Məhkəmə qərarları › İş №e-2-2(113)-3630/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3630/2024

02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3630/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, qanuni nümayəndəsi (direktor) Aktaş Erolun iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.460 manat əsassız varlanma nəticəsində əldə olunmuş pulun, 131 manat dövlət rüsumunu və hüquqi yardıma görə ödənilən 1300 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Aksana adlı mühasib tərəflərə ofisdənkənar mühasibatlıq xidməti göstərir və 2023-cü ilin iyul avqust aylarında tərəflər arasında heç bir müqavilə olmamasına baxmayaraq mühasibin öz şəxsi təşəbbüsü ilə 39.460 manat pulu iddiaçının hesabından cavabdeh müəssisənin hesabına səhvən köçürmüşdür. Bu iddiaçı tərəfindən aşkar ediləndən sonra 2023-cü ilin avqust və sentyabr ayında cavabdeh müəssisədən 26.000 manat vəsait iddiaçıya səhvlə köçürülmüş vəaitin geri qaytarılması əsası ilə geri qaytarılmışdır lakin 13.460 manat isə hələ ki, geri qaytarılmamışdır. Bununla bağlı iddiaçı dəfələrlə şifahi formada müraciət etsə də heçbir nəticə hasil olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, MMC-nin qanuni nümayəndəsi (direktor) Aktaş Erol iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə iddiaçının hesabından cavabdehin hesabına 2.500 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə iddiaçının hesabından cavabdehin hesabına 4.000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə iddiaçının hesabından cavabdehin hesabına 11.000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə iddiaçının hesabından cavabdehin hesabına 1.500 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə iddiaçının hesabından cavabdehin hesabına 20.400 manat məbləğində pul köçürülmüşdür.

9. Göründüyü kimi iddiaçının hesabından cavabdehə köçürülmüş pulların cəmi 39.400 manat təşkil edir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf, iddiaya etiraz edərək, iddiaçı ilə hər hansı bir müqavilə münasibətinin olmadığını, hər iki hüquqi şəxsin mühasibinin Oksana adlı eyni şəxs olduğunu, cavabdeh şirkətin ASAN imzasının onda olduğunu, şirkətin pullarını, öz qohumlarını işçi kimi rəsmiləşdirərək, onlara köçürdüyünü bildirmişdir.

11. İş materiallarından görünür ki, cavabdehin hesabından iddiaçının hesabına “səhvlə köçürülmüş vəsaitin geri qaytarılması” adı ilə xx.xx.2023-cü il tarixdə 3.000 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixdə 8.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat məbləğində pul qaytarılmışdır.

12. Sadə riyazi hesablama ilə görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 26.000 manat məbləğində pul qaytarılmışdır.

13. Göründüyü kimi, tərəflər arasında hər hansı bir müqavilə münasibət olmamış və iddiaçı tərəfindən cavabdehin hesabına pullar səhvən köçürülmüşdür.

14. Səhvən köçürülmüş puldan cavabdeh tərəfindən 26.000 manat məbləğində pul qaytarılsa da, 13.400 (39.400-26.000) manat məbləğində pul qaytarılmamışdır.

15. Məhkəmə qeyd edir ki, cavabdehin səsləndirdiyi mühasibi olmuş şəxsin hərəkətləri ilə bağlı halların, hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.

16. Ona görə də, Məhkəmə hesab edir ki, 13.400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

18. Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1.000 manat pulun tutulması daha ağlabatandır.

19. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,2 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 13.400 (on üç min dörd yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,2 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar