Məhkəmə qərarları › İş №e-2-2(113)-3633/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3633/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3633/2021 15.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbləri barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 123567 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra-cavabdeh) arasında 18 may 2020-ci il tarixli, 18.05.20-2 saylı İş (Podrat) müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh, Müqavilədə şərtləşdirilmiş işləri vaxtında görməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə görə, Cavabdeh işlərin görülməsinə 01 iyun 2020ci il tarixdən gec olmayaraq başlamalı və işə başlandığı tarixdən 120 təqvim günü ərzində işləri yekunlaşdırmalı idi. Cavabdehin işlərə başlamatarixi diqqətə alındıqda, onun işləri bitirmə tarixi – 29 sentyabr 2020-ci il idi. Lakin faktiki olaraq işlər 25 may 2021-ci il tarixdə yekunlaşdırılmışdır. Göründüyü kimi, Cavabdeh Müqavilə üzrə öhdəliyinin icrasını 238 təqvim günü gecikdirmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilmiş İşlərin yerinə yetirilmə müddətləri, xüsusən də, Müqavilənin 3.2-ci bəndi pozulduğu halda, İddiaçı gecikmiş hər günə görə Cavabdehdən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, Cavabdehin İşlərin görülməsini 238 gün ərzində gecikdirdiyi diqqətə alındıqda, ödəməli olduğu dəbbə pulu məbləğinin 238000 ABŞ dolları (238 gün X 1000 ABŞ dolları) təşkil etdiyi aydın olur. Müqavilənin 8.7-ci bəndinə görə, dəbbə pulu, yalnız ihər hansı Tərəf yazılı şəkildə pretenziyatəqdim etdiyi halda, ödənilir. ... Bu zaman iddiaçı, cavabdehi ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini Cavabdehə bu Müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir. İddiaçını görülmüş işlərə görə Cavabdehə ödəməli olduğu qalıq məbləğ – 114433 ABŞ dolları təşkil edirdi. İddiaçı, Müqavilənin 8.7-ci bəndinə əsaslanmaqla, həmin qalıq borc məbləğini Cavabdehin ödəməli olduğu 238000 ABŞ dolları məbləğindən silmişdir. Bununla belə, Cavabdehin İddiaçıya 123567 ABŞ dolları (238.000 – 114433) məbləğində borcu da qalmaqdadır. İddiaçı, 123567 ABŞ dolları məbləğində pulun ödənilməsi haqqında Cavabdehə pretenziya ünvanlasa da, Cavabdeh həmin məbləği ödəməkdən imtina etmişdir. Halbuki Mülki Məcəllənin (bundan sonra – MM) 442-ci maddəsinə görə, “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. MMin 448.1-ci maddəsinə görə, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, “Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər”. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3896/2021 nömrəli, 09.08.2021-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair işin e-2-2(113)-3633/2021 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən 114433 ABŞ dollar məbləğində əsas borcun, eləcə də 90963,06 ABŞ dolları məbləğində dəbbə pulunu, cəmi 205396,06 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 18 may 2020-ci il tarixli iş müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC (podratçı) İddiaçı MMC (sifarişçi) isə görülən işlərin müqabilində 356754,22 (üç yüz altmış beş min yeddi yüz əlli dörd dollar 22 sent) ABŞ dolları ödəniş həyata keçirməli idi. Belə ki, müqavilə şərtləri əsasında Cavabdeh MMC-nin üzərinə düşən bütün öhdəliklər icra edilmişdir, götürülmüş işlər sifarişçi İddiaçı MMC tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən İddiaçı MMC tərəfindən ödənilməli olan 356754,22 (üç yüz altmış beş min yeddi yüz əlli dörd dollar 22 sent) ABŞ dolları məbləğindən 114433 (yüz on dörd min dörd yüz otuz üç) ABŞ dolları məbləğində borc qalmışdır. İddiaçı MMC tərəfindən müqavilənin 2.3 və 8.4-cü bəndlərinin tələbləri pozulmuş, nəticədə İddiaçı MMC-nin Cavabdeh MMC qarşısında 35990,3 ABŞ dolları məbləğində məsuliyyəti yaranmışdır. Belə ki, müqavilənin 8.4-cü maddəsinə əsasən işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin, İddiaçı MMC tərəfindən müqavilədə göstərilən məbləğlərin gecikdirilməsi (ödənməməsi) səbəbi ilə Cavabdeh MMC müqavilədə göstərilən öhdəliklərin icrası, işçilərin əmək haqlarının və digər xərclərin ödənişini həyata keçirmək üçün Paşa Bank ASC ilə 29.12.2020-ci il tarixli DC00072193-04 saylı kredit müqaviləsi bağlanmış və 60000 (altmış min) manat borc götürülmüşdür. İddiaçı MMC tərəfindən müqavilədə göstərilən öhdəliklərin icra edilməməsinə və müqavilə ilə nəzərdə tutulan məbləğin ödənilməməsinə baxmayaraq, Cavabdeh MMC-yə 114433 (yüz on dörd min dörd yüz otuz üç) ABŞ dolları məbləğində borc və eləcə də 35990,30 ABŞ (otuz beş min doqquz yüz doxsan dolla4 30 sent) ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 150423,30 ABŞ dolları məbləğində borc mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdeh İddiaçı MMC-nın nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə təqdim etdiyi Cavabdeh MMC-nin iddia ərizəsinə olan etirazından görünür ki, Cavabdeh MMC-yə görə, müqavilə üzrə işlərin gecikməsində onun təqsiri yoxdur. Gecikmə aşağıdakı 3 səbəbdən qaynaqlanmışdır: 1. Koronavirus (COVİİ) 19) infeksiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlər. Cavabdeh MMC birbaşa ifadə etməsə də, yəqin ki, müqavilənin 9.1-ci bəndinə əsaslanır. Həmin bəndə görə, tərəflərin öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə qarşısıalınmaz qüvvə təsir etmişsə, onda tərəflər məsuliyyətdən azad olunurlar. Lakin Cavabdeh MMC nədənsə, müqavilənin 9.2 və 9.4-cü bəndlərini diqqətdən qaçırır. Halbuki müqavilənin 9.3-cü bəndi tələb edir ki, qarşısıalınmaz qüvvənin təsirinə məruz qalmış tərəf bu barədə qarşı tərəfi dərhal yazılı şəkildə xəbərdar etsin. Bundan sonra tərəflər arasında müzakirələr aparılmalı və 2 qərardan biri qəbul edilməlidir: 1) Müqaviləyə əlavə razılaşma; 2) müqaviləyə xitam verilməsi, lakin iş materiallarında bu barədə heç bir sənəd yoxdur. müqavilənin 9.4-cü bəndinə görə, “qarşısıalınmaz qüvvə hallarının mövcudluğu və davamlılığı Azərbaycan Respublikasının səlahiyyəti iləri tərəfindən verilmiş sənədlərlə təsdiq edilir”. İş materiallarında nəinki bu barədə sənəd yoxdur, tam əksinə, Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli, 176 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Qərarının 1.1.1-ci bəndinə əsasən, “2020-ci ilin 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmişdir”. Cavabdeh MMC-nin Müqavilə üzrə öhdəliyinin icrasının son tarixinədək (yəni 30 sentyabr 2020-ci ilədək) yuxarıda qeyd edilən məhdudiyyətlərdən hər hansı biri tətbiq edilməmişdir. Göründüyü kimi, Cavabdeh MMCnin öz öhdəliklərinin icrasında gecikməyə düşməsinin səbəbi kimi Koronavirus (COVİD 19) infeksiyasına istinad etməsinin heç bir əsası yoxdur. İddiaçı MMC-nin pul ödəmələrini gecikdirməsi ilə bağlı dəlil əsassızdır, belə ki, Müqavilənin 2-ci bəndi İşlərin dəyərini və hesablaşma qaydasını müəyyən edir. Buna görə, İşlərin ümumi dəyəri ƏDV daxil olmaqla, 365754,22 ABŞ dolları təşkil etmişdir.Müqavilənin 2.3-cü bəndinə görə, İddiaçı MMC tərəfindən pulların köçürülməsi aşağıdakı qaydada həyata keçirilməli idi: Avans ödəmə (Müqavilə dəyərinin 30%, yəni ƏDV daxil 109.726,28 ABŞ dolları). Bu məbləğ, Müqavilənin bağlandığı tarixdən 10 bank günündən gec olmayaraq ödənilməli idi. 1 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 20%, yəni ƏDV daxil 73.150,84 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 30 təqvim günündən gec olmayaraq ödənilməli idi. 2 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 60 təqvim günündən gec olmayaraq ödənilməli idi. 3 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 90 təqvim günündən gec olmayaraq ödənilməli idi. 4 nömrəli Aralıq ödənişi (Müqavilə dəyərinin 10%, yəni ƏDV daxil 36.575,42 ABŞ dolları). Bu məbləğ, işə başlanıldığı tarixdən 120 təqvim günündən gec olmayaraq ödənilməli idi. Son ödəniş (Müqavilə dəyərinin 20%, yəni ƏDV daxil 73.150,84 ABŞ dolları). İş başa çatdıqdan və zəruri şərtlərə əməl edildikdən sonra 30 təqvim günündən gec olmayaraq ödənilməli idi. Müqavilənin 3.1-ci bəndinə görə, Cavabdeh MMC tərəfindən işlərə ən geci, 01 iyun 2020-ci il tarixdə başlanılmalı idi. İş materiallarında olan İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından 16.08.2021 -ci il tarixli çıxarışla təsdiq edilir ki: Avans ödənişi 03 iyun 2020-ci il tarixdə həyata keçirilmişdir. Burada hər hansı gecikməyə yol verilməmişdir. Bu fakt, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanladığı preteıuiya və məhkəməyə təqdim etdiyi iddia ərizəsində də öz əksini tapmışdır. 1 nömrəli Aralıq ödənişi 17 iyul 2020-ci ildə edilmişdir. Buradakı gecikmə 16 günə bərabərdir. 2 nömrəli Aralıq ödənişi 05 avqust 2020-ci ildə edilmişdir. Buradakı gecikmə 5 günə bərabərdir. 3 nömrəli Aralıq ödənişi 20 avqust 2020-ci ildə edilmişdir. Burada gecikmə olmayıb. Göründüyü kimi, İddiaçı MMC tərəfindən pul ödəmələri 2020-ci ilin iyun, iyul və avqust aylarında cüzi gecikmələrlə həyata keçirilmişdir. Belə ki, avans ödənişi və 3 nömrəli Aralıq ödənişində heç bir gecikmə olmayıb, digər iki ödəniş üzrə isə, 5 və 16 günlük bir gecikmə olmuşdur. Bu baxımdan, həmin gecikmələrin Cavabdeh MMC-nin öz öhdəliyinin icrasını 2021-ci ilin may ayının sonunadək icra etməsinə əsas verdiyini iddia etmək, anlaşımazdır. 2.3. Cavabdeh MMC, 4 nömrəli Aralıq ödənişi və Son ödənişin həyata keçirilməməsinin onun öz öhdəliyini vaxtında icra etməsinə mane olduğunu iddia edə bilməz. Ona görə ki 4 nömrəli Aralıq ödənişi işə başlandığı tarixdən 120 təqvim günündən gec olmayaraq ödənilməli idi. Bu isə, işlərin bitirilmə tarixi deməkdir. Çünki Müqavilənin 3.2-ci bəndinə görə, işin görülmə müddəti, işə başlanıldığı gündən başlayaraq 120 təqvim günüdür. İşin mübahisəsiz halıdır ki, Cavabdeh MMC işləri 120 təqvim günündə bitirməyib. Dolayısı ilə, İddiaçı MMC-nin həmin məbləği köçürməməsi başa düşüləndir. Son ödəniş isə, iş təhvil verildikdən sonra həyata keçirilməli idi. Deməli, həmin ödənişin ümumiyyətlə, Cavabdeh MMC-nin öhdəliyini lazımınca icra etməməsi üzərində heç bir təsiri ola bilməzdi. Çünki Cavabdeh MMC-nin bu dəlilinin əsasında o hal dayanır ki, guya İddiaçı MMC pulu vaxtında köçürmədiyi üçün onlar maliyyə çətinliyi ilə üzləşiblər və bu da onların öz öhdəliyini vaxtında icra etməsinə mane olub. Halbuki qeyd edildiyi kimi, işlərin təhvil verilməsindən sonra ödəniləcək məbləğin özündən əvvəlki dövrdə görülməli olan işlərin vaxtında icrası üzərində hər hansı təsiri ola bilməz. 3. Bəzi materialların İddiaçı MMC tərəfindən təchiz edilməli olması və bu təchizatın gecikməsi ilə bağlı dəlil əsassızdır, belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən, materialların dəyəri işlərin qiymətinə daxildir. Analoji müddəa Müqaviləyə 1 nömrəli əlavə olan X1 da öz əksini tapmışdır. Göründüyü kimi, sifarişçinin-İddiaçı MMC-nin hər hansı material təmin etmək öhdəliyi olmamışdır. Fərz edək ki, həqiqətən də, bəzi materiallar İddiaçı MMC tərəfindən təqdim edilməli olmuşdur, lakin vaxtında təqdim edilməmişdir. Bu dəlilin əsaslı ola bilməsi üçün, Cavabdeh MMC isbat etməlidir ki, əvvəla, hansı materiallardan söhbət gedir, ikinicisi gecikmə hansı dövrə təsadüf edib, yəni İddiaçı MMC konkret materialı hansı tarixdə təqdim etməliyidi, lakin faktiki olaraq hansı tarixdə təqdim edib, üçüncüsü gecikmənin Cavabdeh MMC-nin öhdəliyinin icrasına təsiri hansı həcmdə olub. Cavabdeh MMC bu barədə heç bir sübut təqdim edə bilmir, yalnız mücərrəd şəkildə məsuliyyətdən yayınmaq məqsədilə bu cür dəlil irəli sürür. İİ. Cavabdeh MMC-yə görə, İddiaçı MMC-nin onlara ödəməli olduğu muzdu birtərəfli qaydada dəbbə pulu ilə əvəzləşdirməsi qanunsuz olması ilə bağlı dəlil əsassızdır, belə ki, Cavabdeh MMC-nin İşlərin görülməsini 238 gün ərzində gecikdirdiyi işin mübahisəsiz halıdır. Müqavilənin 8.3-cü bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilmiş İşlərin yerinə yetirilmə müddətləri, xüsusən də, Müqavilənin 3.2-ci bəndi pozulduğu halda, İddiaçı MMC gecikmiş hər günə görə Cavabdeh MMC-dən Mərkəzi Bankın tənbeh gününə olan məzənnəsi üzrə 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 8.7-ci bəndinə görə, dəbbə pulu, yalnız hər hansı Tərəf yazılı şəkildə pretenziya təqdim etdiyi halda, ödənilir. Bu zaman İddiaçı MMC, “İNDESCO MMC-ni ödənişin həyata keçiriləcəyi gündən 5 iş günü öncədən xəbərdar etməklə yazılı pretenziyada göstərilmiş dəbbə pulunun məbləğini Cavabdeh MMC-yə bu Müqavilə çərçivəsində görülmüş işlərə görə ödəniləcək məbləğlərdən çıxmaq hüququna malikdir (Mülki Məcəllənin 540.1-ci maddəsi). Göründüyü kimi, İddiaçı MMC-nin dəbbə pulunu ödəniləcək muzdla əvəzləşdirmək hüququ Müqavilənin 8.7-ci bəndindən irəli gəlir. Əvəzləşdirmə birtərəfli əqddir və bunun üçün Cavabdeh MMC-nin razılığına ehtiyac yoxdur. Təsadüfi deyildir ki, 540.2-ci maddədə “məlumat verilməklə” ifadəsi nəzərdə tutulmuşdur. Tərcümə problemi diqqətə alınmazsa, buradakı “məlumat” sözünün “iradə ifadəsi”, yəni əqd olduğu asanlıqla anlaşıla bilər. İİİ. Tərəflər arasındakı yazışmalarla bağlı Cavabdeh MMC məhkəməyə bəzi yazışmaları təqdim edərək öz arqumentlərini isbat etməyə çalışır. Həmin yazışmaların natamamlığı aşkardır. Belə ki, bəzi yazışmaların tarixi 08 may 2020-ci ildir, yəni müqavilənin bağlanmasından əvvəl olmuş, digər tərəfdən, Cavabdeh MMC tərəflər arasındakı yazışmaların hamısını təqdim etmir. Məhkəmənin diqqətinə çatdırılır ki, 15 oktyabr 2020-ci il tarixdə Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub ünvanlanaraq işlərin görülməsində gecikməyə yol verildiyi xatırladılmış, natamam işlərin görülməsinin tam qrafiki tələb edilmişdir, 26 oktyabr 2020-ci il tarixdə Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə pretenziya məktubu yazılmışdır. Pretenziya məktubunun məzmunu ondan ibarət olmuşdur ki, Cavabdeh MMC sifarişçi İddiaçı MMC ilə razılaşdırmadan layihədə dəyişiklik etmişdir. Buna görə də, İddiaçı MMC bu halı Müqavilənin kobud pozuntusu kimi qiymətləndirmiş və zəruri tədbirləri görəcəyini bildirmişdir. 30 oktyabr 2020-ci ildə İgor Dragilev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub ünvanlanaraq məktubda sadalanmış yerlər üzrə görülmüş işlərlə bağlı fotohesabatın və gizli işlərə dair aktların həmin günün sonunadək təqdim olunması tələb edilmişdir. Lakin bu hesabat təqdim edilməyib. Halbuki Müqavilənin 4.1.14-cü bəndinə görə, Podratçı-Cavabdeh MMC Sifarişçi-İddiaçı MMC-ni işlərin gedişi barədə məlumatlandırmaq öhdəliyini daşıyır.22 dekabr 2020-ci il tarixdə Aleksandr Zaytsev tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə məktub yazılmış və qrafikin təqdim olunması tələb edilmişdir . Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində və etirazında qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını, Cavabdeh MMC-nin iddiasının rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını, İddiaçı MMC-nin iddiasının rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 may 2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən podratçı Cavabdeh MMC 01.06.2020-ci il tarixdən gec olmayaraq işə başlamalı və 120 gün ərzində Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Daniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri yerinə yetirməli, yəni 01.10.2020-ci il tarixdə həmin işləri görməklə, akta əsasən obyekti təhvil verməli, sifarişçi İddiaçı MMC isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 365754,22 ABŞ dolları məbləğində pulu podradçıya ödəməlidir. Cavabdeh MMC-nin nümayəndəsinin sifarişçinin nümayəndəsi “Aleksandr Zaytsev” ilə WhatsApp yazışmasından görünür ki, 19.11.2020-ci il tarixli yazıda parketin statusu barədə sorğu verilir, 20.11.2020-ci il tarixli cavabda sifarişçi parketin Gürcüstanda olması və növbəti həftə obyektə təhvil verilməsi, həmçinin 28.01.2021-ci il tarixli yazışmada işıq avadanlığının gəmi ilə 01.02 tarixdə gəlməsi, daha sonra 7-10 günə çatdırılması qeyd edilmişdir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 752-ci maddələri). Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən podratçı 01.06.2020-ci il tarixdən gec olmayaraq işə başlamalı və 120 gün ərzində Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Daniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikinti-quraşdırma və bəzək işləri, yəni 01.10.2020-ci il tarixdə görməklə akta əsasən obyekti təhvil verməli, sifarişçi isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 365754,22 ABŞ dolları məbləğində pulu podradçıya ödəməlidir. Lakin sifarişçi tərəfindən 01.10.2020-ci il tarixədək ödənilməsi nəzərdə tutulan ƏDV daxil 292603,38 ABŞ (ƏDV daxil 73150,84 ABŞ dolları təhvil-təslimdən sonra ödənilməlidir) dolları vəsaitindən ƏDV daxil 41282,16 ABŞ dollarını ödəməmiş, podratçı tərəfindən isə obyekt 01.10.2020-ci il tarixdə deyil, 25.05.2021-ci il tarixdə təhvil verilmişdir. Cavabdeh MMC məhkəməyə müraciət edərək İddiaçı MMC-dən görülən işlərin müqabilində ödənilməmiş 114433 ABŞ dolları və gecikməyə görə hesablanmış 35990,30 ABŞ dolları məbləğində dəbbə pulunu (pretenziya-02.07.2021-ci il) tələb etsə də, İddiaçı MMC müqavilənin 8.3 və 8.7-ci bəndlərə (25.05.2021-ci il–təhvil-təslim aktı, 238 gün gecikmə) əsasən hesablamış dəbbə pulu ödəniləcək məbləğlərdən çıxmış və əlavə olaraq Cavabdeh MMC-dən 123567 ABŞ dolları məbləğində pul tələb etmişdir (pretenziya-2021ci ilin iyun ayı). Məhkəmə Cavabdeh MMC-nin əsas borc tələbi hissəsini əsaslı, İddiaçı MMC-nin tələbini isə əsassız hesab edir, belə ki, sifarişçi ödənişlərin vaxtında aparılması hissəsində müqavilə şərtlərini pozaraq ən azı 01.10.2020-ci il tarixədək 4 nömrəli aralıq ödənişi olan ƏDV daxil 36575,42 ABŞ dolları məbləğində vəsaiti ödəməmiş, bununla yanaşı tərəflərin arasında aparılan yazışmalardan müəyyən edilmişdir ki, parket və işıqlandırma sistemlərinin podratçıya çatdırılması gecikdirilmiş, yəni 01.10.2020-ci il tarixədək podradçıya veriləsi sözügedən əşyalar müvafiq olaraq təxminən 2020-ci ilin dekabr və 2021-ci ilin fevral ayında Cavabdeh MMC-yə təhvil verilmişdir. Göründüyü kimi Cavabdeh MMC müvavilədə nəzərdə tutulan müddətdən 238 gün sonra obyekti təhvil versə də və İddiaçı MMC bu əsasla pulu tələb etsə də, ilk öncə pulun vaxtında ödənilməsi öhdəliyini məhz sifarişçi İddiaçı MMC pozmaqla, 01.10.2020-ci il tarixədək 4 nömrəli aralıq ödənişi olan ƏDV daxil 36575,42 ABŞ dolları məbləğində vəsaiti ödəməmişdir. Odur ki, məhkəmə İddiaçı MMC-nin qrafikə uyğun ödənişin etmədiyini, həmçinin podratçıya işin davam etdirilməsi üçün bəzi tikinti materiallarını vaxtında təhvil vermədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-nin 114433 ABŞ dolları əsas borc tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilmlidir. Həmçinin məhkəmə qeyd edir ki, dəbbə pulunun hesablanması qaydası və şərtləri müqavilənin 8.3, 8.4 və 8.7-ci bəndində (rus dilində) qeyd edilmişdir. Həmin bəndlərə əsasən pretenziyanın təqdim ediləcəyi təqdirdə dəbbə pulunun hesablanmasının mümkünlüyü, sifarişçinin isə ödənişə 5 gün qalmış xəbərdar etməklə dəbbə pulunun görülmüş işlərə görə ödəniləcək məbləğdən çıxmaq hüququ müəyyən edilmiş, tərəflər də bir birinə dəbbə pulu hesablanması ilə bağlı pretenziyaları göndərmişlər. Bununla yanaşı Cavabdeh MMC müqavilənin 8.4-cü bəndinə əsasən 90963,06 ABŞ dolları məbləğində dəbbə pulu tələb etsə də, gecikmə müddətini təqvim günləri kimi hesablamış, halbuki gecikdirilmiş hər iş günü üçün hesablamalı idi. Məhkəmə qeyd olunanları, həmçinin dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, dəbbə pulunu 5567 ABŞ dollaradək azaldır. Eyni zamanda İddiaçı MMC-nin tələbi ilə bağlı bir daha vurğulayır ki, müqavilədən irəli gələn öhdəliklər öncədən sifarişçi tərəfindən pozulduğuna görə, obyektin 01.10.2020ci il tarixdə deyil, 25.05.2021-ci il tarixdə təhvil verilməsinə səbəb olduğuna görə, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 123567 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı Cavabdeh MMC-nin iddia tələbinin 58,42%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 58,42%-i, yəni 17,52 manatı İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 123567 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiası rədd edilməli, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı MMCdən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-dən 123567 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı iddiası rədd edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-dən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar