Məhkəmə qərarları › İş №e-2-2(113)-363/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-363/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-363/2023 10.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 8 aylıq icarə haqqı – 18.390,30 manat , skiplərin bərpasına görə - 13.050 manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə - 8.875 manat vəsaitin, skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat, cəmi 42.815,30 manat pul vəsaitinin "xxxx" MMCdən tutularaq “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Ecoservices Limited kompaniyasının Azərbaycan nümayəndəliyi 10 iyun 2021-ci il tarixində Ecosolution MMC ilə xidmətlərin göstərilməsi barədə müqavilə imzalamış və bu müqavilə Ecosolution MMC–yə zibil yığılan qabların (gələcəkdə skiplərin) icarəsinə yönəlmişdir. 2021-ci il 10 iyun tarixində təhviltəslim aktı ilə Ecoservices Limited kompaniyasının Azərbaycan nümayəndəliyinə məxsus 10 ədəd skip və 3 ədəd tor örtüyü Ecosolution MMC–yə təhvil verilmişdir. Müqavilə şərtlərinə və müqaviləyə edilmiş Əlavələrə əsasən skipin itdiyi və ya sıradan çıxdığı halda Ecosolution MMC skipin dəyərini , yəni 8.500 manat, skip üçün nəzərdə tutulan tor örtüyü itdiyi və ya zədələndiyi halda 125 manat Ecoservices Limited kompaniyasının Azərbaycan nümayəndəliyinə ödənməlidir. Ecosolution MMC icarəyə götürdüyü skiplərin sınaq, sertifikatlaşma işlərini öz üzərinə götürmüşdür. 2021-ci il 10 iyun tarixli xidmət müqaviləsinin müddəti 27 dekabr 2021-ci ildən 31 dekabr 2022-ci il tarixinədək uzadılmışdır. 01 sentyabr 2022-ci il tarixində 9 ədəd skip Ecoservices nümayəndəliylnin Sahil qəsəbəsi ərazisində yol kənarında aşkar edilmiş, Ecosolution MMC ilə əlaqə saxlandıqda onlar bu skipləri kiməsə tapşırdıqlarını və bir neçə günə geri qaytaracaqlarını bildirmişlər. Ecosolution MMC–nin adından danışan bir nəfər 07 sentyabr 2022-ci il tarixində 9 ədəd skip Ecoservices nümayəndəliylnin Sahil qəsəbəsi ərazisində yerləşən bazasına təhvil-təslim sənədi olmadan gətirmiş, lakin skiplərin vəziyyətləri qənaətbəxş olmadığından və geri qaytarmaq sənədləri olmadığından skipləri ərazidə qoyub məsləhətləşmək üçün ərazini tərk etmişdir. 11 sentyabr 2022-ci il tarixində Maykl Ottevell bir neçə dəfə Ecosolution MMC nin direktoru Vüqar Həmidov və Rəşad Guzanov ilə əlaqə yaratmaga çalışmış, lakin telefonları bağlı olduğundan əlaqə alınmamışdır. Maykl Ottevell icarə olunan sonuncu skipin və 3 ədəd tor örtüyünün harada olduğu və 6 aylıq icarə haqqının nə vaxt ödəniləcəyini bildirməyi xahiş etmişdir. Digər tərəfdən skiplərin yararsız hala salındığını, müqaviləyə uyğun heç bir test və sertifikatlaşma olmadığını və müqavlə şərtlərinin pozulduğunu Ecosolution MMC rəhbərlərinin nəzərinə çatdırmış və Azərbaycan Respublikasının “İcarə haqqında” Qanun və digər qanunlarında irəli gələn qanun pozuntuları barədə Məhkəməyə müraciət edəcəyini bildirmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.2. əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 705-ci madəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 10 ədəd skip və 3 ədəd tor örtüyü Cavabdeh MMC-yə icarəyə verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2021-ci il tarixdə müqaviləyə 01 saylı əlavə, 16.06.21-ci il tarixdə 02 saylı Əlavə, xx.xx.2021-ci iltarixdə 03 saylı əlavəvə xx.xx.2021-ci il tarixdə 04 saylı Əlavə imzalanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi sifariş verir, icraçı isə hazırkı müqaviləyə əlavədə göstərilən qiymətlərlə xidmətlərin göstərilməsi üzrə öhdəliyi öz üzərinə götürür.

11. xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı Əlavədən görünür ki, skip itdiyi və ya sıradan çıxdığı halda sifarişçi Cavabdeh skipin dəyərini, yəni 8500 manatı, tor örtüyü itdiyi və zədələndiyi halda 125 manat pul məbləği ödəməyi öhdəsinə götürmüşdür.

12. Hazırda iddiaçı ödənilməmiş icarə haqqını, skiplərə dəymiş zərəri, skip və tor örtüyü qaytarılmadığı üçün müqavilədə buna görə nəzərdə tutulmuş pulu və sertifikasiya xərclərini tələb edir.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı xidmət müqaviləsi adlansa da, müqavilənin əsl məzmununa diqqət yetirildikdə aydın olur ki, qeyd edilmiş müqavilə icarə müqaviləsidir və ona görə də, hazırkı mübahisə icarə hüquq münasibətlərini tənzimləyən normalar baxımından həll edilməlidir.

14. Məhkəmə iclasında həmçinin müəyyən edimişdir ki, 10 ədəd skip və 3 ədəd tor örtüyünün Cavabdeh MMC-yə verilməsi işin mübahisəsiz halıdır. Ona görə də, bundan sonra müəyyən edilməli olan məqam skip və tor örtüklərinin qaytarılıb-qaytarılmaması və əgər bu hal baş veribsə, nə zaman baş vermişdir, həmçinin də həmin müddət üçün ödənilməmiş icarə haqqı nə qədər təşkil etməsidir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi 9 ədəd skipin 2022-ci ilin sentyabr ayında Cavabdeh MMC tərəfindən Sahil qəsəbəsində yolun kənarına atıldığını və təhviltəslim aktı olmadan qeyd edilmiş sayda skip və tor örtüklərini öz sahalərinə gətirdiklərini, 1 ədəd skip və 3 ədəd tor örtüyünün isə qaytarılmadığını bildirmişdir.

16. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi 1 ədəd skip və 3 ədəd tor örtüyünün həqiqətən də, qaytarılmadığını və pul şəklində deyil, naturada qaytarmağa razı olduqlarını bildirmişdir.

17. Göründüyü kimi, işin digər müəyyən olunmuş halı 9 ədəd skipin 2022-ci ilin sentyabr ayında iddiaçı tərəfindən təhvil-təslim olmadan qəbul edilməsi və 1 ədəd skip və 3 ədəd tor örtüyünün isə qaytarılmamasıdır.

18. İddiaçı tərəf iddia ərizəsində 18.390,30 manat ödənilməmiş icarə haqqı borcunu tələb etsə də, sonradan 4.690,5 manat borcun ödənildiyini qeyd etmiş və hazırda borcunun 13.669,7 manat qaldığını bildirmişdir.

19. Cavabdeh tərəfindən də, xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsi ilə Məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o da, borcdan 4.690,5 manat ödənildiyini bildirmiş və iddiaçının 1 tələbini qismən qəbul etdiyini və borc məbləğinin dəqiqləşdilməli olduğunu bildirmişdir.

20. Göründüyü kimi, iddiaçı tələb etmiş olduğu borc məbləğindən 4.690,5 manat ödənildiyini, ödənilməmiş 13.669,7 manat borcun qaldığını bildirmiş, cavabdeh tərəf isə birbaşa ifadə etməmiş olsa da, borcunun qaldığını dolayısı ilə qəbul etmiş, həmçinin də, digər qalıq borcun ödənilməsinə dair hər hansı bir sənədi təqdim etməmişdir.

21. Belə olan halda, Məhkəmə hesab edir ki, icarə haqqı borcu olaraq 13.669,7 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iddianın skiplərin bərpası ilə bağlı 13.050 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

23. İddiaçı tərəf 9 ədəd skipin Sahil qəsəbəsində yol kənarından götürərkən yararsız olduğunu və bərpası üçün qeyd edilmiş məbləğdə pulun tələb olunduğunu bildirir.

24. Cavabdeh tərəf isə xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsi ilə Məhkəməyə ünvanlanmış ərizəsində qeyd edilən miqyasda zərərin olmadığını, cüzi deformasiya hallarının ola biləcəyini qeyd edərək, iddianın qeyd edilən hissəsi ilə razı olmadığını bildirmişdir.

25. İşin yuxarıda müəyyən edilmiş hallarından göründüyü kimi, 9 ədəd skip cavabdeh tərəfindən rəsmi təhvil-təslim aktı tərtib edilmədən iddiaçı tərəfindən qəbul edilmişdir.

26. İddiaçı tərəf 9 ədəd skipə zərər vurulduğunun təsdiqi olaraq xx.xx.2022-ci il tarixində Caspian Limited şirkəti tərəfindən verilmiş qiymətləndirmə məktubuna istinad edir.

27. Göründüyü kimi, skiplərin iddiaçı tərəfindən qəbul edilməsindən az müddət keçdikdən sonra Caspian Limited şirkəti tərəfindən iddiaçıya qiymətləndirmə məktubu verilmişdir.

28. Belə olan halda isə, verilmiş olan əşyaların hansı vəziyyətdə qaytarıldığını sübut etmə vəzifəsi icarəçinin üzərinə düşür.

29. Hazırkı halda isə icarəçi yəni Cavabdeh MMC 9 ədəd skipin tam yararlı vəziyyətdə qaytarılmasını sübut edə bilmir.

30. Qeyd edilən hal isə 9 ədəd skipə vurulmuş olan ziyanın məhz Cavabdeh MMC tərəfindən vurulmasına dəlalət edir.

31. Məhkəmə tərəfindən skiplərə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmişdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, 9 ədəd skipin təmiri üçün tələb edilən məbləğin ümumi miqdarı nəzəri qaydada təxminən 13.050 manat təşkil edir.

33. Məhkəmə ekspert tərəfindən verilmiş rəylə razılaşır və hesab edir ki, 9 ədəd skipin təmiri və bərpası üçün 13.050 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə iddianın 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə 8.875 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakılarl qeyd edir.

35. Yuxarıda qeyd edilmiş, işin müəyyən edilmiş hallarından da, göründüyü kimi digər 9 ədəd skip qaytarılmış olsa da, artıq tərəflər arasında etibarlı hüquq münasibətlərinin olmamasına baxmayaraq, sonuncuların qaytarılma tarixindən xeyli müddət keçməsinə baxmayaraq 1 ədəd skip və 3 ədəd tor örtüyü iddiaçıya geri qaytarılmamışdır.

36. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq tərəflər arasında bağlanmış olan müqavilənin 2 saylı əlavəsinə istinad etməklə qeyd edilmiş əşyaların pulunu tələb edir. Belə ki, əgər cavabdeh tərəf qeyd edilmiş əşyaları həqiqətən də, qaytarmaq istəyi olsa idi, artıq bu müddət ərzində qaytarmış olar və ya saxlanca vermiş olardı.

37. Ona görə də, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmaması görə 8.875 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə iddianın skiplərin testi və sertifikatlaşdırılması üçün 2.500 manat pulun tələb edilməsi bağlı aşağıdakıları qeyd edir.

39. İddiaçı tərəf qeyd edilən halla bağlı müqavilənin 3 saylı Əlavəsinə istinad edir.

40. Müqavilənin xx.xx.2021-ci il tarixli 03 saylı əlavəsindən görünür ki, Cavabdeh “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyindən icarəyə götürdüyü skiplərin sınaq, sertifikasiya işləri və ondan irəli gələn bütün məsuliyyətlərdən azad edir və sifarişçiyə müddətli icarəyə verilmiş skiolərin vacibi testlərin edilməsi və sertifikatlaşdırılması xərclərinin sifarişçi tərəfindən ödənilməsinə zəmanət verir.

41. Qeyd edilən 03 saylı əlavədən görünür ki, Cavabdeh MMC skiplərin vacibi testlərin edilməsi və sertifikatlaşdırılması xərclərin Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilməsi ilə bağlı hər hansı bir müddəa yoxdur.

42. Ona görə də, qeyd edilən hissədə iddia təmin edilə bilməz.

43. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə icarə haqqı borcu olaraq 13.669 (on üç min altı yüz altmış doqquz) manat, 71 (yetmiş bir) qəpik, skiplərin bərpasına görə 13.050 (on üç min əlli) manat, 1 ədəd skip və 3 ədəd tor örtüyünün geri qaytarılmasına görə 8.875 (səkkiz min səkkiz yüz yetmiş beş) manat , cəmi 35.594 (otuz beş min beş yüz doxsan dörd) manat, 71 (yetmiş bir) qəpik məbləğində pul Eco Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “Qibraltar Dövlətinin “Ecoservices Limited” Kompaniyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar