Məhkəmə qərarları › İş №e-2-2(113)-3686/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3686/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3686/2021 28.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «xidmət müqaviləsi üzrə borc» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «xidmət müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.04.2019-cu il tarixli, ASFX18/377 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə ödənilməmiş 6288.9 AZN məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Sifarişçi "xxxx" ASC-dən İcraçı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 19.04.2019-cu il tarixdə ASFX18/377 saylı xidmət müqaviləsi və 01.07.2019-cu il tarixdə isə həmin müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır. Qeyd edilmiş müqaviləyə uyğun olaraq, iddiaçı İcraçı kimi Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-km” yolunun yenidən qurulması layihəsində tikintinin texniki sənədləşdirilməsi ilə əlaqədar işlərin icrasını həyata keçirmişdir. Müvafiq müqavilənin 2.1-ci bəndi ilə müəyyənləşdirilmişdir ki, Sifarişçi İcraçıya 1 (bir) ay üçün 2190 (iki min bir yüz doxsan) AZN xidmət haqqı ödəyir. Müqaviləyə əlavədə isə müəyyənləşdirilmişdir ki, 19.04.2019-cu il tarixli, ASFX18/377 saylı xidmət müqaviləsinin 2.1-ci bənd aşağıdakı kimi redaktə edilsin: “Sifarişçi İcraçıya 1 (bir) ay üçün 2727 (iki min yeddi yüz iyirmi yeddi) AZN xidmət haqqı ödəyir”. Müqavilə üzrə Sifarişçiyə 21 aprel 2019-cu il tarixdən 21 noyabr 2019-cu il tarixədək xidmət göstərilmişdir. Lakin Sifarişçi tərəfindən İcraçıya cəmi 11711 AZN xidmət haqqı ödənilmişdir. İddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının Vergiləri Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı VÖEN ********** olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş 19.04.2019cu il tarixdən 09.06.2021-ci il tarixədək aparılmış qarşılıqlı hesablaşmalara dair AZ98MUGA**********00736AZM00 nömrəli bank hesabına (İddiaçı) aid çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Sifarişçi tərəfindən İcraçının müvafiq bank hesabına 19.04.2019-cu il tarixdən 30.04.2019-cu il tarixədək göstərilmiş xidmətlər üzrə 803 (səkkiz yüz üç) manat, 2019-cu ilin iyul, avqust sentyabr, oktyabr aylarında göstərilmiş xidmətlər üzrə hər birinə münasibətdə ayrı-ayrılıqda 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat xidmət haqqı köçürülmüşdür. Göründüyü kimi, 2019-cu ilin may və iyun ayları üzrə, həmçinin, noyabr ayının 21 günü müddətində göstərilmiş xidmət haqlarının ödənilməsi təmin edilməmişdir. Beləliklə, adıçəkilən xidmət müqaviləsi üzrə Sifarişçi "xxxx" ASC-nin iddiaçıya olan əsas borcu 6288.9 AZN təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı tələblərə əməl edilməsinə baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək qeyd olunan pul məbləğini bu günədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19.04.2019-cu il tarixdə ASFX18/377 nömrəli “xidmət müqaviləsindən görünür ki, iddiaçı İcraçı kimi Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-km” yolunun yenidən qurulması layihəsində tikintinin texniki sənədləşdirilməsi ilə əlaqədar işlərin icrasını həyata keçirməyi, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi icraçıya bir ay üçün 2190 manat xidmət haqqı ödəyir. 19.04.2019-cu il tarixdə ASFX18/377 saylı xidmət müqaviləsinə edilmiş 01.07.2019cu il tarixli 1 nömrəli əlavədən görünür ki, qeyd olunan 01.07.2019-cu il tarixdən etibarən Sifarişçi İcraçıya 1 (bir) ay göstərilmiş xidmət üçün 2727 (iki min yeddi yüz iyirmi yeddi) AZN xidmət haqqı ödəməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Vergiləri Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı VÖEN ********** olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Qazaxıstan Respublikasının Aktobe şəhərində yerləşən filialı tərəfindən verilmiş 458/1 nömrəli, 22.11.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC ilə 19.04.2019-cu il tarixdə bağlanılmış ASFX18/377 saylı xidmət müqaviləsi üzrə İcraçı kimi Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-km” yolunun yenidən qurulması layihəsinə yollanmış və 21.04.2019-cu il tarixdən 21.11.2019cu il tarixədək tikintinin texniki sənədləşdirilməsi ilə əlaqədar işləri tam şəkildə icra etmiş və təhvil vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı AZ98MUGA**********00736AZM00 nömrəli "xxxx" ASC tərəfindən 19.04.2019-cu il tarixdən 09.06.2021-ci il tarixlərə dair verilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına ümumilikdə 2019cu ilin Aprel, İyul, Avqust, Sentyabr, Oktyabr ayları üzrə ümumilkdə 11711 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş, 22.06.2021-ci il tarixli cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, 6288,9 manat borcun 7 gün müddətində ödənilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında 19.04.2019-cu il tarixli ASFX18/377 nömrəli xidməti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-km” yolunun yenidən qurulması layihəsində tikintinin texniki sənədləşdirilməsi ilə əlaqədar işlərin icrasını həyata keçirməyi, Sifarişçi isə öz növbəsində bunun müqabilində İcraçıya hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin "xxxx" ASC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 6288,9 manat iddiaçıya ödənilməmişdir. Belə ki tərəflər arasında bağlanmış müqavilə və ona edilmiş əlavə üzrə cavabdeh tərəfindən iddiaçıya müvafiq aylar üzrə ödənişlərin edilməsi hesabdan edilmiş çıxarışdan müəyyən olunur. Beləliklə tərəflər bağlanmış müqavilə üzrə mütəmadi sifarişçi icraçı münasibətləri olmuşdur. Hazırda məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı 21.04.2019-cu il tarixdən 21.11.2019-cu il tarixədək olan müddətdə xidmət göstərməsinə baxmayaraq ona 2019-cu ilin may, iyun və noyabr ayının 21 günü üzrə ödəniş (2190+2190+1908,9=6288,9 manat) edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 6288,9 manat əsas borc, iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 19.04.2019-cu il tarixli, ASFX18/377 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə ödənilməmiş 6288.9 (altı min iki yüz səksən səkkiz manat doxsan qəpik) manat dəymiş zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar