrə icraçı tərəfindən tamamlanma işlərini başa çatdıraraq işlək vəziyyətdə sifarişçiyə təhvil verilməsini, sifarişçi tərəfindən isə istifadə olunmuş ehtiyyat hissələrinin dəyərini və xidmət haqqının ödənilməsini öhdələrinə götürürlər. 2-ci bəndinə görə görülən işlərin dəyəri 13.100 manat təşkil edir. -xx xxxx 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, akt xx xxxxxx 2020-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə sifarişçi tərəf olan İddiaçı MMC və ya müqavilə üzrə icraçı tərəf olan X9 tərəfindən sifarişçiyə məxsus Bakı şəhəri, Neftçilər prospekti, 151 ünvanında yerləşən “Emporium man” mağazasının fasadında reklamların nümayişi üçün nəzərdə tutulan yarımçılıq quraşdırılmış LED tipli sahəsi 25.80 m2 monitor üzrə icraçı tərəfindən tamamlanma işlərin görülməsi ilə bağlı tərtib edilmişdir. Monitoru işlək vəziyyətdə icraçı təhvil verir, sifarişçi isə təhvil alır. Qüsur aşkar olunmamışdır. Təhvil-təslim müddətində heç bir nasazlıq monitorda yox idi. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 15.300 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən X7 13.100 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC tərəfindən “X13” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, göstərilmiş xidmətə görə ödənilmiş pulun qaytarılması tələb edilmiş, əks təqdirdə hüquqlarının müdafiəsi üçün maddi və mənəvi zərərin, əldən çıxmış faydanın tələb edilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “X13” MMC-nin pretenziyaya cavab məktubu ilə müəyyən edilir ki, “X13” MMC ilə monitorların alındığı şirkət arasında razılaşmaya əsasən tərəflərindən monitorlara zəmanət müddəti ərzində dəstək verilməli idi. Yarımçıq quraşdırılmış monitora kənar müdaxilə aşkarlanması bu xidmətdən imtina üçün əsas verəcəkdir. -X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı MMC-də proqram inzibatçısı vəzifəsində çalışır. 2005-ci ildən Rasifi (cavabdehin direktoru Rasif Ələbərov) tanıyır və onunla dostluq münasibətləri olmuşdur. Rasif əvvəl Bakıda, daha sonra Dubayda işləmişdir. Çalışdığı şirkətin rəhbərliyinə Rasifin monitor gətirdiyni və servis xidməti göstərdiyni bildirmişdir. Bu işlərdə yalnız vasitəçi olmuşdur. Monitor gətirən zaman Rasif özünü Dubay şirkətinin əməkdaşı kimi təqdim etmişdir. Monitorları quraşdıracağını bildirmişdir. -X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı MMC-də təhlükəsizlik sistemləri üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. Monitorların quraşdırılması prosesində, ölçü götürülməsində iştirak etmişdir. Rasifi tanıyır. Köhnə monitorun ölçüsünü özləri götürdükdən sonra cavabdehin işçiləri həmin monitorları yenidən ölçmüşlər. Ölçü işləri aparılarkən akt tərtib olunmamışdır. İşlərə Rasif rəhbərlik edirdi. Ona bildirmişlər ki, Dubayda yerləşən “Qubit” şirkətinin yerli nümayəndəsidir. Monitor iyul ayının 22-si təhvil verilməli idi. Təhlükəsizlik üzrə mütəxəssis kimi o işlərə birbaşa o nəzarət edirdi. - X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı MMC-də təhlükəsizlik sistemləri üzrə mühəndis vəzifəsində çalışır. Monitorların zamanı iştirak etmişdir.. Söküntüyə rəhbərliyi Rasif həyata keçirirdi.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçıxxxx“X13 MMC arasında xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh “X11” MMC “xxxx” MMC-yə məxsus malların çatdırılması, mövcud 2 monitorun sökülməsi və yeni monitorların quraşdırılması xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC göstəriləcək xidmətlərin dəyərini əvvəlcədən ödəyərək müqavilə üzrə öhdəliklərini tam icra etsə də, cavabdeh “X13” MMC quraşdırmalı olduğu monitorlardan birini quraşdırmamaqla müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. Hazırda iddiaçı “xxxx” MMC cavabdeh “X13” MMC-nin xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində dəymiş maddi zərərin (quraşdırmalı olduğu reklam monitorlarından birini quraşdırmaması ilə bağlı dəymiş real zərərin əvəzi olaraq 13.100 manat və əldən çıxmış faydaya görə 10.000 manat, eyni zamanda yeni quraşdırılmış monitorlara görə müqavilədə verilmiş zəmanətdən imtina edilməsinə görə 10.000 manat məbləğində pul vəsaitinin) ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1, 443-cü maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə öhdəliklərinin icra edilməməsindən (lazımi qaydada icra edilməməsindən) irəli gələn maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilməlidir. Hazırkı işdə isə cavabdehin monitorların quraşdırılması öhdəliyini lazımi qaydada icra etməməsi işin mübahisəsiz halını təşkil etsə də, öhdəliyin pozuntusunun cavabdehin təqsiri üzündən baş verməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh “X13” MMC tərəfindən monitorlardan birinin quraşdırılması həmin monitorun ölçülərinin monitor üçün ayrılmış yerin ölçüsünə uyğun gəlməməsi səbəbindən başa çatdırılmamışdır. Digər tərəfdən tərəflər arasında bağlanılmış xidmət müqaviləsində cavabdeh “X13” MMC-nin üzərinə götürdüyü öhdəliklər monitorların Bakıya çatdırılması, sökülməsi və quraşdırılması ilə məhdudlaşır. Monitorların yerlərinin ölçülməsinə və monitorların sifariş edilməsinə görə icraçının məsuliyyət daşıması ilə bağlı şərt isə həmin müqavilədə yer almamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdeh “X13” MMC tərəfindən quraşdırılmalı olan monitorlar və metal konstruksiyalar İddiaçı MMC ilə BƏƏ-də qeydiyyatda olan “Qubit events and Media Technologies” LLC şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli və iddiaçı ilə ÇXR-da qeydiyyatda olan “X23 Co” LTD arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən ÇXR-dan sifariş edilmişdir. İddiaçı ilə “Qubit events and Media Technologies” LLC şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsində həmin müqavilə üzrə sifariş ediləcək monitorların ölçüləri dəqiq göstərilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, monitorların və metal konstruksiyaların sifariş edilməsi iddiaçının digər şirkətlərlə bağladığı müqavilələr əsasında həyata keçirilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş ”X23 Co” LTD ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən və invoyslardan da göründüyü kimi monitorlar tərəflər arasında xidmət müqaviləsinin bağlanmasından iki ay əvvəl sifariş edilmişdir. Belə olan halda isə cavabdeh “X13” MMC-nin ÇXR-dan gətirilmiş monitorun ölçüsünün uyğun gəlməməsinə görə məsuliyyət daşımalı olmaması açıq-aşkardır. Cavabdeh “X13” MMC-nin “Qubit events and Media Technologies” LLC şirkəti ilə əlaqəli şirkət olması, LLC-nin cavabdeh “X13” MMC-ni şirkətin Bakı ofisi kimi təqdim etməsi barədə dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh “X13” MMC müstəqil hüquqi şəxs kimi AR-də dövlət qeydiyyatına alınmışdır, BƏƏ-də qeydiyyatda olan “Qubit events and Media Technologies” LLC-nin AR-dəki filialı və ya nümayəndəliyi deyildir. Belə olan halda isə cavabdeh “X13” MMC ilə “Qubit events and Media Technologies” şirkətinin təsisçilərinin eyni şəxslər olması ehtimal edilsə belə, göstərilən hal cavabdehin “Qubit events and Media Technologies” şirkətinin öhdəliklərini lazımi qaydada icra etməməsinə görə məsuliyyət daşımalı olması anlamına gəlmir. Cavabdehin işçilərinin monitorların ölçülməsində iştirak etməsi barədə iddiaçının istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı həmin halı təsdiq etmək üçün məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə şahidlərin iddiaçının işçiləri olmaqla işin nəticəsində maraqlı olduqlarını nəzərə alaraq onların verdikləri ifadələri monitorların ölçülərinin cavabdeh tərəfindən götürülməsi faktının müəyyən edilməsi üçün yetərli hesab etmir. Beləliklə, cavabdeh “X13” MMC tərəfindən monitorlardan birinin quraşdırılması öhdəliyinin tam icra edilməməsi cavabdehin təqsirli əməlləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmadığından cavabdehin həmin öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində dəymiş zərərə (real zərər və əldən çıxmış faydaya görə) məsuliyyət daşıması istisna edilir. Monitorlara zəmanət verilməsindən imtina edilməsinə görə kompensasiya ödənilməsi tələbinə gəldikdə isə iş materiallarından görünür ki, monitorlara 4 illik zəmanət İddiaçı MMC ilə “Qubit events and Media Technologies” LLC şirkəti arasında bağlanmış xidmət müqaviləsinə əsasən “Qubit events and Media Technologies” LLC tərəfindən verilmiş, tərəflər arasında bağlanmış xidmət müqaviləsində isə quraşdırılmış monitorlara zəmanət verilməsi barədə şərt nəzərdə tutulmamışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı halda cavabdehin zəmanət vermək öhdəliyi tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmamışdır, eləcə də zərər vurulması, əsassız varlanma və ya MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı MMC cavabdehin monitorlara zəmanət vermək öhdəliyini daşımasını sübuta yetirmək üçün, cavabdeh tərəfindən göndərilmiş pretenziyaya cavab məktubuna da istinad etmişdir. Həmin məktubda cavabdeh X13” MMC “Qubit Events and Media Technologies” LLC şirkəti ilə aralarındakı razılaşmaya əsasən 4 illik zəmanət müddəti ərzində iddiaçıya satılmış monitorlara tərəfindən dəstək göstərilməsinin nəzərdə tutulduğunu, lakin monitorlara müdaxilə olduğu halda həmin dəstəyin göstərilməsindən imtina ediləcəyini bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əvvəla “X13” MMC ilə “Qubit Events and Media Technologies” LLC şirkəti arasında bağlanmış qeyd edilən razılaşma məhkəməyə təqdim edilmədiyindən və belə olan halda razılaşmanın məzmunu tam aydın olmadığından İddiaçı MMC-nin həmin razılaşmadan irəli gələn tələbi “X13” MMC-yə irəli sürmək hüququna malik olub-olmaması barədə əsaslı nəticəyə gəlmək mümkün deyil. İkincisi, belə bir hüququn olması ehtimal edilsə belə, İddiaçı MMC zəmanətdən imtina edilməsi nəticəsində ona maddi zərər dəydiyini, eləcə də belə zərər dəydiyi halda onun məbləğini də sübuta yetirə bilmədiyindən iddiaçının zəmanət verilməməsinə görə kompensasiya verilməsi tələbinə dair hissədə də iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı MMC-nin cavabdeh “X13” MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar