Məhkəmə qərarları › İş №e-2-2(113)-3690/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3690/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3690/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh3 ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: ipoteka müqaviləsi, hərrac protokolu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi ƏSF-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Murtuz oğlunun cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazı idarəsi, Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh3 ASCyə qarşı “ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh3 ASC-yə (bundan sonra – cavabdehlər) qarşı “ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən bankın xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240132 manatın tutulması və ona məxsus əmlak kompleksinə tutma yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurunun sifarişinə əsasən əmlak kompleksinin ilkin satış qiyməti 630000 manat müəyyən edilmişdir. Bundan sonra Xətai rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilmiş, icra şöbəsi tərəfindən əmlakın açıq hərracdan satışı ilə bağlı xx/xx-173733/2019-9 saylı, xx.xx.2021-ci il tarixli məktub əsasında "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01/2672 saylı Açıq Hərracın keçirilməsinə dair bildirişdən müəyyən edilir ki, Hərracın təşkilatşısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 630.000 manat olmaqla ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01/2982 saylı Açıq Hərracın keçirilməsinə dair bildirişdən müəyyən edilir ki, Hərracın təşkilatşısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 535.000 manat olmaqla təkrar hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən 01/3177 saylı xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair məktubdan müəyyən edilir ki, ləğv prosesində olan Cavabdeh3 ASC-yə müraciət edilmiş, əmlakın təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanın dərc edildiyi, bununla da bankın ipoteka saxlayan qismində “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən əmlakı təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətlə, yəni 401625 manat dəyərində əldə etmək hüququnun yaranması barədə məlumat verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 01/13 saylı məktubdan müəyyən edilir ki, Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində 0,0228537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair mövcud qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmişdir. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər Xətai rayon icra şöbəsinə geri qaytarılmışdır.

3. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il və tarixlərində Xətai rayonu, Əhmədli qəs., Ş.Səmədov küçəsində yerləşən əmlak kompleksi satılması üçün açıq hərraca çıxarılmışdır. xx.xx.2021-ci il tarixində Hərrac Mərkəzi əmlakın qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixində Banka oferta məktubu ünvanlamışdır. Məktub xx.xx.2021-ci il tarixində Banka daxil olmuşdur. xx.xx.2021-ci il tarixində Bank tərəfindən əmlakın alınması üçün hərrac mərkəzinə aksept məktubu göndərilmişdir və Bank əmlakın alınmasına razılığını bildirmişdir. Bankın əmlakın qəbulu barədə məktubu xx.xx.2021 -ci il tarixində "xxxx" MMC-yə çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün Banka təqdim edilməmişdir. Bank tərəfindən verilən oferta məktubuna Banka daxil olan kimi aksept məktubu verməyi onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış, LPO Cavabdeh3 ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmişdir. Qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olubolmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almağdan ibarətdir. Lakin, bu mübahisə ilə bağlı iddiaçı sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdi. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, tərəflərindən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. Lakin onlar üçün anlaşılmaz olaraq qalır ki, Bank hansı addımlar, hüquqi hərəkətlər və tədbirlər görməli idi ki, Bankın əmlak hüquqları pozulmasın, 2012-ci ildə qəbul olunmuş qətnamə icra edilsin. Dolayısı ilə, Bankın hazırkı iş üzrə hərracın keçirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra vərəqəsi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən ipoteka predmetinə dair hərrac protokolu imzalanmadığı üçün geri qaytarılmışdır.

6. Cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi ƏSF-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bank hərrac protokolunun imzalanması və ya bununla bağlı dəymiş zərərlə bağlı hərrac təşkilatına qarşı iddia qaldırmamış, habelə hazırkı hərracların nəticələri tərəflərindən mübahisələndirilməmişdir. İzahatında həmçinin göstərdi ki, iddianın təmin edilməsi bankın hüquqlarını pozmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsassız edir, bu səbəbdən iddia təmin edilməməlidir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

8. Məhkəmə iclasının digər proses iştirakçılarının iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixdə verilmiş xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən LPO Cavabdeh3 ASC-nin xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240132 manat məbləğində pulun tutulması, tutmanın iddiaçıya məxsus əmlak kompleksinə yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.

11. "xxxx" MMC tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 01 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 630000 manat olmaqla hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məh (İ mərtəbədə) keçiriləcəyi bildirilmişdir.

12. "xxxx" MMC tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 02 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 535500 manat olmaqla hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məh (İ mərtəbədə) keçiriləcəyi bildirilmişdir.

13. "xxxx" MMC tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Texnikabank” ASC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 401625 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

14. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 262 nömrəli buraxılışından görünür ki, ünvan 1 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi 630000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

15. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 266 nömrəli buraxılışından görünür ki, ünvan 1 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi 1-ci hərrac baş tutmadığından 15 % aşağı olmaqla 535500 manat satış qiyməti ilə hərraca çıxarılmışdır. Hərracın xx.xx.2021-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir.

16. “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 269 nömrəli buraxılışından görünür ki, ünvan 1 0,28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilə bağlı hərrac baş tutmamış hesab edilmişdir.

17. İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli 14 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 200000 manat məbləğində 12 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı İddiaçı oğluna məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,28537 ha torpaq sahəsinsə yerləşən 3772,4 kv.m ümumi, 1574,2 kv.m əsas, 2198,2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini girov qoyur.

18. Cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən cavabdeh "xxxx" MMC-yə göndərilmiş 29 oktyabr 2021-ci il tarixi **********595 nömrəli məktubdan görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 %-dən az olmayan qiymətlə, yəni 401625 manata ləğv prosesində olan LPO Cavabdeh3 ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.

19. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hərracın təşkilatçısı tərəfindən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 401625 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka xx.xx.2021-ci il tarixdə təklif məktubu göndərilmişdir. Həmin məktubda LPO Cavabdeh3 ASC-nin nəzərinə çatdırılmışdır ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.

21. İcra sənədlərindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bank 29 oktyabr 2021-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirmiş, lakin sonrakı hərəkətlər (alqı-satqı müqaviləsinin bağlanması, protokol tərtib olunması, xidmət haqqının ödənilməsi və s.) icra edilməmişdir.

22. Buna görə də, hərrac təşkilatçısı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmadığına istinad edərək sifariş məktubunu qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün icra məmuruna geri qaytarmışdır.

23. Belə ki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun:

24. 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

25. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

26. 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır.

27. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

28. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

29. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

30. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

31. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

32. Hazırkı iş üzrə LPO Cavabdeh3 ASC ipoteka predmetinin əldə edilməsinə razılıq versə də, ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində protokol imzalanmamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Belə olan halda Qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır.

33. Belə olan halda Qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir... Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

35. Beləliklə, işin araşdırılan hallarından görünür ki, ipoteka saxlayan olan LPO Cavabdeh3 ASC hərrac baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka predmetinin əldə edilməsinə dair razılığını bildirsə də, bu razılığın reallaşdırılması istiqamətində hər hansı bir tədbir görməmiş, bu istiqamətdə real addım atmamış, habelə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində hərracın nəticələrinə dair protokol imzalanmamışdır. Bu hal isə “İpoteka haqqında” Qanunun 43.8ci maddəsinin tələbləri baxımından ipotekaya xitam verilməsi üçün əsasdır.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməli, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 hatorpaq sahəsində yerləşən əmlak kompleksinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər LPO Cavabdeh3 ASC və Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilsin və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində LPO Cavabdeh3 ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər LPO Cavabdeh3 ASC və Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar